Sevinc Abbasova – Müharibələr və Problemlər Arasında Yaranan Yaradıcılıq

0

“Ukraynada, Odessada doğulmuşam. Orada ukraynalılarla yanaşı müxtəlif millətlərin nümayəndələri də yaşayıb. Amma heç vaxt özümü orada yaşayan biri kimi hiss etməmişəm, çünki yaşadığım mühitdə əsasən azərbaycanlılar olub.  Ona görə bu, mənim üçün həmişə bir kontrast olub. Daim fikirləşmişəm ki, görəsən bizim kültür niyə digərlərindən bu qədər fərqlənir? Mədəniyyətdə olan bu fərqin mənə neqativ təsir etdiyini düşünürəm. İstəyirdim, cəmiyyətdə qəbul olunum, ancaq həmişə özümü orada yad hiss edirdim”.

“Femmekan”ın budəfəki müsahibi Azərbaycandan kənarda yaşamaqla mədəniyyətlər arasındakı fərqləri öz üzərində daşıyan, etnik kimliyin qadın haqlarında olan rolu ilə bağlı  düşüncələrini rəsmlərilə ifadə edən gənc rəssam Sevinc Abbasovadır.

“Mübarizə aparmağı Ukrayna cəmiyyətindən öyrənmişəm”

“Həyatımı dəyişdirən müəllimim olub. Odessada rəssamlıq məktəbində oxuyurdum, elə demək olar ki, özümü orada tanımağa başlamışam. Mübarizə aparmağı Ukrayna cəmiyyətindən öyrənmişəm. Orada təhsil alan yeganə azərbaycanlı da mən olmuşam”.

Yaşadığı mühitdə isə yalnız bir modelin mövcud olduğunun şahidi olduğunu deyir – ailə modelinin: “Guya kişi işləyir, amma əslində çayxanada nərd oynayır, ana isə evdə yemək bişirir və türk seriallarına baxır. Təəssüf ki, bizim millət digər millətlərə qarışmırdı, nə ukraynalılara, nə ruslara, nə də digərlərinə. Məsələn, azərbaycanlı uşaqlar onların uşaqları ilə birgə oynasın”, – deyə Sevinc onu da əlavə edir ki, bir qayda olaraq qızlar 9-10 yaşına kimi məhəllədə oynaya bilərdilər, həmin dövrdən sonra isə onların uşaqlığı beləcə yekunlaşırdı.

“Sənin elçilərin yoxdursa, “sən vaxtı keçmiş məhsul kimisən”

Odessa Sovetlər dönəmindən kurort şəhəri kimi yadda qalsa da, Sevinc üçün bura fərqli və o qədər də pozitiv bir şəhər kimi yadda qalmayıb. O deyir ki, Odessadakı azərbaycanlıların həyatı ailə-məişət problemləri ilə məhdudlaşır, gənc qızlar isə erkən yaşlarından yalnız ailə qurmaq və toy haqqında düşünməli olurlar.

“Məktəbdə dərslə bağlı müəllimə sual vermişdim, cavabında müəllim “bu sənin nəyinə lazımdır öyrənirsən, onsuz da başqa qızlarınız (azərbaycanlılar) kimi 15 yaşında ərə gedəcəksən” dedi. Otuz nəfər şagirdin içində pərt oldum”. Sevinc üçün Ukraynada azərbaycanlı olaraq yaşamaq asan olmayıb. Bir tərəfdən azərbaycanlı ailələrdə qadına münasibət, qızların yerli cəmiyyətdən uzaqlaşdırılması, digər tərəfdən isə mədəniyyət arasındakı  fərq ona ukraynalıların çevrəsində özünü yad hiss etdirib.

Sevincin sözlərinə görə, onun düşüncələrinin formalaşması, həyata baxışı rəssamlıq məktəbində başlayıb. O, mühafizəkar mühitdə öz yaşıdları arasında incəsənətə maraq göstərən və arzularının arxasınca gedən yeganə qız olub. Onun sözlərinə görə, digər azərbaycanlı qızlar ən yaxşı halda həkimlik sənəti ilə kifayətləniblər. Bununla belə ailə qurduqdan sonra da demək olar ki, işləmək, özlərini inkişaf etdirmək imkanları da adətən olmur.

“On səkkiz yaşına çatmayan bir qız toydan, evlilikdən danışır və insanlar nəsil artırmağı düşünürlər. Rəfiqələrimin hamısı evlənib, uşaqları var. Bir rəfiqəmin atası demişdi ki, “bir qız 18 yaşdan sonra ailə qurmadısa, demək evdə qalıb”. Bu, acı həqiqətdir. Sənin elçilərin yoxdursa “sən vaxtı keçmiş məhsul kimisən”.

“Odessada özümə sual edəndə ki, “beş-altı ildən sonra həyatımda nə dəyişəcək?” qarşılığında  “heç nə!” cavabı məni qorxudurdu”, – deyə Sevinc xatırlayır.

Zəncirləri qırmaq

Sevincin valideynləri digər qohumları kimi 90-cı illərdə baş verən Birinci Qarabağ müharibəsindən sonra Odessaya köçüblər. Şəhər etnik azərbaycanlıların Ukraynada yaşadığı ərazilərdən biri saylır. Amma Sevinc Ukraynada doğulub-böyüsə də özünün dediyi kimi bu ölkənin yaşam tərzi, mədəniyyətindən həmişə kənarda saxlanılıb.

O deyir ki, yaradıcılığında gender, etnik kimliklə bağlı mövzulara daha çox yer verir. Bu da təsadüfi deyil. Sevinc Avropanın şərqində böyüsə də patriarxal qanunlarla idarə olunan, qadınların söz sahibi olmadığı bir mühitdə böyüyüb.

Deyir ki, onun Ukraynada başqa icmaları tanımaq imkanı demək olar ki, olmayıb. Qapalı mühitdə böyüdüyündən dünya onun üçün təkcə Odessadan ibarət olsa da belə, şəhərin mərkəzindən başqa bir hissəsini görməyib. Belə bir mühit isə onun günlərlə özünə qapanmasına səbəb olub. Sevinc isə bu qəfəsdən çıxıb sevdiyi sahədə inkişaf etmək, oxumaq istəyib.

O, bu vaxtadək bir neçə dəfə Azərbaycana səfər edib. Hər dəfə Ukraynaya qayıtdığında isə Azərbaycana gəlsə, bir daha Odessaya geri dönməyəcəyini, onu orada saxlayan zəncirləri qıracağını özünə söz verib.

Bakıya köçmək istəyi isə onun səfərləri zamanı burada yaranan yeni yaradıcı icmaların, təşəbbüslərin marağından yaranıb. Həm də dediyinə görə, o, Azərbaycanda özünü yad hiss etmir. Ona görə də həmişə Bakıya köçüb gəlməyi üçün fürsət axtarıb.

Sonuncu dəfə atasının vəfatının ildönümü ərəfəsində Azərbaycana gələndə Sevinc artıq geri dönməməyə qərar verib.

“Ailəmə Bakıda qalmaq istədiyimi bildirdim. Dedim, mənə bilet alsanız belə, bu divandan qalxmayacağam. Belə qərara gəldik ki, bir müddət qohumlarda qalıb, özümə iş tapım. Amma sonra Ukraynada müharibə başladı, planlar da dəyişdi. Ailəm (anam və böyük qardaşım) də indi Bakıda qohumlarla birgə qalırlar. İstənilən halda Bakıda qalmağım, sizlə söhbət etməyim həmin zənciri qırmaqdır”, – deyə Sevinc bildirir.

“Uşaqlıqda özgüvənim yox idi”

İncəsənətə marağı Sevincin ailəsində heç də müsbət qarşılanmayıb və demək olar ki, o heç heç kimdən dəstək almayıb.

“Uşaqlıqda özgüvənim yox idi, amma sonradan rəssamlıq məktəbində oxuyarkən çəkdiyim rəsmlərə baxanda düşünürdüm ki, yaratdıqlarım idealdır. Ailəm tənqid edəndə də onların fikirləri mənim üçün önəmli olmurdu. Hiss edirdim ki, çox gözəl bir işlə məşğulam. Bu, mənə  kənardan gələn neqativ fikirlərə əhəmiyyət verməmək üçün çox kömək olurdu”.

Müharibə qadınların arzularını əlindən aldı…”

Sevinc danışır ki, qohumları arasında olan qadınların incəsənətə marağı olsa da sonradan bunu davam etdirmək heç birinə nəsib olmayıb. Bir tərəfdən müharibə, digər tərəfdən 90-cı illərin köç stresi onlara təhsil haqda düşünməyə imkan verməyib.

“Anam musiqi məktəbində piano üzrə təhsil almışdı. Bibim də gözəl paltarlar tikirdi.  İncəsənətə nə o zaman, nə də indi ciddi baxmırlar deyə, təhsillərini davam etdirmədilər. Bir tərəfdən də müharibə (red. Birinci Qarabağ müharibəsi). Onlar 90-cı illərdə Ukraynaya köçəndə stress, kədər dolu anlar yaşayırdılar. Həyatlarını yarım buraxıb getmək məcburiyyətində idilər. Xalam yeganə qadın idi ki, o çətin zamanda belə, Bakıda qalıb tibbi təhsilini davam etdirə bilmişdi. O zaman üçün bu, inanılmaz bir addım idi. Kiminsə bəxti gətirdi, oxudu. Amma təhsil almaq istəyi olan bir çox qadının arzusu ürəyində qaldı”, – deyən Sevinc onu da əlavə edir ki, həmin ərəfədə yaşca böyük nəslin qadınlarına 90-ların müharibə şəraiti mane olmuşdusa, indi də Ukraynadakı müharibəyə görə eyni vəziyyət indiki nəsil üçün təkrarlanır.

“Çətinliklə də olsa gənc qızlar təhsil almaq üçün ailəsi ilə mübarizə apararaq nəyəsə nail olurdu. İndi bu vəziyyətdə isə müharibə bizim azərbaycanlı qadınların istəklərini yenə də yarıyolda buraxdı”.

“İncəsənət mənim üçün bir dildir ki, onun vasitəsilə danışıram”

Sevincin feminizmlə ilk tanışlığı 15-16 yaşlarına təsadüf edib. Bu haqda davamlı yazılar oxumaq, Odessadakı tələbə dostlarının bu sahədəki aktivist fəalliyyəti onu gender problemləri haqqında düşünməyə vadar edib. Sözlərinə görə, uşaqlığında da yaxın çevrəsindəki insanların qadına olan münasibəti onun diqqətindən yayınmayıb. Sevinc razılaşmadığı məsələlərlə bağlı öz ailəsinə etiraz etməkdən heç vaxt çəkinməyib. Zaman keçdikcə isə o, bu baxışlarını sənəti ilə ifadə etməyə çalışıb.

“İncəsənət mənim üçün bir dildir. Onun vasitəsilə gördüyüm problemləri danışıram, onları işıqlandırıram. Bunu mən yalnız özüm üçün etmirdim, həm də Odessada yaşayan azərbaycanlı qadınlar üçün etmək istəyirdim ki, gələcək nəsillər üçün daha yaxşı olsun, problemləri görə bilsinlər”.

Sevinc deyir, həm ailəsi, həm də qohumları artıq onun sərbəst işləməsinə qarşı deyillər.

“Bir qadının müstəqil omasının nə qədər vacib olduğunu anama müharibə göstərdi. Anamın təhsili olmayıb, hazırda işləyə biləcəyi bir imkanı yoxdur. Mənə isə doğru yolda olduğumu etiraf etdi. Bu sözləri eşitmək üçün uzun illər sərf etmişəm. İndi mənim ailədə öz fikrim var, məni eşidirlər və fikirlərimə hörmət edirlər”, – deyə Sevinc bildirir.

Bakıda iş təkliflərini dəyərləndirməyə çalışsa da, o, xarici ölkə vətəndaşı olduğuna görə hələ ki, daimi iş tapa bilmir. Bu səbəbdən müxtəlif sifarişlər üzərində işləyərək fəaliyyətini davam etdirir. Deyir ki, stabil qazanc üçün onun kommersiya sahəsində çalışması önəmlidir. O, qrafik dizayner, illüstrator kimi  təcrübəsini genişləndirmək fikrindədir.

Feminzm, etnik kimlik və artivizm

Sevinc Qərbin feminist yanaşmasını o qədər də dəstəkləmədiyini bildirir. Dediyinə görə, onun bu mövzudakı təcrübələri fərqli olduğuna görə, bu yanaşmaları eyniləşdirmək yanlış olar. O, qadın haqları və etnik kimlik mövzularının bir-birilə əlaqəli olduğunu düşünür. Onun fikrincə xüsusi ilə etnik kimlik mövzusu böyük böhran keçirir.

“Şərq cəmiyyəti adətləri ilə özünəməxsus dil sisteminə sahibdir.  Qərbin feminizmi isə, bütov olaraq Şərqi ümumiləşdirir və deyir ki, sənin adətlərin seksistdir, dinin seksistdir. Mən çox Qafqaz və Şərq ölkələrindən olan feminist qadınlar tanıyıram ki, onlar həm öz etnik kimliyini təqdim edir, eyni zamanda da qadınların problemləri ilə bağlı mübarizələrinə də davam edirlər. Çünki bu, onlar üçün vacibdir, onlar millətinin tarixinin silinməsini və kimliyinin tapdalanmasını istəmirlər. Tarix boyu soyqırmlardan keçən millətin üzvü olaraq, mən də öz yanaşmamla öz millətimin marginallaşmasını istəmirəm. Feminizmin içərisində müxtəliflik olmalıdır”.

Sevinc Azərbaycanda etnik kimlik mövzusunun böyük böhran keçirdiyini düşünür.  Deyir ki, insanlarla söhbət etdiyində onların siyasi baxışlarında, yaşayış tərzlərində etnik kimliklərini sezə bilmir: “Bəlkə də Sovetlər dönəmində bu kimlik yox olub. Bu böyük problemdir. İstər tarixi binalar olsun, istər geyim və başqa şeylər – bunların qədrini bilmirik”.

Sevincə görə etnik kimlik bir körpü, bir dildir. Onun fikrincə azərbaycanlılar etnik kimliklərinə önəm versələr, bu feminizimdə də müxtəliflik yaratmağa kömək edəcək. Azərbaycanlı qadınlara dəstək olmaq, birlik nümayiş etdirmək üçün Sevinc özünü baş örtüyü ilə bu cür ifadə edir:

“Əgər yüzlərlə insanların qarışısında dayanıb bəyan etmək lazım olarsa, saçlarıma yaylıq örtərəm. Bu, baş örtüyü olmaqla əsrlər boyu zülmkar sistemdə yaşamış Azərbaycan qadının identifikasiyasını vurğulayır. Daxilən mizoginist olduğum dönəmlərdə öz millətimin qadınlarını çox qınayırdım və hər nəsildə təkrarlanan eyni problemi – qadınların hüquqlarının nədən tapdalandığını anlaya bilmirdim. Mövzuya dərindən baxandan sonra, anladım ki, bizim qadınları sistem bu vəziyyətə salıb  və zərərçəkmişi günahlandırmaq lazım deyil. Ona görə, istəyirəm yaylıq taxaraq, sistemin qurbanı olan qadınların səsi olmaq üçün onların hekayələrini hamıya xatırladım. Bu həm sizin nənələriniz ola bilər, həm Əfqanistanda yaşayan qadınlar ola bilər və s. fərq etməz. Məqsəd onlara birlik göstərməkdir”!

Yazdı və çəkdi Gülər Abbasova

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix