Qadınların gecə əyləncəsinə düşən “patriarxal cəmiyyət kölgəsi”

0

“Nökərlər daim işləməli, ağalar ağalıq etməlidir”

– “Həmin qadınlar anlamır ki, onlara baxan hər kişi ürəyində “nə onunla yatardım”, – deyə düşünür?”

–  “Normal əxlaqın sahibi istər qadın, istərsə də kişi – gecə klublarına addım atmaz”

Bu, 2022-ci il aprelin 3-də “Location” gecə klubunda baş verən partlayışa cəmiyyətin verdiyi reaksiyanın bir hissəsidir. Partlayış qaz balonundan sızma nəticəsində baş verib və  1 nəfərin ölümünə, 37 nəfərinsə müxtəlif bədən xəsarətləri almasına səbəb olub. 

İnsanların bir hissəsi partlayışı dinə bağlamışdı, sanki gecə klubları Allahın sevmədiyi yerdir, ora gedənlər günah işlədir və nəticəsi pis oldu. Böyük bir hissəsi isə sanki gecə klubundan başqa heç yerdə qəza baş vermir kimi – “o insanların orada nə işi vardı ki, xəsarət aldılar, öldülər”, – düşüncəsini sərgilədi.  

Bir sözlə, Azərbaycanda cəmiyyətin böyük əksəriyyəti insanların gecə əyləncəsinə birmənalı yanaşmır. Əsas da  qadınların klublara, pub-lara getməsi çox insanın qəbul edə bilmədiyi məsələdir. 

“Femmekan”ın budəfəki mövzusu cəmiyyətin qadınların əyləncəsinə reaksiyası, onlara münasibəti barədədir. 

“Musiqi dinləmək istəyirsənsə,..”

19 yaşlı Nərmin Mahmudova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyur. İlk dəfə gecə klubuna bir il əvvəl dostlarıyla birgə gedib. Deməsinə görə, o, gecə klublarına getməyi, əylənməyi sevir və həmin yerlərdə xeyli xoş xatirələri də var:

Nərmin Mahmudova

“Rok, klassik musiqini sevirəm. Məktəb vaxtı həm də fortepiano təhsili almışam. Yəqin musiqi duyumum buradan gəlir. Xüsusən fransız, italyan dillərində olan musiqilər dinləməyi sevirəm. Azərbaycanda olan rokçular isə daha çox pub, gecə klubu kimi yerlərdə səhnə alır. Məncə, dinləmək istəyirsənsə, məkanın önəmi olmamalıdır”. 

“Əylənənləri mühakimə etməyən insanların ətrafında olmaq…”

Nərmin Azərbaycanda səhnə alan rokçulardan Josepf Abbas, Şahin Əlizadə, Kadir Özeli dinləməyi sevir. Deməsinə görə, həm sevdiyi musiqiləri dinləmək, həm də əylənənləri mühakimə etməyən insanların ətrafında olmaq – ona xoş gəlir: 

“İlk dəfədən gecə əyləncəsi xoşuma gəlib, zamanım maraqlı keçib”.

“Nə vaxt ehtiyacımız olur, gedirik”

Nərmin Mahmudova imkanı çatdığı qədər, ayda azı bir dəfə pub və ya gecə klubuna gedir. Deyir, əslində xüsusi bir sayı da yoxdur. Nə zaman ürəyi musiqi dinləmək, əylənmək istəyir, onda gedir: 

“Başqa yerdə içmiş, əylənən birini görəndə qınayırlar. Ən azı baxışları ilə narahat edirlər. Lakin gecə klublarında belə deyil, oraya gələnlərin hamısı əylənir və ətrafa qınayıcı tərzdə baxmırlar. Bir məkanda hamı eyni düşüncədə olanda problem olmur. Sözün əsl mənasında başım rahat əylənmək, mahnıya qulaq asmaq, qəşəng vaxt keçirmək üçün gedirəm”. 

“Nə əcəb səndən belə yerə getmisən?”  

Nərminin ailəsi onun gecə əyləncəsini normal qarşılayır. Deməsinə görə, anası onu da, dostlarını da yaxşı tanıyır, güvənir. Ona görə də hələlik, əyləncəsinə qarışan olmayıb: 

“Məsələn, olur ki, getdiyim pubdan paylaşım edirəm. Sosial şəbəkədən məni izləyən kimsə soruşur ki, “bura haradır?” Deyirəm və ardınca “səndən nə əcəb belə yerə getmisən?”, – sualı gəlir. Bunları deyənlər arasında tanışlar, qohumlar olub. Mən isə onlara izah etmək yerinə, həmin insanları dostluq listimdən çıxarmağa üstünlük vermişəm. Zamanla nə həyatımda, nə sosial şəbəkələrdəki dostluq listimdə belə insanlar qalıb”. 

“Çalışıram ki, yanımda oğlan dostlarım da olsun”

Nərmin Mahmudova deyir ki, pubda, gecə klublarında xoşagəlməz hadisələrin olduğunu duyub. Hələlik, onun başına pis heç nə gəlməyib: 

“Hər zaman pis hadisələrin olmamasına diqqət edirəm. Çalışıram ki, elə məkanlara gedəndə yanımda oğlan dostlarım da olsun. Düzdür, bilirəm ki, özümü qoruya bilərəm. Yenə də çox diqqətliyəm. İndiyədək kimsə söz atmayıb, yaxınlaşıb narahat etməyib. Bir sözlə, o insanların qınayanda daim dediyi kimi xoşagəlməz hallarla rastlaşmamışam”. 

“Qız oğlanların çoxluq təşkil etdiyi yerə gedə bilməz”

Həmidə İsmayılovanın belə məkanlara yanaşması biraz Nərmindən fərqlidir. Onun 20 yaşı var və Bakı Dövlət Universitetinin 3-cü kursunda təhsil alır. Deyir, puba getməsə də, klubda olub və belə yerlərə cəmiyyətin  neqativ reaksiyasından xəbərdardır: 

“İlk dəfə kluba 18 yaşımda getmişəm. Ondan əvvəl 16-17 yaşımda  dostlarımla “Color Festival”a qatılmışdım. Hətta ora gedəndə belə mənə qəribə baxanlar olmuşdu. Ümumən bizdə belə bir stereotip var: qız oğlanların çoxluq təşkil etdiyi yerə gedə bilməz. Gedənlərə  sanki böyük səhv etmiş kimi baxırlar. Mən isə burada pis heç nə görmürəm. İlk dəfə kluba dostumun ad günüdə getmişdim. İndi də doğum günlərini elə əyləncəli məkanlarda keçiririk”. 

Mənbə: theGuardian
Mənbə: theGuardian

“Sanki nəsə sənə imkan vermir ki, gedəsən”

Həmidə klublara hərdən gedir, lakin heç vaxt pub-da olmayıb. Deyir, yaxşı yer olmadığını o qədər beyinlərinə yeridiblər ki, bəlkə də ondandır, heç yoxlamayıb:

“Belə olanda adamın daxilində bir maneə yaranır. Sanki nəsə sənə imkan vermir ki, gedəsən. Dostlarla daha çox bir evdə yığışıb əylənməyi sevirik. Ev mənə daha rahat gəlir. Elə bilirəm hansısa məkana gedib, orada əylənmək yorucudur. Belə olanda özümü komfort zonamdan çıxmış kimi hiss edirəm. Sadə problem: kluba gedəndə fikirləşirəm ki, “görən nə geyinim?”, “evdən necə izin alım?” və s. Bütün bunlar da məni stressə salır”. 

Həmidə deyir ki, bəli, gecə evə gec gələsi olsa, mütləq evdən izin almalıdır. Həm bu, həm də tək qızlarla yox, həm də oğlanlarla getməli olması düşüncəsi onu yolundan döndərir: 

“Elə yerlərə çox qız gedəndə bizim millət anormal baxır. Və bu baxışlar insanı narahat edir”.

“Gecə klublarında nəyə fikir verməli?”

Həmidə gecə klubuna getmədən öncə məkan haqqında yazılan rəyləri oxuyur. Çalışır ki, şəhərin mərkəzi yerlərində olsun. Belə olanda evə dönmək də asan olur. 

“Ara-sıra əyləncə məkanlarına üz tuturam. Çünki adam hər dəfə evdə olmağı sevmir. Bir müddət sonra dostlarımla öz aramızda düşünürük ki, “adam nə qədər evdə əylənər?” Bu zaman kluba gedirik”.

“Bizim cəmiyətdə əyləncə anlayışı düzgün formalaşmayıb”

Sosioloq Ramil Nəcəfli deyir ki, Azərbaycan cəmiyyətində sözün əsl mənasında əyləncə anlayışı düzgün formalaşmayıb: 

“Əyləncə növləri dedikdə, ilk ağlagələn restoranlara, gecə klublarına, pub-lara getməkdir. Dağlarda, meşədə əylənməyi düşünənlər azdır. Eyni zamanda, maşında musiqi müşayiəti ilə uzun yola çıxıb əylənənlər demək olar ki, yoxdur. Bir sözlə, bizdə fərqli əyləncə formaları yayğın deyil. Odur ki, varolan, qəliblənmiş əyləncə forması da insanların ağıllarınca əxlaqsız, ədəbsizdir. Ona görə məhdudiyyət qoyurlar”. 

Sosioloq bildirir ki, indi qadağalara bəhanələr biraz da artıb. Onsuz da düz-əməlli əyləncə növü yox idi. İndi də narkotiklər və s. gəncləri sıradan çıxarır. Onun fikrincə, əyləncə üçün növbəti qadağalara səbəblərdən biri də məhz budur: 

Bəzi pis vərdişlərin yaranmasına da küt, məhdud, formalaşmamış əyləncə forması səbəb olur. Adicə diskoteka, bara gedirsən, görürsən ki, eyni deyil.  Əvvəllər hər şey fərqliydi. İnsanlar rəqs edir, stress atırdılar. İndi isə həmin məkanlara nə üçün getdiklərini heç özləri də bilmir. Məncə, belə yerləri rəngarəng etmək lazımdır”.

Digər ölkələrlə müqayisədə

Ramil Nəcəfli deyir ki, xarici ölkələrdə müxtəlif dərnəklər, fərqli maraq dairəsi olan insanlar üçün xüsusi qruplar yaradılır. Onlar festivallar keçirir, gecə saatlarına qədər əylənirlər: 

“Bizdə isə əyləncə növləri qıtdır və həmin məkanlarda hamı rahat deyil. Məsələn, Azərbaycanda qadınların da gecə klublarında rahat əylənə bilməsi üçün əyləncə məkanları üzərində işləmək lazımdır. O yerlərdə hamı özünü rahat hiss edə bilməlidir. Adicə misal çəkim: Avropada, Amerikada gecə klublarında, barlarda əylənmək qadının şəxsi həyatına, gələcəyinə təsir etmir. Bizdə isə tamamilə tərsidir. Qadının belə əyləncə növü gələcək münasibətlərinə ziyan vura bilir. Bizdə xaricdəki kimi azadlıq yoxdur”.

“Zamana ehtiyac var”

Sosioloq düşünür ki, Azərbaycanda həm də qadınların gecə əyləncəsini cəmiyyətin qəbul etməsi üçün zamana ehtiyac var: 

“Çünki əksər kişilər klublarda özünü normal apara bilmir. İnsanlar da gördüklərinə əsasən mühakimə yürüdürlər. “Yaxşı qız gecə əyləncəsinə getməz” – stereotipini aradan qaldırmaq üçün zamana ehtiyac var. Necə ki, illər əvvəl sosial şəbəkələrdən istifadə edən qadınlara pis baxırdılar. Zaman keçdi, hamı sosial şəbəkələrdən istifadə etməyə başladı. İnsanlar gördü ki, ağlı başında, normal işi-gücü olan hər kəs sosial şəbəkə istifadəçisidir. Nəhayət, həmin stereotip aradan qalxdı. Gecə əyləncəsi ilə bağlı fikirlərin dəyişməsi üçün də zamana ehtiyac var”.

“Qadınlar müxtəlif bəhanələrlə yalnız ev işlərinə yönləndirilir”

Gender aktivisti Nisə Hacıyeva isə düşünür ki, qadınların əyləncəsinə yönəlmiş stereotiplərin kökündə patriarxal cəmiyyətdə yaşamaq durur. Onun fikrincə, belə cəmiyyətdə qadınların və kişilərin rolu, statusu bir növ “ağa və nökər” şəklində bərabərləşdirilib: 

“Nökərlər daim işləməlidir ki, ağalar ağalıq edə bilsin. Onlar əylənməyə başlasalar, ağalar ağalıq edə bilməyəcək. Buna görə də qadınlar müxtəlif bəhanələrlə yalnız ev işlərinə yönləndirilir”.

Nisə Hacıyeva deyir ki, belə olanda da kişilər öz əyləncələrinə rahatlıqla davam edə bilir. Nəticədə, elə bir şərait yaranır ki, qadınlar əylənməyə heç vaxt da tapa bilmirlər. Cəmiyyətdə hər bir iş bərabər bölünsə, qadınların əyləncəyə də vaxtı qalacaq: 

“Kişilər müxtəlif məhdudiyyətlər qoyur və onları əyləncədən  uzaqlaşdırırlar”. 

“Niyə bir yer digər yerdən təhlükəli olmalıdır?”

Nisə Hacıyeva düşünür ki, gecə klubları, pub-ların təhlükəli yer olması da orada kişilərin toplaşmasından doğan bir şeydir: 

“Biz gün ərzində müxtəlif məkanları paylaşırıq. Niyə bir yer digər yerdən təhlükəli olmalıdır? Və bu təhlükəni kim yaradır? Belə çıxır ki, təhlükəni elə kişilər özləri yaradır. Amma bunu həll etmək çox da çətin deyil. Hər bir məkanın təhlükəsizliyini müxtəlif vasitələrlə təmin etmək olar. Bir məkan həqiqətən də cəmiyyətin bütün üzvləri tərəfindən paylaşılsa, bundan əlavə, hər kəs öz məsuliyyətini dərk etsə, məkanın bir önəmi olmaz”. 

“Ora yaxşı yer deyil”

Nisə Hacıyeva deyir ki, Azərbaycan cəmiyyətində qadınların azadlığı problemi var. Təkcə, gecə əylənmək yox, bəzilərinin evdən çıxmaq azadlığı belə məhduddur. Gecə harasa getmək yalnız kişilərə məxsus bir imtiyaza çevrilib: 

“Bununla da sadəcə gecə əyləncəsi yox, iş imkanları da məhdudlaşmış olur. Hansısa pub, klubun yaxşı bir yer olmaması da bir növ kişilərin çıxardığı bəhanədir. Məsələ   burasındadır ki, söhbət məkanın yaxşı və ya pis yer olmasından getmir. Bir qrup insan bu əyləncənin yalnız özünə xas olduğunu iddia edir. Digər bir qrupu xüsusən də qadınları uzaqlaşdırmaq, onların əyləncəsini məhdudlaşdırmaq üçün belə bir ifadələr işlədirlər: 

“Ora yaxşı yer deyil”, “yaxşı qız, pis qız, yaxşı və ya pis yer” – kimi definisiyalar qoyaraq bir qrup digər qrupu əyləncəsindən məhrum edir. Bu da patriarxal cəmiyətin problemidir”.

Nərmin Mahmudova da düşünür ki, əslində əylənmək hamının haqqıdır və bunun qınanması absurddur. Çünki əylənməkdə pis heç nə yoxdur:

“Pub-a gedəndə məqsədim içib daha çox əylənməkdir. Yəni, pozitiv olmaq, oynamaq, oxunan musiqiçilərə qoşulub onları müşayiət etməyi sevirəm. Kədərlənmək evdə də olar. Dostlarımla getdiyimə görə oturub kədərlənməyə fürsətim olmur. Bu da əhvalımı yüksəldir”.

Yazdı Nərgiz Abbasova

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix