Transgenderlərin idman yarışlarında iştirakı

0

Yarış: güclə, yoxsa hisslərlə qazanılır? 

LGBTQI+ vətəndaş Şəbnəm Zamanlı orta məktəbin beşinci sinfindən qaçış idman növü ilə məşğul olub. Altıncı sinifdə yaşadığı rayonda qaçış birincisi olub. İdmanla məşğul olduğu sonrakı doqquz ildə də dəfələrlə rayon, bölgə yarışlarında birinciliyi qazanıb, ölkə üzrə üçüncü yerə çıxıb. 

Deyir, 22 yaşında görünüşü ilə bağlı dəyişimə başlayandan sonra idman aləmindən qopub. Səbəb isə Azərbaycandakı münasibətdir. Əsas da idmançılar arasında…  Şəbnəm deyir ki, hətta ən yaxın dostları tərəfindən belə normal qarşılanmayıb. 

Mənbə: stream.org

Başqalarının istədiyi kimi yaşamaq

O ki qaldı, onun qadın yarışlarında iştirakına, yaxınından belə keçə bilməyəcəyini deyir: 

“Düzü, münasibətin necə olduğunu bildiyim üçün maraqlanmadım. Amma bilirəm ki, ölkədə bizim kimilərə iş belə yoxdur, qaldı, bizi yarışlara buraxalar. Məsələn, şirkətlərdə, banklarda, nə bilim ofislərdə LGBTQI+ şəxslər çalışır, lakin onlar oriyentasiyalarını gizli tuturlar və nə qədər istəsələr belə, bəzən həyata tutuna bilmək, işlərini itirməmək üçün dəyişimə ya getmirlər, ya da çox gec başlayırlar. Bir sözlə, həyatlarını ertələyə bildikləri qədər ertələyir, uzun illər başqalarının istədiyi kimi yaşamağa məcbur olurlar”.

“İdmanla məşğul olmaq insanların haqqıdır”

Olimpiya Xartiyasında yazılır: “İdmanla məşğul olmaq insanların haqqıdır. Hər bir insanın dostluq, həmrəylik, ədalətli oyun və olimpiya ruhunda, heç bir ayrı-seçkilik olmadan idmanla məşğul olmaq imkanı olmalıdır”. 

Bu, yarışların dörd prinsipindən biridir.  

Son zamanlar transgender idmançıların elit atletika yarışlarında iştirakı müxtəlif müzakirələrə səbəb olub. Bəziləri düşünür ki, onların qadın yarışlarında iştirakı ədalətsizlikdir, çünki fiziki olaraq kişi bədəninə sahibdirlər. Lakin bəzi insanlar da deyir ki, əsas hisslərdir, önəmli olan özünü hansı cinsə mənsub hiss etməkdir.

Əksər insanlar istəyər ki, gələcək münaqişələrin qarşısı alınsın, ədalətli idman siyasəti olsun. Araşdırmaçılar isə etiraf edir ki, bu, nisbətən az tədqiq edilmiş sahədir və dəqiq həll yolu yoxdur.

Mənbə: refinery29.com

Transgenderlər əleyhinə irəli sürülmüş layihələr

Aparılmış sorğulara əsasən, transgender şəxslər, geniş yayılmış transfobiya səbəbiylə işdə ayrı-seçkiliyə, məişət zorakılığına və mənzil təhlükəsizliyinə məruz qalırlar. Feminist hərəkatlar, eləcə də bütövlükdə dünya ictimaiyyəti tez-tez transgender kimliyini sorğulayır. Xüsusilə, ABŞ-ın 7 ştatında qadınların hüquqlarını qorumaq adı altında trans idmanı qadağan edən qanun layihələri təklif edilib. 

Məsələn, 2021-ci ildə 34 ştatda transgenderlərin icmada təmsil olunması əleyhinə 147 qanun layihəsi təqdim edilib.

1998-ci ildə ABŞ-da təsis edilmiş LGBTQI+ mövzularında sorğular aparan qeyri-kommersiya təşkilatı olan “Trevor”un sorğularına görə, bu qanun layihələrinin tətbiqi transgender və qeyri-binar (özünü hər hansı genderə aid hiss etməyən şəxs) insanların 85 faizinin psixoloji sağlamlıqlarına mənfi təsir göstərib.

Gender bölgüsündə transgenderlər nəzərə alınmır

Kişilər rəqabətli idmanda qadınlara nisbətən fiziki performans üstünlüklərindən istifadə edirlər. Kişi və qadın idman kateqoriyalarının cinsə əsaslanmış məcburi bölgüsündə (seqreqasiya) transgenderlər nəzərə alınmır, lakin Beynəlxalq Olimpiya Komitəsi (IOC) transseksualların qadın kateqoriyasında yarışa biləcəyi meyarları müəyyən edib. Onlarda yarışdan əvvəl və yarış zamanı (azı 1 il ərzində) ümumi serum testosteron səviyyəsi 10 nmol/L-dən aşağı salınmalıdır.

Araşdırmalara əsasən, kişi və qadın arasında performans fərqi yetkinlik dövründə əhəmiyyətli olur və idmandan asılı olaraq, çox vaxt 10-50 faiz təşkil edir. Performans fərqi əzələ kütləsinə əsaslanan idman fəaliyyətlərində, xüsusən də bədənin yuxarı hissəsində daha aydın görünür.

Atletika üzrə DSD Qaydaları (2019) və Transgender Atletlər üçün Uyğunluq Qaydaları (2021), Reqbi İttifaqında “Transgender Təlimatları” (2020) və FINA-nın üzgüçülük üzrə kişi və qadın kateqoriyalarında yarışmaq hüququ ilə bağlı siyasəti (2022) transgenderlərin və interseks fərdlərin yarışlarda təmsil olunması ilə bağlı müzakirələri daha da artırıb.

Qadın kateqoriyasında yarışan transgender üzgüçülərlə bağlı mübahisə 2019-cu ildən 23 yaşlı transgender Lia Tomasın ABŞ-da NCCA yarışmasında qalib gəldiyi zamandan aktuallaşıb. 

Qadınların kateqoriyasında trans üzgüçülərin yarışmasına qarşı olan keçmiş britaniyalı üzgüçü Şarron Daviesə görə, üzgüçülük əhatəli idman növüdür və bu, iki cins üçün ədalətli olmalıdır.

Mövzu sosial şəbəkələrdə də müzakirə edilib.

–  Üzsünlər, amma, qazana bilməsinlər. 

– Bu, çox problemli mövzudur. Bəli, spekulyativ paylaşımlar, transgenderlərə dəstək olmalıdır, lakin həqiqət budur ki, bioloji üstünlüyün isbat olunduğu bir şəraitdə cinsi qadın olan rəqiblərlə transgender qadınları yarışdırmaq düzgün deyil. Bu vəziyyətin dopinqdən heç bir fərqi yoxdur. Məsələn, yalnız cinsi kimliyi olan kişilərin iştirak etdiyi yarışmada transgender olmaq da dezavantajdır.

Mənbə: flickr.com

– Bioloji olaraq haqsızlıqdır. Skelet və əzələ sistemi 24 yaşına kimi kişi kimi inkişaf edəcək, sonra da qadın kimi müsabiqəyə qatılacaq. Mənə heç ədalətli gəlmir.

– Hormonal balansı qadınlarla eynidir. Qaydalara uyğun döyüşdür, nə istəyirsiniz?

– İnklüzivlik və ədalətlilik prinsipləri arasında tarazlığı saxlamaq vacibdir. Sağlam rəqabəti qoruyaraq, hər kəsin hüquqlarına hörmət edən bir həll tapaq.

Cinslərə görə bədən göstəriciləri 

Böyük Britaniya və İsveç professorlarının birgə yayımladıqları məqalədə bildirilir ki, idman performansına əzələ gücü, insanın bədən göstəriciləri, ürək-tənəffüs qabiliyyəti və metabolik amillər daxil olmaqla, bir sıra fizioloji amillər təsir göstərir. Bu fizioloji amillərin bir çoxu bioloji kişilər və qadınlar arasında genetik fərqlər və ikinci dərəcəli cinsi xüsusiyyətlərin androgenyönlü inkişafı nəticəsində fərqlənir. Bu, bioloji kişilərə qadınlara baxanda böyük idman performansı üstünlükləri verir. 

Məktəbli idmançıları müqayisə edərkən, performans qiymətləndirilməsində bioloji cinsin verdiyi fizioloji üstünlüklər görünür. Bundan əlavə, təmas, toqquşma və ya döyüşün vacib olduğu idmanlarda geniş şəkildə fərqli fizioloji atributlar təhlükəsizlik və idmançıların rahatlığı üçün problem yarada bilər. Bu da idmanın təkcə kişi və qadın kateqoriyalarına deyil, həm də çəki, yaş kateqoriyalarına ayrılmasını tələb edir. 

Beləliklə, həm kişilər, həm də qadınların ədalətlilik, təhlükəsizlik və inklüzivlik baxımından idmandan həzz ala bilmələrini təmin etmək üçün idman yarışlarının əksəriyyəti ilk növbədə kişi və qadın kateqoriyalarına bölünür. Yetkinlik dövründə testosteron səviyyəsi kişilərdə 20 dəfə artır, nəticədə dövr edən testosteron konsentrasiyası kişilərdə istənilən yaşda olan qadınlara nisbətən ən azı 15 dəfə yüksək olur. Kişilərdə testosteron insanlarda müşahidə edilən cinsi dimorfik (bədən formasında fərqlilik) xüsusiyyətlərin bir hissəsi olaraq əzələ kütləsi, gücü, antropometrik dəyişənlər və hemoglobin (qanın dəmir göstəricisi) səviyyələrində dəyişikliklərə səbəb olur.

Transgender idmançıların iştirakları ilə bağlı mövcud siyasəti araşdırmadan əvvəl idman yarışlarında iştirak etmək üçün qarşılaşdıqları bəzi maneələri həll etmək vacibdir. Bu yaxınlarda aparılmış bir araşdırma, transgender kişilərin, transgender qadınlara nisbətən komanda idmanlarında iştirak etmə ehtimalının əhəmiyyətli dərəcədə daha çox olduğunu, lakin bu fərqin fərdi idman növləri üçün açıq olmadığını göstərib. 

Transgender qadınların dediklərinə görə, onların iştirakına əsas maneə inkluziv, əhatəli və rahat mühitin olmamasıdır. Bu, onların komanda idmanlarında iştirakının azalmasına gətirib çıxarır.

Geyim və ortaq yerlərdən istifadə 

Geyimlə bağlı da problemlər var. İdman geyimi fiziki cəhətdən açıq olduğundan iştirak üçün maneə rolunu oynaya bilir. İdman büstqalterləri transseksual idmançılara müvafiq olaraq təsir edə bilər.  Transgender qadınlar büstqalterlərinə yastıq əlavə edə və transgender kişilər sinələrini bağlaya bilər və s.  

Bundan əlavə, soyunub-geyinmə otaqları və digər komanda yerləri çox vaxt cinsə görə ayrılır və transgender idmançılar onların cinsi kimliyinə uyğun gələn ortaq yerlərdən xaric edilə bilir. İdmançıların iştirakına icazə verilib-verilməməsindən asılı olmayaraq, ortaq məkanlardan istifadənin məhdudlaşdırılması idmançıların komanda yoldaşlarından ayrı hiss etməsinə və cinsi kimliklərinə görə utanmayadək gətirib çıxara bilir.

Vacib, lakin az başa düşülən amillərdən biri də stiqmadır (əngəl). Stiqma yeni bir anlayış olmasa da, transseksual idmançılara təsir baxımından yeni fenomendir. Transgender damğası, ümumiyyətlə, imkanları məhdudlaşdırır; psixoloji və fiziki sağlamlığa mənfi təsir göstərə bilir.

Keçmiş peşəkar tennisçi Martina Navratilova transgender idmançı Rene Riçardsı dəstəkləyib və turnirə dəvət edib. O, bu hərəkəti ilə idman tarixində yeniliyə yön verənlərdəndir. Onun cinsi oriyentasiyası ilə bağlı açıqlığı və LGBTQI+ hüquqlarını müdafiə etməsi onu həm idmanda, həm də cəmiyyətdə bir idola çevirib. 

Tennisçi Renee Richards, Getty Images

Rene Riçards isə cinsiyyət dəyişimi əməliyyatı keçirərək 1970-ci illərin əvvəllərində qadın olaraq həyatına davam edib, qadın tennis turnirlərində iştirak etməyə çalışıb. Lakin 1976-cı ildə ABŞ-da keçirilmiş turnirdə qadınların təkbətək yarışında oynamaq üçün ilk dəfə müraciət edib və təşkilatın o vaxtkı siyasətinə əsasən, Amerika Birləşmiş Ştatlarının Tennis Assosiasiyası (USTA) tərəfindən rədd edilib. Richards USTA-ya qarşı iddia qaldıraraq, onların qərarına etiraz edib. 1977-ci ildə Nyu-York Ali Məhkəməsi Riçardsın lehinə qərar çıxararaq onun qadın kimi yarışmasına icazə verilməli olduğunu bildirib. Bu qərar transgenderlərin idmanda təmsili ilə bağlı müzakirələrdə mühüm məqam olub və transgender idmançıların hüquqlarının tanınması üçün imkan yaradıb.

Həmin vaxt Navratilova trans tennisçi Rene Riçardsı qadınların peşəkar turnesinə dəvət edib. Lakin, zaman keçdikcə Riçards qadın idmançılarla yarışan trans qadınlar haqqında fikrini dəyişib – “Bilirəm ki, 22 yaşımda əməliyyat olunsam və 24 yaşımda tura getsəydim, dünyada heç bir qadın mənə yaxınlaşa bilməzdi” (New York Times).

Navratilovanın perspektivi də zamanla dəyişib. “Yetmişinci illərdə Reneni dəstəklədim, çünki onun birdəfəlik bir istisna olduğunu düşünürdüm. Üzgüçülük, trek, velosipedsürmə, avarçəkmə, ağır atletika, otüstü xokkey, basketbol, voleybol, reqbi və hətta disk qolf, inanırsınız, bu gün trans qadınların bu problemlə mübarizə aparacağını bilmirdim. Qadın kateqoriyasında oynamaq hüququnda israr edirlər. Qadın kateqoriyası qadınlara ədalətli rəqabət imkanı yaratmaq üçün yaradılıb.

Endokrinoloq, Vaşinqton Universitetinin professoru, ABŞ Antidopinq Agentliyinin Terapevtik İstifadə Komitəsinin məsləhətçisi olan Dr. Bradley Anawalt 2023-cü ilin aprelində verdiyi müsahibədə deyir ki, bu sahədə müzakirələr sosial ədalət və elmi faktlara ayrılır:

“Bir qrup iddia edir ki, biz hər kəsə özünü ifadə etdiyi cinsdən asılı olaraq idmanla məşğul olmaq imkanı verməliyik. İkinci qrupa görə, XY cinsi [kişi] xromosomları ilə doğulmuş və inkişaf etməkdə olan döl, körpə və cinsi yetkinlik dövründə testosterona məruz qalan insanlar qadın kimi idmanla məşğul olduqda ədalətsiz bioloji üstünlük əldə edirlər”.

“Suallar və anlaşılmazlıqlar hər zaman olacaq”

Həkimin sözlərinə görə, sosial ədalət sualına heç vaxt elmə əsaslanmış, qənaətbəxş cavab verilməyəcək. Çünki daim bəzi insanlar trans qadının qadın kimi idmanla məşğul olmasını istisna etməyin ədalətsiz olduğunu düşünəcək:

“Təqaüdlərin və pulun, ictimai şöhrətin olduğu bu idman növlərində, elm nə etmək lazım olduğunu aydınlaşdırmaq üçün kifayət qədər fakt təqdim etməyəcək. Şəxslərin bu idmanda iştirakının dəstəklənməsi və buna qarşı çıxılması ilə bağlı suallar həmişə olacaq”.

“Söhbət qazanmaqdan çox, sevdiyin işi özünü aid hiss etdiyin kimliyinlə görməkdən gedir”

Şəbnəm çox istəyər yenidən idmana dönsün. Bu dəfə yeni görünüşü ilə, qadın idman yarışlarında iştirak etsin. Amma ümumi münasibəti görəndə, bu addımı atmaqdan çəkinir: 

“Bəzi ölkələrdə bizə seçici yanaşma yoxdur, lakin onlarda belə idman yarışlarında iştirakın ədalətsizlik olduğunu düşünürlər. Bəlkə də elədir, ola bilər. Kişilər içində dəfələrlə nəticə qazanmışam. Demirəm, qadınlar zəifdir, sadəcə mənim bədənim biraz daha güclü ola bilər. Lakin burada söhbət qazanmaqdan çox, sevdiyin işi özünü aid hiss etdiyin kimliyinlə görməkdən gedir”. 

Yazdı Selcan Hacı

Bağlı mesajlar

1-Cavab
  1. Fuad

    Əgər bir trans qadının digər qadınlardan bəzi üstünlükləri olduğunu düşündüyümüz üçün eyni kateqoriyada yarışmağını istəmiriksə onda gərək ağ dərili və qara dərili insanların da kateqoriyalarını ayıraq. Çünki testosteronla inkişaf etmiş əzələ quruluşuna sahib olduğu üçün sürətli olduğu və buna görə də onlarla eyni kateqoriyada olmadığı düşünülürsə, bel quruluşu və əzələ quruluşu tamamilə fərqli olan qaradərililər də ağlarla eyni kateqoriyada rəqabət aparmamalıdır. Belə bir irqçiliyə razıdı hər kəs? Və bir də testosteronla inkişaf etmiş bir əzələ quruluşuna sahib olmaq, boyu uzun olmaq və s. cinsiyyətlər arası deyil eyni cinslər arasında da çox asan bir şəkildə göstərilə bilən şeydir. Onda gərək məndən cüzi üstünlüyü olan heç kəs mənimlə eyni kateqoriyada yarışmasın.

    Hər şey bir qırağa Olimpiyadalar kapitalist bir orqanizasiyadır və tək məqsədi əyləncədir (entertainment). Və bu entertainment nəyə yarayır? güldürmək, dram, hekayə? Heç birinə sadəcə ilham almağa və ilham verməyə yarayır. Biz bu insanlara baxıb ilham və motivasiya alırıq. Və ilham ‘istehsal’ edən birinin cinsiyyət dəyişdirib yarışlara qatılmasından daha ilham verici nə ola bilər?

Bir cavab buraxın

Mənim Yeni Tarix