Zorakılığın üzləri

0

Fiziki, iqtisadi, tibbi, hüquqi, psixoloji

Fiziki, iqtisadi, tibbi, hüquqi və psixoloji – bunlar məişət zorakılığının adlarıdır. İlk 4 növlə qarşılaşanlar bunun fərqində olur. Döyülür, pulu əlindən alınır, yaxud işləməsinə izin verilmir. Xəstələnir, həkimə getməsi əngəllənir, nəhayət, bütün bunları yaşadığı halda, hüquqi yardımdan kənarda qalır. 

Biri də var – psixoloji zorakılıq. Bu halla üzləşənlər şiddətə məruz qaldıqlarını gec anladıqlarını deyirlər. Təsir altında olduqlarını və baş verənləri hiss etmədiklərini bildirirlər. 

Uzun müddət psixoloji zorakılıq gördüyünü deyən Xədicə Hacılı bildirir ki, psixoloji zorakılıq zamanı yuxarıda sadalanan şiddət növlərinin hər biri şəxsə qarşı törədilir, lakin bu, “qayğı”, “qorumaq”, “təhlükəsizlik” adı altında, gizlicə edilir:

“Bir növ pulunu oğurlayırlar, amma bunu sənə sanki “qayğına qalırlar” kimi təqdim edilər. Mülkünü əlindən alırlar, lakin bunu “ailə sevigisi” kimi göstərirlər. Səni sənə fayda verən insanlardan təcrid edirlər, amma bunu elə təqdim edirlər ki sanki səni “yadlardan qoruyurlar””.

Xədicə deyir ki, psixoloji zorakılıq həmişə yalan, aldatma, güvəndən istifadə, tənqid, təhqir, ələ salma, dəyərsizləşdirmə, ruhdan salma, qorxutma, təhdid, şantaj, həddən artıq kontrol və digər neqativ münasibət problemləri ilə müşaiyət olunan, şəxsin həyatına ciddi zərərlər vuran prosesdir.

“Femmekan”-ın budəfəki mövzusu psixoloji zorakılıq, məqsədi isə fərqindəlik yaratmaqdır. 

Nədir psixoloji zorakılıq?

Xədicə Hacılı bildirir ki, psixoloji zorakılığın da məqsədi fiziki zorakılıqda olduğu kimi təcriddir. Birində bunu əl qaldıraraq, qışqırıb-bağıraraq edirlər, digərində isə sözlə. 

“Psixoloji zorakılıqda insanın da, ətrafının da nə baş verdiyindən xəbəri olmur. Ona görə də bu durumdan xilas olmaq da, o insanlara kömək etmək də çətinləşir”, – Xədicə sözünə davam edir.

İllüstrasiya: Segarra Aznar

Necə bilək?

Fiziki və psixoloji zorakılığı qarşılaşdıraraq yaşadıqlarını izah edən Xədicə deyir ki, əslində tanışlığın ilk mərhələsində də psixoloji şiddətin elementlərini duymaq mümkündür. O, şiddət əlamətlərini “qırmızı bayraqlar” adlandırır: 

“Sadəcə yeni münasibətdə biz təcrübəsiz oluruq və incə detalları ötürürük. Məsələn, qısqanclığı sevginin təzahürü kimi anlayır, altındakı manipulyasiya, kontrol kimi gizli məqsədləri görmürük”.

Tələblərin fiziki və psixoloji zorakılıqla həyata keçirilməsi:

Kişi qadının açıq geyinməyinə qarşıdır:

  • Fiziki zorakılıqda bağırır, çağırır və ona əl qaldıraraq buna nail olur;
  • Psixoloji zorakılıqda isə “bədənin çirkindir, açıq geyim yaraşmır”, yaxud “sən heç bədəninə uyğun paltar seçə bilmirsən ki…”, – deyir. 

Qadına “dostlarınla görüşmə, bu, mənim xoşuma gəlmir” demək istəyir:

  • Fiziki zorakılıq göstərən kişi yenə şiddətə baş vurur;

Psixoloji zorakı isə başlayır manipulyasiyaya – “dostların yaxşı insanlar deyil”, yaxud “sən heç adam tanıya bilmirsən, ətrafına axmaqları toplamısan” deyir. 

Xədicə Hacılı bildirir ki, fiziki zorakılığın nəticəsini hamı görür, digərində isə qadının özündən başqa heç kimin xəbəri olmur. Lakin hər ikisində qadın zamanla dostlarından, işindən, ayrılır. İkinci halda həm də özünə güvənini itirir: 

“Məqsəd isə birdir. Qadını izolyasiya etmək və onda özünə əminsizlik hissi yaratmaq”. 

Fərqindəlik

Xədicə Hacılı başına gələnlərin zorakılıq olduğunu ətrafındakılarla söhbət vaxtı anlayıb. Uzun zamansa qarşı tərəfin onu anlamadığını düşünüb: 

“Danışdıqca, araşdırdıqca, oxuduqca psixoloji zorakılığa məruz qaldığımın fərqinə vardım. Bu gün də özümdə nələrsə tapıram və anlayıram ki, hansısa fikir mənə aid deyil, təsir altında formalaşıb”.

Evdəki psixoloji şiddət kənardan necə görünür?

“Görürlər ki, kişi döymür, söymür, narkoman deyil, içki içmir, qadına qadağa qoymur. Düşünürlər ki, problem qadındadır. Yəqin özü heç nəyə cəhd etmir; gözəl geyinmir, işləmir. Bəzən isə qadın yaxınlarına bu barədə danışır. “Özümə güvənimi itirib, dostlarımdan uzaqlaşdırıb” deyir. “Belə xırda şeylərə görə ev dağıtmaq olmaz”, – cavabını alır”. 

Xədicə əlavə edir ki, psixoloji zorakılıq zərif prosesdir, yalnız yaşayan anlayır. Bunu edənə gəlincə, həmin şəxslərin kənarda yaxşı təəssürat yaratmağı sevdiklərini bildirir: 

“Özlərini ideal, düzgün insan kimi göstərməyi xoşlayırlar. Bir sözlə, psixoloji zorakılıq görünməzdir”.

Bu gün 

Xədicə bu gün ayrılmasına və tamamilə ünsiyyəti dayandırmasına baxmayaraq, psixoloji zorakılığın onları rahat buraxmadığını söyləyir. Deyir ki, artıq sözlə yox, inzibati, hüquqi təzyiqlər vasitəsilə psixoloji şiddət görür: 

“Bir həftə sonu rəfiqəmgilə getmişdim. Xəbər tutub, “uşağı qaçırıb” şikayəti ilə polisə müraciət etmişdi. Əslində bunu edəndə şikayətinin əsassız olduğunu bilirdi. Məqsədi məni psixoloji gərginlikdə saxlamaq idi. Mən özümü müdafiə etmək üçün vaxt və enerji sərf edəcəkdim, şikayətinin məqsədi buydu…”. 

İllüstrasiya: freepik.com

Bizdə nə baş verdi?

“Əvvəlcə polis zəng etdi, sonra haqqımda şikayət olduğunu bildirdi. Əlbəttə ki şikayət əsassız idi və mən qısa müddətdə təqsirsiz olduğumu polisə sübut edə bildim. Amma o gün hamımız dilxor olduq, mən qonaq getdiyim evdə utandım. Bizim maraqlı günümüz burnumuzdan gəldi, əhvalımız korlandı. Zorakılığı edən məqsədinə çatdı. Artıq həmin rəfiqəmgilə getməyə utanıram. Təkcə onun yox, başqalarının evinə də qonaq getməyə də utanıram. Qorxuram ki eyni şey təkrarlanar. Və bu hadisə dolayı yolla məni yenə də izolyasiya edir”, – Xədicə deyir. 

Psixoloji zorakılıq – beynəlxalq sənədlərdə 

Psixoloji zorakılıq insanın özünə hörmət və təhlükəsizlik hissinin sistemli şəkildə məhv edilməsidir (Follingstand & Dehart, 2000).

Avropa Şurası hesab edir ki, zorakılığın bütün formalarının psixoloji aspekti var. Məqsəd qarşındakının ləyaqətinə zərər verməkdir.

Psixoloji zorakılıq isə insanları təkcə psixi sağlamlıqdan yox, həm də gələcəkdə şəxsi, sosial və iqtisadi inkişaf imkanlarından məhrum edir. Bura təcridetmə, şifahi təcavüz, hədələmə, nəzarət, təhqir və böhtan kimi hərəkətlər daxildir.

Psixoloji zorakılığın əlamətlərinə gəlincə,

Başqalarının qarşısında alçaltmaq;

“Axmaq”, “iyrənc” və ya “dəyərsiz” kimi təhqiredici adlarla çağırmaq;

Qorxudacaq şəkildə qəzəblənmək;

Qayğı göstərdiyi insanları və ya ev heyvanını incitməklə hədələmək;

“Mən sənə sahib ola bilməsəm, heç kim ola bilməz” kimi ifadələrdən istifadə;

Əvəzinə qərar vermək. Bu, nə geyindiyi və ya yediyilə bağlı ola bilər;

Qısqanc davranmaq, daim aldatmaqda ittiham etmək;

Nə dediyini başa düşmürmüş kimi davranmaq;

Özünü “axmaq” kimi hiss etdirmək;

Fikirlərini dinləməkdən imtina;

Hadisələr haqqında yaddaşını sorğu-sual etmək və ya bir hadisənin onun dediyi kimi baş verdiyini inkar etmək (hətta onun haqlı olduğunu bilsə də);

Başqaları ilə söhbətə başlamağa çalışdığı zaman mövzunu dəyişmək;

Ehtiyaclarını və ya hisslərini özününkündən əhəmiyyətsiz hesab etmək.

Baş verənləri görə bilmək

Başına gələndən sonra, Xədicə ətrafda psixoloji şiddətə məruzqalma hallarını tez duyur. Deyir, artıq əmindir, Azərbaycanda ailələrin 90 faizində psixoloji şiddət var: 

“Çoxu inkar edir. Ya da inanır ki, düzələcək. Psixoloqlar isə əksini deyir, “düzəlməyəcək”. Əgər siz evlilikdə komfort içində deyilsinizsə, deməli, orada sizə zərər verən nəsə var”.

Azərbaycanda psixoloji zorakılıqla üzləşən nə edə bilər? 

Psixoloji şiddətə görə məhkəməyə müraciət etmək Xədicənin arzusudur. Lakin reallıqları da görür, anlayır. Deyir, bu gün fiziki şiddət görənlər də bəzən şikayətlərinin müsbət həllinə nail olmurlar: 

“Qaldı, deyəsən ki, psixoloji zorakılıq görmüşəm. Elə vəkillər də deyirlər ki, bu işdə perspektiv yoxdur. İzah edirəm: O, mənə pislik edib. Uğurlu, xoşbəxt insan idim, sağlam idim, hər şeyim var idi. Onunla qarşılaşdım və həyatım bitdi. Hər şeyimi əlimdən aldı, məni əzdi…”.

Bu gün onun sözləri Xədicəyə çox təsir etmir. Çünki özünü qorumaq üçün ünsiyyəti tam kəsib. Deyir, lakin indiki tam kontaktsız şəraitdə də o, psixoloji zorakılıq etməyin yollarını tapır. İnzibati, hüquqi təzyiqlər vasitəsilə:

“Bu insan mənim hər günümü dövlət orqanlarına yazdığı müxtəlif əsassız şikayətlərlə məşğul edir və mən hər addımı hesablayaraq, qorxaraq yaşamağa məcbur qalıram. Bəli, şükür ki yaxşı vəkillər tutaraq, hər gün müxtəlif dövlət idarələrindən gələn əsassız şikayətlərə cavablar yazaraq, öz haqlarımı müdafiə edirəm, amma bu cür həyat məni çox yorur. Həyat enerjimi çəkib aparır və yaşam keyfiyyətimi aşağı salır. Nəticədə, özümlə məşğul olmağa, inkişaf etməyə irəli getməyə fiziki olaraq vaxtım qalmır. Bu bir ciddi haqq pozuntusudur axı. Adı da inzibati təzyiqlər vasitəsilə insanı daimi narahat etməkdir. Hüquq bu barədə nə deyir? İnsan haqları bu barədə nə deyir? Bunun üçün hara müraciət etməliyəm? Bu təzyiqlərdən birdəfəlik can qurtarmağın bir yolu yoxdurmu? “Bununla bağlı məhkəməyə getsən, elə birinci hakim özü sənə güləcək”, – deyirlər”.

Zorakılığın cəzası: 300- 500 manat

Vəkil Zibeydə Sadıqova deyir ki, Azərbaycanda psixoloji şiddətin adı çəkilmir. İnsanlar bu şiddət növünün fərqində olmur: 

“Psixoloji şiddət göstərənə 300-500 manat arası cərimə var, lakin aktual deyil. Səbəb isə həm fərqində olmama, həm də fiziki şiddət görənlərin işinin normal araşdırılmamasıdır. Ağzı-burnu qan olan, döyülmüş qadını aparıram. Polis işə baxmır, tədbir görmür, qaldı, gedib desək ki, bu qadın psixoloji şiddət görür, bizi qoyub qarşılarına gülərlər”.

Vəkil deyir ki, müraciət edənlərin çoxunda iqtisadi, psixoloji şiddət elementlərini görür. Bunu özlərinə deyir, lakin çoxu üstündən keçir: 

“Qadın durub desə ki, ərim mənim özgüvənimi qırır. “Eybəcərsən”, “köksən”, “savadsızsan”, “bacarıqsızsan”, – deyir. Ona təxmini belə cavab verərlər: “Bəs gözəlsən deyəndə niyə gəlmirdin?””

Zibeydə Sadıqova bildirir ki, bunlar ağır, ancaq  Azərbaycandakı reallıqlardır:

“Bir çox halda hədələmələrə fikir vermirlər, qaldı, psixoloji, iqtisadi şiddət şikayətlərini araşdıralar. Ölümlə hədələməklə bağlı müraciət edirəm. Çağırıb “əşi, öldürməyib ki… Lap ağ eləmisiniz”, – deyirlər. Mən gərək meyit şəkli ilə gedəm ki, iş araşdırıla?” 

Vəkil daha bir keysi misal çəkir. Deyir, 3 il öncə boşanmış müvəkkilinin keçmiş əri ondan əl çəkmir. Qadının evinə gedir, döyür, təcavüz edir:
“Polisə “kişi qadını zorlayıb” deyirəm. “Nə danışırsan, əridir e” – cavabını verir. Budur, bizim hüquq-mühafizə orqanları əməkdaşlarına belə hallar gülməli gəlir”.

Sonu fiziki şiddətə bağlanır

Xədicə Hacılı deyir ki, psixoloji zorakılıq əslində iqtisadi zorakılıqla paralel gedir. Getdikcə fiziki şiddətə, sonra da öldürülməyə qədər  gətirib çıxarar. 

31 yaşlı Gülşən Musayevanın (ad şərtidir) başına gələnlər kimi. Ona qarşı psixoloji zorakılıq nişanlı olanda başlayıb, evliliyin 12-ci ilində fiziki şiddət kimi davam edir:

“O, Bakıda, biz rayonda olurduq. Mənə “evdən çölə çıxma”, – deyirdi. Baxırdım ki, özü hər gün dostları ilə əylənir, kefdədir. Başladım şantaj etməyə. Məsələn, deyirdim, 1 saat içində ev telefonuna cavab verməsən, nişanı qaytaracağam. Zamanla intihar edəcəyəm də demişəm”. 

“Əsəbiləşəndə zövq alıram”

Gülşən müəllimədir. Həyat yoldaşının “sənin qazandığından nə olacaq?” deməsindən sonra işin daşını atıb. İşlədiyi zamanlar 350 manatadək gəliri olub:

“İşləsəydim, indi daha çox alardım. Dedi, “sənin pulun lazım deyil, otur evində”. Bir yerə getmək istəyəndə özü aparır. Ətrafa da “ağzını əngəldib yol gedir. Bir gün maşının altında qalacaq”, – deyir. Bir dəfə də qohumlarının yanında “ağzı ayrıqdır, bu yaşadək necə sağ-salamat gəlib məəttələm”, – dedi”. 

Gülşən deyir ki, zamanla bu davranış özünə güvənini alıb. Bu gün istəsə də, heç yerə tək gedə bilməz. Üstəlik, ətrafında dostu, tanışı da qalmayıb. İndi həyatında təkcə əri var və başlayıb onu sıxma-boğmaya salmağa: 

“Əsəbiləşəndə zövq alıram. Gündə 50 dəfə zəng edirəm: Hardasan? Gəlmirsən? Çıxmısan? Niyə gecikdin? – suallarım bitmir. Dostları ilə olanda uşaq narahatdır, ağlayır, xəstələnib deyib, evə gələnədək əl çəkmirəm. O, mənim, mən də onun həyatını qaraltmışam. Heç birimiz həyatdan zövq almırıq. Ayrılmaq da olmur – 3 uşaq var”. 

Bir gün hər şey bitəndə…

Xədicə özünü şanslı sayır. “Ən böyük gücüm baş verənlərin fərqində olmamdır”, – deyir. Lakin hələ də hansısa formada izolyasiya şəraitində yaşadığından, təsir altında olmasından gileylənir:

“Lakin ümidimi itirməmişəm. Əminəm ki, gün gələcək qızımla gözəl bir həyatdan arxaya boylananda, baş verənləri pis yuxu kimi xatırlayacağam”.

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix