Sosial İşçinin həyatı: təhdidlər, şübhələr və təşəkkürlər

0

“Məni xalçaçı kimi görmək istəyən atam indi magistratura davası edirdi”

Bu dəfə Azərbaycanda çox az adamın seçdiyi peşədən danışacağıq – sosial işçidən. 

Bu peşənin sahibi hansı işi görür və niyə insanlar belə bir işin olmasından xəbərsizdir? Əslində bu peşə cəmiyyət üçün nə qədər faydalıdır və ən əsası, Azərbaycanda sosial işçi olmağın çətinlikləri, avantajları nələrdir? 

Həm insanlara əlindən gələn dəstəyi göstərib, həm də tez-tez sənə şübhə ilə yanaşılmasına, “kömək etməkdə məqsədin nədir?” – deyilməsinə rəğmən işini sevmək nə deməkdir?

Qonağımız Sənubər Heydərovadır. Bizə peşəsini necə seçdiyini, gördüyü işə görə təhdidlərə məruz qalmasından tutmuş, işin zövqlü tərəflərinədək, hər xırdalıqlarından danışıb.

Psixoloq arzusundan sosiologiyaya

Sənubər Heydərova məktəbin aşağı siniflərindən psixoloq olmağı arzulayıb. Lakin qəbul imtahanında topladığı bal yolunu sosiologiyadan salıb. Deyir, nə məktəbdə, nə də universitetdə əlaçı olub. Həmişə ortabab oxuyub, lakin üstün cəhətləri də olub: 

“Məsələn, bütün günü kitab oxuyurdum deyə ədəbiyyatdan əla qiymətlər alırdım. Eyni zamanda,  sinifdə Azərbaycan dilini də ən yaxşı bilənlərdən idim. Tarixi romanlar oxuduğum üçün bu sahəni də yaxşı bilirdim. Vaxt yetişdi, 11-ci sinfə gəlib çıxdım. Universitetə hazırlaşmaq lazım gəlirdi. Lakin ailəmin məni hazırlığa göndərməyə imkanı yox idi”. 

“Mənim qızım oxuyacaq”

Sənubər deyir ki, bu zaman ana və atasının aralarında danışdıqlarını eşidib. Əsasən də atasının fikri onu hansısa sənətə yönləndirmək olub: 

“Onu da deyim ki, həm ata, həm də ana tərəfimdə ali təhsilli insan barmaqla sayılacaq qədər azdır. Yəqin düşünüblər mən də oxumayacağam, qərara gəliblər ki, məni xalçaçılığa qoysunlar. Beləliklə, əlimdə bir sənətim olsun, özümü dolandırım. Lakin anam atamla razılaşmadı. “Mənim qızım oxuyacaq”, – dedi”.

“Öz arzusu ürəyində qaldığından həmişə mənim oxumağımı istəyib”

Sənubər Heydərovanın anası vaxtında Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) qəbul olub, mühəndis olacaqmış. Ancaq sağlamlıq problemləri səbəbindən təhsilini yarımçıq qoymalı olub: 

“Öz arzusu ürəyində qaldığından həmişə mənim oxumağımı istəyib. Odur ki, üstümdə çox ciddi dayandı. Anamın xalası Azərbaycan dili və ədəbiyyat müəlliməsi idi. Sahil qəsəbəsində yaşayırdı. Xalası ilə danışdı və məni ödənişsiz hazırlamağa razı saldı. Beləliklə, həftənin 2 günü Azneft dairəsindən Sahilə gedən avtobusa minir, 55 dəqiqə yol gedirdim. Xalanın yanına gələn qrupların hamısı gedəndən sonra bir tikə yemək yeyib, dərsə başlayırdıq”.  

“Testin üstündə yuxuya gedənəcən işləyirdim”

Mənbə: leviouusa!
Mənbə: leviouusa!

Deməsinə görə, ciddi, tələbkar ədəbiyyat müəlliməsi Sənubəri testin üstündə yuxuya gedənəcən işlədib. Səhər oyananda isə Azərbaycan dili hazırlığı başlayıb. Sənubər xeyli işləyib, yorulandan sonra keçmiş “Salyanski kazarma”nın yanındakı növbəti qohum müəllimənin evinə, riyaziyyat hazırlığına gedirmiş: 

“Müəllim ilk gündən mənə dedi ki, “səninlə həndəsə öyrənməyəcəyik, cəbrdən çulunu sudan çıxarsan, bəsindir”. İmtahana 3 ay qalmış məlum oldu ki, mən ingilis dilindən də çox zəifəm. Bu zaman da məktəbdəki müəllimim dada çatdı. Üç ay ərzində nə qədər mümkündürsə, o qədər sürətli şəkildə testlərin üstündən keçdik”.

“Qəbul olmasaydım, beşqat əziyyət çəkərdim”

Başqa bir qohum müəllim isə Sənubəri 14 gün ərzində tarix fənnindən hazırlayıb. Deməsinə görə, 14 günlük hazırlığın nəticəsində qəbul imtahanında tarixdən 14 düzgün cavab yazıb. Bir sözlə, hazırlığa getdiyi hər günə bir düz cavab öyrənib: 

“Həmin müəllimlərə pul verməyib, vaxtlarını aldığıma görə o qədər sıxılırdım ki… Birinin evində qalırdım, ümumiyyətlə, gedəndə önümə yemək də qoyurdular. Bu, məni yaman utandırırdı. Yəqin qəbul olmasaydım, beşqat əziyyət çəkərdim. Beləliklə, imtahana üç gün qalmışadək kitabların üstündə yatdım. Sonra anam bütün kitab və dəftərlərimi yığışdırdı. Başladı hər gün məni bir yerə gəzməyə aparmağa, vaxtımın xoş, rahat keçməsinə çalışırdı. Sonradan gördüm ki, bunu psixoloqlar da məsləhət görür”.

“Gələcəkdə müstəqil tədqiqatlar aparmağı arzulayırdım”

Qəbul imtahanında 463 bal toplayan Sənubər Bakı Dövlət Universitetinin (BDU) sosiologiya fakültəsinə qəbul olub. Deyir, qrupda onunla bərabər 36 nəfər təhsil alıb, lakin bu gün qrup yoldaşlarından kimsə sosioloq kimi fəaliyyət göstərmir: 

“Qəbul olmağıma ən çox sevinənlərdən biri atam idi. Deyirdi, “qızım jekdə, icra hakimiyyətində işləyəcək”. Əslində mənim ixtisasım universitetdə düzgün, aidiyyəti üzrə tədris edilmirdi. Daha çox tarixi sosioloqların dediklərini, nəzəriyyələrini keçirdik. Təkrar-təkrar eyni şeylərdən danışırdılar. Mənim isə marağım tədqiqat aparmağa idi. Tədqiqat metodlarını sadəcə bir semestr keçmişdik. Müəllim yaxşı idi və marağımı daha da artırmışdı. Düşünürdüm ki, gələcəkdə ofisim olacaq və mən müstəqil tədqiqatlar aparacağam”.

“Könüllü işləyirdim, amma əmin idim ki, nəsə öyrənəcəm”

Sənubər universiteti 2005-ci ildə bitirib. Həmin vaxt müəllimlərindən birinin hansısa təşkilatla birlikdə tədqiqatı olub. Deməsinə görə, onlardan bir neçə nəfəri həmin tədqiqatın sorğusunu keçirmək üçün köməyə çağırıb: 

Mənbə: kaifineart.com
Mənbə: kaifineart.com

“İlk dəfə sorğuya onda girdim və mənə dəhşət maraqlı oldu. Ondan əvvəl heç bir yerdə çalışmamışdım. İndi  dərs dediyim uşaqlara deyirəm ki, 4 illik təhsil müddətini mütləq işləyin. Könüllü olsa belə, sorğularda iştirak edin. Mən 4 ili passiv keçirdiyimə çox peşman olmuşdum”. 

Bundan sonra Sənubər daha çox tədqiqat işlərinin sorğularında iştirak etməyə başlayıb. Deyir, heç bir işə “yox” deməyib: 

“Bəzən könüllü işləyirdim, amma əmin olurdum ki, nəsə öyrənəcəm. Tək-tük hallarda anketin birinə 20-40 qəpik arası qonorar alırdım. Anket sorğuları keçirə-keçirə artıq bir neçə təşkilatla əməkdaşlığa başlamışdım. Bununla da Azərbaycanın bir çox bölgəsini gəzmişdim. Nəticədə cəmiyyətin düşüncəsindən xəbərdar olmuşdum. İnsanların sosial durumunun necə olduğunu öyrənmişdim və ən əsası, fərqli mədəniyyətlər tanımışdım”.

“Müstəqil tədqiqat aparılmır”

Sənubər Heydərova deyir ki, bu gün Azərbaycanda müstəqil tədqiqat işləri, sosial sorğular demək olar ki, keçirilmir. Səbəb isə bu tip araşdırmaların cəmiyyətin durumunu sərgiləməsidir. Nəticədə bu sorğuların qarşısı alınır: 

“Heç ölkədə bu sorğuları keçirəcək təşkilatlar da qalmayıb, hamısını yola salıblar. Beynəlxalq təşkilatlar hər hansı müstəqil tədqiqat olmadığından hökumətin verdiyi rəqəmlərə istinad etməli olur. Ən yaxşı halda, tənqidi mediada gedən şikayətlərə, problemlərə və məlumatlara əsaslanırlar”.

Sənubər qeyd edir ki, düzdür, ölkədə Sosial Tədqiatlar Mərkəzi var. Onlar tez-tez sorğular keçirirlər, lakin hökumətyönlü təşkilat olduqlarından onların rəqəmlərinə tam inanmaq mümkün deyil. Bu da ümumilikdə o deməkdir ki, Azərbaycanda müstəqil sosioloq kimi işləməyə şərait yoxdur.

“Anladım ki, hətta çox yaxınımızda yaşayan insanlardan belə xəbərsizik”

Sorğular keçirdikcə Sənubərin insanlarla danışmaq, ünsiyyət qurmaq bacarıqları formalaşıb. Deyir, bu iş onu tamamilə dəyişib. Ölkəsi, ətrafı, insanların yaşayışı, sosial problemlər barədə məlumatlanıb:

“Çox informasiya ilə gəlirdim və anladım ki, hətta çox yaxınımızda yaşayan insanlardan belə xəbərsizik. Məsələn, mən Bakı kəndindənəm, amma bilmirdim ki, Fatmayidə qızlar kütləvi şəkildə (hətta 2005-ci ildə də belə olub) məktəbdən çıxarılır. O boyda kənddə həmin vaxt ali təhsilli cəmi bir qız var idi. O, məktəbi 11-ci sinfədək oxumuşdu, universitetə qəbul olub, bitirmişdi və çalışırdı. O qızla kimsə evlənmirdi. Kimlə danışdıq dedilər ki, o kişilərin mindiyi avtobusla şəhərə gedib, gəlir, yaxşı qız bunu etməz. Fatmayi Bakıdan 20 dəqiqəlik məsafədə yerləşir. Mənim üçün bu informasiya çox yeni idi. Şoka girmişdim ki, o kənddə bu cür böyük problem var və kimsə buna nəzarət etmir. Məsələn, o məktəblərdə kimsə soruşmur ki, bu qızlar haradadır?” 

Mənbə: poliskye.com
Mənbə: poliskye.com

Sosial işçi olmaq

Sənubər bir müddət işləyəndən sonra sənədlərini magistraturaya vermək qərarına gəlib. Deyir, bu dəfə də hazırlıqsız imtahana girib. İmtahandan keçib, lakin pulluya düşüb: 

“Düzdür, illik ödənişi çox deyildi – 300 manat idi. Lakin düşündüm ki, 4 il universitetdə oxumuşam, eyni müəllimlərdən dərs almışam, amma ciddi nəsə öyrənməmişəm. İndi təzədən ildə 300 manat verib 2 il oxumağın nə mənası var? Sosiologiya və idarəetmə fakültəsinə düşmüşdüm. Təhsildən imtina ilə bağlı ərizə yazdım. Dedim, pullu təhsil almaq istəmirəm”.

Sənubər deyir ki, bundan sonra  atası, ətrafı onu qınayıb. Deyiblər ki, gərək imtina etməzdi, 300 manatı ödəmək olardı: 

“Atama dedim ki, narahat olma, gələn il sənin üçün bir də imtahan verərəm. Məni xalçaçı kimi görmək istəyən atam indi magistratura davası edirdi. Növbəti il yenidən hazırlıqsız imtahan verdim. Bu dəfə universitetdə yeni sosial iş fakültəsi açılmışdı. Bəzi ölkələrdə ixtisaslar tələblə açılır. Bizdə də bu fakültə Avropa İttifaqının tələbi ilə yaradılmışdı. Yoxsa sosial iş Azərbaycan hökumətinin vecinə deyildi. Mən də növbəti il bu ixtisası seçdim”.

“BDU-da sosial iş üzrə dərs deyən gənc müəllimləri gözümçıxdıya salırdılar”

Sənubər deyir ki, Avropa İttifaqı sosial işlə bağlı iki cildlik kitab çap edib, sosial işlə bağlı sosiologiya fakültəsi müəllimlərini iki aylıq kursa göndərib. Eyni zamanda, xaricdə sosial iş təhsili almış insanları araşdırıb, tapıblar: 

“Onları bizə dərs demək üçün dəvət etmişdilər. Heç kimin sosial iş nədir bilmədiyi bir dövrdə biz həmin müəllimlərdən dərs aldıq. Düzdür, onların dərs metodlarını yaşlı müəllimlər qəbul etmirdilər. Hətta birinə demişdilər ki, bu uşağı kafedradan çıxarın. Həmin gənc müəllimləri o qədər gözümçıxdıya saldılar ki, axırda onlar baş götürüb getdilər və bir də BDU-ya qayıtmadılar”. 

“İnsanlara kömək etmək, dərdlərinə çarə tapmaq məni xoşbəxt edir”

Sənubər Heydərova sosial iş təhsilini əvvəlcə yeni bir şey olduğu üçün, bu sahəyə dəstək verildiyi üçün seçib. Sonradan isə bu işə aşiq olub: 

“İndi mən məişət zorakılığından əziyyət çəkən qadınlarla işləyirəm. Onlara kömək etmək, dərdlərinə çarə tapmaq məni xoşbəxt edir. Düzdür, işin çətinlikləri də var. Ən böyük çətinlikləri elə polislər yaradır. Məsələn, yetkinlik yaşına çatmış qız evdən qaçır. Himayə edirik, amma polis bizi çağıranda deyir ki, “valideyn uşağının yerini bilməlidir”. Bizdə elə bilirlər ki, uşaq ailə quranadək valideynin malı olmalıdır. Əslində isə belə deyil. İşimizin çətinlikləri həm də polisin vəziyyəti düzəltmək istəməməsindən qaynaqlanır”. 

Mənbə: society6.com
Mənbə: society6.com

Sosial işə qeyri-ciddi yanaşma

Sənubər deyir ki, sosiologiya deyəndə həmişə ağla Asan Xidmət, icra hakimiyyətində işləmək gəlir. Sosial işlə bağlı isə ümumiyyətlə, fikir yoxdur: 

“Sosiologiya, sosial iş nə qədər faydalı peşələr olsalar da, cəmiyyətimizdə stabil sənət sayılmırlar. İnsanlar təsəvvür edə bilmirlər ki, bu necə işdir, lazımdır, yoxsa deyil. Bir çox hallarda zərərçəkənə yardım edirsən, o özü belə şübhə ilə yanaşır ki, nə məqsədlə mənə kömək edirsən? Bu, belə olandan sonra kimə nə izah edəsən?”

Ən həssas qruplarla iş 

Sənubər həm də həssas qruplarla işləyir. Deyir, Azərbaycan kimi ölkələr Sovet dövründə olduğu kimi həssas qrupların problemlərini dəyərləndirmir. Onlara standart pensiya təyin edilir, yaxud özlərindən soruşmadan, fikir öyrənmədən barələrində qərarlar verilir: 

“Avropa isə deyir ki, bu işlər standart yox, fərdə yönəlik olmalıdır. Bunun üçün də qiymətləndirmə aparılmalı, yeni ehtiyaclar üzə çıxarılmalı, buna uyğun iş qurulmalıdır. Təəssüf ki, bizdə bunların heç biri edilmir”. 

Cəmiyyətin fikri

Sənubər deyir ki, şiddət görmüş insanlarla işlədiyini eşidəndə, qohumları, bəzən də dostları ona “işin-gücün yoxdur?” sualı verirlər. Yaxud deyəndə ki, maddə asılılığı olan insanlarla, zorakılığa məruz qalan qadınlarla işləyirəm, özü də bu, asan deyil. Bunu da anlayan az tapılır: 

“Hələ vaxtaşırı təhdid də alıram. Məsələn, ərindən qaçmağa çalışan qadına yardım edirsən. Həmin ailələrin birinci düşməni onlara dəstək verən insanlar olur. İyunda ictimailəşdirdiyim məsələ var idi. Qızı sığınacağa yerləşdirmişdim. Ailəsi zəng edib, məni təhdid edirdi. Deyirdilər ki, uşağımızın başını doldurursan, sən kimsən? Sənə görə o qızın ayağı yer alıb və bizə qarşı çıxır”.

Sosial işçi nə edir?

Sənubər Heydərova deyir ki, sosial işçi insanları dinləyir, onların ehtiyaclarını dəyərləndirir. Sonra psixoloqa, mütəxəssislərə, hüquqşünaslara və s. yönləndirir. Həyatının hansısa dönəmində çətinliklə üzləşən insan güclənənədək onun yanında yeriyir, işi budur: 

“Çalışırıq ki, o güclənsin. İnsanlar bu prosesdə öz haqlarını öyrənir. Bu şeyləri görən də əvvəlki insan olmur. Hüquqlarını bilir, anlayır ki, dünyanın harasındasa onun qohumu olmayan biri var və o, daim kömək etməyə hazırdır. Belə bir xidmət var və o, tək deyil. Bütün bunlar həm də təmənnasızdır və mən dəyərliyəm ki, bunu mənim üçün edirlər”. 

Sənubər qeyd edir ki, düzdür, bəzən şübhə ilə də yanaşırlar. Düşünürlər ki, nə məqsədləri var ki, mənə təmənnasız kömək edirlər və s. 

“Bu da bəzən insanı ağrıdır. Amma başqa çarə yoxdur. İşimiz budur, insanlara faydalı olmaq üçün əlimdən gələni edirəm”.

Müharibə zamanı  

2020-ci il Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 44 günlük müharibə başlamazdan bir gün əvvəl Sənubər Heydərova işi ilə bağlı Bərdədə təlimdə olub. Sentyabrın 27-si səhər müharibə səsinə oyanıb: 

“Təmas xəttində yaşayan insanlar Bərdəyə, ətraf bölgələrə sığınmışdı. Onlar parklarda, ağacların altında xalça sərib oturmuşdular. Kimi maşında yatırdı, kimi də verilən sığınacaqlara yerləşdirilmişdi. Mən o mənzərəni görəndən bir gün sonra Bakıya qayıtdım, amma gördüklərimi unuda bilmirdim. Ağlım qaldı oradakı insanların yanında. Beləliklə onlara kömək etmək qərarına gəldim”. 

“Hökumətin insanlara dəstək, köməklə bağlı təbliğatı əsassızdır”

Sənubər Heydərova bildirir ki, adətən müharibə vaxtı yardım məsələsi gündəmə gələndə hamının ağlına əsgərlər gəlir. Halbuki müharibələrdə mülki əhali də əziyyət çəkir: 

“Bir də ki, əsgərin yiyəsi var deyə, düşünürəm. Onlara dövlət kömək etməlidir. Odur ki, müharibədən qaçmış, zərər çəkmiş insanlara kömək etmək üçün elan paylaşdıq. Topladığımız materialları göndərirdik, orada uşaqlar paylayırdı. Sonra özümüz də əraziyə getdik. 44 gün boyunca müharibədən qaçmış insanlarla ilkin söhbətlər etdik, onlara yardım payladıq. Gördüyüm o oldu ki, hökumətin insanlara dəstək, köməklə bağlı təbliğatı əsassızdır”. 

“İstənilən qazidən gec dönmüşəm müharibədən”

Sənubər Heydərova deyir ki, sonradan UNİCEF hökumətlə dil tapıb əraziyə gedib. Bu zaman onlara əməkdaşlıq təklif edib:
“Dedilər, 2 ay buralarda olmusuz. Bizimlə də əməkdaşlıq edin. Müharibədə travma almış uşaqları tapaq, onlarla söhbət aparaq. Beləliklə noyabrın sonunda onlarla işləməyə başladıq. Aprelin sonunadək ərazidə oldum. Hərdən zarafatla deyirəm ki, istənilən qazidən gec dönmüşəm müharibədən”.

Feminist fəaliyyəti 

Mənbə: libbyvanderploeg.com
Mənbə: libbyvanderploeg.com

Sənubər Heydərova deyir ki, 2019-cu ildə Azərbaycan Feminist Hərəkatı fəaliyyətə başlayandan onların aksiyalarının iştirakçısına çevrilib. Bildirir ki, həmin qrupun üzvləri feminizmlə bağlı çox məlumatlı qadınlardır və onlardan çox şeylər öyrənib:
“Hətta zamanla onlarla əməkdaşlığa da başladım. Məsələn, sonuncu feminist aksiyasının təşkilatçılarından biri idim”.

Sənubər Heydərova düşünür ki, bu aksiyalardan sonra məişət zorakılığından əziyyət çəkən qadınlar problemlərindən daha çox danışır və kömək üçün müraciət edirlər. 

Ümumiyyətlə, onun fikrincə, qadın hüquqları məsələləri hazırda çox işıqlandırılır, paylaşılır, bu, yaxşıdır, uğurdur: 

“Ən yaxşı uğurlarımızdan biri odur ki, əvvəllər Daxili İşlər Nazirliyi (DİN) “ailə məsələsidir” dediyi işlərə, indi cinayət işi aça bilir. Məncə, biz bu işləri belə ictimailəşdirməsəydik, qınaq obyekti etməsəydik bu nəticəyə gəlməzdik”.

Çoxluq içində təklik

Sənubər düşünür ki, nə qədər təhsil alsa da, yaxşı işlərlə məşğul olsa da standart ailə insanları üçün yad ünsürdür. Hətta qohumları arasında belə çox sevilmir, lakin çətinliyə düşən ilk ona müraciət edib, kömək istəyir. 

Sənubər kömək etməyi sevir. Deyir, hətta əlində imkanı olsa, Azərbaycan qadınlarının həyatına özgüvən qatar. Onlardan kişilərlə aralarına ayrıseçkilik qoymağı dayandırmalarını istəyər: 

“Çox istəyirəm ki, bizim qadınlar kişiləri özlərindən üstün, vacib hesab etməsinlər. Onlarla bərabər hüquqa malik olduqlarını dərk etsinlər, anlasınlar. Ən əsası, öz dəyərlərinin fərqinə varsınlar”. 

Yazdı Gülər Mehdizadə

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix