“O qız” olmaq 

0

“That Girl” – “O qız” trendi bizə nə deyir?

O qız səhərlər ən gec 6-7-də oyanır, üz baxımını edir, sonra idman zalına yollanır. Dönüşdə içərisində avakado, ya da yulaf olan sağlam səhər yeməyini hazırlayır. Daha sonra gündəliyini açır və etməli olduqlarının planını cızır, qeydlərini aparır. Bəzən gün ərzində etməli olduqları bir vərəqə sığmır. 

Bir sözlə, o qız zamanını ən yaxşı şəkildə dəyərləndirir, uğurludur və bunların hamısını öz rutininə borcludur. 

“Femmekan”ın budəfəki mövzusu “o qız”dır. Birlikdə öyrənək görək “o qız” daha nələr edir? Həm də onu öyrənək ki, insan üçün önəmli olan hansıdır: planlı həyat, yoxsa, istədiyi kimi yaşamaq?

Yuxarıda qeyd edilənlərin hamısına son bir ildir sosial mediada – xüsusilə də “TikTok”dakı “That Girl” – “O qız” trendində rast gəlmək olar. Ən əsası, bu başlıq altında paylaşılan videoların şərh hissəsində insanların bölündüyünü görürük. Trenddən ilhamlanıb daha planlı və sağlam yaşamaq üçün həvəslənənlər də, bunları lazımsız, faydasız, produktiv olmayan bir insan kimi hiss etdirdiyini deyənlər də var. Belə bir rutinin mümkün olmadığını və olsa belə həyatı çox sıxıcı etdiyini düşünənlər də az deyil.  

Mənbə: vectormine.com
Mənbə: vectormine.com

“O qız” bir trend, estetika olaraq sağlamlığı, həyatın hər dəqiqəsində dəqiq və planlı olmağı təbliğ edir. 

Dincələndə özünüzü günahkar hiss edirsiniz

Qlobal Sağlamlıq İnstitutuna görə, sağlamlıq – bütün sağlamlıq vəziyyətinə gətirib çıxaran fəaliyyətlərin, seçimlərin və həyat tərzinin aktiv təqibidir.

Şərhlərdən də hiss edilir ki, trendin yararlı olduğunu, motivasiya yarada bildiyini deyənlər olsa belə, burada tələb edilənlər hamı üçün real olmaya bilir. 

Joanne Barron
Joanne Barron

Əksinə, gec oyanmaq, idmana vaxt tapmamaq, səhər yeməyində avakado yox, pendir-çörək yemək sosial mediadakı  bu tərzdəki “estetik produktiv” olmağı təbliğ edən trendlər nəticəsində insanlara pis hiss etdirir. 

Psixoloq Dr. Joanne Barron “Grey Journal” da yayımlanan müsahibəsində qeyd edib ki, toksik produktivlik insanları daha stresli edir. Bəzən insanlarda dincəldikləri üçün günahkarlıq hissinə səbəb olur:

“Dincələndə özünüzü günahkar hiss edirsiniz. Boş vaxtlarda belə vaxt itirmək istəmirsiniz. Düşünürsünüz ki, mən bunu etməliyəm və ya başqa bir işə yetişə bilərdim. İstirahət vaxtınızı planlaşdırmırsınız, çünki işləmək hər şeydən vacibdir”. 

O qeyd edir ki, sosial mediadakı trendlərin insan psixologiyasına mənfi təsirləri var. Orada paylaşılan videoların, fotoların əksəriyyəti çox vaxt reallığı əks etdirmir və hamı üçün düzgün olan bir yaşayış tərzi olmaya bilir: 

“Sosial mediada nə paylaşırıq? Təbii insanların görməsini istədiklərimizi bölüşürük. Nəticədə, insanlar özlərini həmin ən yaxşı vaxtların fotoları ilə müqayisə edir. Bu gün bir çox gəncin bununla bağlı problemi yaranıb. Çünki onlar başqalarının gözəl həyat sürdüyünə və hər zaman heyrətamiz, möhtəşəm göründüyünə inanır, özlərini o gözəl vaxtlarla müqayisə edirlər”.

Dr. Joannenin sözlərinə görə, “pis” hisslər keçirmək, bəzən tənbəl olmaq çox normaldır, insanidir. Bu duyğuların fərqində olmaq, bu barədə düşünüb, həllini tapmaq isə ən sağlam olanıdır:

“Bizi gözəl həyat keçirdiyimizi göstərməyə səsləyirlər. Beləliklə, sanki insanlara kədərlənməyin yaxşı olmadığını öyrədirlər. Təbii ki, heç kim kədərlənmək istəməz, amma kədərlənmək insanidir, sağlamdır və pis bir şey deyil. Bütün duyğularımızın bir səbəbi var və bunların hamısı diqqət etməli olduğumuz mesajlardır”.

Psixoloq düşünür ki, sosial mediada toksik produktivliyin böyük bir hissəsi müəyyən emosiyaların qadağan olmasıdır: “Əslində isə kədərlənmək də, pis gün keçirmək də normal haldır. Həmişə xoşbəxt, sağlam və gözəl ola bilmərik. Bu həyat deyil, bir növ fantaziyadır”.  

Rutin həyatımızı asanlaşdırır yoxsa onu daha da yükləyir?

“Femmekan”ın sosial mediada keçirdiyi sorğuda qadınlar rutin qurmağın faydalı ola biləcəyini deyiblər. Bəziləri isə rutinin sıxıcı və davamsız olduğunu söyləyib.  

Mənbə: Gts Art
Mənbə: Gts Art
  • Əvvəldən planlanmış heç nə edə bilmirəm, alınmır, işlərim tərsinə gedir. Ona görə də artıq axarına buraxıram, hansı işi çatdıra bilsəm, edirəm, çatdırmasam, boş verirəm. İşlədiyim üçün bir tətil günüm var. Əvvəllər həmin gün ancaq ev işləri görürdüm. Paltar yumaq, ütüləmək, yemək bişirməklə günüm bitirdi. Səhər də oyanıb yorğun işə getməli olurdum. Artıq tətil günlərində az iş görüb, gəzməyə gedir, dincəlirəm. 
  • Mən sabahdan dəftərə qeyd edib, günlərimi planlayacam. Çox vaxtımız əslində itir, fərqində deyilik. Son bir ildə anladım ki, 16 saat iş görmək üçün vaxtımız var imiş. Həmin zamanda o qədər iş görmək olar ki… 
  • Rahat insanam, özümü sıxmağı, qəlibə salmağı sevmirəm. Dəyişməz bir rutinim var – hər səhər 700-1000 ml su içirəm, 30 dəqiqə sonra yemək yeyirəm, əks halda, çəkim artır. Qalan şeylər necə gəldi davam edir. Arada makiyajlı da yatıram. 
  • Mən plan daxilində hərəkət edən biri deyiləm, mütləq ki, nəsə çıxır və planlarım pozulur. Rutinlə getmək mənə görə sıxıcıdır, hər gün eyni şeyi etmək məni bezdirir. Planlı insanları təqdir edirəm, amma mənə görə deyil.
  • Bu saatda bunu edəcəm demirəm. Bütün sosial şəbəkələrə 30 dəqiqə vaxt limiti qoymuşam. 30 dəqiqə tamam olan kimi proqramlar məni atır, istəsəm də girə bilmirəm. Beləliklə, sosial şəbəkədə saatlarla yox 90 dəqiqə keçirirəm (3 sosial şəbəkə hesabım var). Bundan əlavə, görməli işlərimi saatla bölürəm. Məsələn, bu gün 2 saat dil öyrənməklə məşğul olacağam. Hansı saatda, neçədən neçəyə kimi fərq etmir. O 2 saat edilməlidir. Bəzən bir dəfəyə, bəzən yavaş-yavaş edirəm, çox faydalı olur. 

Klinik psixoloq, Xəzər Universitetinin müəllimi Nilufər Akif deyir ki, produktivlik həddini aşdıqda toksik hal alır, qeyri-real gözləntilərə və nəticədə, mental sağlamlığın pozulmasına gətirib çıxarır:

Nilüfər Akif
Nilufər Akif

“Produktivlik sözünü işlədəndə bunu müsbət şeylərlə əlaqələndiririk, çünki produktiv olmaq o deməkdir ki, bizim bir rutinimiz, cədvəlimiz var. Bir sözlə, vaxtı israf etmirik. Bu da digər hər şey kimi həddini aşdıqda toksik hal alır. Toksik produktivlik o deməkdir ki, artıq sizin həyatınızın digər mərhələləri – şəxsi həyatınız, insanlarla və özünüzlə olan münasibətiniz, istirahət vaxtınız, mental və fiziki sağlamlığınız arxa plana keçib. Sizin üçün ön planda olan tək şey gününüzün 100 faizini dəyərləndirmək və qeyri-real şəkildə produktiv olmaqdır”. 

Psixoloqun sözlərinə görə, məqsəd qoyanda buna diqqətlə yanaşmaq, onun reallığını öncədən sorğulamaq lazımdır. Çünki beynimizdəki hormonların bu qərarlarda rolu heç də az deyil:

“Qeyri-real gözləntilər o deməkdir ki, bir insan oyaq olduğu vaxtın, hər bir dəqiqənin hansısa bir nəticəyə, uğura bərabər olmalı olduğunu düşünür. Bu, düşüncə xətasıdır. Belə xətalardan ən başlıcası da “malı-məlilərin” çox olmasıdır. “Mən bunu mütləq etməliyəm”, “bir saat içində bu qədər iş ortaya qoymalıyam” və s. kimi. Məqsəd qoyanda bunun real olub-olmadığına fikir vermək lazımdır. Yoxsa, istəklərimiz telefonu şarja taxmadan daim işləməsini gözləməyə bənzəyər”.

Nilufər Akif düşünür ki, qeyri-real gözləntilərə köklənmənin bioloji səbəbi var: 

“Beynimizdə dopamin adlanan neyrotransmitter var. Həmin neyrotransmitter kimyəvi mesajlardır. Dopamin ancaq o zaman ifraz olunur ki, biz mükafat sistemi ilə işləyirik. Hansısa böyük bir işi bacarırıq və bunu – məsələn, müdürümüzə təqdim edirik. Onun dediyi bir “afərin” sözü ilə nəticəni görmüş oluruq. Beləliklə, beynimizdə dopamin ifraz olunur”. 

Toksik produktivlik

Mənbə: wholefoodsmagazine.com
Mənbə: wholefoodsmagazine.com

Nilufər Akif deyir ki, sosial mediadakı trendlər, paylaşımlar mental sağlamlığa mənfi təsir göstərir, qeyri-real məqsədlər qoyulmasına zəmin yaradır. Əslində isə “smart” texnikası məqsədlər qoyarkən ən məntiqli üsuldur:

“Toksik produktivliyin əsas səbəbi hazırda sosial mediadan bizə yeridilən mükəmməl “biznes ledi” obrazlarıdır. Bunu özümüzə həmişə xatırlatmalıyıq ki, sosial mediada demək olar ki, heç kim neqativ tərəflərini göstərmir. Toksik produktivlikdən qurtulmaq üçün insan öz məqsədlərini və rutinini reallığa uyğun olaraq qurmalıdır. Mən hər kəsə “smart” texnikasını məsləhət görürəm”.

Psixoloq deyir ki, məqsədlər qoyarkən düşünmək lazımdır:  

  • Hədəf nə dərəcədə realdır? 
  • Həyata keçirilə biləndirmi? 
  • Mənim məqsədlərimə uyğundurmu?
  • Yolun sonundakı hədəfi nə qədər istəyirəm? 

“Bu sualların cavablarını qeyd etmək, nəzərdən keçirmək hədəflər müəyyənləşdirəndə, rutin yaradanda faydalı ola bilər”. 

Nilufər Akifin sözlərinə görə, əslində rutin hər zaman sıxıcı bir planlama demək deyil. Əsas olan rutinin başqalarının yox, özünün istəklərinə uyğun qurulmasıdır:

“Rutinin sıxıcı, yorucu olması yanlış düşüncədir. Əgər insan həqiqətən özünün istədiyi bir hədəf uğrunda rutin qurubsa, bundan zövq alacaq. Bəzən rutindən kənara çıxmaq, əlavələr etmək, bəzi günlər rutini tamamən unutmaq faydasız bir gün, günlər mənasına gəlmir”. 

Psixoloq düşünür ki, sosial mediadakı “That Girl” – “İdeal qız” tipli rutin videolar toksikdir. Onun sözlərinə görə, ideal rutin insandan-insana dəyişir, şəxsidir. Beləliklə, hər insan özü üçün ideal olanı tapmalı, başqaları ilə özünü müqayisə edib həyatı barədə neqativ düşünməməlidir:

“İdeal bir rutin yoxdur. İdeal axtarışında olan insanlar bir növ özlərini sığortalamağa çalışır. İnsan getdiyi yolda səhvlər də edə bilər, bu, əksinə, insanı böyüdür, onu gücləndirir. Öz ideal rutinimizi özümüz yaratmalıyıq, başqalarınınkı ilə müqayisə etməməliyik”.

YAzdı Selcan Hacı 

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix