Qadınları hədəf alan siyasi mübarizə

2

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi

Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir.

Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər. 

Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir.

2021-ci ildə siyasi mövqeyinə görə qızının intim görüntüləri paylaşılan Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli isə hadisə baş verən vaxt belə demişdi: 

“Qızımın şəxsi həyatını necə qurması, necə yaşaması onun öz işidir. Bunun dövlətə heç bir aidiyyəti yoxdur”. 

Cəmil Həsənlinin qızı Günel Həsənli hadisə baş verən zaman deyib ki, şəxsi həyatı ilə bağlı görüntülər onun razılığı olmadan, hətta anlaqsız bir vəziyyətə gətirilərək, çəkilib. 

Atası onun başına gələn cinayət hadisəsini siyasi fəaliyyəti ilə əlaqələndirib. Hər hansı ictimai-siyasi fəaliyyəti olmayan qadın hakimiyyətin siyasi çəkişmələrinin qurbanı olub. 

2021-ci ildə video-bloqçu Məhəmməd Mirzəlinin bacısına  aid olduğu bildirilən intim görüntülər də yayılıb. Məhəmməd Mirzəli həmin vaxt verdiyi açıqlamada bildirib ki, o, videonun yayılacağı ilə hədələnib. Görüntülər naməlum şəxslər tərəfindən idarə olunan “Telegram” kanallarında yayımlanandan sonra Mirzəlinin bacısının azyaşlı qızı məktəbdə bullinqə məruz qalıb, o, bir müddət təhsildən uzaqlaşmalı olub. 

Mənbə: redbookmag.com

“Yerli hakimiyyətin fəaliyyətimi “cəzasız” qoymayacağını bilirdim”

Azərbaycanda “Qadın qətilləri siyasidir”, – devizini irəli sürən, feminist qruplardan birinin fəalı Nərmin Şahmarzadənin isə “Facebook” səhifəsi ələ keçirilib, sosial şəbəkələrdə şəxsi yazışmaları yayılıb. Görüntülərdə onun hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə yazışdığı iddia olunan, şəxsi söhbəti ehtiva edən ekran görüntüləri də yer alıb. 

“Siyasi mövzularda tənqid və tələb edən hər kəs kimi, mən də yerli hakimiyyətin bunu “cəzasız” qoymayacağını bilirdim. Burada cəzanın metodu vəziyyətə təsir edir. Məsələn, Azərbaycanda hətta ən açıq fikirli insanların əksəriyyəti inanır ki, ağır formada cəzalandırılan ancaq kişilərdir, onlar həbs edilir. Qadınlara verilən “yüngül cəza” isə rüsvayetmədir. Rüsvay etməyi hədəf şəxsin tabulara zidd getdiyini göstərməklə edirlər və bilirlər ki, tabular cəmiyyətin hörmət kriteriyalarını bəsləyir. Lakin bu hörmət kriteriyaları həmin cəmiyyətdə qadın və kişi üçün müxtəlif şərt və tələblər əsasında formalaşdırılıb”.

“Məsələnin təsir gücü şəxsin birbaşa genderi ilə bağlıdır”

Nərmin bildirir ki, məsələn, bir kişinin heteroseksual, ənənəvi intim materialları onu rüsvay edə bilmir, lakin qadına münasibətdə rüsvayedicidir. Onun sözlərinə görə, bu, rüsvayetmənin “yüngül” cəza kimi görüntüsünün illuzor və ya kişimərkəzli olduğu deməkdir: 

“Yəni kişinin intim materialları yayıldıqda və ya həbs edildikdə o, qəhrəmana çevirilir, qadının isə tabulara əsasən, həyat şərtləri dəyişə bilir. Qısaca, bu məsələnin təsir gücü şəxsin birbaşa genderi ilə bağlıdır”, – Nərmin Şahmarzadə “Femmekan”a müsahibəsində belə deyib. 

Boşanma ilə nəticələnən linçetmə

2020-ci ilin martında aktivist İlkin Rüstəmzadə anonim “Facebook” istifadəçisi tərəfindən yeni ailə qurduğu həyat yoldaşı Əminənin fotolarının yayılacağı ilə hədələnib. Anonim hesab İlkindən dövlətdən COVID-19 pandemiyasından əziyyət çəkən vətəndaşlara sosial yardım vermə tələbi ilə başlatdığı petisiyanı dayandırmasını tələb edib. 

Rüstəmzadə bunu etmədikdə Əminənin adı, fotoları və telefon nömrəsi sosial mediada və eskort veb-səhifədə yerləşdirilib.

Hadisədən sonra hakimiyyətyönlü mətbuat “İlkin Rüstəmzadə tarixçəsi olan qızla evlənib”, “Rüstəmzadənin həyat yoldaşı bakirə olmayıb”, – başlıqlarda materiallar tirajlayıb. 

Azərbaycanda bu hadisələrə ictimai qınaq o qədər güclü olub ki, sonda cütlük boşanıb. 

Həbs edilən siyasi fəala qarşı

Sonuncu dəfə belə kampaniya hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevə qarşı başlayıb. 

Siyasi fəal əvvəllər iki dəfə parlament seçkilərində iştirak edib. İlk dəfə 2011-ci ildə həbsə atılıb. Həbsinin siyasi motivli olmasını Avropa İnsan Hüquqları Məhkəməsi təsdiqləyib. Sonuncu dəfə daxili işlər nazirinin ünvanına səsləndirdiyi tənqidlərdən sonra həbs edilib. Həbsini siyasi hesab etdiyi üçün aclıq aksiyasına başlayıb. Aksiyanı dayandıranadək polis əməkdaşlarında olan telefonuna hücum olub və sosial media hesablarında qadınlarla yazışmaları, telefondakı şəxsi şəkilləri “Telegram” kanallarında yayımlanıb. 

“Telegram”, “Facebook”, “TikTok” kimi bir neçə sosial şəbəkədə reallaşdırılan kompromatın hədəfi əsasən, qadınlar olub. Eyni zamanda, hökumətyönlü bir neçə sayt da bu kompromat çərçivəsində yayılan materialları dərc edib.

Minlərlə izləyicinin olduğu qruplarda Hacıyevin son 10 il ərzində münasibətdə olduğu, əksəriyyəti fəal və jurnalist olan qadınlar da ifşa olunub. Postların əksəriyyətində qadınların ad soyadları ilə yanaşı, səmimi söhbətləri və açıq yazışmaları da paylaşılıb.

“Mən azad dünyada, azad qadınam, qərar verməyə İQ-üm çatır”

“Telegram” qruplarında adı çəkilən qadınlardan biri də artıq altı ildir ki, ABŞ-da yaşayan Günel Aşirovadır.

Həmin yazışmalar yayılandan sonra Günel “Facebook”da  belə yazmışdı: “Mən azad dünyada, azad qadınam. Öz qərarlarımı verməyə İQ-üm çatır. Sevincimi də, qeyrətimi də, ayıbımı da, qürurumu da, özüm yaşayıram. Seks partnyorumu sənin kimi valideynlərim seçmir”. 

Daha sonra Günel Aşirova “Azərbaycan kişisinə açıq məktub” adlı post da paylaşmışdı. 

“Siz Azərbaycan kişiləri kimsiniz axı, mənim (bizim) “utancımı” yaşayasınız? Biz sizdən utanırıq, siz kimdən utanırsınız? Sanki, siz “qadınların əxlaq polisi lisenziyası” ilə doğulmusunuz”.

“Femmekan”a danışan Günel Aşirova bildirib ki, həmin “Telegram” qruplarında adı çəkilən qadınların bəziləri həmin vaxt ona yazıb, dərdləşiblər. 

“O qadınlardan bəziləri evli idi, aralarında hamilə olanlar vardı. Həmin vaxt hadisədən təsirlənib, böyük bir məktub yazdım. Əslində bunu etmək mənə asan deyildi, baxmayaraq ki, Amerikada yaşayıram. Axı mənim də qohumlarım var, mən də o cəmiyyətin parçasıyam. Tabunun içindən çıxmışam deyə, Azərbaycan qadınının yaşadıqlarını daha yaxşı müşahidə edə bilirəm. Başa düşürəm ki, milli dəyərlər dedikləri şeylərin bir çoxu mənə aid deyil, amma Azərbaycanda olanda bir yol hərəkəti qaydası kimi deyilənləri izləmək, həyatını sorğulamamaq lazımdır”. 

Günel əlavə edir, deyir, atası sağ olsaydı, o, həmin məktubu yaza bilməzdi. Deyir, atası nə qədər açıq düşüncəli biri olsa da, onun bu məsələyə münasibət bildirməsini istəməzdi: 

“Amma atamın cəsarətli jurnalistlər haqqında mənə danışdıqları sayəsində, özümü toparladım və yazdım”.

Mənbə: freepik.com

Qadınların siyasi hədəf olmasına etiraz

Feminist fəal Nərmin Şahmarzadə də Bəxtiyar Hacıyevin əleyhinə aparılan kampaniyada adı çəkilənlərdəndir. Onun Bəxtiyar Hacıyevlə yazışmaları hələ fəalın həbsindən əvvəl yayılıb. Hacıyev yazışmaların saxtalaşdırıldığını deyib. Feminist fəal hər il 8 martda qadın hüquqları ilə bağlı keçirilən aksiyada iştirak edir, təşkilatçılardandır. 

O, bu aksiyaların birində “Qadın Seçkidə – Qisasda – Siyasi alət deyil!” – yazılan plakatı qaldıraraq, qadınların siyasi hədəf olmasına etiraz edib. Bundan sonra sosial mediada bu plakat saxtalaşdırılıb və şüar “dilin ağrıyır, dilinə qurban, belin ağrıyır, belinə qurban”la əvəzlənib. 

Həmçinin plakata Bəxtiyar Hacıyevin şəkli də əlavə olunub.

Qadınların siyasi hədəfə çevrilməsinin qarşısını almaq nə zaman mümkündür?

Siyasi psixoloq Samirə Qasımlı belə tendensiyanın təkcə Azərbaycanda olmadığını deyir. Bildirir ki, xüsusilə siyasi idarəetmənin totalitar olduğu ölkələrdə şəxsi həyatın ictimailəşdirilməsinə əl atılır.

Siyasi psixoloqa görə, totalitar idarəetmələr kütləni əldə saxlamaq üçün ənənələri manipulyasiya aləti kimi istifadə edir. Elə Azərbaycan hakimiyyətinin də ailə institutundan, adət-ənənələrdən danışmasında, müqəddəs dəyər elan etməsində məqsədi lazım gələndə, bu vasitə ilə xalqı rahat idarə etməkdir: 

“Əksər insanın şəxsi həyatında ictimailəşməsindən narahat olacağı məqamlar olur. Siyasi çəkişmələrdə tərəflər bu məqamları bir-birini gözdən salmaq üçün istifadə edir. Ənənələr ilə manipulyasiya olunan toplumda bu effektiv nəticə verir. Təkcə, Azərbaycanda yox, dünyanın ən inkişaf etmiş ölkələrində də bu təsirli vasitə ola bilir”.

Samirə Qasımlı bildirir ki, qanunun aliliyi təmin edildikdə bu kimi siyasi hücum alətlərindən istifadə azalır, çünki məhkəmə zərərverənlərə sərt cəza verə bilir. 

Onun sözlərinə görə, totalitar hakimiyyətlərdə isə məhkəmə institutu məhv olur, zərərçəkənlərin hüquqlarının qorunacağına dair inamları ölür: 

“Hüquqi dövlət olmadığı müddətdə, Azərbaycanda da vəziyyətin dəyişməsi mümkün deyil”. 

Mənbə: themindsjournal.com

Hüquq nə edib?

Bugünədək Azərbaycanda siyasi fəalların şəxsi həyatının hədəfə gətirilməsi ilə bağlı hüquqi müstəvidə uğurlu nəticə olmayıb. 

Azərbaycanda şəxsi toxunulmazlıq hüququ, özəl həyat hüququ həm Konstitusiyanın 32-ci maddəsi, həm də Azərbaycanın qoşulduğu, tərəfdar çıxdığı beynəlxalq insan hüquqları müqavilələri ilə qorunur.

Əslində, Azərbaycan qanunları şəxsi həyatı toxunulmaz edir. Məsələn, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığını pozma adlanır.

Həmin maddənin 156.1-ci bəndində deyilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayətdir. Bunu edənlər min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməlləri vəzifəli şəxs törədərsə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Günel Aşirova düşünür ki, Azərbaycanda cəmiyyətin təhsil səviyyəsində yüksəlmə olarsa, qadınların şəxsi həyatına maraq azalar. 

Nərmin Şahmarzadə isə Azərbaycanda qadınların şəxsi həyatına marağın azalacağına inanmır. 

Bundan əlavə, Azərbaycanda qadın qətllərinin, qadınlara qarşı fiziki və psixoloji zorakılıqların səbəbləri üzrə analitik araşdırma aparılmır. Feminist fəallar bunu hökumətin qadınlarla bağlı ədalətsiz siyasəti ilə əlaqələndirir. Hədəfə gətirilən qadınlardan sonradan neçəsinin ailədaxili zorakılığa məruz qalması ilə bağlı isə hər hansı məlumat yoxdur. 

Lakin müxtəlif gender fəalları zaman-zaman sosial mediada həmin qadınların aqibətindən narahat olduqlarını dilə gətiriblər. 

FEMMEKAN

Şiddətə gedən yol: zorakılıq özünüifadə vasitəsinə çevrilir?

Uşaqların yerinə danışmağın, onların sözünü kəsməyin nəticələri  Böyüyəndə niyə kosmonavt olmaq istəyirsən? Yox, əmisi, kosmonavt olmayacaq, oğlum həkim olacaq, anası-atası xəstələnəndə, müalicə edəcək Uşaqlarla böyüklər arasındakı belə dialoqlara tez-tez rast gəlirik. Valideynlər uşaqlara verilən sualları cavablayır, azyaşlılara fikirlərini çatdırmağa icazə vermirlər.  “Hərdən mənə nədənsə danışmağa çalışır. Fikrini ifadə etməkdə çətinlik çəkdiyi üçün cümlə qura bilmir,...

Fransada yol qəzalarına diqqət kampaniyası: “Qadın kimi sür”

Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların haqlarını müdafiə edən “Victimes et Citoyens” (Qurbanlar və vətəndaşlar) dərnəyi “Qadın kimi sür” adlı kampaniya başladıb.  Kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” qavrayışıyla mübarizə aparmaq istəyən dərnək “bu qərəzli fikrin heç bir əsası olmadığını göstərmək üçün rəqəmlərə baxmaq kifayətdir” deyərək, yollarda ölümlə nəticələnən...

İdeal övlad gözləntisinin uşaqlara təsiri

Uşaqdan mükəmməl olmağı gözləmək onda travma yaradır?  Uşaq böyütmək, tərbiyəsi ilə məşğul olmaq valideynlərin böyük qayğısıdır. Təbii hər valideyn övladının sağlam böyüməsini, hərtərəfli inkişaf etməsini arzulayır. Çoxları mükəmməl, ideal övlad yetiştirmək istəyir. Bu zaman bilərəkdən və ya bilməyərəkdən onları psixoloji və mənəvi yükləyir, gələcək həyatında travmalara yol açır.  İdeal övlad istəyinin uşağın gələcək həyatına təsirindən...

Qeyri-sağlam münasibət nədir və ondan necə qurtulmaq olar? 

“Psixoloji təzyiqin zorakılıq qədər zərərli olduğu qəbul edilməlidir” Bu dəfə qeyri-sağlam, son zamanlar barəsində çox danışılan toksik münasibət, toksik partnyordan danışacağıq.  Toksik münasibətin nə olduğunu çoxu bilsə də, toksik insandan uzaqlaşmaq və həmin münasibəti bitirmək asan olmur.  Münasibətin qeyri-sağlam olduğuna dair siqnallar nələrdir?  Toksik münasibətin içində olduğunu necə anlamaq olar, hansı addımlar atılmalıdır?  42 yaşlı...

Şahmat: güclü oyun, zəka, yoxsa yaradılan şərait, verilən şans hesabına qazanılır?

“Şahmat üzrə dünya çempionu kişiyə 1.2 milyon, qadına 300 min avro mükafat verilib” “Şahmatda qadınlar kişilərdən zəifdir” – сümləsini azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov qursa da, səslənən fikir uzun illərdir dünyada müzakirə olunur.  Şəhriyar Məmmədyarov isə daha irəli gedərək, qadın zehninin və bacarıqlarının kişilərdən az olduğunu iddia edib.  Qadınların şahmatda zəif olması ilə bağlı oxşar fikirləri...

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Mənim Yeni Tarix