Ucqar kənddə seçki mədəniyyəti

0

Vəfa Nağı Türkiyədə siyasət elmi və beynəlxalq münasibətlər təhsili alanda kəndlərinə dönüb, bələdiyyə seçkilərinə qatılacağı ağlına gəlməzdi. Universiteti bitirəndən sonra İstanbulda iş tapıb, çalışmağa başlayır. Əvvəlcə qalıb işləmək, rahat həyat qurmağı planlayır. Sonrakı proseslər planladığı kimi getmir. 

Kəndlərinə bir neçə günlük ziyarətdən sonra bütün həyatını dəyişəcək qərar verir – kəndə qayıdır.

“Nənəm vəfat etdi. Bir neçə günlük kəndimizə getdim. Yas məclisində kəndimizin insanlarını tanıdım. Kədərli, kasıb və işsiz idilər. Oxuduğum, gəzdiyim ölkələrin insanlarının fonunda çox miskin görünürdülər. Problemlərini deməyə adam tapmışdılar, ürəklərini boşaltdılar. İlk dəfəydi yasda iştirak edir və ətrafımda bu qədər bədbəxt qadın görürdüm”.

“Kəndə qayıtmağı seçmişdim”

Vəfa yasdan bir neçə gün sonra İstanbula qayıdır. Ancaq həyatı əvvəlki kimi olmur. Deyir, kənddə gördüyü insanlar onun yadından bir dəqiqə də çıxmır. Sonra başlayır onlar üçün nə edə biləcəyini düşünməyə. Ağlına kənddəki qadınlara iş açmaqla bağlı layihə yazmaq gəlir: 

“Fikirlərimi layihə formasına salıb bir neçə yerə göndərdim. 2 ay sonra layihəmin keçdiyi ilə bağlı email alanda, mən İstanbulda işləyirdim. Seçim etməli idim. Bir neçə gün düşünəndən sonra kəndə qayıtmağı seçdim”.

“Siyasət oxumusan ki, gəlib kənddə tikiş yeri açasan?”

Bu seçim Vəfaya asan başa gəlmir. Ailəsi, əsasən də atası onu qınayır: 

“Kənddə tikiş sexi açacaqdım. Atam “İstanbulda qalsaydın, həyatın daha gözəl, fərqli olardı”, – deyirdi. Hətta “xaricdə siyasət oxumusan ki, gəlib kənddə tikiş yeri açasan?” – dediyi də olmuşdu. Mən də bilirdim, İstanbulda daha yaxşı yaşaya bilərdim. Amma çətin olanı seçmək qərarına gəlmişdim”.

“Yaxşı iş görmək istəyərkən, az qala pis adam olacaqdım”

Vəfaya kənddə tikiş sexi açmaq üçün yer tapmaq, ora işçilər seçmək də asan olmur. O, işçinin bacarığından çox, sosial durumuna baxırmış. Bu da anlaşılmazlıq yaradır:

“Düzdür, kənddə hamının işə ehtiyacı var. Ailələrin çoxunun iqtisadi vəziyyəti ağırdır. Çalışırdım ən pis durumda olanları seçəm”.

Vəfanın bu istəyi narazılıqlara səbəb olur. Ona ailəsi vasitəsilə təzyiqlər başlayır: 

“Ailəmi tanıyanlar “məni işə götürməlisən, yoxsa sizi qohumluqdan silərəm” – deyirdi. İnsanlar valideynlərimə minnətçi düşürdü. Bir sözlə, yaxşı iş görmək istəyərkən, az qala pis adam olacaqdım”. 

“Çökmüş seçki institutuna inam yaradacaqdım”

Deməsinə görə, vergi şərtlərinin ağırlığı işə çox adam götürməsinə mane olur. Yalnız 5 nəfərə iş verə bilir:

“Yataq dəstləri tikirdik. Hazır məhsulları sosial şəbəkələr, yarmarkalar vasitəsilə satırdıq. İnsanlar bəyənib, sevib alırdılar”.

Vəfa deyir ki, zamanla kəndi üçün nələrsə etmək istəkləri böyüyür. Ölkədə çökmüş seçki institutuna inam yaratmaq qərarına gəlir. Beləliklə, üfiqdə görünən bələdiyyə seçkilərinə qatılmaq qərarı verir: 

“Seçkiyə inam yox idi. Mən bu yoxdan var yaratmaq istəyirdim. Damla-damla olsa da… Bu işdə könüllü oldum. Ölkədəki seçki prosesini dəyişməyə, onu düzəltməyə imkanım yox idi, amma doğulduğum kənddə seçkini real prosesə çevirməyə gücüm çatardı. İstədiyim elə bu idi: insanların seçkiyə inamını bərpa etmək…”. 

“Kənd insanları siyasətlə maraqlanmırdı”

Vəfa Nağı deyir ki, Azərbaycanın bütün kəndləri kimi doğulduğu Xolqaraqaşlı sakinləri də siyasətlə maraqlanmırdı:

“Bələdiyyə isə seçkiləri kimi mənasız bir qurumdur. Kənddə sədri kimsə tanımır. Bələdiyyə ilə insanlar arasında körpü, bağlılıq yoxdur. İnsanlarda fərqindəlik yaradacaqdım. Təsəvvür edin, Əlibala Səlimov Sovet dövründə Kolxoz, müstəqillikdən isə bələdiyyə sədri olub. Bu müddətdə heç kimə bir köməyi dəyməyib. İşi pulla torpaq satmaq olub. Göstərmək istəyirdim ki, bələdiyyə əslində bu demək deyil”. 

““Qadınsan get yeməyini bişir”, – deyənlər olurdu”

Beləliklə, Vəfa Nağı bələdiyyə seçkilərinə namizədliyini verir. Namizədliyinin qeydə alınması üçün başlayır imza toplamağa. Deyir, bu proses də asan olmur. Evləri gəzəndə qapını üzünə çırpanlar da olur, “qadınsan, get yeməyini bişir”, – deyənlər də. Hətta bir seçici ona “Əlibala olan yerdə sən kimsən?”, – sualını verir: 

“İmza topladığımı görəndə şok olurdular. Yenilikləri qəbul etmək istəmirdilər. Yarım saat danışandan sonra imza verirdilər. Onları qınamırdım. İlk dəfəydi belə halla üzləşirdilər –  kimsə qapı-qapı düşüb, imza toplayırdı”. 

Foto Facebook Vəfa Nağı

“Görən bu qız nə etmək istəyir?”

Vəfanın imza toplaması zamanla qarşı tərəfdə də məsuliyyət yaradır. Keçmiş bələdiyyə sədri Əlibala Səlimov hər evə getməsə də, müəyyən yerlərə gedib imza almağa başlayır: 

“Hətta keçirdiyim seçki kampaniyası da insanları şoka salmışdı. Sual dolaşırdı: “görən bu qız nə etmək istəyir?” Yaşlı bir kənd sakininin mənə “qız uşağısan, nəyinə lazım bələdiyyə seçilmək?”, – dediyi də yadımdadır”.

Üzv seçiləcəyi Vəfanın ağlına gəlmirmiş. Hətta insanların seçkiyə gələcəyini də gözləmirmiş:

“Açığı, fikrim seçilməkdən çox seçki saxtakarlığına mane olmaq idi. Amma insanlar seçkiyə gəldi və mən bələdiyyəyə üzv seçildim”.

“Bələdiyyəni normal işlətmək lazım idi”

Vəfa Nağı bələdiyyəyə üzv seçiləndən sonra kənddə ona qarşı münasibət də dəyişir. İnsanlar ona inanmağa, ondan kömək istəməyə başlayır: 

“Seçilmişdim, indi isə bələdiyyəni normal işlətmək lazım idi. Bələdiyyə sədrinə məktub göndərib, büdcə və hesabatları, iclas protokollarını istədim. Əslində bunlar üzvlərə açıq olmalıydı, amma deyildi. Tələbkarlığım bələdiyyə sədrini və digər üzvləri qəzəbləndirirdi. Mənimlə mübarizəyə başlayırdılar. Gözdən salmağa çalışırdılar. Çünki illərlə evlərində oturan adamları iclasa gəlməyə, hesabat verməyə məcbur etmişdim. Məndən xoşları gəlmir, qara yaxırdılar. Bezib kənarlaşmağıma çalışırdılar”.

Foto Facebook Vəfa Nağı

“Kənddə qadınlar seçkidə iştrak etmir” 

Vəfa Nağı deyir ki, növbəti mərhələdə əksəriyyəti kişi olan bələdiyyə üzvlərinin onu vurmaq üçün ağlına ilk gələn qadınlığını qabartmaq olur. Beləliklə, onun çimərlikdə, xarici ölkələrdə çəkdirdiyi şəkillərini sosial şəbəkə hesablarından götürür, kəndin divarlarına yapışdırırlar:

“Azərbaycan kimi cəmiyyətdə qadın olmaq onsuz da çətindir. Təsəvvür et, həm qadınsan, həm ictimai-siyasi məslələrdə iştirakçısan, həm də nələrəsə nail olmaq istəyirsən – bu, faciədir. Başlayırlar hər addımını yanlış dəyərləndirməyə. Bura seçicilərlə görüşündən tutmuş, kənd çayxanasında oturmağa qədər, hər şey daxildir. Çayxanada kişi seçicimlə söhbət etmişəmsə, söz çıxır ki, Vəfa filankəslə oturub, araq içirdi. Nə edim ki, kənddə qadınlar seçkidə iştirak etmir və nəticədə mənim seçicilərimin 95 faizi kişidir”.

“Cinsimə görə hədəfə alındım”

Vəfa hazırda bələdiyyə üzvlüyündən kənarlaşdırılıb. Səbəb kimi yayda 1 aylıq İstanbula getməsi göstərilib. “Əlbəttə bu, əsl səbəb deyil”, – deyir. Çünki iclaslarda olmayacağı ilə bağlı bələdiyyəyə rəsmi müraciət edib:

“Bələdiyyə isə olmadığım hər gün iclas edib. O iclaslarda iştirak etmədiyim üçün məni kənarlaşdırmaq qərarı alıb. Məktub göndərməmə rəğmən iştirak etməməm “üzrsüz” hesab edilib”.

Vəfa Nağı deyir ki, məsələ bununla da bitmir, iclaslarda iştirak etməməyi protokollaşdırılır. Sənəddə isə qeyd edilir ki, Vəfa Nağıyeva kənddə pozğun hərəkətlər etdiyinə, Prezident İlham Əliyevə qarşı çıxdığına görə üzvlükdən kənarlaşdırılır: 

“Qadın olmasaydım, mənə qarşı belə kampaniya apara bilməyəcəkdilər. Sırf cinsimə görə hədəfə alınmayacaqdım”. 

“Qadınları çayxanaya dəvət etdiyimi düşünmüşdülər”

Vəfa Nağı hazırda bələdiyyənin iclaslarına buraxılmır. “Üzvlükdən kənarlaşdırılmısan”, – deyilir. Ancaq Mərkəzi Seçki Komissiyasından (MSK) ona “bu qərar qeyri-qanuni və əsassızdır. Müraciət edib üzvlüyünü geri ala bilərsən”, – deyilib: 

“Sonacan getməyi düşünürəm. Əvvəlcə yerli məhkəmələrə müraciət edəcəyəm, iddiam təmin edilməsə, Avropa İnsan Haqqları Məhkəməsinədək (AİHM) gedəcəyəm”.

Vəfa Nağı deyir ki, keçdiyi proseslərin müsbət nəticələri də olub. Onlardan biri kənd adamlarının sosial şəbəkələr açıb, onun səhifəsini, ümumilikdə isə siyasi məsələləri izləməsidir: 

“Məsələn, bir dəfə “Facebook”-da yazmışdım ki, kənddə qadınlar çayxanaya, kafeyə getmir. O sərin, qəşəng yerlərdə ancaq kişilər oturur, sosiallaşır. Nərd oynayır, deyir, gülür, çay içirlər. Qadınlar isə istidə pambıq yığır, ev təmizləyir, həyət süpürür, heyvana baxırlar. Halbuki istirahət onların da haqqıdır. Bu statusum kəndin bəzi sakinlərində qıcıq yaratmışdı. Qadınları çayxanaya dəvət etdiyimi düşünmüşdülər”.

“Üzlərdəki ümidli ifadəni görmək nəyə desən dəyər”

Daha bir yaxşı dəyişim kəndin divarına şəkilləri yapışdırılan zaman seçicilərinin Vəfanın arxasında durması olur. Deyir, həmin hadisələr zamanı çox üzülüb, sarsılıb. Lakin, eyni zamanda, seçicilərinin onu dəstəkləməsi gözlərini yaşardıb: 

“Bu, mənə çox əzizdir. Həm də seçkidən sonra insanların üzündəki ümidli ifadəni görmək nəyə desən dəyər. Kəndimizin tarixində bələdiyyə seçkisindəki qədər aktiv səsvermə olmamışdı. “Heç Prezident seçkilərində bu cür iştirakçılıq olmamışdı”, – deyənlər var idi. İnsanların siyasi aktivliyi artmışdı. Onlar nəyisə dəyişməyə çalışmış və bunu bacarmışdılar. Təbii illərlə məhv olan sistemi bir günə bərpa etmək olmaz. Hələ ora ucqar bir kənddirsə. Odur ki, insanlara kiçik də olsa, ümid vermək məni sevindirir”.

“Siz Vəfasız, Əlibala ilə üz-üzə duran qadın”

Vəfa Nağı deyir ki, seçkidən sonra kəndlilərdə dəyişiklik görür. Bunlardan biri də insanlarda nələrisə dəyişmək, nələrəsə qarşı çıxmaq hissinin formalaşmasıdır. Hətta apreldə 60 nəfər toplanıb Əlibala Səlimovun qanunsuz torpaq satmasına etiraz da edib: 

“Şikayətlərini, xoşlarına gəlməyən problemləri yazır, çəkir, işıqlandırırlar. Mənə münasibətləri də dəyişib. Bir dəfə rayon taksisi ilə Bakıdan Neftçalaya gəlirdim. Maşındakılar məni tanıdılar. Cavan oğlan üzümə baxıb “siz Vəfasız, o Əlibala ilə üz-üzə duran qadın. Seçkidə də udmuşduz”, – dedi”.

Vəfa deyir ki, ona rayonun özündə də hörmət edən insanlar çoxdur. Onunla görüşüb, söhbət etmək istəyənlər var:

“Bir dəfə başqa bir kəndə getmişdim. Kəndin adamları mənimlə görüşüb, söhbət etmək üçün qaldığım evə gəlmişdilər. Bunlar məni ruhlandırır”.

Vəfa ona qarşı olan basqıları normal sayır. Deyir, “seçkiyə qatılanda bu şeylərin hamısını gözə alıb”. Baş verənlərin heç biri ona qeyri-adi gəlmir:

“Əsas olan kəndimizdə insanların nəyisə dəyişə biləcəklərinə inamının yaranmasıdır. Bu, çəkdiyim əziyyətlərə, çətinliklərə dəyir”. 

Yazdı Gülər Mehdizadə

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

Mənim Yeni Tarix