Qadınlarda hormonal disbalans: dərmanlar, qiymətləri və əlçatanlıq

0

Hormonal balansın pozulmasının səbəbləri və müalicəsi 

Aparılan araşdırmalar hormonların 43 faiz qadının rifahına mənfi təsir etdiyini ortaya qoyub.

Amerikada mənzillənən, müxtəlif mövzularda araşdırma aparan və sorğular keçirən “Onepoll” şirkəti Qadın Sağlamlığı və Funksional Tibb üzrə ekspert Anna Kabekkanın sifarişi ilə yaşı 30-60 aralığındakı 2 min amerikalı qadın arasında sorğu keçirib. İştirakçıların 47 faizi hormonal disbalans əlamətləri yaşadığını bildirib. 

Əsas məsələ, nəticələrdən o aydın olub ki, çoxu hormonların ona potensial təsirlərindən xəbərsizdir. 72 faiz qadın çox sonradan yaşadığı simptomların səbəbini anlayıb. 

Bununla da insanların həyatına hormon tənzimləyən dərmanlar və yanında gətirdiyi əks təsirləri, qiymətləri daxil olub. 

Foto: Glamour UK
Foto: Glamour UK

Hormon tənzimləyən dərmanlar və təsirləri

Hormon tənzimləyən dərmanlar həm nizamsız aybaşı problemini aradan qaldırmaq, həm də arzuolunmaz hamiləlikdən qorunmaq üçün istifadə edilir.

“Femmekan” bu məqalədə həmin dərmanların qiyməti, cibə uyğunluğu, təsirləri və istifadə edənlərin hekayələrini təqdim edir.

“Ürəkbulanma, kilo artımı kimi əks təsirlərini yaşadım”

Qısa müddət də olsa, hormon tənzimləyən dərmanlardan istifadə etmiş Ləman H. (ad şərtidir) deyir ki, həmin həbləri ilk dəfə yetkinlik dövründə, 12-13 yaşında qəbul edib. Bu dərmanların qəbulu onda halsızlıq və şiddətli baş ağrısı yaradıb. Deməsinə görə, buna hazırlıqlı olub, çünki həkimi onu bu haqda öncədən məlumatlandırıb. 

“Yarina” adlı dərmandan hormonlarını tənzimləməsi üçün istifadə edən Aydan Z. (ad şərtidir) isə deyir ki, o, bu dərmandan 17-18 yaşlarında həkim məsləhəti ilə istifadə etməyə başlayıb. Arada 4-5 ay fasilələr verərək qəbul edib. Dərmanın ürəkbulanma, kilo artımı kimi bir sıra əks təsirləri ilə üzləşib. 

“Problemlərimi düzəldəcəyini dedilər, əksi oldu”

“Həkim mənə dərmanın həm evli qadınlar, həm də aybaşı prosesində problem yaşayan gənc qızlar üçün olduğunu söyləmişdi. Demişdi ki, ikinci bir göstərişədək qəbul edim, problemlərimi həll edəcək”.

Aydan deyir ki, uzun müddət sürən nizamsız aybaşı onda kilo alma, hormon dəyişikliyi, tərləmə, tüklənmə kimi problemlərə gətirib. Dərmanın bütün bunları düzəldəcəyinə inandığı üçün qəbul etməyə başlayıb, əksi ilə üzləşib:

“Dərman qəbul etdiyim müddətdə daha çox kilo aldım. Üstə gəl şişkinlik, tərləmə, tüklənmə, ürəkbulanma problemlərim yarandı”. 

“Davamlı istifadədə diqqətli olmalısan”

Aydan dərmanların həm də kifayət qədər bahalığından gileylənir. Deməsinə görə, tapmaq da asan deyil:

“Hər aptekdə olmur, bəzən “ölkədə qalmayıb”, cavabını da verirlər. Bunların hamısı mənim üçün problem idi. Üstəlik, bir neçə dəfə əczaçıların “nəyə görə alırsan?, “özün istifadə edirsən?” kimi sualları ilə də üzləşmişəm. Bir neçə dəfə “davamlı istifadədə diqqətli olmalısan” deyən əczaçılar da olub”. 

Çıxış yolu – həkim müayinəsi 

Aydan çıxış yolunu USM-də (ultrasəs müayinəsi) görüb. Yoxlanıb. Həkim yumurtalıqlarının inkişafdan qaldığını deyib. Bildirib ki, bu, “ailə qurandan sonra düzələ bilər, lakin bəzən elə bu da normal sayılır”. 

Aydan zamanla dərmanları kəsib. Deyir, artıq heç nə qəbul etmir. Necədirsə elə də davam edir. 

Hormonal dərman təcrübəsini 18 yaşlı, tələbə Leyli Z. (ad şərtidir) da yaşayır. O, 15 yaşından bəri hormon tənzimləyən dərmandan istifadə edir. Son 3 ildə cəmi 2-3 ay fasilə verdiyini söyləyir. 

Foto: Vox.com
Foto: Vox.com

“Həkim ardıcıllığı pozsam, qanaxma və ağrılarla üzləşəcəyimi deyib”

“Həkim ardıcıllığı pozsam, qanaxma və ağrılarla üzləşəcəyimi deyib. Mənə xəstəliyin xroniki olduğunu, dərmanları ailə quranadək içməli olduğumu bildirib. Hərdəm ailəm rayondan pul göndərir. Lakin əsas gəlirim 130 manatlıq tələbə təqaüdümdür. Onun da çoxunu dərmanlara xərcləyirəm”. 

Leyli bildirir ki, əvvəllər bir qutu dərman 9.60 manata olub. Ucuz olanda yaşı az olduğundan valideynləri alıb göndərirmiş. Nəticədə, büdcəsinə təsiri olmurmuş:

“Tələbəlik dövründən bu yana maddi sıxıntılar başladığı üçün arada almamaq qərarına gəldiyim də olub. Amma sağlamlığım üçün məcburən almışam. Üstəlik, son dönəmlərdə tapmaq da problemə çevrilib. Əvvəlcə kənar apteklərdən, zamanla isə şəhərin mərkəzdəki əczanələrdən yığışdırıldı”.

Leyli deyir ki, olan qalan bəzi apteklərdə isə qiymət iki qatına çıxıb: 

“Satıcılar tez-tez bu dərmanın yalnız “Zəfəran” apteklərdə tapıldığını deyir. Bir sözlə, tapılmaması bir dərd, tapılması da bahalıq probleminə gətirib çıxarıb”.

Dərman qiymətləri və maaşlar

Azərbaycanda “Yarina” dərmanı 21 manatadır. “Yasmin” adı ilə Türkiyədən gətirilib satılan variantı isə 25 manata satılır. Gürcüstanda bir flakonu 41,50 gel (25.40 manat), Ermənistanda 10200.00 (38.60 manat), Türkiyədə isə 76 tl-yə (7.90 manat) satılır.

Dövlət Statistika Komitəsinin ən son açıqladığı məlumata görə, Azərbaycanda orta aylıq əmək haqqı 809 manatdır.

Gürcüstan Milli Statistika İdarəsinin (Geostat) rəsmi məlumatına görə, 2022-ci ildə bu ölkədə orta aylıq əmək haqqı 1463,8 lari (874 manat), digər qonşu ölkə olan Ermənistanda isə 200 000 dram (757 manat) olub. 

Türkiyədə isə orta aylıq əmək haqqı 10 000 lirə (1,041 manat) təşkil edib. 

“Dərman sahəsində idxaldan asılı vəziyyətdəyik”

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda demək olar dərman istehsalı yox səviyyəsindədir. Ölkəyə 96 faizə yaxın dərman idxal edilir. Onun sözlərinə görə, Azərbaycanda cəmi 4-5 faiz tibbə aid istehsal var. Onların əksəriyyəti isə dərman preparatı sayılmır. Maska, spirt və bəzi mazlardan ibarətdir: 

“Dərman sahəsində idxaldan asılı vəziyyətdəyik. Odur ki, idxal ölkəsində artan qiymətlər bizə birbaşa təsir edir”. 

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda demək olar dərman istehsalı yox səviyyəsindədir. Ölkəyə 96 faizə yaxın dərman idxal edilir. Onun sözlərinə görə, Azərbaycanda cəmi 4-5 faiz tibbə aid istehsal var. Onların əksəriyyəti isə dərman preparatı sayılmır. Maska, spirt və bəzi mazlardan ibarətdir: 

“Dərman sahəsində idxaldan asılı vəziyyətdəyik. Odur ki, idxal ölkəsində artan qiymətlər bizə birbaşa təsir edir”. 

“Tarif Şurasının qiymətqoyma mexanizmlərinə yenidən baxılmalıdır”

Bahalıq səbəbi bununla da bitmir. İqtisadçı bildirir ki, Tarif Şurasının dərman qiymətlərini tənzimlənməsi mexanizmi də  çox yanlışdır:

“Çünki qiymət tənzimlənmə mexanizmi molekullara görə istifadə olunur. Bu isə istehsalçı ölkələrə bağlıdır. Daha ucuz qiymətə satan ölkələr var, məsələn, Hindistan, Asiya ölkələri. Eyni molekulun qiymətini daha ucuz alıb, Azərbaycanda Tarif Şurasının müəyyən etdiyi qiymətə satırlar. Ona görə bizdə ucuz dərmanlar da baha satıla bilir”.

Natiq Cəfərli düşünür ki, Tarif Şurasının qiymətqoyma mexanizmlərinə yenidən baxılmalıdır. Eyni zamanda, gömrük rüsumları və əlavə dəyər vergisi də dərman qiymətlərinə təsir edir, onlara da  göz gəzdirilməlidir. 

“Anam hormonal dərman qəbul etməmin əleyhinə idi”

35 yaşlı Nigar M. da 19 yaşından hormon tənzimləyici həblərdən istifadə edib. Deyir, anası həkim olub, onu dəfələrlə müayinələrdən keçirib. Bəzən təbii yollara da baş vurub, çünki hormonal dərman qəbul etməsinin əleyhinə olub. Bu dərmanların qızının ana olmasının qarşısını alacağına inanıb. 

Nigar isə sonradan həkimə tək gedib və bu zaman ona başqa seçiminin olmadığı söylənib: 

“İnternetdən oxudum ki, bu problemdən əziyyət çəkən insanlarda tüklənmə, narahatlıq olur. Lakin mən onların heç biri ilə üzləşməmişəm”. 

“Diana-35” adlı dərmandan istifadə edən Nigar M. deyir ki, bu dərman ona yaxşı təsir etməyib, ürəkbulanma yaradıb.  Lakin o, “Jess”, “Yarina” kimi digər dərmanlardan periodik olaraq istifadə edib:
“Bir müddət sonra isə həkimə getməmək qərarı aldım. 30 yaşından sonra isə bu dərmanları içmədim. Bu zaman belimdə və çənəmdə səpkilər yarandı”. 

Foto: FreeVector
Foto: FreeVector

“Aybaşı nizamsızlığında, kista müalicəsində istifadə edilir”

Ginekoloq Rəşad Sultan deyir ki, “Yarina” və “Diana” elmi dildə kombinə oral kontraseptiv (KOK) dərmanlar adlanır. İlkin məqsəd kimi hamiləlikdən qorunmaq üçün istifadə olunur. Amma onların başqa faydaları da var:

“Məsələn, aybaşı qanaxması və sancısını, kista əmələ gəlməsini azaldır. Yumurtalıq və uşaqlıq xərçəngindən qoruyur, aybaşını nizama salır. Bundan əlavə, tüklənmə və sivilcələri azaldır. Odur ki, aybaşı nizamsızlığında, kista müalicəsində və s. istifadə olunur”.

“Bizdə insanlar hamiləlikdən qorunmağa önəm vermirlər”

Həkim deyir ki, məsələn, “Dufaston” dərmanı bu qrupdan deyil. Onun hamiləlikdən qoruyucu təsiri yoxdur. Lakin aybaşı disbalansında istifadə olunur: 

“Bu dərmanlar hormonal tənzimləmə məqsədilə çox istifadə olunur. Bizdə insanlar hamiləlikdən qorunmağa önəm vermirlər. Ona görə də bu dərmanlar qorunma məqsədilə bizdə Qərbdəkindən qat-qat az istifadə edilir”. 

Foto: Healthline
Foto: Healthline

Zərərləri nələrdir? 

Hormonal dərmanların zərərləri də var. Ginekoloq deyir ki, məsələn, qanın laxtalanma qabiliyyətini (trombemboliya, infarkt, insult riskini) artırır, qaraciyərə zərərlidir, süd vəzi xərçəngini böyüdə bilir: 

“Bunlardan başqa, qəbul edənlər arasında duyğu-durum (mood) pozğunluğundan və libido (cinsi meyl) azalmasından şikayətlənənlər olur. Bəzən depressiyaya qədər gətirib çıxarır. Əlbəttə bu əks təsirlər barədə pasientləri öncədən məlumatlandırırıq. Qeyd edim ki, hazırda ölkədə “Yarina” preparatı yoxdur. Odur ki, alternativ dərmanlar yazmağa çalışırıq”. 

“Hormonal balans pozğunluğu xəstəlik deyil”

Hormonal balans pozğunluğuna gəlincə, həkim bildirir ki, buna xəstəlik kimi baxılmır, sindrom deyirlər. Disbalansa səbəb isə əsasən, piylənmədir:

 “Belə ki, dərialtı piy toxumasında qadın cinsi hormonu sintez olunur. Bu da hormonal balansı pozur. Belə durumlarda kilolu olanlara arıqlamağı, çox arıq olanlara bir az çəki almağı məsləhət görürük. Çəki problemi olmayanlara isə dərman istifadəsinin faydası ziyanından çox olur, məsləhət bilmirik”.

Yazdı Selcan Hacı

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix