Bura Femmekandır

Azərbaycanda media qadınlara, onların hüquqları ilə bağlı mövzulara çox az yer verir. Media ekspertləri düşünür ki, hətta bu sahədə ixtisaslaşmış media qurumu yoxdur. Müstəqil mediada isə adətən qadın səsinin boğulması barədə oxuyuruq. Çünki Azərbaycan cəmiyyətində qadın deyəndə əksər hallarda düşüncələrdə “yuvasını isti saxlayan ana”, “qayğıkeşlik simvolu” obrazları canlanır.

Patriarxal cəmiyyətlərdə isə ananın tək vəzifəsi evdə böyükdən-kiçiyə hamının nazını çəkmək, qulluğunda durmaqdır. Əksər ailələrdə qadının düşüncəsi, planları, arzuları olmur, olsa belə eşidilmir, görməzdən gəlinir. Çünki Azərbaycan qadınının cəmiyyətdə qəbul edilmiş təsviri buna izin vermir. O, özü üçün çizilmiş çərçivədən kənara çıxanda cəmiyyətin düşməninə çevrilir, dışlanır…

Yaxın otur, sən bu platformada cəmiyyətdə fərqli düşüncə və cinsinə görə bir çox işlərdə haqsız diskriminasiyaya uğramış, lakin bunun öhdəsindən gəlmiş, ayaqları üzərində durmağı bacarmış güclü qadınlarla tanış olacaqsan. Elə məqsədimiz onların hekayəsini sizinlə bölüşməkdir. Bəlkə pis durumdasan və uğurlu qadınların varlığını duymağa və özünün də bacaracağına inanmağa ehtiyacın var.

Oxu: bu qadınlardan kimisinin həyatı çətinliklər içində olub və bu gün çətin durumda olanlara kömək edir, kimisi bir neçə işi eyni zamanda görür, öhdəsindən əla gəlir, kimisi cəmiyyətdə oturuşmuş qəlibləri dəyişmək üçün rahat həyatdan imtina edib. Bir sözlə, onların fərqli həyat tərzi, yanaşmaları, peşələri, ailə həyatları var. Bu, bəzən cəmiyyətdəki stereotiplərə uyğun gələ, bəzən də onları dağıda bilir.

Femmekan həmin qadınların məkanıdır. Burada onları bir araya gətirir, cəmiyyətin təlqin etdiyi yox, özlərinin seçimləri haqda danışmaqlarına tribuna veririk.

Buyurun, onları siz də tanıyın.

 Azərbaycanda cinsindən, dinindən, peşəsindən və s. amillərdən yox, insanların fərdi seçiminin dəyərli, vacib olduğu cəmiyyət qurmaq diləyi ilə!

My New Stories