“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

0

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi

“Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə. 

O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır.

“Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan “Vafi” geyim brendinin təsisçisi, Azərbaycanda kişi geyimləri üzrə kolleksiya hazırlayan ilk dizayner Vəfa İsazadədir. 

Onun ikinci kolleksiyası 2018-ci ildə Londonda keçirilən sərgidə nümayiş olunub.

Qadınların təhsil almaları vacibdir

Vəfa İsazadə deyir ki, qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir. Buna görə də düşünür ki, qızların təhsil almaları, çalışmaları vacibdir. Onun sözlərinə görə, təhsil olmayan yerə zorakılıq, erkən nikahlar ayaq açır. 

“Bunu tez-tez təkrar edirəm, hansı peşənin, sənətin dalınca getməyin fərqi yoxdur. İstənilən sahədə peşəkar olmaq lazımdır. Elə uğurun sirri də peşəkarlıqdan keçir”, – Vəfa bildirir. 

Deyir, dizayner olmaq, öz brendini yaratmaq arzusu olub. Bu arzunun ardınca gedib və sahənin incəliklərini öyrənib. Hələ də oxuduğunu, yenilikləri izlədiyini söyləyir. 

Vəfa həm də bir neçə filmin geyim rəssamı olub. Eləcə də tanınmış müğənnilərin səhnə geyimlərini hazırlayıb: “Uşaqlıqdan tikməyə həvəsliydim. Gəlinciklərimə paltarlar tikirdim. Əvvəlcə özümü başqa sahələrdə sınadım, lakin rahat deyildim, daim axtarışda idim. Anladım ki, mən özümü tikməklə, yeniliklər etməklə tapa bilərəm. Kişi kolleksiyası yaratmaq fikri də belə yarandı. İşlədikcə gördüm ki, geyim seçimində kişilər qadınlardan daha kaprizlidir. Sonra qadınlar üçün də özəl modellər hazırlamağa başladım. Beləliklə, işlərin davamı gəldi”.

Vəfa bildirir ki, bu sahənin çətinlikləri çoxdur. Kolleksiyanı hazırlamaq üçün maddiyyatdan başqa, həm də mənəvi, psixoloji güc lazımdır. Yəni tək yetənəkli olmaq bəs etmir. Dizayner işlədiyi insanlarla vəhdət yaratmağı bacarmalıdır:

“Keyfiyyətli iş həm də imicdir. İnsan çalışdığı sahədə uğur qazanmaq istəyirsə, mübarizə aparmağa hazır olmalıdır. Ən kiçin problemdən yorulursa, işini davam etdirə bilməz. Bu, biznesdə vacib şərtdir”.  

Vəfa deyir ki, yaradıcılıq sahəsində marağı olanlar istedadını üzə çıxarmaqla bunu biznesə çevirə bilirlər. Sadəcə işə başlamaq üçün risk etməyi gözə almalıdırlar. Deməsinə görə, pul əldə etmək də işə başlamaq üçün yetərli deyil, seçdiyin sahəyə uyğun biznes plan hazırlamaq lazımdır: 

“Bəxdim onda gətirib ki, valideynlərim həmişə dəstək olublar, seçim edə bilmişəm. Elə təbiətdə böyümüşəm ki, hansı sahəyə istiqamətlənsəm, peşəkar olmaq üçün usanmadan çalışacaqdım, necə ki, indi bunu edirəm”.

 Kişi geyimləri üzrə ilk kolleksiya

Azərbaycanda kişi dizayner çox azdır. Vəfa İsazadə deyir ki, bu sahədə mütəxəssis barmaqla sayılacaq qədərdir:

“Mən kişi kolleksiyasının hazırlanmasına başlayan ərəfədə köynəklərin üzərində ad-soyadların baş hərflərinin həkk olunması yeni-yeni gündəm olurdu. Kolleksiya başdan-ayağa əl işi idi. Düymələrinin yerinə qədər əl ilə tikilmişdi”, – dizayner danışır. 

İsazadənin sözlərinə görə, onun hazırladığı ən son kişi kolleksiyasının adı “Qarabağ”dır.
Kolleksiya kişilər üçün cib yaylıqlarından ibarətdir. 

Onun sözlərinə görə, hər kişi cib yaylıqlarından istifadə etmir, bu, fərdi seçimdir: 

Mənbə: Vəfa İsazadə (Instagram)

““Qarabağ” kolleksiyası Qarabağ Müharibəsinə həsr olunub. Məqsəd həm də Qarabağın tarixi xalçalarının çeşnilərini dünyaya tanıtmaqdır. Düşündüm ki, bu cür gözəl, əsrdən-əsrə keçən xalçalar öz əksini cib dəsmallarının üzərində də tapa bilər. Limitli sayda buraxılan kolleksiyam 11 Qarabağ xalçası timsalında istehsal edilib. Çox maraqla qarşılanıb”.

Vəfa sözünə əlavə edir. Deyir, bu kolleksiya təqdim olunandan sonra xaricdə yaşayan azərbaycanlılardan çox sayda sifarişlər alıb. Kanadada keçirilən sərgiyə çıxarılan yaylıq rezonans doğurub.  

Əlaqələndirici şəxs

Vəfa İsazadə həm də ağır xəstələrin müalicəsi üçün peşəkar həkim və xəstəxana seçimində əlaqələndirici kimi çalışır. Deyir ki, bəzən xəstələrin müalicəsi üçün maddi imkan olur, amma onlar həkim, xəstəxana tapmaqda çətinlik çəkirlər. Nəticədə hara müraciət edəcəklərini bilmirlər. Buna görə də tək maddi yardımla yetinmək olmur.

“Hesab edirəm ki, başqa insanlara yardım etmək missiyası hər adama qismət olmur. Gələcəkdə fond yaratmaq, ehtiyacı olanlara maddi, psixoloji yardım göstərmək arzumdur. Bəzən edilən yardımları reklam edənlərə rast gəlirik, çoxları qınayır. Məncə, əksinə, o insan əməlini reklam etməklə, başqalarını da yardımlara həvəsləndirə bilər. Bəzən bir gülümsəmə, adi bir telefon zəngi də insanda problemin həll ediləcəyinə ümid yaradır. Belə bir deyim var, xoşbəxtlik paylaşdıqca çoxalır, mən də buna inanıram”, – Vəfa deyir.

Yazdı Nazlı

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix