“Ritmi hiss et, özünə yol tap, xoşbəxt ol”

0

Baletlə başlayıb, müasir rəqslə davam edən xareoqrafın hekayəsi

Onun fikrincə, hər bir rəqsin özünəməxsus dili var. Rəqslər də insanlar kimidir: bəziləri azad ruhlu, bəziləri özünəqapanmış, yaxud çərçivədə… 

“Femmekan”ın bu dəfəki qonağı xareoqraf Nigar İbrahimbəylidir. O, rəqsin bir neçə növü ilə məşğul olub. Baletlə başlayıb, müasir rəqslə (contemporary dance) davam edib. 

Hazırda müasir rəqs dərsləri verir. Deyir, Azərbaycanda bu rəqsə marağın gözlədiyindən çox olduğunu görəndə təəccüblənib. Hətta qrup dərslərinə gec başladığı üçün özünü qınayıb.

Nədir müasir rəqs? 

Müasir rəqs –  özündə caz, lirik musiqi və klassik balet də daxil olmaqla, bir neçə rəqs janrının elementlərini birləşdirən rəqs tərzidir. Bu rəqslə məşğul olanlar düşünür ki, onlar bu rəqsin hərəkətlərilə ağıl və bədəni birləşdirirlər. 

Nigar bizimlə Azərbaycanda çox yayılmayan müasir rəqslə yollarının kəsişməsindən danışıb. Gəlin, onun bəzən acı, bəzən şirin, amma nəhayət, xoşbəxtliyə çatan yoluna birlikdə baxaq.  

Nigar İbrahimbəyli Bakı Xareoqrafiya Məktəbində (indiki adı: Bakı Xoreoqrafiya Akademiyası) oxuyub.
Deyir, həmin məktəbin balet və milli rəqs bölümləri var. O,  balet sinfində təhsil alıb. 

Bu məktəbdə təhsil almasının da səbəbi var. Anası Bakı Xoreoqrafiya Akademiyasında konsertmester olub. Düşünüb ki, qızı onun yanında təhsil alsa, hər ikisi üçün gedib-gəlmək asanlaşar: 

“Əslində ilk sinfi 134 nömrəli məktəbdə oxumuşam, lakin  akademiyada birinci sinfi yenidən oxumalı oldum. İndi gələcəkdən boylanıb baxanda, maraqlı mənzərə görünür. Bəlkə də bir il vaxt itirmişəm, amma həyatımdakı bütün yaxın rəfiqələrim sinif yoldaşlarımdır, özümü onlarsız təsəvvür edə bilmirəm. Hər düşünəndə “nə yaxşı ki” deyirəm”.

Rəqsdən uzaqlaşma 

Nigar söhbətə davam edir, deyir, oxuduğu sinfin şagirdləri balet baxımından çox bacarıqlı, güclü olublar. Hazırda da sinif yoldaşlarının əksəriyyəti Opera və Balet Teatrının solistləridir. Lakin özünün baletlə bağlı yolu haqqında eynisini deyə bilmir. Biraz təhsil sistemi, biraz da psixoloji basqıların nəticəsində bu rəqslə yollarını 9 ildən sonra ayırmalı olub. 

“Təhsil sisteminin necə olduğu kimsəyə sirr deyil. Ən çox da bəzi məsələlərdə uşaqların psixologiyası hesaba qatılmır. Öz adıma deyə bilərəm ki, təhsil aldığım müddətdə daim müqayisə edilmək məni çox sınıdırb. Bu da sonda rəqsdən üz döndərməyədək gətirib. Bir ara istedadsızam, bacarığım yoxdur deyə düşünmüşəm. Belə düşüncə də özlüyündən formalaşmır ki… İnsanlar, mühit bu şəraiti yaradır”.

Başqa sahəyə yönəlmə 

Nigar bundan sonra 9 illik rəqs təhsilini dayandırıb, tamamilə fərqli sahəyə getmək qərarı alıb. O, iqtisadiyyat sahəsində təhsil almaq üçün Çexiyaya üz tutub: 

“Beləliklə, iki il yarım bu ölkədə iqtisadiyyat təhsili aldım.  Daha sonra bu sahənin də mənlik olmadığını hiss etdim, alınmırdı. Odur ki, təhsilimi dondurub, Bakıya geri döndüm”.

Sevilməyən sahədə çalışmaq

Nigar öz ayaqları üzərində durmağa önəm verir. Odur ki, nə qədər sevməsə də, şirkətlərin birində iqtisadiyyat sahəsində işə düzəlib. Bir müddət həyatına belə davam edib. 

“Uzun zamandan sonra mənə bir məktəbdə rəqs dərsləri keçməklə bağlı iş təklifi gəldi. Dərslər həftədə iki dəfə idi və cuzi maaş verirdilər. Həftədə iki dəfə işdən biraz erkən çıxıb, məktəbə gedirdim. Sonra fərqli yerlərdən də rəqs dərsləri ilə bağlı təkliflər almağa başladım. Doğrudur, uzun illər özümü bu sahədə istedadsız hesab etmişdim, lakin rəqs öyrətmək bacarığım insanlar tərəfindən bəyənilirdi, şagirdlər, valideynləri razı qalırdı. Təkliflərin çoxluğu yenə düşünməyə vadar etdi: öz işimi davam edim, yoxsa, rəqs müəllimliyini seçim?” 

“Rəqs etməsəm də, öyrədə bilərəm”

Nigar xeyli düşünəndən sonra həyatını əvvəlki kimi, rəqsli davam etməyə qərar verib. Bu dəfə öyrənci yox, müəllim kimi…

“Müəllimlik edirdim, bu, xoşuma gəlirdi. Bir gün “Yarat” Müasir İncəsənət Mərkəzində bir təlimə qatıldım. Təlimçi xaricdən gəlmişdi və müasir rəqsdən danışırdı. Onu dinlədikcə mənim üçün rəqs mövzusunda yeni bir dünyanın qapısı açılırdı. Bəli, əvvəllər baletlə məşğul olmuşdum. Bilirəm ki, bu rəqsin müəyyən çərçivəsi var, azadlığı yoxdur. Məsələn, rəqs edərkən gözəl, səliqəli  görünməlisən, duruşuna, baxışına diqqət etməlisən. Lakin bu yeni rəqsdə o qaydaların heç biri yox idi. Üstəlik, sevdiyim bir yox, bir neçə rəqsin elementlərini birləşdirirdi”.

Nigar deyir ki, həmin təlimi Gürcüstandan olan bir təşkilat keçirib. Elə orada həmin təşkilatın nümayəndəsi iştirakçılara “bizə email göndərin, maraqlananlar üçün hər il yayda iki həftəlik ödənişsiz təlimlərimiz olur”, – elanı verib. 

Nigar bu şansdan istifadə edəcəyinə qərar versə də, sonradan müraciət tarixini qaçırıb: 

“Bəxtimi günahlandırdım, dilxor oldum. Özü də Nabranda idim. Sonra bir rəfiqəm zəng etdi ki, seçilənlər içindədir, lakin gedə bilmir, çəkilişi ilə üst-üstə düşür. Onun yerinə gedib-gedə bilməyəcəyimi soruşurdu. Nabrandan qaça-qaça gəldim, çantamı topladım və getdim”.

Müasir rəqslə tanışlıq 

Nigar İbrahimbəyli Gürcüstanda iki həftə müasir rəqsin texnikasını öyrənib. Bununla da müasir rəqs aləmində kariyerası başlayıb. Deyir, bir müddət işləyib, maaşını toplayıb xarici ölkələrdəki müasir rəqs təlimlərinə qatılıb. Arada təəssüflənib, çünki Azərbaycanda bu növ rəqsin olmaması ona baha başa gəlib: 

“Yavaş-yavaş öyrənirdim, öyrəndikcə sevirdim. Lakin necəsə bu rəqslə bağlı dərslərə başlaya bilmirdim. Həm maraq olacağı baxımından narahatlığım var idi, həm də tam mənimsəmişəmmi, əmin ola bilmirdim. Bir müddət fərdi dərslərə başladım. Daha sonra “Salam Cinema”dan təklif aldım. Dedilər ki, burada müasir rəqs dərsləri təşkil etmək istəyirlər, təlimçi kimi də məni dəvət edirlər. İlk dəfə idi bu üslubda 20-dək insana dərs keçirdim. Ondan sonra özgüvənim artdı və başladım həm də böyük qruplarla işləməyə”.

“Dərslərimə gələnlərlə məni birləşdirən düşüncələrimizdir”

Nigar deyir ki, hazırda bir neçə qrupa dərs keçir və bu rəqsə maraq gözlədiyindən qat-qat çoxdur. Təəssüflənir ki, daha öncə də başlaya bilərdi. Gec addım atmasının səbəbini isə həm də keçmiş travmalarla əlaqələndirir. Deyir, insanların sözlərini biraz ürəyinə yaxın qoyan biridir. Davamlı bildirilən iradlar hamı kimi onu da ruh düşkünlüyünə sala bilir: 

“Azərbaycanlıların da ən gözəl bacardıqları işdir bulinq, psixoloji basqı… Məsələn, o fikirlər ki, məni illərlə rəqsdən uzaq salmışdı. İndi isə düşünürəm ki, bu işdə də bir xeyir olub. Bəlkə də balet mənim ruhuma yatmırdı. Çünki çərçivə içində olmağı sevməyən, azad insanam. Elə baletlə yola getməməyimin səbəbi də bəlkə çərçivələr olub”.

Xareoqraf deyir ki, müasir rəqs sanki onun üçün yaranıb. İndi gördüyü iş onu xoşbəxt edir. Ailəsinin, dostlarının dəstəkləməsi isə onun üçün əlavə xoşbəxtlikdir. 

“Bu tempi saxlamaq üçün çalışıram öz çevrəmdən kənara çıxmayım. Çünki bizim cəmiyyət hələ müasir rəqsə hazır deyil. Elə dərslərimə gələnlərlə məni birləşdirən də düşüncələrimizdir – azadlığı sevirik”. 

Ritmi hiss etmək 

Nigar İbrahimbəyli düşünür ki, anası və qardaşının incəsənət insanı olmasında da bəxti gətirib, onu dəstəkləyirlər. Lakin onu da deyir ki, insanın həyatı ailəsindən və dostlarından ibarət olmur. Odur ki, bir yerdə cəmiyyətin varlığını da dərk edir. Lakin keçmişdən dərs çıxarıb, əvvəlki kimi cəmiyyətin, insanların fikirlərini eşitsə də, yaxına buraxmır. Beləliklə, müasir rəqslə bağlı arzuları da yaranıb: 

“Gələcəkdə milli rəqslə müasir rəqsi birləşdirib, maraqlı üslub yaratmaq istəyirəm. Bizim milli rəqsi, mədəniyyəti sevirəm. Düşünürəm ki, çox gözəl rəqslər qurmaq olar. Ən böyük  arzularımdan biri isə Min Bir Gecə baletini müasir rəqsə çevirməkdir. Onun ritmlərini hiss etmək istəyirəm. Elə həyat da belədir, əvvəlcə ritmi hiss edirsən, sonra o ritmə uyğun yol tapıb, xoşbəxt olursan”. 

Yazdı Gülər Mehdizadə 

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix