Seçilən, yoxsa diktə edilən yol? 

0

“Hicab daxil, hər-hansı geyim tərzinə məcbur edilmə mənəvi zorakılıqdır”

Tez-tez eşitdiyimiz bir söz var: “məcburiyyət olan yerdə zövq olmur”. Xırdalayaq: məcburiyyət nədir? Baxaq: məcbur görülən işdə zövq olub-olmamasına şahid olaq. 

25 yaşlı Almaz Hacıyeva (ad şərtidir) illər öncə, Bakıda çalışdığı zaman dayısının evində qalmalı olub. 

Radikal dindar olan dayısının təkidi ilə, çarəsizlikdən hicab bağlayıb, lakin heç vaxt özünü buna hazır hiss etməyib. 

Deməsinə görə, ailəsində olan qadınların əksəriyyəti hicablıdır. Bu da zaman-zaman ona olan basqını gücləndirib: 

“Uzun sürən psixoloji basqılardan, hədələmələrdən sonra mən də hicab bağlamalı oldum. Lakin nə namaz qılırdım, nə də “Qurani Kərim”dən xəbərim var idi”.

Onun hicab bağlamasından illər ötüb. Almaz artıq ailə qurub və onu kimsə başını bağlamağa məcbur etmir. İndi isə başını açsa, Allahın qəzəbinə gələcəyindən qorxur.

Nilufər Akif

İndividuallığın yox, cəmiyyət dəyərlərinin ağır basdığı mühitdə formalaşmaq

Psixoloq Nilufər Akif deyir ki, dünyaya gəldiyi andan fərdiliyinin qəbul edilməsi, görülməsi, eşidilməsi, duyğularının anlaşılması, seçimlərinə hörmət edilməsi insanın mental sağlığı üçün vacibdir. Lakin Azərbaycan kimi kollektivist – yəni individuallığın yox, cəmiyyət dəyərlərinin önəmli olduğu mühitlərdə insanın formalaşması çətindir. Onun sözlərinə görə, geriyə istəklərə nail olmaq üçün reallığı doğru şəkildə qiymətləndirmək qalır: 

“Məsələn, əlimizdə un, şəkər tozu və banan varsa, davamlı olaraq çiyələkli piroq hazırlaya bilməməkdən gileylənməməliyik. Əvəzində, olan resurslara uyğun məqsədlər qoyub, yaşam tərzi seçib, müəyyən müddət A nöqtəsindən B, C və D nöqtəsinə çatmaq olar. Ayaqlarımız yerə daha sağlam basandan sonra istədiyimiz reallığın içərisində ola bilərik”.

Psixoloq bildirir ki, seçimləri, hissləri qəbul edilməyən insan “görülmür” deməkdir. Bu isə “yaşıl bitkini qaranlıq şkafda saxlamağa” bənzəyir: 

“Yəni şəxsin həyata gəlmək funksiyası danılır və o, məhv olmağa başlayır”.

Təsir altına düşənlər… 

35 yaşlı Günay Məmmədli (ad şərtidir) təhsil aldığı peşə məktəbində inanclı qızlarla ünsiyyətdən sonra hicab bağlamaq fikrinə düşüb. Deyir, bir-iki ay düşündükdən sonra qəti qərar verib.

Sözlərinə görə, radikal inanclı ailədə böyüməyib. Hicab bağlamaq istəyi başda anası olmaqla, ailəsi tərəfindən tərəddüdlə qarşılanıb. Buna baxmayaraq, o, 19 yaşında hicaba keçib:

“On il hicab bağlamışam. Zamanla bu qərarımın həyatımı çətinləşdirdiyini görmüşəm. Mənə elə gəlir ki, həmin vaxt psixoloji təsirə düşmüşdüm”. 

“Məcburi hicab vicdan azadlığını pozur”

“Sadə Hüquq” səhifəsinin komanda üzvlərindən Nəzrin Həsənova deyir ki, məcburi hicab insanın vicdan azadlığını pozur. Bu, baş verərsə, həmin şəxs hüquq mühafizə orqanları və məhkəməyə müraciət etməlidir. İşə əvvəlcə rayon və şəhər məkhəmələri baxır. Nəticə olmasa, Ali Məhkəməyədək yolu var. Vicdan azadlığını pozan şəxslərə qarşı Cinayət Məcəlləsində cərimələr, bəzi hallarda isə azadlıqdan məhrumetmə nəzərdə tutulub: 

“Səbəbkarın cəzası işin halından və tərəflər arasındakı münasibətdən asılı olaraq dəyişə bilir. Əslində məcburi hicab bağlanması ciddi məsələdir, lakin Azərbaycanda yayğın deyil. Çünki problem özünü adətən məişət səviyyəsində göstərir. Qohum, ailə basqısı ilə övlad, yaxud həyat yoldaşının təkidi ilə qadın məcbur hicab bağlayır. Yaranan problem barışdırılma və s. kimi “ağsaqqal üsulu” ilə həll edilir”.

Psixoloq Nilufər Akif də deyir ki, cəmiyyət tərəfindən fərdiyyəti qəbul olunmayan insan, özünü dışlanmış hiss edir, nəticədə, digər inkişaf mərhələlərinə keçə bilmir. Həmçinin o, potensialını reallaşdıra bilmir, özünü dəyərli hiss etmir. Bu da özgüvənin azalmasına gətirib çıxarır:

“Odur ki, insan hər bir davranışını, məsələn, hicab bağlayıb-bağlamamağını məğzini başa düşərək, özü seçməlidir”.

“Hicabı açmaq qərarıma həyat yoldaşımın reaksiyası “boşanaq” oldu”

Günay deyir ki, çöldə hicabla gəzməkdən çox, evdə başını bağlamaq çətindir. Çünki insanın ən rahat olduğu yer evi olmalıdır, lakin mən daim səksəkədə idim: 

“Hər dəfə evə kimsə gələndə hicab bağlamağa qaçırdım. Digər tərəfdən daim körpə uşağının hicaba müdaxiləsi, onu dartması gündəlik həyatı çətinləşdirirdi, əsəbimə toxunurdu. Axırda on il sonra hicabı açmağa qərar verdim”.

Onun bu qərarına həyat yoldaşı “boşanaq” deyə, reaksiya verib. Deməsinə görə, günlərlə araları soyuq olub, sonra qəbullanıb: 

“İndi kimsə hicabı açmışam deyə mənə təzyiq etmir”.

Ağalar Qəribov

Hər-hansı geyim tərzinə məcbur edilmə

Gənc tədqiqatçı Ağalar Qəribov gender fəlsəfəsi tədqiqatlarına əsasən deyir ki, qadına hicab daxil, hər-hansı geyim tərzinə məcbur edilmə mənəvi və fiziki zorakılıqdır.  Bir yerdə məcburi hicab bağlatmaq varsa, orada cinslər arası bərabərlikdən söhbət gedə bilməz”. 

27 yaşlı Aygün Kərimova (şərti ad) həyat yoldaşının təzyiqi ilə hicab bağlayıb. Deyir, biri var, Allah yolunda namaz qılıb, hicab bağlayasan, biri də var, sırf molla rejiminə düşdüyün üçün, məcburiyyətdən: 

“Əvvəl həyat yoldaşımla eyni düşüncədə idik. O, evlilikdən iki il sonra tamamilə dəyişdi. Radikal formada dinə meyl etməyə başladı. Hətta uşaqları təhsildən kənarlaşdırmaq istəyirdi. Sanki dünyagörüşü birdən-birə daralmış, iki ayrı qütbə çevrilmişdik”. 

“Bilirdim ki, hicab bağlamasam, bu mühitdə qala bilməyəcəm”

Aygün gündəlik elmi-psixoloji kitabları mütaliə etməyi sevir. Həyat yoldaşı isə həmin kitabları görəndə, onları yığışdırıb, yerinə din kitabları qoyur: 

“Nəhayət, bu psixoloji basqıdan qurtulmağın yolunu hicab bağlamaqda gördüm. Hər gün eşitdiyim ayələr, mahnılar, kitablar, tövsiyələr – məndə psixoloji gərginlik yaradırdı. Anlamışdım ki, hicab bağlamasam, bu mühitdə qala bilməyəcəm. Bəlkə hicaba keçməklə bu mühit mənə daha asan gələr deyə, düşündüm”. 

Aygün hicaba cəmi bir həftə dözə bilib. Silkələnib, özünə gəlib, seçim hüququ olduğunu deyib: 

“Düşündüm ki, 27 yaşım var, ömürümü birtəhər yola verərəm. Amma iki qızım necə olacaqdı? Onların həyatlarının belə məhv olmasına göz yuma bilməzdim. Evdə təhsil, musiqi, xoş mərasim – heç nə görmürdük. Özümdən çox övladlarıma görə bu sistemdən uzaqlaşmaq istədim – hicabı açdım, boşanmaq üçün ərizə verdim”. 

Nəzrin Həsənova

Hüquqçu Nəzrin Həsənova deyir ki, hər kəsin vicdan azadlığı var. Hətta şəxs istəsə, dini yönünü bəyan etməyə də bilər. Konstitusiyadakı “Fikir və söz azadlığı”, “Vicdan azadlığı” maddələri bu mövzu ilə əlaqəlidir: 

“Hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa, yaxud onlardan dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial təbliğat yolverilməzdir”.

“Heç nə məni sındırmayacaq, buna inanıram”

Aygün deyir ki, o, hicaba razı olandan sonra həyat yoldaşı qızlarını da dinə yönəltməyə başlayıb. Hətta deyib ki, təhsil önəmli deyil, əsas dindir: 

“Mənə də deyirdi ki, uşaqlara təhsildən əvvəl, dini diktə etməlisən. Qızlarımın gələcəyini gözümün önünə gətirib, ayrılmaq qərarı verdim. Məncə, ən düzgün addımı atmışam. Güclüyəm və bilirəm ki, məni heç nə ilə sındıra bilməzlər”. 

Tədqiqatçı Ağalar Qəribov da deyir ki, məcburi hicab bağlanılması kimi insan hüquqlarına toxunan situasiyalarda unutmaq olmaz: bərabərsizlik, istismar, ədalətsizlik və zorakılığa etiraz da azadlıqdır: 

“Azadlıq hədiyyə olunmur, qazanılır. Odur ki, mübarizə aparmaq azadlığı əldə etməyin yeganə yoludur”.

Yazdı Dinara Zeynalova

Bağlı mesajlar

2 Responses
  1. Samir Babazadə

    “Niceler sultandı, kraldı, şahtı
    Benimle değişti talihi, bahtı
    Yerle bir eyledim taç ile tahtı
    Akıl almaz hünerlerim var benim”

Bir cavab buraxın

Mənim Yeni Tarix