Tatulu Qızlar: Mühafizəkar Cəmiyyətlərdə Qadın Tatu Artistlər

0

Tatularla bağlı stiqmalar hələ 1950-ci illərdən başlayır. “Greasers” (red.1950 və 1960-cı illərin əvvəllərində əsasən fəhlə sinfindən və aşağı təbəqədən olan gənclərin yaratdığı submədəniyyət) ilə gələn motosikletlər, dağınıq saçlar və tatular hələ o zamandan üsyan əlaməti olaraq görülür, aşağı həyat statusu ilə əlaqələndirilirdi. Amma bu mövzuda neqativ əsaslı fikirlər qadınlar üzərinə daha çox yüklənərək özünü cəmiyyətin qadına və femininliyə baxışında zərərli formalarda biruzə verir.

Qadın gözəlliyinin saflıq rəmzi olduğu və döymələrin qadına xas olmadığına dair köhnəlmiş və zərərli bir fikir var. Qadının bədənindəki mürəkkəbin onun gözəlliyini, qadınlığını örtməsi, diqqət yayındırması fikri Azərbaycanda da nadir rastlanan yanaşma deyil və həddən artıq seksuallaşdırmaya və “slut-shaming”ə (red.bir şəxsi, əsasən qadınları özünüifadə tərzinə, görünüşünə görə damğalama, alçaltma və ya utandırma) gətirib çıxarır.

Tatu etdirən qadınların əsas tənqidçiləri kişilər olsa da, digər qadınlar da həmcinslərinin seçimlərinə laqeyd qalmırlar. İnsanlar hansı döymələrin qadınlar üçün, hansının kişilər üçün nəzərdə tutulduğu barədə müəyyən mücərrəd fikirlərə sahibdirlər. Məsələn, çiçəklər, böcəklər, incə skeçlər qadınlar üçündür. Lakin böyük, tünd və əsəbi imicləri əks etdirən tatular kişilər üçün olmalıdır. Bu, mahiyyət etibarı ilə misoqonik yanaşmadır, çünki sənətin cinsiyyətlə heç bir əlaqəsi yoxdur. Əksinə, universal olması onu fərqləndirir.

Jessie Knight – mənbə: storiesandink.com

Tarixə qayıtsaq, 1800-cü illərin sonlarında elektrik tatu maşınının ixtirası ilə tatuların yavaş-yavaş yuxarı siniflər arasında yayıldığını müşahidə edə bilərik. Kral ailə üzvləri və zadəganların özləri mürəkkəblə bəzənsə də bu, bir neçə onillik ərzində sadə insanların təcrübələrinə də yansımağa başladı.

Britaniyada ilk qadın tatu sənətçisi kimi məşhurlaşan Jessie Knight radikal pioner olub. O, 20-ci əsrin əvvəllərində ən məşhur və sonradan unudulmuş tatu ustalarından biri kimi tarixdə qalıb. Jessie karyerasına başladığı dönəmdə tatu sənəti hələ tanınmırdı. Bədəndə mürəkkəblə çəkilən təsvirlər əsasən, dənizçilər və marjinal qrupların seçimi olurdu. O zaman gənc qadınların belə bir azadlığı olmayıb.

Jessie-nin həyat yoldaşı da konservativ baxışı ilə onun karyerasına qarşı çıxdığına görə o, işinə müvəqqəti fasilə verməli olub. Amma yoldaşının toksik davranışları və Jessie-nin itini vurması onların münasibətini sonlandırıb. 1936-cı ildə Jessie Aldershot-da öz tatu salonunu açıb. İkinci dünya müharibəsi dönəmində tatular, əsasən, əsgərlər və sıravi insanlar arasında populyarlaşmağa başlayıb. Beləcə, Jessie-nin biznesi də böyüyüb.

Jessie-nin sayəsində tatu artıq qadınlar üçün daha əlçatan olub. Onun əsas müştərilərinin qadınlar olması da onların özlərini Jessie ilə daha rahat hiss etmələri olub. Çünki bir qadının kişi tərəfindən tatulanması mühafizəkar cəmiyyət üçün yad idi. 

1960-ci ildən 40 il öncəyə qədər Jessie ölkəsində yeganə professional qadın tatu ustası olsa da, bəhs edilən zaman aralığındakı sosial dəyişikliklər yeni qadın ustaların bu tendensiyaya başlamasına səbəb olub. Əlbəttə, burada Jessie-nin qətiyyəti və qadınlara ötürdüyü ilham danılmazdır. 1955-ci ildə Jessie kişi bədəninə çəkdiyi “Highland Fling” təsviri ilə qatıldığı yarışmada ikinci yerin qalibi olub. O, birinciliyi qazanmasa da, bu yarışma onun Avropada populyar qadın tatu artist olmasına təkan olub. Barmaq sayı qədər peşəkar tatu artist olan qitədə bu, böyük bir uğur idi.

Mama, Tatuma Bax!”

Azərbaycanda isə qadın tatu artistlər indi də azdır. Amma son illərdə qadınlar artıq tabuları qırmağa daha cəsarətli yanaşır. Onlar sənəti cəmiyyətin diqtə etdiyi normalardan daha üstün hesab edirlər. “Mama, Tatuma Bax” brendinin təsisçisi Aytəkin Miriş artıq bir neçə ildir ki, professional olaraq tatu sənəti ilə məşğuldur. Deyir ki, o, bu peşəni yeni öyrənməyə başladığı dönəmlərdə  onu ilhamlandıran Bakıda bu işlə məğul olan qadınlar olub. O da cəmiyyətdə sənətinə və tatularına görə mənfi rəylərlə qarşılaşdığını bildirir. Məsələn, elə ona tez-tez ironik təəccüblə verilən bu sual izaha ehtiyac yaratmır: “Kişilərə də tatu edirsən?”

“Gecə taksi şoferinə tatu artist olduğunu demək riskli ola bilər. Amma əksər vaxtlarda insanlar xoş niyyətlə maraqlanır və işlərimə baxırlar. Ailəm ilk olaraq ciddi yanaşmamışdı, təkid etdiyimi görəndə fikrimi dəyişməyə çalışdılar. İşimin gəlirli olması, çox həvəsli və bir az da bacarıqlı olmağım hardasa qəbullanmalarına kömək edib. Hardasa deyirəm, çünki bəzən onlar məni kiməsə təqdim edəndə köhnə sənətimi – müəllim olduğumu vurğulayırlar. Əslində başa düşüləndir, çünki mən çox üzləşməsəm də, cəmiyyət əslində tatu sənətinə ciddi yanaşmır”, deyə Aytəkin öz təcrübəsindən danışır. 

Nəticədə, cəmiyyət dəyərləri nəyi necə harada etməyi diqtə etsə də, “Mənim bədənim, mənim seçimim”  qadınların tatuya münasibəti üçün sağlam şüardır. Bu sizin bədəninizdir və onu xüsusiləşdirmək istəklərinizin hökmündə olmalıdır.

Tərcümə və adaptasiya Aytac Xalıq

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix