Rəsmlərdən boylanan qadınlar…

0

Azərbaycan incəsənətində qadın hüquq və azadlıqları necə təsvir edilib? 

Sənətşünas Mənsurə Məmmədəliyeva da düşünür ki, qonşu ölkə rəssamlığında qadın haqlarına müraciət nümunələri Azərbaycana nisbətən çoxdur. Azəbaycanda isə qadın haqları mövzusuna toxunan rəssam barmaqla sayılacaq qədər azdır. 

“Femmekan” bu dəfə incəsənətdə qadın obrazları, qadın haqları mövzuları ilə qarşınızdadır. 

Sənət ailəyə qurban verilir?

Sənətşünas və Milli İncəsənət Muzeyinin məktəb bölməsinin müdiri Mənsurə Məmmədəliyeva deyir ki, hazırda qadınlar ötən əsrlərdəki kimi rəssamlıq sahəsində təhsil almaqda çətinliklə üzləşmir. Sadəcə çoxu təhsilini bitirdikdən sonra fəaliyyətinə davam etmir: 

“Bu, ötən əsrdə də belə idi, indi də. Səbəbi isə müxtəlifdir. Maddi çətinliklər, ailə qurmaq və bununla başlayan məhdudiyyətlər. Amma yenə də proqressin var olduğunu inkar etmək doğru deyil. Az olsa da qadın rəssamların sayı artıb. O da doğrudur ki, ailə həyatı qadına sənətini ikinci plana aldırır. Nəticədə, yaradıcılıq və sənət ailəyə qurban verilir”.

Qadın – “ilham pərisi”, “gözəllik etalonu”

Mənsurə Məmmədəliyeva deyir ki, sənət tarixinin hər dövründə qadın obrazına, xüsusən də onun çılpaq bədəninin təsvirinə yer verilib. Bu, işlənmə tərzi, zaman, yer və cəmiyyəti əks etdirib: 

“Məsələn, intibah dövründə bədən anatomik quruluşunun təhlili ilə araşdırma obyekti idi. Bugünsə sosial və siyasi tərəfi ilə gündəmdədir. Bundan əlavə, qadın bəzən “ilham pərisi”, “gözəllik etalonu” kimi tamaşa obyektinə çevrilsə də, XXI əsrdə o, mifoloji və dini varlıq olmaqdan çıxıb. İndi yalnız gözəlliyi təcəssüm etdirmir, çərçivələnmiş dar stereotiplərdən uzaqlaşıb və reallığa çatıb”. 

İncəsənətə feminist yanaşma

Sənətşünas qeyd edir ki, ötən əsrlərdə qadın təsvir obyekti idisə, indi təsvir edən şəxsə çevrilib. Bu isə sevindirici haldır. Onun deməsinə görə qadın haqlarına dair mövzulara müraciət onların, Simona De Bovuar demiş, “sanki “ikinci cins” kimi qəbul olunması tabusundan uzaqlaşmaq cəhdlərinin göstəricisidir”.

Feminist incəsənət haradadır?

Qonşu ölkələrin rəssamlığında qadın haqlarına müraciət nümunələri Azərbaycana baxanda çoxdur. Mənsurə Məmmədəliyeva da deyir ki, ölkədə yaradıcılığında qadın haqları, azadlıqlarına toxunan rəssam barmaqla sayılacaq qədər azdır. Odur ki, qadın haqları deyəndə ağla çox az rəssam gəlir:

“Onlardan biri də Vüsal Rəhimdir. Konseptual və müasir incəsənətlə məşğul olan rəssam yaradıcılığına 2011-ci ildə başlayıb. Daha çox gender bərabərliyi, fərdi mübarizə və sosial problemlərə toxunur”.

“Mənim adım Saradır”

Sənətşünas bildirir ki, Vüsal Rəhim “Mənim adım Saradır” romanına fərdi sərgi həsr edib. Bundan əlavə, o, erkən nikah mövzularına çox toxunub. Onun “Nurcan” layihəsi və sərgisi buna misaldır. Qadın cinayətlərini işıqlandırdığı “Məni unutma” onlayn sosial incəsənət layihəsi də onun qadın haqları mövzusuna nə qədər önəm verdiyinin göstəricisidir:

Mənbə: Trend.az

“Baş tutan sərgilərin heç biri birmənalı qarşılanmasa da, özündə vacib mövzuları əks etdirib. Məsələn, onun ilk sərgisi 2013-cü ildə “Black woman” ilə (“Qara qadın”) başlayıb. 70-ə yaxın işdən ibarət sərgidə evdar qadının həyatı təsvir edilib. Onun hər gün eyni həyatı yaşadığı göstərilib. Rəssam göstərir ki, həmin qadın vaxt keçdikcə evindəki əşyalardan fərqlənmir. “Black woman” obrazı bir neçə ada sahibdir – ana, qız, gəlin, bacı, qaynana… Yəni obrazın fərdi bir adı yoxdur”.

İncəsənətdəki qadın həyatları

Rəssam Vüsal Rəhimin “Qırmızı stollu qadınlar” (hazırda Müasir İncəsənət Muzeyində saxlanılır) adlı bir əsəri də var. “Black woman” layihəsi sayəsində ərsəyə gəlib. Real həyatdan təsirlənərək yaratdığı “Nurcan” layihəsinə gəlincə, 2018-ci ildə ARTIM qalereyasında sərgilənib. Rəssam bu layihə ilə cəmiyyətə erkən nikah problemini göstərib.

“Nurcan” performans, video art və foto seriyalardan ibarətdir. 

Rəssam layihəni 2016-cı ildə sosial mediadan görüb təsirləndiyi hadisə əsasında yaradıb. Televiziya verilişlərindən birində anasını itirmiş 16 yaşlı qızın xaricdən ölkəyə atasını axtarmaq üçün gəldiyini görüb. O, atasını tapdıqdan sonra onunla Ucar rayonuna gedib. Bir neçə aydan sonra atası Nurcanı 32 yaşlı kişi ilə evləndirib. Elə həmin gün kişi Nurcanı bıçaqla qətlə yetirib.

Rəssam burada toyu başdan-ayağa qara, öz ifadəsi ilə desək, Nurcanın gözündən təsvir edib. Toy günü heç kəs qızın yaşını, başqa mədəniyyətdə böyüdüyünü sorğulamayıb. Hamı tərəfindən razılıqla qarşılanıb. Bir sözlə, Nurcanın oxumaq, şəxsi həyat qurmaq, özünü realizə etmək hüququ əlindən alınıb. Rəsmlərdən görünən odur ki, toyda Nurcandan başqa hamı sevinclidir…

Mənbə: VarYox

“Qara toy”

Vüsal Rəhim deyir ki, bu layihə müasir incəsənətdə açıq olsa da əvvəlcə qəribə qarşılanıb. Hətta “Bakıda qara toy oldu” başlıqlarla məqalələr çıxıb. İnsanlar bunun sosial layihə olduğunu öyrənməmiş təhqir və tənqidlərə üz tutub: 

“Erkən nikah mövzusuna toxunan incəsənət nümunəsi olduğu anlaşılandan sonra “Nurcan” rəğbət görməyə başlayıb”. 

“Məni unutma” sosial layihəsi

Rəssam “Məni unutma” layihəsini qətlə yetirilən qadınlar və uşaqlara həsr edib. O, bu sərgini pandemiya dönəmində həyata keçirib. Sərgidə həmin insanların hekayələri tamaşaçılara həm bədii, həm də dokumental formada çatdırılıb. Sərgi ikinci ildir davam edir. Vüsal Rəhim martın 7-dək hər gün sərgini öz şəxsi səhifəsindən paylaşacaq. 

“Əsli və Kərəm ev N9” duet sərgisi – “Nurcan”ın davamı

Bu duet sərgi isə rəssamlar Vüsal Rəhim və Günel Ravilovanın 27 kvadratmetrlik qalereyada göstərdikləri performansdan və hər iki rəssamın müxtəlif eskizləri, “art” qruplarından ibarətdir. Sərginin adı Azərbaycanın məhəbbət dastanlarından olan “Əsli və Kərəm”dən götürülüb. Rəsmlərdə Əsli və Kərəmin fonunda Azərbaycandakı məişət zorakılığı əks olunub. 

Mənbə: amerikaninsesi.org

Vüsal Rəhim deyir ki, bu sərgi erkən nikaha həsr edilmiş “Nurcan”ın davamıdır. Ailə qurmuş qadınla kişinin münasibətləri əks olunub. Aralarında sevginin bitməsi, bir-birilərindən necə yorulduqları, kiçik bir məkanda, Vüsalın sözləri ilə desək “tamaşaçılar sanki bir ailənin evinə gəliblər” kimi göstərilib .

Rəssam deyir ki, ənənəvi rəssamlıqda qadın hüquq və azadlıqları kimi ciddi bir məsələyə çox az toxunulub, bu sahə demək olar ki, işlənməyib: 

“Çünki daha çox satıla biləcək işlər ön plana alınıb. Bunlar da gözəlliyi tərənnüm etdirib. Nəticədə sosial problemlər kənarda qalıb. Lakin müasir incəsənət belə deyil. Bir neçə rəssamın qadın hüquqları mövzusunda güclü işləri var”.

Vüsal Rəhim düşünür ki, müasir incəsənət belə mövzulara daha açıq və cəsarətlidir.

“Öz dönəmimin rəsmini çəkirəm”

Vüsal Rəhim özünü sosialyönümlü rəssam hesab edir. Deyir, ona özünün, ətrafının, cəmiyyətin problemlərini təsvir etmək daha maraqlıdır: 

Mənbə: varyox.az

“Düşünürəm ki, yaradıcılığım vasitəsilə yaşadığım dönəmin rəsmini çəkməli, göstərməliyəm”.

Rəssama görə incəsənət zərif, incə işlər toplusu deyil. Təəssüflənir, deyir, incəsənət dedikdə çoxunun ağlına nələrisə gözəl, incə, zərif göstərmək lazım olduğu gəlir. O isə düşünür ki, əsas olan hadisələri olduğu kimi təsvir etməkdir: 

“Cəmiyyəti göstərmək daha estetikdir. İşlədiyim sahəyə görə müxtəlif ailə və qadın sığınacaqlarında olmuşam, qayğıya ehtiyacı olan insanlarla işləmişəm. Rəsmlərimdə təsvir etdiyim problemlərə bələdəm və onları sənət vasitəsilə göstərirəm”.

Rəssam gələcəkdə selektiv abort, ailə-məişət və uşaqlarla bağlı işlər görmək istəyir.

Mental dəyərlərə əsaslanan travmatik təcrübənin təsviri

“Düzdür, insan hüquq və azadlıqlarına diqqət çəkən sənətkarlar azdır. Lakin bu sahədə olan əsərlərin hamısı real həyatı əla təsvir edir”.

Mənsurə Məmmədəliyeva belə deyir. Buna misal kimi rəssam Fidan Hümbətlinin “Qəfəs” adlı keramik heykəlini göstərir. Heykəl insanın doğulduğu doğma mühitdə qəfəsə salınaraq seçim azadlığının necə məhdudlaşdırılmasına diqqət çəkir. İnsanın kökünü simvolizə edən ağac kökləri birləşərək həmin heykəldəki “qəfəs”i yaradıb. Bununla rəssam qadınların mənsub olduğu coğrafiyada destruktiv (məhvedici) mental dəyərlərə əsaslanan travmatik təcrübəsini bölüşür: 

“Əsər bir qadın üçün nə qədər çətin olsa da,  qərarlarından və özünü kəşfetmə yolundan bəhs edir. Rəssam Ülkər Əliyeva da bu mövzuya toxunub. “7 gözəl” adlı tablosu ilə o, bu mövzuya yeni baxış gətirib, “gözəllik” anlayışını sorğulayıb. Onun obrazları alışdığımız gözəllik streotiplərindən uzaqdır, əsərlərində güclü, cəsur rənglərlə işlənmiş qadınlar bütün dövrlərin estetik meyarlarına qarşı çıxıb. Saçsız olmaları ilə gözəllik normativlərinə meydan oxuyurlar”.

“Qadınlarımı muza, “ilham pərisi” kimi görmürəm”

Ülkər Əliyeva təsvir etdiyi qadınları insan kimi görür. Deyir, elə təsvir etdiyi əsasobrazlar da qadınlardır: 

“Qadınları bilərəkdən qəhrəmanıma çevirirəm desəm, düzgün olmaz. Bəlkə də, daxili dünyalarındakı prosesləri, cəmiyyətdəki mövqelərini, mübarizələrini qadın olaraq özümə yaxın hiss etdiyim üçün əsas qəhrəmanlarım onlardır”.

Rəssamın təsvir etdiyi qadın obrazlarının əksəriyyətində saç elementindən istifadə edilməyib. Ülkər saçsız qadın təsvirlərinə bəzən maraqla və təəccüblə, bəzən isə tənqidlə yanaşıldığını bildirir. Deyir, elə vaxt olur ki, dostları zarafatca “hə, keçəl qız varsa, deməli, Ülkər çəkib”, – deyirlər. Bütün bu geri dönüşlər isə mənfi, ya da müsbət olmağından asılı olmayaraq ona ilham verir: 

“Məsələyə qadın haqları çərçivəsindən baxırıqsa, hamıya bəllidir ki, onlar cəmiyyətdə, bir çox istiqamətlərdə təzyiqlərə məruz qalır. Təzyiq isə yalnız fiziki olmur, psixoloji təzyiqlərin nəticəsi də çox böyük problemlərə gətirib çıxarır. Məsələn, elə mənim “keçəl qızlarım”a baxsaq, burada əsrlərdir bizim şüurumuza yeridilən gözəllik standartlarına cavab verən heç bir meyar olmadığını görərik. Rəssamlar, sənətçilər isə daim dövrün gözəllik standartlarına cavab verən qadınları vəsf ediblər”.

“Gözəllik nədir?”

“Təəssüf ki, belə qəliblər var və ona hansısa cəhətdən daxil ola bilməyən qadınlarda özgüvən, ağır depressiya problemi yaradır”. 

Rəssamın “7 gözəl”, “Ulduzların altında”, “Sükut”, “Qırmızı otaqda” adlı əsərləri sırf gözəllik standartları məsələsinə yönəlib. Deyir, o, qadınları bir muza, ilham pərisi, hansısa bir məfhumun təcəssümü kimi görmür. Onlar insandırlar və insanın sahib olduğu hissləri öz simalarında əks etdirirlər: 

“7 gözəl”

“Düşüncəli, ciddi, əsəbi, yorğun, gələcəyə ümid bəsləyən və ya sadəcə statik və sakitdirlər”.

“Sükut”

Ülkər Əliyevanın “Sükut” əsəri çox ciddi, sakit və statik duran bir obrazı təsvir edir. Akssesuarları parlaqdır, geyimi al-əlvandır. Başının arxasında isə orta əsrlərdə xristianlığa aid sənət əsərlərində “müqəddəsliyin və paklığın simvolu” olaraq görülən halə təsviri var. 

Rəssam deyir ki, hamı “qadın zəifdir, zərifdir”, yaxud “güclüdür”, “qadın daha üstündür” və s. kimi şablon ifadələr eşidib. O, bütün bunların qadına mənəvi yük olduğunu düşünür:

“Qulağa xoş gələ bilər, lakin daşımaq çətindir”. 

“Qırmızı otaqda” – “Özümü axtarıram”

Rəssam qeyd edir ki, hər gün mediada, sosial şəbəkələrdə qadınlar üçün müəyyən bir “gözəllik standartı”nın  yaradılmasına yönəlməni görür. Deyir, insanlar “gözəllik nədir?” sualını vermir, çünki bu sualın cavabı yoxdur. Rəssam düşünür ki, bu qədər nisbi anlayışı qəlibə, çərçivəyə daxil etmək düzgün deyil: 

“Qırmızı otaqda” adlı əsərində Ülkər Əliyeva özü ilə tək qalan zaman həqiqi kimliyi barədə düşünən qadını təsvir edib. Bununla o, bəzi məqamlarda insanların cəmiyyətin yaratdığı stereotiplər qarşısında “maskalanmalı”, fərd olaraq formalaşma prossesini həmin cəmiyyətin “olar və olmaz”larına uyğunlaşdırmalı olduqlarına diqqət çəkib. 

“Qırmızı otaqda”

“Özümü axtarıram” əsərində isə o, bütöv bir xaosun və  daxili dünyasının içində özünü tapmağa çalışan qadını təsvir edib. 

Rəssam deyir ki, təsviri sənətdə qadın haqları mövzusuna çox az toxunulur. Onun fikrincə, qadın yaradıcı bir sənətkardan daha çox, yaradılan bir varlıq kimi qiymətləndirilir. 

“Yeni, ciddi əsərlərə ehiyac var”

Ülkər Əliyeva deyir ki, bugünədək olduğu sərgilər və sosial şəbəkələrdə gördüyü nümunələrdə qızların erkən nikaha məruz qalması, təhsildən yayındırılması cəmiyyətdə özlərini azad insan kimi ifadə etmək mübarizəsi, qadın qətlləri təsvir edilib. Lakin rəssam düşünür ki, bu mövzulara yetərincə toxunulmayıb: 

“Bu problemlər yerli rəssamların yaradıcılığının böyük hissəsini təşkil etmir”.

O, problemin həllini bu mövzuları özündə əks etdirən layihələr, sərgilər təşkil olunmasında görür. Deyir, qadınların “ilham pərisi” olmaqdan çıxmasını görmək və bu sahədə daha ciddi problemlərə köklənən əsərlərin yaranmasını  istəyir. 

“Qadın haqları mövzularına böyük ehtiyac var”

Rəssam Şahnaz Ağayeva əsərləri ilə cəmiyyətdə qadınlara qarşı rəftarı sorğulayan gender rollarını və insan təbiətini araşdırır. Onun “XX/ XY” (2017), “Nur” (2017) kimi instalyasiyalarını buna nümunə göstərmək olar.

Rəssam vizual və konseptual incəsənətlə məşğuldur. Yaradıcılığının tamamını qadınlara və onların problemlərinə həsr edib. Şahnaz bunun səbəbinin bu günə qədər yaşadığı və müşahidə etdiyi hadisələr olduğunu deyir: 

“Tamamən qadınlara yönəlik sənət yaratmaq başlanğıcda şüurlu şəkildə alınmış bir qərar deyildi. Lakin sonradan bu bir yaşam kredosuna çevrildi”.

Mənbə: YARAT

Rəssam əsərlərinə lokal perspektivdən deyil, qlobal baxdığını deyir. Müşahidələrinə əsasən, günümüzün qadınları ailə və cəmiyyətdə bir çox problemlə qarşılaşır. Bu, onların həm həmcinsləri ilə yaşadıqları, həm də cəmiyyətdə öz yerlərini “bərkitmək” uğrunda baş verən problemləridir. 

Belə situasiyada isə rəssam olaraq səssiz qalmamaq onun üçün ilkin məsuliyyətlərdən biridir.

Şahnaz deyir ki, qlobal tərəfdən təsviri sənətdə qadın haqlarına toxunma daha ürəkaçıcıdır. Bu gün feminist rəsamların çoxu rəssam aktivistlərdir ki, bu da öz növbəsində daha çox səs-küy yaradır:

“Nəzərə almalıyıq ki, incəsənətdə qadınlar 100 ili güclə aşan bir tarixə malikdir. Onu da deyim ki, məsələ lokallaşanda işlər dəyişir”.

Rəssam qeyd edir ki, Azərbaycanda aktivist, feminist olmaq mümkün deyil. Səbəb isə ailə, məişət və yazılmamış toplum qanunlarıdır:

“Buna görə də rəssamlarımız yaradıcılıqlarına passiv aktivist mövqeləriylə davam edir. Halbuki ölkədə qadın haqları kimi mövzuya müraciətə böyük ehtiyac var”. 

Rəssam gələcəkdə cəmiyyətin adət-ənənə, “el nə dəyər?!” prinsiplərinə qarşı çıxacaq qədər güclü və cəsarətli olacağına inanmaq istəyir. O zamanadək toxunulması gərəkən mövzulara davam etmək fikrindədir. 

Daha hansı əsərlər var?

Rəssam Nihad Ağazadə ”Azyaşlı gəlin” əsəri ilə erkən nigah və uşaq evliliyi mövzusuna toxunub. Dizayner Anar İsgəndərlinin “Eguality” (“Bərabərlik”) moda nümayişindən ilhamlanaraq ərsəyə gətirdiyi tabloda rəssam qara fonda üzəri gəlinciklərlə bəzədilmiş və qara gəlinlikdə azyaşlı gəlin təsvir edib. Drammatik tonlarla işlənmiş tablo gender əsaslı zorakılığı işıqlandırır.  

“Uzaq üfüqlər” adlı sərgidə Gülnarə Kuzukova öz instalyasiyasını islam ölkələrində qadının cəmiyyətdə bir fərd kimi mövcudluğunun məhdudiyyətlərlə qarşılaşmasını ön plana çəkib. Rəssam bu mövzu ətrafında apardığı tədqiqatlara əsaslanaraq, sözügedən regionlarda qadına “ikinci sort” kimi yanaşmanı təsvir edib. 

Roman Qocayev isə “Yeni hekayələr” adlı sərgidə “saçının ucuna zərər gəlməsini istəmərəm, həyatına gəlsə də olar” performansını təqdim edib. O, bu əsərində Azərbaycanda erkən nikah problemləri kontekstində mövcud olan sosial-mental stereotipləri göstərib. 

Qadın haqları mövzusuna müraciət edən daha bir rəssam Günel Rəvilovadır. Onun qadınları güclü və cəsarətlidir. Rəssam yaradıcılığında qadınların cəmiyyətdə üzləşdikləri problemləri, zorakılıq, erkən nikah və gender problemlərini işıqlandırıb. 

“Dahi”lik qavramının sadəcə kişilərə məxsus olması yanaşması

Feminist fəal Özgür Əlizadənin ən sevdiyi əsər Qüstav Kurbenin “l’origine du monde” (“Dünyanın mənşəyi”) rəsmidir. 1866-cı ildə Osmanlının Paris səfiri Halil Şerif Paşa tərəfindən sifariş olunan rəsm qadın çılpaqlığının yasaqlandığı bir dövrdə çəkilib. Odur ki, 120 il boyunca Halil Şerif Paşanın evində, pərdə arxasında saxlanılıb. Əsər sərgiləndiyi gündən xeyli müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb.

Aktivist qadınların cinsəl obyekt kimi təsəvvür edilməsi fikri ilə razılaşmır. Deyir, məsələn, sifarişçi “mənə dünyanın mənşəyini təsvir et” dedikdən sonra ərsəyə gələn tablo qadına qarşı yanaşmanı tam fərqli nöqteyi-nəzərdən göstərib:

“İncəsənət tarixi boyu qadın rəssamların dəyər görməməsi səbəblərindən biri də “dahi”lik qavramının sadəcə kişilərə məxsus olması yanaşmasıdır. Kritiklərin ifadəsi ilə desək, “qadınların incəsənəti emosionallığın ifadəsi kimi qiymətləndirmələri onların dahilik dərəcəsində olmamalarına ən böyük səbəbdir”. Təbii qadınların sənət öyrənmək və icrasına dair ciddi əlçatımlılıq problemi də var. Buna görə də feminist sənət axınının və nəzəriyyəsinin vacibliyi danılmazdır”.

Özgür Əlizadə Azərbaycanda qadınların təhsil alması yasaqlandığı zamanlar ilk təhsil alan (1907-1908) rəssam Qeysər Kaşıyevanı misal göstərir. Deyir, Amerikadan fərqli olaraq Azərbaycanda feminist sənət axınları olmayıb. Qadınların incəsənətdə rolunun artırılması, bu sahədə daha rahat iş tapa bilməsi, yaxud “incəsənət qadının işidir” ideyasının yayılması üçün yetərincə işlər görülməyib.

“Azərbaycanda feminist sənət hərəkatlarının əskikliyi”

Özgür Əlizadə düşünür ki, patriarxal sistemdə keramika və monumental sahələrə qadınlar cəlb edilə bilər:

“Təəssüf ki, onların cəmiyyətdə “zəif” və sanki “fiziki məhdudiyyətli” kimi qələmə verilməsi bir çox sahə kimi monumental dəzgah, rəngkarlıq, keramika sahələrində  də onların iştiraklarını ikinci plana atıb”.

“Rəssam qadın haqları ilə bağlı əsər yaratmaqla yanaşı, o hüquqların müdafiəçisi də olmalıdır”

Feminist fəal, sənətşünas və rəssam Nurlana Cəlilzadə Azərbaycanda ictimai və estetik fikirin rus mədəniyyətinin təsiri ilə aparıcı rol qazandığını deyir. Bildirir ki, Azərbaycan  bununla Avropa və dünya sivilizasiyasına qovuşub: 

“Çağdaş rəssamlığın ilk addımları da bu zaman atılıb. Məncə, rəssam qadın haqları ilə bağlı əsər yaratmaqla yanaşı, həmin hüquqların müdafiəçisi də olmalıdır: 

“Bu mövzuda öz avtoportretimi yaratmışam. Çalışmışam məğrur qadın obrazı təsvir edim. Rəsmdə sol əlimlə boşluğu tutmuşam, bununla da sonsuzluğu göstərməyə çalışmışam”. 

Nurlana bu obrazın sadəcə özünə verdiyi bir dayaq olduğunu düşünür. Yəni sən daima tək özünləsən və hər çətinliyin öhdəsindən də yalnız özün gələ bilərsən. Bir sözlə, güc sənin əlindədir. 

Mənsurə düşünür ki, qadın haqları əsas mövzu olaraq həyatın bütün sahələrində işlənməlidir. Deyir, muzey məkanına daxil olanda görünən əsərlərin müəlliflərinin kişi, yoxsa qadın olduğu sualını verən olubmu? 

Sənətşünas muzeydəki uzun illik iş təcrübəsinə əsasən deyir ki, ziyarətçinin bu sualı vermək heç ağlına da gəlməyib: 

“Düşünmürük ki, niyə mədəniyyətin əsas daşıyıcısı olan muzey məkanında qadın rəssamların əsərləri barmaqla sayılacaq qədər azdır. Muzey və qalereyalarda qadına həsr olunmuş saysız sənət əsərləri təqdim olunsa da, qadın rəssamların əsərləri kifayət qədər deyil”.

“İncəsənəti kişilərin gözü ilə öyrənirik”

Mənsurə Məmmədəliyeva deyir ki, qadın rəssamlara yönəlmiş bu iqtidar münasibət nəzərə alınsa, incəsənəti kişilərin gözü ilə öyrənirik desək yanılmarıq: 

“Sanki sənət kişilərin baxışı ilə təsmil olunur. İşıq üzünə həsrət qalan, sərgilənməyə layiq görülməyən, fondda qorunub, saxlanan qadın rəssamların əsərlərindən çoxumuz xəbərsizik”.

Yazdı Dinara Zeynalova


Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix