Qubada: Əl əməyi, göz nuru məktəbi

0

Həyatını qadınların iqtisadi azadlığına həsr edən, onlara sənət öyrədən insan

Rusların məşhur bir sözü var: “Yaxşı başlanğıc yolun yarısıdır”.

Əslində, onun getdiyi yolun yarısı elə nə qədər ağır olsa da, yaxşı bir başlanğıc idi. Çünki hələ 30 il əvvəl, çox adam bu haqda düşünməyəndə, o, qadınların öz ayağı üstündə dura bilməsini arzulayır, onların iqtisadi azadlığı uğrunda əmək sərf edirdi… 

Söhbət, demək olar ki, Qubada hər kəsin tanıdığı Fatimə Ağamirzəyevadan gedir.

O deyir ki, bu düşüncələrinə Birinci Qarabağ müharibəsi də təkan verib: “Çünki gedib dönməyənlər olurdu. Geridə qalanlar heç kimdən asılı olmadan həyatlarına davam etməliydilər”. 

Məhz buna görə də min əziyyətlə Qubanın mərkəzində tikiş məktəbi açır və qadınlara təmənnasız tikiş, toxuma dərsləri verməyə başlayır…

Beləliklə, “Femmekan”ın budəfəki qonağı Azərbaycanın ilk qadın sahibkarı, Qubadakı tikiş və toxuculuq məktəbinin sahibi Fatimə Ağamirzəyevadır. 

O, əvvəlcə tikiş məktəbinin hansı mərhələlərdən keçib bu günlərə gəldiyindən danışır, sonra isə gördükləri işlərə, uğurlara keçir… 

Qubalıların əl-ələ verib açdıqları məktəb 

“Fikri mən vermişəm, amma məktəbin qurulması Quba camaatının, xeyriyyəçilərin təşəbbüsüdür. 

O vaxt Qubanın birinci katibi, indiki dillə desək, icra başçısı Məhəmməd Əsədov (red: 1991-ci il 20 noyabrda Qarakənddə vertolyot qəzasında həlak olub) idi. 

Hə, bir də insanlara bacardığı qədər kömək edən bir xeyriyyəçi vardı: Rafiq Bəbirov.

Biri yer verdi, digəri tikinti işlərinə dəstək oldu. Eləcə də məktəbin ərsəyə gəlməsində qubalı könüllülər də çox çalışdılar” – deyir, Fatimə xanım. 

Onun sözlərinə görə, məktəbdən öncə müəllimlər evində tikiş kursları təşkil edirmiş: “O vaxt Azərbaycanda tikiş dərsliyi, proqramı yox idi”. 

Elə ona görə də işə birinci dərslik yazmaqla başlayıb: “Sovet vaxtı kitab çıxarmaq da hər adamın hünəri deyildi. Kitaba rəy almaq, təsdiqlətmək lazım gəlirdi. Bunlar çətin və uzun proseslər idi. O vaxt kitabın ilkin variantını “Qızıl qələm” mükafatçısı Seyfulla Əliyevə göstərdim. Baxdı, baxdı, həyəcanlanmışdım, elə bilirdim bəyənməyib. Birdən qayıtdı ki, bu, Azərbaycan üçün çox əhəmiyyətli layihədir”.

“Hazırladığım dərslikdən dünyada cəmi 2 dənə var idi”

Fatimə xanım deyir ki, bundan sonra kitab rəy üçün bir neçə mütəxəssisə göndərilib. Hər birindən çap üçün müsbət cavablar gəlib: 

“Rəylərin biri təxminən belə idi: “Çox yox, 4 il ərzində uşaqlar bu proqramla dərs alsalar, tikiş, moda sahəsində Avropa səviyyəsinə çata bilərlər”, – deyilirdi. Sonradan bildim ki, hazırladığım dərslikdən dünyada 2 dənə var. Digərinin müəllifi Yuqoslaviyadan (red: 1918-2003-cü illərdə Balkan yarımadasında mövcud olan Avropa dövləti) olan bir tikiş müəlliməsidir. Üstəlik, həmin qadın o kitabın satışından çox yaxşı pullar qazanıb, indi imkanlı həyat sürür. Hobbi olaraq da Avropada modadan dərs deyir. Xırdalıqlara kimi izahının verilməsi baxımından ekspertlər mənim kitabımı digərindən üstün saymışdılar. Çünki mən həmin dərsliyi insan skeleti üzərində qurmuşdum”.

“Vaxt gələcək nəinki Quba, bütün Respublika bu layihə ilə öyünəcək”

Fatimə xanım bildirir ki, kitabını Sovetlər dağılandan sonra çox çətinliklə 1000 tirajla çap edə bilib. Hətta baha başa gəldiyi üçün miqyasını kiçiltməli olublar: 

“Elə məktəbdə dərslərə də bu kitabla başlamışdım. O vaxt icra başçısı bizə yer verəndə demişdi ki, vaxt gələcək nəinki Quba, bütün Respublika bu layihə ilə öyünəcək”.

Fatimə Ağamirzəyeva qız-gəlinlər rahat gəlib-gedə bilsinlər deyə məktəb üçün Qubanın mərkəzi küçələrindən birini seçib. Bir sözlə, qadınların sənət öyrənməsi üçün heç bir əngəlin qalmasını istəməyib: 

“Sənət öyrənmək istəyənin qarşısında heç bir sədd olmamalıdır. Bu günədək məktəbin 1000-dən artıq tələbəsi olub. Onlardan 60 faizi hazırda işləyir və yaşamını bu işlə təmin edir. Hətta içlərində sonradan təhsilini davam etdirib məşhur modelyer, dərzi olanlar da var”.

“Toy sarayları tikə-tikə ölkəni böyük bir matəm evinə döndəriblər”

Elə bu gün yaşadığı çətinliklərdən biri də məktəbin binasının şəhərin mərkəzində olmasıdır. 

Dediyinə görə, yerin mükəmməl olması pul qazanmaq istəyən məmurların gözündən yayınmayıb: 

“Bu yerdə gözü olanlar yaman çoxdur. Heç kimə sənət, qadınların işləməsi, ayağı üstdə durması maraqlı deyil. Burada çox gözəl villa, toy sarayı ola bilər, bəli. Bunu düşünənlər çoxdur və onlar dəfələrlə buranı məndən almaq istəyiblər. Hamı ancaq özünü, gəlirini düşünür. Hər yerdə toy sarayları tikib, ölkəni böyük bir matəm evinə döndəriblər”.

Fatimə Ağamirzəyeva əlavə edir ki, əvvəl məktəbə ictimai maraq, diqqət çox olub. Məsələn, televiziyalarda onlarla bağlı neçə-neçə verilişlər hazırlanıb. O zamanlar heç kim risk edib, yer iddiası da etmirmiş: “Hətta məktəbin qapı-pəncərəsi olmayan vaxtlarda ətrafı xalı ilə tutub, tikdiyimiz paltarların nümayişini təşkil edirdik. Bu nümayişlərin çoxu televiziyalarda yayımlanırdı”.

O qeyd edir ki, bu günədək hər cür tələbə ilə rastlaşıb. Məsələn, bəzən qapısını həqiqətən bu işə marağı olanlar döysə də, bəzi hallarda ehtiyacdan sənət öyrənmək üçün gələnlər olub. İstənilən halda kimsəni rədd etməyib, öyrədib: “Elə məqsədim nə idi? Fərqi yoxdur nə üçün oxumaq, öyrənmək qərarına gəlib, əsas odur ki, buradadır. Zamanla ehtiyac və məcburiyyətdən gələnlər də işi sevməyə başlayıb”.

Bəs özünün yolu tikişlə necə kəsişib? 

Fatimə xanım tikişlə tanış olduğu günləri xatırlayanda, üzünə təbəssüm qonur. Hər şey məktəbdən əlavə tikiş kursuna yazılmaqla başlayıb:

“İlk dərsdə uşaq papağı tikməyi öyrənmişdim. Evdə anama dedim. “Əşi, bacarmayacaqsan, parça korlama”, – söylədi. Elə kor-peşman oturmuşdum ki, atam işdən gəldi. Məni məyus görüb, nə olduğunu soruşdu. Tikiş kursuna yazıldığımı, amma tapşırığı yerinə yetirmək üçün parçamın olmadığını dedim. Sevindi, dedi ki, bax, bu oldu ağıllı addım. Səhər məni özü ilə parça mağazasına apardı. Ağ rəngdə, üstündə böyük gülləri olan parça seçdim. Bir topun hamısını aldı. Kəsdim, tikdim, bəzən alınmadı, parça korladım, amma yavaş-yavaş öyrəndim. Hə, korladığım parçaları anamın qorxusundan yatağın altında gizlədirdim”. 

“Qonaq getdiyim evlərin xalçaları yadımda qalırdı”

Fatimə Ağamirzəyeva tikişə, toxumağa meylinin genetik ola biləcəyini düşünür. Çünki atası usta boyaqçı, anası professional xalça toxuyan olub: “Uşaq vaxtı qonaq getdiyimiz evlərin forması, əşyaları yox, məhz xalçaları yadımda qalırdı. Qadınların geyimlərinin skeletə tam oturub- oturmadığına diqqət kəsilirdim. Bəzən gözəl paltar görürdüm, xəyal qururdum ki, bu paltar digər qadının əynində daha mükəmməl görünərdi.  Yaxud tam uyğundur və ya deyil – düşünürdüm. Bəlkə də, genlərimdə var, bilmirəm”.

Fatimə xanımın rənglərlə də arası yaxşıdır. Deyir ki, hətta bölgələrin hansı rəngləri sevdiyini də yaxşı bilir. Bunu isə vaxtında mədəniyyətlər, adət-ənənələrlə bağlı oxuduğu çoxsaylı kitablara borclu olduğunu söyləyir: 

“Xalçalara olan marağım zamanla toxumağı öyrətdi. Amma hamı kimi standart yanaşmırdım bu işə. Məsələn, bazarda, mağazalarda xalçalara baxırdım, elə bilirdim “ölüblər”. Xalça mənim üçün sanki müqəddəs bir nəsnə idi. Odur ki, dərinə gedirdim, araşdırırdım. Araşdırmağa başlayanda məlum oldu ki, bizdə qəribə inanclar var. Nə bilim, xalçada sarı rəng işlətmirlər, başqa bir rəngdən çox az istifadə edirlər və s. Başladım bu inancları qırmağa. Xalçada sarı rəngi sevirdim, hələ uşaqlıqdan bizim məsciddə bir xalça görmüşdüm. Çox qədim idi, sonradan bildim ki, alma qabığı ilə rənglənib. Deyəsən hansısa kilsə sifariş etmişdi və necəsə bu gün məsciddədir. Ortasında provoslav xaçı var idi. O xalçanın rəngi mənə ləzzət edirdi. Sonradan toxuduğum xalçalarda sarı rəngdən tez-tez istifadə edirdim”.

Sirrli xalçalar – totem və miflər 

Fatimə xanım son 35 ildə isə totem və miflərlə bağlı kitablar oxuyur, araşdırmalar aparır. Azərbaycan xalçalarının sirrlərini açmağı çox istəyir: “Bizim arxivdə xalçalarımız barədə çox az məlumat var. Odur ki, mən xalçaları araşdırıb, sonra tapdıqlarımı kitab halında çap etmək istəyərəm. Ən əsası, arzumdur ki, Azərbaycan xalçası dünyada tanınsın”. 

Fatimə Ağamirzəyeva toxuduğu xalılarda yalnız təbii boyaqlardan istifadə edir. 

Dediyinə görə, murdarça adlı bitkidən aldığı 5 boyağın patent hüququnu alıb. Bu, çətin olsa da, bacarıb. İndi çox istəyir ki, tapdığı başqa təbii boyaqların da patentini alsın, ancaq imkanı çatmır: 

“Bir boyağın patenti üçün 3 min dollarımız çıxdı. Digərlərinə pul tapmadıq. Dedim, lazımdır bunu Azərbaycan xalçası üçün etməliyik. Yuxarılara da yazdım, məlumat verdim, etmədilər. Murdarça bitkisindən 5 müxtəlif rəng hazırlayıram. Patentini almaqla bağlı müraciətimizə 6 aya gəlməli cavabı 45 günə almışam. Yəni o qədər xoşlarına gəlib”.

Təbii boyaqlar, rənglər

Fatimə Ağamirzəyeva murdarça bitkisindən əsasən, sürməyi rəng alıb. Kiçik əlavələrlə bitkidən narıncı, qırmızı rənglər də ala bilir: 

“Ötən il UNESCO-nun prezidenti gəlmişdi. Rəsmi üzvümüzlə görüşmək istəyirdi. Onunla görüşə bir oliqarx xanımı apardılar. Hansı ki xalçadan başqa hər işlə məşğul olur. Anlamadılar ki, o boyda şirkətdən gələn birini aldada bilməzlər. Onu bilirəm ki, bizim xalçalarla bağlı beynəlxalq aləmdə xeyli mənfi rəy var. Bunu düzəltmək üçünsə heç kim addım atmaq istəmirlər. Danışırıq, deyirik, özümüz eşidirik, başqa heç kimin vecinə deyil”.

Fatimə xanım deyir ki, normal bir xalçanın ərsəyə gəlməsi göz nuru, əl əməyi və ən azı 1 il vaxt istəyir. 

Üstəlik, o toxunan xalçalarda yalnız təbii rənglərdən istifadə edilirsə, prosesə daha həssas yanaşılmalıdır: “Qoz qabığından tutmuş, soğan qabığınacan, hamısından boyaq düzəldirəm. Surxərəng deyilən bitki var. Ondan qırmızı, narıncı rənglər alıram. Saplarımızın tərkiblərində isə nə pambıq, nə sintetika olur. Hamısı təbii qoyun yunundan alınır. Həm tikişi, həm də toxuma sənətini sevirəm. Hər ikisindən zövq alıram. Bu barədə günlərlə danışa bilərəm”.

Məktəb ən son 11 qıza sənət verib

Məktəbdə ən son USAID-in layihəsi əsasında 11 qız təhsil alıb. Onlar tikiş və milli geyimlərin hazırlanmasını öyrənib, kurs zamanı qədim uşaq geyimləri, rəqqas libasları hazırlayıblar: “Qızların çoxu uzaq kəndlərdən gəlirdi. Təşkilat onların gedib-gəlmək xərclərini qarşıladı, işləmələri üçün lazım olan bütün ləvazimatları aldı. Hətta alınan parçalardan yataq dəstləri tikib, satdıq. Bununla kursun ömrünü biraz da uzatdıq”.

“Həyatdakı missiyam minlərlə qadının həyatına toxunmaq olub”

Fatimə Ağamirzəyeva düşünür ki, insan ali təhsil ala bilməsə belə, mütləq bir peşəsi olmalıdır. Həm oğlanın, həm də qızın. Bu, həyatda bir yer tuta bilməsi üçün çox vacibdir: 

“Yox, seçim olsa, deyərəm ki, oğlandan çox qızın təhsili, yaxud sənəti olmalıdır. Bəzən düşünürəm ki, Allah hər insanı bir missiya ilə dünyaya gətirir. Görünür, mənim missiyam da minlərlə qadının həyatına toxunmaq olub…”.

Yazdı Gülər Mehdizadə

Çəkdi Aygün Rəşidova

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Mənim Yeni Tarix