“Qızın dağda nə işi var?”

0

“Həyatım 2 hissəyə bölünüb: dağdan əvvəl və sonra”

“Tez-tez “dağda nə işin var?”, “bu işdən nə zövq alırsan?”, “hə, zirvəyə çıxdın, nə olsun?” – sualları ilə qarşılaşıram. 

Təbiətsevənlər üçün bunu anlamaq çətin deyil. Sevməyənlər deməyək, kəşf etməyənlərə izah etməkdə çətinlik çəkirəm” – deyir, Zəhra Mütəllibova. 

Əslində onun dağ, təbiət sevgisinin səbəbi çoxdur, lakin sual birbaşa gələndə çaşbaş qalır, söz tapa bilmir. 

“Azərbaycanın əksər zirvələrinə dırmanmışam. Hətta bəzən bir zirvəyə dəfələrlə getdiyim olub. Eyni dağ, eyni yol olmasına baxmayaraq, fərqli baxıb, fərqli görmüşəm. Kəpəz – ən sevdiyim dağdır. Hər fəslinə şahidlik etmişəm. Onu ən çox yazda görməyi xoşlayıram”.

Şəhərdən təbiətə qaçış

Zəhra üçün dağ, meşə, bir sözlə, təbiət şəhərin beton tikililərindən, mərmər döşəməli parklarından, gərgin iş həyatından, basabas nəqliyyatından qaçıb sığındığı aləmdir. Deməsinə görə, təbiət onun son 6 ilinin az qala hər həftə sonunu bəzəyib. Deyir, dağçılıq xasiyyətini dəyişib, özgüvənini artırıb, onu başqa biri edib:

“Elə bilirəm həyatda aşa bilməyəcəyim çətinlik yoxdur. Bəzən insanlara elə bu cür izah edirəm, bəzən də fikrimi çatdırmaqda çətinlik çəkirəm. Onda susuram. Niyə? Çünki bu şeylərin izahı olmur, getmək, görmək, duymaq, yaşamaq lazımdır”. 

Elbrus, 5642m

Zirvələri fəth etmək = ruh yüksəkliyi

Zəhra Mütəllibova deyir ki, zirvələri fəth etmək gözəl hissdir. İnsanda ruh yüksəkliyi yaradır, gələcək həyata motivasiyadır. 

“Zirvəyə çıxırsan, yorulmursan, və ya yorulursan, amma bacarmağın motivasiya olur. Deyirlər e “dağları aşdım, gəldim”. Həmişə imkansızı bacarmaq məsələlərində misal çəkilir. Belə hiss edirəm: sanki ən çətin olanı etmişəm, bundan sonrakılar heç nədir”.

Hə, bir də asılılığı var dağların. Ən çətin yürüşdən qayıdandan iki gün sonra Zəhranın içində yenidən getmək istəyi baş qaldırır. Yüksək dağlara qalxdıqca, daha yüksəyinə, çətininə getmək istəyir. 

Bir-birindən fərqli iki peşə 

Zəhra Mütəllibova ixtisasca həkim-kosmetoloqdur. Dağçılıq onun ikinci, sevimli peşəsidir. 

Deməsinə görə, bu işlə əvvəllər həvəskar, indi isə professional kimi məşğul olur. “Nature Discovery Azerbaijan” komandasının üzvüdür. Həftə sonları Azərbaycanın müxtəlif dağları, dağ zirvələri, gölləri və kəndlərinə turlar təşkil edir: 

“Tur bələdçiliyini çox sevirəm. Xüsusən də təbiəti sevən insanların əhatəsində olmaq, onları tanımaq xoş olur. Bəli, təbiətlə tək olmaq da gözəldir, ancaq komanda şəklində getmək də zövqlüdür”.

Təbiətdən gələn dostluqlar

“Hə, bir də təbiətdə qurulan dostluqlar tamamilə fərqli olur” – deyir, Zəhra. Fikrincə, ora gələn insanların düşüncəsi fərqlidir. Onlar təbiətcə daha rahat, səmimi insanlardır:

“Bir sözlə, təbiət çox gözəl dostluqlar qazandırır. Orada insanların hansı vəzifədə olması, yaşı, işi önəmini itirir və səmimi ortam yaranır”.

Şahdağ, 4243m

Dağla ilk tanışlıq

Zəhra ilk dəfə 6 il əvvəl Niyaldağ zirvəsinə qalxıb. Getdiyi ingilis dili kursundakı tələbə dostlarından biri dağçı olub. Dağlardan o qədər gözəl və davamlı danışıb ki, nəinki Zəhrada, bütün qrupda maraq yaradıb. Axırda onlar birlikdə Niyaldağ zirvəsinə getmək qərarı veriblər: 

“İlk təcrübəm idi və yol çox uzun gəlmişdi. Əziyyət çəkmişdim, ancaq yadımda çox yaxşı qalıb. O qədər zövq almışdım ki, həmin gündən sonra hər həftəsonu təbiətə, dağa, meşəyə, yürüşlərə getməyə başladım”.

Zəhranın növbəti dağ təcrübəsi isə Kəpəz olub. Elə ən sevimli dağı da odur: 

“Yazı möhtəşəm olur, getdikcə getmək istəyirsən.  Bundan sonrakı sevimlim isə Şahdağdır – “dağların şahı” deyirəm ona. Həm mənzərəsi, həm də yolu gözəldir”.

Ən yüksək zirvə və gələcək arzular, planlar

Zəhra Mütəllibova demək olar ki, Azərbaycandakı əksər zirvələri fəth edib. Hətta Elbrus dağında da olub (red: Rusiyanın ən yüksək dağ zirvəsidir – 5.642 metr). Azərbaycanın isə Bazardüzü, Heydər, Atatürk, Qoşqar, Zəfər Zirvələrinə qalxıb: 

“İndiyədək ən hündür zirvəm Elbrus olub, ancaq Everestə (Nepal – 8.848 metr) çıxmaq da arzumdur. Hətta COVID-19-dan əvvəl planlaşdırırdıq ki, heç olmasa, “Base Camp”-a qədər (North Base Camp – 5,150 metr, South Base Camp – 5,364 metr) dırmanarıq. Komanda kimi bir neçə dost yığışıb gedəcəkdik. Ancaq virus imkan vermədi, hələlik, arzu olaraq qalır. Ümid edirəm ki, tezliklə həyat əvvəlki axarına dönəcək və biz bu istəyimizi reallaşdıracağıq. Hələliksə hazırlaşırıq”. 

“Dağa çıxan qızı kim alacaq?

Zəhra deyir ki, onun dağçılıq hobbisi insanlar arasında ilk gündən normal qarşılanmayıb. Ailəsi, yaxınları arasında qarşı çıxanlar, dostları arasında onu anlamayanlar olub. Zamanla onun bu işinə münasibət dəyişsə də, bu gün Azərbaycanda ekoturizm xeyli inkişaf etsə də, dağ yürüşlərinə gedənlərin sayı artsa da, əvvəllər buna münasibət birmənalı olmayıb: 

“Hətta “dağa çıxan qızı sonra kim alacaq”, – deyənləri də az eşitməmişik. Yaxud “bu sənə nə verir?”, “boş-boş vaxt keçirirsən”, “işin-gücün yoxdur?”, “daha ciddi işlə məşğul ola bilmirsən?”, – deyənlər də olub. Bəzən də “zirvəyə çıxdın?” – deyə, soruşublar. “Hə” cavabının ardından “nə olsun indi?”, – sualını veriblər. Mən belələrinə əsəbiləşməməyi öyrənmişəm. Düşünürəm ki, içində təbiət sevgisi hələ oyanmayıb. Təbiətdən zövq alan insan çox azdır. Məncə, təbiət sevgisi həyatda sahib olacağımız ən dəyərli hissdir”.

“Səndən olmayan iş, dağa getməmisən”

Ailəsinə gəlincə, ilk vaxtlar qarşı çıxsalar da, bu gün normal qarşılayırlar. Zəhra təəssüf edir ki, Azərbaycanda bəzi hobbilər qızlara yaraşdırılmır. Elə dağçılıq da bunlardan biridir:

“6 il əvvəl dağa getməzdən azı 3-4 gün öncə evdə deyib, razılıq almağa çalışırdım. Razılıq mənim üçün vacib idi, yoxsa, fikrim evdə qalırdı, rahat olmurdum. 1-2 il sonra bu işdə nə qədər israrlı, əzmli olduğumu görüb, onlar da qəbul etməyə başladılar. İndi həftəsonu məni evdə görəndə təəccüblənirlər. “Nə əcəb şəhərdəsən”, “səndən olmayan iş, dağa getməmisən”, – kimi suallar verirlər. Bu, mənə çox xoşdur və nə qədər yol qət etdiyimi göstərir”.

Zəhra bəzən bir ayda turla eyni yerə 3-4 dəfə getməli olur. Ancaq bu onu bezdirmir, yormur:

“Hətta bəzən qrupdan ayrılıb, tək qalıram. Küləyi, ayağımın altında qalan yarpaqların xışıltısını eşdirəm, ləzzət edir, doymuram”. 

Yazdı Gülər Mehdizadə

Fotolar Zəhra Mütəllibova (Facebook)

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix