Qiraət edənin az olduğu ölkədə kitab biznesi qurmaq

0

Nigar Köçərli: “Sevdiyim işlə məşğulam və çox xoşbəxtəm”

Azərbaycanda sahibkar olmaq asan deyil. İşin içinə bir də qadın olmaq girirsə, bu, daha da çətinləşir. 

“Ali və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi, qadın sahibkar Nigar Köçərli belə düşünür.

Lakin ən çətin, çarəsiz durumlarda ağlına Əfqanıstandakı, Pakistandakı qadınlar gəlir. Onlar daha çətin şəraitlə mübarizə aparırlar axı… O zaman silkələnir və özünə gəlməyə çalışır, əvvəlkindən daha möhkəm basır yerə…

“Femmekan”ın budəfəki qonağı Nigar Köçərlidir. Gəlin, onun hekayəsi ilə tanış olaq. 

O, kitab mağazalarının sürətlə bağlandığı, kafe-restoranlara, ticarət mərkəzlərinə çevrildiyi bir dövrdə kitab biznesinə başlamağın çətinliyindən əlavə, bir də süni əngəlləri ilə üz-üzədir. Deyir, “Ali və Nino” kitab evinin müasir Bakının simvollarının birinə çevrilməsi ona asan başa gəlməyib.

Məqsədə addım-addım…

“Bəxtim onda gətirib ki, ziyalı ailəsində doğulmuşam. Valideynlərim təhsil almağım üçün əllərindən gələni ediblər. Nənəm deyirdi ki, qadın oxumalı, işləməli, öz pulunu qazanmalıdır. Bütün fəaliyyətim dövründə onlar mənə mənəvi dayaq olublar”, – Nigar Köçərli söyləyir.

Sahibkar deyir ki, uşaqlığı kitab oxumaqla keçib. Hətta 4 yaşında kitabxanaya abunə olub. Bakı Dövlət Universitetinin (BDU) Mexanika Riyaziyyat fakültəsini bitirəndən sonra müxtəlif xarici təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatının (BMT) layihəsində çalışıb. 

Deməsinə görə, xarici təşkilatlarla əməkdaşlıq onun üçün böyük təcrübə olub. Liderlik qabiliyyətinin inkişafı, işçi-rəhbər ünsiyyətinin qurulmasının yollarını öyrənib.

“Kariyera qurmuşdum, maaşım yüksək idi, amma xoşbəxt deyildim. Daim axtarışda idim. Hər ay maaşımın bir hissəsini kitablara xərcləyirdim. Bir dəfə rəfiqəm zarafatla “bundansa, özünə kitab mağazası aç”, – dedi. Bu fikri düşündüm və qərara gəldim ki, niyə də olmasın? “Kitab biznesi ilə məşğul ola bilərəm” dedim”, – Köçərli danışır. Bildirir ki, yolu kitabla birləşəndən xoşbəxtdir, çətinliklərə baxmayaraq, sevdiyi işlə məşğuldur. 

Azərbaycanda kariyera qurmaq çətindir, ancaq mümkünsüz deyil

Nigar Köçərli hesab edir ki, Azərbaycanda təhsil almaq, kariyera qurmaq çox çətindir. Bir çox ailədə qadının işləməsinə imkan verilmir. Onun fikrincə, hətta xeyli qadın var ki, onlar işləmək əvəzinə, evdə oturmağı üstün bilirlər. Çünki elə görüb, elə yaşayıblar:

“Mən iş üçün müraciət edən qadınlarla danışıram, çox sakitdirlər, özlərini ifadə etməkdə çətinlik çəkirlər. Bəzən mənim danışıq tərzim çoxunda qıcıq yaradır. Hətta aqressiv olduğumu düşünənlər də olur. Mənə necə rahatdırsa, özümü o cür də ifadə edirəm. Niyə görə başqaları üçün obraza girməliyəm? Həmişə belə düşünürəm”. 

Sahibkarın sözlərinə görə, hələ uşaq yaşlarından qızlara “sən qızsan, oturuşuna-duruşuna fikir ver” – kimi təzyiqlər edilməsi, bəzi ailələrdə isə ümumiyyətlə, təhsil və kariyera seçiminə müdaxilə qadınların özgüvənini qırır.

Öz pulunu qazamaq istəyən qadınlara yardım…

Nigar Köçərlinin təşəbbüsü ilə öz pulunu qazanmaq istəyən qadınlara yardım üçün sayt yaradılıb. Deyir, həmişə istəyib ki, heç kimdən asılı olmasın, öz pulunu qazansın və hər zaman bunu başqa qadınlara da arzulayıb: 

“Deyə bilmərəm ki, böyük və ya qeyri-adi bir iş görmüşəm. Sadəcə, qadınlara yardım etməyə çalışıram”.

Sözügedən saytda əlliyə yaxın qadın brendi var. Onlardan öz mallarını satmaq üçün heç bir komissiya, vergi tutulmur. Əksinə, reklam xərcləri, hətta vergini də Nigar Köçərli özü ödəyir: 

“Gedirik, görürük, oxuyuruq, araşdırırıq… Məsələn, Avropa ölkələrində qadın sahibkarların sayı günü-gündən artır. Hətta bəzi ölkələrdə artıq 60 faizə çatıb. Bizdə isə sahibkarların sayı ilə bağlı heç dəqiq statistika belə yoxdur. Təqdim edilən rəqəmlərə gəlincə, məncə, onlar real vəziyyəti əks etdirmir. Çox vaxt sadəcə qadının adına VÖEN açılır. Əslində isə işləyən, öz biznesini quran qadınların sayı çox azdır”, – Köçərli əlavə edir.

Kitab oxuyan azdır…

Sahibkar deyir ki, Azərbaycanda kitab mağazalarının sayı 50-dən çox deyil. Araşdırmasına görə, məsələn, qonşu Gürcüstanda 250-dən çox kitab mağazası var. Deyir, elə kitab biznesinin çətinliklərindən biri də budur – Azərbaycanca kitab oxuyanların sayı çox azdır. 

Sevindirici xəbər də var. Nigar Köçərli söyləyir ki, son illər kitab oxuyanların sayı cüzi də olsa, artıb: 

“Bilmirəm, bəlkə də əlli, ya yüz ildən sonra vəziyyət kökündən dəyişəcək. Amma hazırda kitab biznesini idarə etmək çox çətindir. Çünki kitab biznesi unikal bazardır. Yalnız Azərbaycan kitablarını satmaqla gəlir əldə etmək olmaz. Mütləq satışda müxtəlif dillərdə çap olunmuş kitablar da olmaldır”. 

Tənqidçilərə gəlincə.., 

Nigar Köçərlini tənqid edənlər tez-tez belə bir ifadə işlədirlər. “O, alverçidir, maarifçi deyil”. 

Köçərli cavab verir: deyir, özünü heç vaxt maarifçi kimi təqdim etməyib. Sahibkardır, öz sevdiyi işlə məşğuldur və buna görə çox xoşbəxtdir: 

“200-ə yaxın işçimiz var, onların dolanışığını da fikirləşmək lazımdır. İnsanlar evə pul aparmalıdırlar. Çox arzulayıram ki, kitab mağazalarının sayı artsın. Biz tez-tez yarmarkalara, sərgilərə könüllülər cəlb edirik. Amma həmişə yarmarkadan sonra işləyənlərə pul veririk”.

Nigar Köçərli kitab biznesi ilə məşğul olmaq istəyən qadınlara öz köməyini təklif edir. Deyir, bu sahədə fəaliyyət göstərmək istəyib, haradan başlamaq lazım olduğunu bilməyənlərə hər zaman kömək etməyə hazırdır.

Yazdı Nazlı

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix