Uşaqla necə yaşayım?

0

Ki, zövqlərimdən və əyləncəmdən də qalmayım

Gözlənti – “yaxşı hiss deyil” – deyir, psixoloqlar. Sonunun hüsranla bitdiyini düşünürlər: “Gözləntini nə qədər aşağı salsaq, yaşamaq bir o qədər asan olar” –psixoloq Aysel İsgəndərli belə düşünür. 

“Münasibətlərdəki gözlənti də belədir, nə qədər az, sadə olsa, yaxşıdır. Bura ana-atadan tutmuş, sevgili, həyat yoldaşı, uşağınla olan münasibətlər də daxildir. Gözləntinin aşağı olması üçünsə gərəksiz məhrumiyyətlərə getməməlisən”.  

“Sənə görə zövqlərimdən imtina etdim”

Gənc ana Afaq Bayramova deyir ki, Azərbaycan cəmiyyətində anaların övladdan gözləntisi həddindən artıqdır. Çünki zamanında özünü bütünlükdə övladına həsr edib, illər sonra da ondan eynisini gözləyir.

“Sənə görə işdən çıxdım”, “sənə görə zövqlərimdən imtina etdim”, “sənə görə evə tıxılıb qaldım” və s. “Bu “sənə görə”ləri uzatmaq olar, kifayət qədər məhrumiyyətlərə gedirlər çünki”, – deyir.

Afaq Bayramova universitetdə ingilis dilini tədris edir. O, magistratura təhsilini İngiltərədə alıb.

“Oğlumla yaşamağı öyrənmişəm”

Afaq isə uşağa görə özünü həyatını yaşamaqdan məhrum etməyib. Deməsinə görə, şəxsi alanını bacardığı qədər qorumağa çalışıb. 

“Özümü limitləmək yerinə, oğlumla yaşamağı öyrənmişəm. Məsələn, kimləsə görüşmək istəyirsəmsə, onu da özümlə aparıram. Rayona, piknikə, dənizə, meşəyə, dağa da Alpayla birgə gedirəm. Çünki mən ondan əvvəl də gəzməyi sevirdim və həyatım maraqlı idi. Bunu qorumağa çalışıram. Necə? Sevdiyim şeyləri onunla birgə etməklə. Heç vaxt “uşaqla çətindir, qoy bunu etməyim”, – demirəm. Düzdür, bəzən getdiyimiz yerdə ağlayır, qucaq istəyir, acır, altını batırır. Məncə, bunların heç biri həyatı yaşamamaq üçün bəhanə deyil. Öhdəsindən gəlinə biləcək şeylərdir”.

“Bizim insanlarda ruhdan salmaq kimi bir xüsusiyyət var”

Afaq idman etməyi çox sevir. İdman onun həyat tərzidir. Deyir, uşaq doğulandan bir müddət sonra yenidən idmana başlayıb. Ancaq buna qədər ona təcrübəli analar “uşaqla mümkün olmayacaq”, – deyiblərmiş. 

“Mən onlara mümkündür deyəndə, bu dəfə də dedilər ki, körpədir, indi yatır, iməkləyəndə alınmayacaq. Sonra iməklədi, yenə idmanımdan qalmadım. Bu dəfə də dedilər ki, yeriyəndə mümkün olmayacaq. Əminəm ki, onda da bir yolunu tapacağam. Bəzən idmanımı o yatanda edirəm, bəzənsə yatmır, onunla birgə etməyə çalışıram, bəzən mənim hərəkətlərimə baxıb gülür, bəzən üstümə çıxır, amma çalışıram idmanımdan qalmayam. Deməyim odur ki, bizim insanlarda ruhdan salmaq kimi bir xüsusiyyət var”. 

“Əminəm ki, bir müddətdən sonra onu idarə edə bilməyəcəyəm”

Gənc ana bildirir ki, ətrafında özünü uşağa həsr edən analar da az deyil. O isə uşağı bütünlükdə sahiblənməyi doğru hesab etmir. Deyir, “bunun nəticəsi yaxşı olmur”. 

“Bütün həyatını uşağa həsr edir, ona qarşı gözləntiləri böyüyür. Gələcəkdə uşaqdan müxtəlif istək və tələbləri olur. Əməl etməyəndə də münasibətlər pozulur. Oğlum doğulandan sonra biz ona sənəd almaq üçün ASAN Xidmətə getdik. Mən onda ayıldım ki, o tək mənə və atasına məxsus deyil. Həm də cəmiyyətə və dövlətə aiddir. Əslində elə o sənədlər də bunun təsdiqidir. Əksər valideyn bunun fərqində olmur. Mən də oğlumu sevirəm. Eyni zamanda, bilirəm ki, o, müstəqil insan olacaq, mənə məxsus deyil. Əminəm ki, bir müddətdən sonra onu idarə edə bilməyəcəyəm və bu, məni qorxutmur”.

“Onun xoşbəxt olmasında mənim də payım var”

Afaq deyir ki, əslində özünü limitləyən valideyn xoşbəxt olmur, həyatı qaydasında olmayan biri də ətrafını xoşbəxt edə bilmir: 

“Fikir vermişəm, istədiyim bir şeyi edəndən sonra, məsələn, adicə üz baxımı proseduru. Özümü çox yaxşı hiss edirəm. Sonra başlayıram Alpayla oynamağa. O çox gülən uşaqdır, xoşbəxt görünür. Düşünürəm ki, onun xoşbəxt olmasında mənim də payım var. Hamısı bir-birinə paralel nəsnələrdir. Öz istədiyimi edə bilirəmsə, xoşbəxt oluram, dolayısı ilə Alpay və həyat yoldaşım da xoşbəxt olur. Yəni heç kimə neqativ ötürmürəm. O da düzdür, bəzən istədiyimi etmək alınmır. Amma mənim üçün etməmək deyə bir anlayış yoxdur, müəyyən müddətə ertələyə bilərəm”.

Formul: xoşbəxt ana və ata = xoşbəxt uşaq

Afaqa görə, xoşbəxt ana və ata elə xoşbəxt uşaq deməkdir. Xoşbəxt, travmasız yaşanan bir uşaqlıq da xarakteri formalaşmış yetişkindən xəbər verir: 

“Ki, indi cəmiyyətimizin buna ehtiyacı var. Alpay 3-4 aylıq olandan biz gəzirik, səyahət edirik. Qışda Qusara getmişdik, dəhşət qar var idi. Orada tanış uşaqlarla rastlaşdıq. Bizi sual atəşinə tutdular: “Uşaqla narahat deyilsinizmi?, “necə gəlib çıxmısınız bura?”, “nə çətinlikləri var?” və s. Alışdıqları hal deyil”.  

“Demək olar ki, hər gün harasa gedirik”

“Evdə daimi hazır çanta çox önəmlidir” – deyir, Afaq. Əlavə edir ki, bol geyim, uşaq bezi, hazır qida, bir də evdən çıxmadan öncə termosda isti su və adi su əlavə edib, götürürsən: 

“Adətən “anaların hazırlanmağı saatlar çəkir”, – deyirlər. Bununla da razı deyiləm. Biz evdən çox tez hazırlanıb çıxırıq. Və demək olar ki, əksər günlər harasa gedirik. Ancaq ənənəvi analar bunu tez-tez təkrarlamır. Hə, taksidə, avtobusda yol gedəndə də əlinə oyuncaq, kitab verirəm, başı qarışır. Uşaq arabası ilə harasa getmək də mənə çətin gəlmir. Əksinə, buna idman kimi baxıram”.

Nə özünü, nə də uşağı limitlə

Hə, bir də “uşaqla dənizə gedə bilmərəm, özünü qum, su edəcək”, “piknikə getmək çətindir, ağlayıb, zəhləmizi tökür, yerdə sürünür” – deyən, anaları anlamır Afaq. Deyir, “uşaq ağlayar da, qum da olar, üstünü su da edər, yerlərdə də sürünər, bu, normaldır”. 

“Çimizdirəcəm təmizlənəcək, vəssəlam. Panik olmaq lazım deyil. Alpay piknikə gedəndə otların üstündə iməkləyir. Məncə, buna imkan vermək lazımdır. Uşaq həyatı toxunmaqla dərk edir. Əli əlbəttə ki, ota, quma dəyməlidir. Bu nəsnələrin materialını bilməlidir. Bütün bunlar uşağın zehni inkişafına da dəstəkdir. Gələcəkdə qorxaq olmayacaq. Uşağa tez-tez “olmaz”, – demək də doğru deyil. Həm onu limitləyirsən, həm də gələcəkdə səni ciddiyə almamasına gətirib çıxarırsan. Düşünəcək ki, anam onsuz da hər şeyə “yox” deyir. Yaxşısı nə özünü, nə də uşağını limitləməkdir. Analar özlərini limitləməklə, uşağı da limitləyirlər”.

“Uşağa necə yanaşırsansa, gələcəkdə o da insanlara, həyata o cür yanaşacaq”

Afaq Bayramova deyir ki, uşaq tez-tez cəmiyyət içinə çıxanda daha açıq, ünsiyyətcil olur, ətrafı başa düşür. Dənizdir, otdur, qumdur, quşdur, itdir, pişikdir – bunları bilir. Hətta gələcəkdə dənizdən, heyvandan, təbiətdən çəkinmir, qorxmur:  

“Bəzən deyirik, “körpədir, qanmır”. Əslində isə çox şeyi anlayır. Gördüklərini beyninə yazır. Böyüyəndə üzə çıxır. Sən övladına necə yanaşırsansa, gələcəkdə o da insanlara, həyata o cür yanaşır. Təzəlikcə “Kitab Klubu”na yazılmışam. Klubun görüşü oldu, Alpayı da apardım. Hətta əlinə bir kitab da vermişdim. Biz orada söhbət etdik, o da arabasında öz musiqili, şəkilli kitabı ilə oynadı. Düzdür, sonadək qala bilmədim, amma kifayət qədər zövq aldım. Sonra da sevindim ki, mən Alpayla ora gedə bildim”.

“Onu özünə problem kimi görürsənsə, problem olacaq”

Gənc ana düşünür ki, əslində uşağa baxış tərzindən də çox şey asılıdır. Məsələn, onu özünə problem kimi görürsənsə, problem olacaq. Yox, yeni nələrsə öyrənən balaca insan kimi görürsənsə, ona öyrənməkdə dəstək olacaqsan:

“Beş günlük Zaqatalaya getmişdik. Bizi bir dəfə də incitmədi. Nə yolda, nə orada. Otun üstünə qoyur, kənardan izləyirdik, saatlarla oynayırdı. Biz də bu müddətdə istirahət edirdik. Yoxsa, mən onu hər saniyə bezdirsəydim, o da bizi bezdirəcəkdi. Mən də deyəcəkdim ki, bir də səninlə gəlməyəcəyəm. O da bu aqressiyanı hiss edəcək, aqressiv olacaqdı. Əslində uşaqlar öz-özlərinə oyamağı bacarırlar. Onlara azca sərbəstlik vermək lazımdır”. 

“Alpay da görməlidir, gəzməlidir, onunla da maraqlıdır”

“Uşaq böyüdərkən ata ilə işləri bölüşmək də vacibdir” – deyir, Afaq. Əlavə edir ki, düzdür, hazırda o işləmədiyi üçün uşaqla daha çox vaxt keçirir: 

“Amma axşamlar Xəyyam mənə çox kömək edir. Altını dəyişir, yedirdir, yatırdır, ən əsası, onunla oynayır, vaxt keçirir. Yəni işləri bölüşə bilirik. Harasa gedəndə, məsələn, səyahətdə, piknikdə atası onunla getməyi sevir. Bəzən mən deyəndə ki, tək getmək də lazımdır. Deyir, “yox, Alpay da görməlidir, gəzməlidir, onunla da maraqlıdır”. Uşaqla həyatı yaşamaqla bağlı hər iki valideynin eyni cür düşünməsi də önəmlidir. Nəticədə, üçümüz birlikdə əylənə bilirik. Alpay səyahətimizi daha da maraqlı edir. Şəkillərin çəkirik, ona gördüklərimizin izahını veririk, maraqlı fotosesiyalar edirik. Ümumiyyətlə, uşaq böyük bir layihədir. Necə yetişdirsən, elə olacaq. Layihədə də ideya sənindir, nə yazırsansa, ona uyğun bir şey çıxır ortaya. Gərək uşağı yaxşı yetişdirəsən”.

Uşağa nə etsən, o da sənə eyni formada cavab verir

Afaqın bir devizi var. “Limitləmə ki, limitlənməyəsən”. Düşünür ki, uşağa qarşı nə etsən, o da sənə eyni formada cavab verir. Aqressiv davranırsan, aqressiv olur. Sevgi ilə yaxınlaşırsan, mehriban olur, limitləyirsən, o da sənə eynisini edir: 

“Sən onun əlindən hər şeyi alanda, o da ağlayır, qışqırır və sənə işini görməyə mane olur. İndi evi kəşv edən vaxtıdır. Şkafları açır, qazanları dağıdır. Heç nə demirəm, o yatanda yığışdırıram. Bir ara kitab rəfimdəki kitablarımı cırırdı. Kitabları onun əli çatmayan yerə qoydum. Əli çatan hissəyə öz əşyalarını yerləşdirdim. İndi şkafı açanda öz əşyalarını görür və onları dağıdır. Nəticədə, bütün günü dalınca düşmürəm. O şkafı tökəndə, mən də kitab oxuyur, musiqi dinləyir, çay içirəm. Bir sözlə, uşağa bir az şərait yaratmaq, ona sərbəstlik vermək lazımdır. Çox vaxt yeməyini də qabağına qoyuram, özü yeyir. Artıq yeməyi də öyrənib. Mən onun işlərinə mane olmadığım üçün öz işlərimi də rahat şəkildə görə bilirəm”.

“Gərək uşağı bəhanə edib tənbəllik etməyəsən”

Afaq uşağı qorxutmağın da tərəfdarı deyil. Deyir, “uşağa deyəndə ki, sən neylədin, nəyə toxundun, ay bunu etmə, onu etmə. O zaman uşaq qorxaq olur və gələcəkdə cəsarətsizliyə qədər gedib çıxır”. 

Afaq Bayramova deyir ki, amma ana özünü limitləməməklə uşaq üçün parlaq gələcək yaradır: 

“İkisi bir-biri ilə çox əlaqəlidir. Adicə bir misal çəkim: Analar uşaqdan sonra aldıqları çəkini atmaq istəyirlər. Amma idmana vaxt tapmırlar. Əslində uşaq arabası ilə şəhərə getməyin özü də idmandır. Hər şey mümkündür, gərək uşağı bəhanə edib tənbəllik etməyəsən”. 

“Mental dəyərlər, sosial münasibətlərin rolu böyükdür”

Uşaqlar və valideynlərlə işləyən psixoloq Aysel İsgəndərli deyir ki, qadın, ailə, uşaq psixologiyası ölkələrə, onların bölgələrinə görə dəyişir. Əsas rolu mental dəyərlər, sosial münasibətlər oynayır: 

“Bizim cəmiyyətimizdə böyüyən qız uşaqları üçün əsas rol-model analarıdır. Görürlər ki, ananın işi əsasən yemək bişirmək, qab yumaq, ailə fərdlərinə qulluq etməkdir. Çevrilib ataya baxanda isə görürlər ki, onun vəzifəsi işə getmək, evə pul gətirməkdir. Beləliklə, onun beyninə ata çöldə vaxt keçirən, ana evdə olan kimi yazılır. Gələcəkdə öz ailəsində də bunu tətbiq edir. Çünki onun gördüyü “doğru” budur”.

“Qadınların sosial həyatı passivləşir, iş həyatı bitir”

Psixoloq bildirir ki, bütün bunların nəticəsində qadın ailə qurduqdan sonra düşünür ki, vəzifəsi uşaq dünyaya gətirmək, onu böyütmək, bir sözlə, həyatını ona həsr etməkdir. Çünki anası da eynisini edib: 

“Beləliklə, qadınların sosial həyatı passivləşir, iş həyatı bitir. Övladı böyüyür, bir də ayılır ki, uşağın öz həyatı var. Ancaq ananın öz həyatı tamamilə boşluqdur. Bu zaman aqressivləşir. Nəticədə, daxili aqressiyasını övladından çıxmağa, onu günahkar görməyə başlayır. “Mən sənə həyatımı qurban vermişəm”, “sənin üçün işdən çıxmışam”, “indi də sən mənə borclusan”, – kimi söhbətlər başlayır”.

Aysel İsgəndərli əlavə edir ki, bu təkrarlanan döngü ailələrin dağılmasına, məcburi nigahlara qədər gedib çıxır: 

“Tələb edir ki, mənim seçdiyim qadınla evlənməlisən, yaxud bizim məsləhət gördüyümüz bəy ilə ailə qurmalısan. Yaxud ailə planlamasına qarışmağa başlayırlar. Uşaq istəməyənlərdən valideyn olmağı tələb edirlər. Onlarla bir evdə yaşamaqlarını istəyirlər və s.”.

“Yeni nəsil keçmiş qaydaları dəyişməlidir”

Psixoloq bütün bunların olmaması üçün analara uşaq doğulandan sonra özlərini cəmiyyətdən, işdən, zövqlərindən, sosial həyatdan qoparmamalarını məsləhət görür:

“Məncə, keçmiş qaydaları da elə yeni nəsil dəyişməlidir. Razıyam, ana olmağın çətinlikləri var. Xüsusən də Azərbaycan kimi ölkələrdə. Biz ailənin bütün çətinliklərini qadına yükləyirik. Halbuki bu işlər ailə münasibətləri sferasında paylaşılmalıdır. Normal olan da elə budur. Belə olarsa, həm qadının yükü nisbətən yüngülləşər, həm də həyatı sönüb getməz”.

Yazdı Gülər Mehdizadə

Fotolar Facebook Afaq Bayramova

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix