Patriarxal cəmiyyətdə ayağı üstdə durmağı bacaran qadın olmaq

0

“Əksəriyyət 22 yaşlı qızın öz ayaqları üzərində dura bilməsini qəbul etmir, altında nəsə axtarır”

“İnsan şanslı və ya şanssız doğulmur. O, həyatdakı şansını özü yaradır”. Gülmira Hacıyeva da öz şansını yaradanlardandır. O, 3 il öncə ailəsindən və yaxınlarından dəstək almadan öz biznesini qurub: həm “Gold University”, həm də “Smart Training Center”i yaradıb. 

Dediyinə görə, “Gold University”ni quranda 22 yaşı olub. O, bütün uğurlarının əsas səbəbini özgüvəndə görür. Deyir, özünə inanmayan insana heç kəs inanmaz: 

“Universiteti təzəcə bitirmişdim, biznes ideyam var idi, lakin bunun üçün yetərli məbləğdə pulum yox idi. Bankdan 18 aylıq kreditlə 3500 manat götürdüm və “Gold University”ni elə bu pulla açdım”. 

“Mənə təkcə qardaşım inanırdı”

Gülmira deyir ki, o, “Gold University”ni qurmağa başlayanda, Azərbaycan onlayn təhsil sisteminə yenicə keçid etmişdi. Odur ki, çox adam uğurlu olacağına inanmırdı. Odur ki, ilk gündən bu işdə tək olub və onu kimsə dəstəkləməyib. Ailəsində ona yeganə inanan qardaşı olub: 

“Əslində tək ailəmdə deyil, cəmiyyətdə onlayn təhsilə güvən yox idi. Çünki  ilk dönəmlərdə axsamalar sezilirdi”. 

Gülmiranın yaratdığı “Gold University” ingilis dili kursudur.  Bir  vaxtlar ənənəvi formada fəaliyyət göstərən kursda hazırda dərslər yalnız onlayn keçirilir. 

Fərdi inkişaf üçün yaradılmış “Smart Training Center” təlim mərkəzi isə həm onlayn, həm də ənənəvi formada fəaliyyət göstərir. 

“İnsan özünü onu dəstəkləyənlərlə əhatə etməlidir”

Gülmiranın fikrincə, kifayət qədər pulu olub, hətta sahədən anlayışı olmayanlar da biznes qura və menecerlərlə həmin sahəni inkişaf etdirə bilər. Büdcəsi limitli olanlar isə anlayışı olan sahədə iş qurmalıdır: 

“Mən onsuz da müəllim idim. Ona görə də bilirdim ki, təhsil sektorunda uğurlu ola biləcəyəm. Lakin eyni zamanda, turizmlə bağlı təcrübəm var deyə, gedib restoran açsam, gülməli olardı”. 

Gülmira Hacıyeva deyir ki, insan özünü onu dəstəkləyənlərlə əhatə etməlidir. Biznes qafalı, ona dəstək ola biləcək çevrə toplamalıdır. Neqativ düşüncəli, onu aşağı çəkən tiplərdən uzaq durmalıdır: 

“Bir insan yanında daimi ağlayırsa, həyatından şikayət edirsə, o insandan mütləq şəkildə uzaq olmalısan. Əvvəl-axır sənə mənfi enerji ötürəcək və görəcəksən ki, sən də artıq onun kimisən”. 

Mənbə: dribbble.com
Mənbə: dribbble.com

“Kursu yeni açdığım vaxtlar bütün pulum biznesə gedirdi”

Biznesini qurarkən Gülmira az çətinliklə üzləşməyib, xüsusilə də müharibə və pandemiya dönəmində maliyyə çatışmazlığı olub: 

“Pandemiya dönəmində dövlət “işləmə”, – deyirdi. Lakin banklar verdiyi krediti tələb edirdi və güzəşt etmirdi. Hər gecikmədə borcun üzərinə faiz gəlirdi. Ümumiyyətlə, kursu yeni açdığım vaxtlar bütün pulum biznesə – elektronik əşyalara, yer puluna, kreditə və s. gedirdi…”. 

Gülmiranın işləri pandemiyadan sonra – sentyabrda kurslar açılanda nisbətən yoluna düşüb. Biraz sonra isə yenidən pisləşməyə başlayıb. Səbəbi pandemiya dönəmində təhsil müəssisələrinin açılıb, sonra yenidən bağlanmaları olub: “Bizim təlim mərkəzi sentyabrın 7-si fəaliyyətə başlayanda iştirakçı sayıyla bağlı problem yaşayırdıq. Gün ərzində 60-70 nəfər müraciət edirdi, amma biz onların sadəcə 10-nu qəbul edə bilirdik. Ara məsafəsi, maska taxılması və komendant saatıyla bağlı çətinlik yaşayırdıq. Pandemiyaya görə dil kursumuz həftəsonu çalışmırdı. “Conversation club”lar edə bilmirdik. Təlimlərə qatılan insanlar isə adətən həftəsonlarını seçirdi, çoxu həftəiçi məşğul olurdu. Bu da bizə problem yaşadırdı. Tələblə təklif üst-üstə düşmürdü”.  

Müharibə dönəmində isə axşam saat 7-dək bütün işlərini bitirməli olan “Gold University” işçiləri komendant saatına görə avtobus tapmaqda çətinlik çəkib. Eyni zamanda, taksi sifarişi ilə bağlı problem yaşayıblar. 

“Müharibə və pandemiya olmasaydı…”

Gülmira deyir ki, müharibə müddətində demək olar ki, heç bir tələbə kursa gəlməyib. Çünki onların əksəriyyətinin yaxını müharibədə olub və yaşanan internet problemi dərsə fokuslanmağa imkan verməyib: 

Mənbə: freepik.com
Mənbə: freepik.com

“Çoxu “VPN” tətbiqindən istifadə edirdi. Lakin hər kəsin “VPN”i, yaxud sürətli interneti olmadığından texniki problemlə üzləşirdik. Məncə, müharibə və pandemiya olmasaydı, o dönəmdə də kurs daha yaxşı irəliləyərdi”.

Gülmira Hacıyeva deyir ki, işin ilk dönəmlərində çətinliklərlə üzləşsə, fiziki yorğunluq yaşasa da, heç vaxt ruhdan düşməyib. O, “Gold University”ni açdığı dönəmlərdə günün 16 saatını işləyib. Yorulsa da bilib ki, bütün bunlar müvəqqətidir:  

“İndi 16 saat yox, günə ortalama 5-6 saat işləyirəm. Həftənin üç günü isə dincəlirəm. Hətta mən müəllimliyi və təlimləri dayandırsam da, biznes işləyəcək. Çünki kurs artıq yalnız məndən ibarət deyil. Başqa müəllimlər də var və onların sayəsində də mən qazanıram. Əvvəl tək idim, bəzən gün ərzində yeməyi belə unudurdum. İndi isə belə bir problemim yoxdur”. 

“Əvvəllər menecer götürməyə, dizayner və “SMM”-ə ayırmağa pulum yox idi”

Maddi çətinlikləri hesaba qatan Gülmira ilk gündən biznesin loqosunu özü hazırlayıb. Həmin loqo Gülmiranın sevdiyi rənglər və simvollardan ibarətdir: 

“Solda gördüyünüz dünya və məzun olmuş tələbədir. O, ingiliscə öyrənməklə dünyanın qapılarını üzünə açıb. Bir sözlə, hər zaman ona yaşıl işıq yanır. Odur ki, həmin hissə yaşılla rənglənib”. 

Əgər insan “biznesimi qurum işləməyəcəyəm” deyirsə…

Gülmira reallıqdan qaçan insanlardan da danışıb. Deyir, əgər bir insan “biznesimi qurum, sonra işləməyəcəyəm” –  deyirsə, deməli, həyatı türk seriallarındakı kimi görür: 

“Yalnız həmin seriallardakı “CEO”lar, menecerlərin işləri sənəd imzalamaqdan ibarətdir. Reallıqda isə biznes qurmaq belə deyil. Sən işçilərdən çox işləmək məcburiyyətindəsən. Düzdür, müəyyən müddətdən sonra daha az işləyə, hətta heç işləməyə bilərsən. Lakin yenicə qurulmuş biznesdə işləməmək kimi bir lüksün olmur”.

Biznes qurmaq istəyənlərə

Biznes qurmaq istəyənlərə Gülmiranın 2 tövsiyəsi var: Deyir, nə olursa, olsun, marketinq  təhsili alsınlar. Çünki özü də 2 ay sosial media, 5 ay rəqəmsal marketinq təhsili alıb. İkinci tövsiyə isə insan psixologiyasını öyrənmələridir:  

“Əgər siz biznes qurmaq istəyirsinizsə, insan psixologiyası, marketinq, bədən dilini mütləq şəkildə bilməlisiniz. Bir də maksimum yaxın adamlarla işləməkdən qaçmaq lazımdır”.

Mənbə: creativemarket.com
Mənbə: creativemarket.com

Gülmira Hacıyeva deyir ki, həyatının müxtəlif dönəmlərində sırf qadın olduğu üçün ayrıseçkiliyə məruz qaldığı çox olub. Bu, onun qurduğu biznesindən də yan keçməyib. Özü ruhdan düşməyib və insanlara da bunu məsləhət görür:

“Bəzən insanlar tez ruhdan düşür və deyirlər ki: “mən hansı işə əlimi atdım, alınmadı”, yaxud “işə qəbul ola bilmədim” və s. Bu zaman həmin insanlara motivasiya vermək məqsədilə “Facebook”-da özümün bu problemimi, hətta bankdan kredit götürməklə həll etdiyim işim barədə yazdığım olub. Aldığım cavabların çoxu ürəkaçan olmayıb. “Sənin pullu dayın olub”, yaxud “hansısa başqa yolla etmisən” kimi… Həmişə “mümkün deyil ki, 22 yaşında bir qız kurs açıb və öz ayaqları üzərində dura bilir”, – deyiblər. Mənsə artıq kimsəyə nəyisə izah etmək məcburiyyəti hiss etmirəm. Kreditlə, təkbaşıma iş qurmuşam, başqaları da edə bilər”, – deyirəm, vəssəlam”. 

Niyə cəmiyyət qadınların uğurunun arxasında nəsə axtarır?

Təlimçi, sosial araşdırmaçı Orxan Şahbazlı deyir ki, hələ vəziyyət əvvəlki illərə baxanda yaxşıdır. İndi qadının müstəqil formada əldə etdikləri qismən qəbulediləndir: 

“Qadınların uğur qazanmasının qəbul edilməməsinin səbəbi onlara cəmiyyətdə hər şeyə cinsəl məsələ üzərindən yanaşılmasıdır. Buna görə qadın hansısa sahədə naliyyət əldə edirsə, barəsində bəzən “həyat qadını”dır, “kimsə tərəfindən himayə edilir” kimi fikirlər səsləndirilir”.

Biznes quran qadınlar nə üçün qınağa məruz qalır?

Orxan Şahbazlı deyir ki, Azərbaycan cəmiyyəti patriarxal  olduğundan, burada “ailə” strukturu formalaşıb. Məsələn, kişi evə pul gətirən, qadın isə yemək bişirən, uşaqlara baxan obraz kimi formalaşıb: 

“Qadınların evdarlığa məcbur edilməsi, kişilərin isə pul qazanması artıq bir yanaşma tərzinə çevrildiyinə görə, hansısa bir qadın öz biznesini qurub, uğurlu formada inkişaf etdirəndə və maddi azadlığa çıxanda bu, birmənalı qarşılanmır”.

Bəs çıxış yolu nədədir?

Orxan Şahbazlı düşünür ki, cəmiyyətdə kişinin və qadının rolları mental qəliblərlə yox, fərdi şüurla formalaşmalıdır. Məsələn, “ailə” strukturunda olduğu kimi, kişinin qadını üstələməsi (yaxud tam əksi) yerinə, onların bir- birini tamamlaması lazımdır. Qadınla kişi bir-birini kompensasiya edən varlıqlar olmalıdır, üstələyən yox: 

“İnanıram ki, gələcəkdə ölkəmizdə qadınların inkişaf etməsi, bizneslərdə uğur qazanması çox olacaq. Ümid edirəm ki, nə qədər tamamilə məhv olması qeyri – mümkün olsa da, çoxluqla qadınlara qarşı olan bütün miflər qırılacaq”.

“Uşaqlarıma vaxt ayıra bilmirdim”

35 yaşlı Lamiyə İbrahimova isə Bakının Zabrat qəsəbəsində ümumtəhsil müəssisələrinin birində təlim və tərbiyə işləri üzrə direktor müavinidir. O, 2009-cu ildə universiteti bitirəndən sonra ailə həyatı qurub və bir müddət başqa sahələrdə çalışıb. İllər sonra isə öz ixtisası üzrə işləməyi qərara alıb. O, 2016-cı ildə müəllimlərin işə qəbulu üzrə imtahan verəndə, hədəfi şəhər məktəblərindən birinə düşmək olub. Lakin imtahanda tələb olunan keçid balını toplasa da, ilk müsahibəsi uğursuz alınıb: 

Mənbə: vivobase.com.sg
Mənbə: vivobase.com.sg

“İkinci dəfə müsahibə mərhələsində iştirak etdikdən sonra Bakının Türkan kəndindəki ümumtəhsil müəssisəsinə düşdüm. Burada müəllim kimi fəaliyyətə başladım. Universiteti bitirməyimlə müəllim kimi fəaliyyətə başlamam arasında böyük il fərqi var idi. Təbii bir çox şeyləri unutmuşdum. Üstəlik, evimlə kənd arasındakı məsafə də ayrı bir dərd idi. Bir də ayıldım ki, uşaqlarıma çox az vaxt ayıra bilirəm”. 

“Direktor ola bilməsəm də, direktor müavini vəzifəsini təklif etdilər”

Lamiyə İbrahimova usanmadan 5 il hər gün evindən 42 kilometr uzaqlıqdakı məktəbə gedib-gəlib. O, yolu Bakıdan Qubaya gedib çıxmaq kimi təsvir edir: 

“Bu müddət ərzində yaxınlarım, həyat yoldaşım dəstək oldu. Həmin məktəbdə işlədiyim zamanlarda qarşıma xeyli məqsəd qoydum. Həm problemlərimi aradan qaldıracaq, həm də vəzifəyə yüksələcəkdim”. 

Bundan sonra o, “Direktorların  işə qəbulu üzrə” imtahanlarında özünü sınamağa başlayıb: 

“Ötən il həmin imtahana mən təkbaşıma hazırlaşdım. Ailəmdən və yoldaşımdan heç bir maddi kömək almasam da, mənəvi dəstəklərini daima hiss etmişəm. Direktorlar üçün olan imtahandan lazımi balı toplasam da, müsahibəm uğursuz alındı. 2021-ci ilin noyabrında mənə Bakı şəhər Təhsil İdarəsindən zəng gəldi. Direktor müavini vəzifəsini təklif etdilər”.

“Xocavənddə, öz ata-baba yurdumda direktor olmaq istəyirəm”

Lamiyə İbrahimova hesab edir ki, ondakı idarəçilik potensialını və əzmini görüblər. Ona görə bu vəzifəni təklif ediblər. Hazırda o, direktor müavini kimi fəaliyyət göstrərir və bu vəzifəsini tamamilə əzmkarlığına və öz üzərində işləməyinə borclu bilir. 

Lamiyənin gələcəklə bağlı əsas arzusu Xocavənddə – öz ata-baba yurdunda direktor olmaqdır: 

“Direktor kimi işğaldan azad olunacaq şəhərimin məktəbinə təyin olunmaq istəyərdim. Hazırda bu mümkün olmasa da, gələcəkdə bunun üçün çalışacağam. Mən indi işlədiyim təhsil müəssisəsinə həm də bunun üçün gedirəm ki, yalnız direktor müavini olduqdan sonra direktorluq vəzifəsinə qalxa bilərəm. Burada işlədiyim müddətin hər bir günü mənə təcrübədir deyə, düşünürəm”.

Gülmira Hacıyeva isə gələcəkdə özünü Amerikada görür. Deyir, o, artıq lazımi bütün addımları atıb və nəticə gözləyir:  “Xaricdə də bu kursları davam etdirməyi və insanların fərdi inkişafına yönəlik layihələr həyata keçirməyi planlayıram”.

Yazdı Dinara Zeynalova

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix