Müharibənin “qadın üzləri”

0

Müharibə hər zaman ön cəbhədə getmir. Arxa cəbhədəki narahat, həyəcanlı sevinci ilə kədəri qarışan, nigaran insanları unutmayaq. Demələrinə görə, müharibə ürəklərində gedir. Onlar arxa cəbhənin qadınlarıdır. 

Kimi övladını, həyat yoldaşını hərbiyə yola salıb, gözü yolda, qulağı səsdədir, kimi evini ikinci dəfə itirmək qorxusu içindədir, kiminin də duyğuları qarışıqdır. Anidən qapısını döyən müharibə, baş verənlər nədir, nə qədər davam edəcək, harada duracaq deyə, düşünür. 

İçlərində kəndi, şəhəri işğaldan azad edilib deyə, sevinənlər də var, yaxınını itirmək qorxusu ilə yaşayanlar da… Bəziləri isə müharibənin heç vaxt bitmədiyini düşünür. 90-cı illərdə yaşadıqları hər gün xatirlərindədir çünki…

Füzulinin Bala Bəhmənli kəndindəki evlərdən birində  yasdır. Müharibənin ilk günü, sentyabrın 27-i  Nizaməddin İsmayılovun 24 illik hərbçi həyatının son günü olub. Anası Nabat İsmayılova isə həmin günü həyatının “son xoşbəxt günü” adlandırır. 

Nabat xanım bundan sonra onun üçün heç nəyin əvvəlki kimi olmayacağını deyir. Sonra oğlunun şəhid olmaq arzularından danışır, tutduğu yolun hərbi olduğunu deyib, özünə təskinlik verir. Nə də olsa, bu, onun yolu idi. Sonunda ölüm olduğunu bilirdi və bunu gözə almışdı.

Həmin an ağlıma hərbidə həlak olan musiqiçi, rəssam, heykəltaraş, müəllim, bəstəkarlar gəldi. Əlindən fırça, tar, keramika, kitab düşməyən sənətkarların yolu dəqiq ki, hərbi olmamışdı. Bir gün əllərinə silah alıb müharibəyə yollanacaqlarını düşünməmişdilər. 

Görən onların anaları özlərinə necə təskinlik verir? 

Yasa gələn qadınlar danışır. Deyirlər ki, kəndə bu gün daha bir əsgərin cənazəsini gətirəcəklər. O, tankçı Paşadır. O Paşa ki, “Aprel döyüşləri”ndə də iştirak etmişdi. İnsanlar onun üçün üzülür, valideynlərinin halına acıyırdılar. Bir gün sonra məlum olur ki, Paşa sağdır, cəbhədədir. Ondan 3 gün sonra, oktyabrın əvvəli həqiqətən cənazəsi gəlir. Nizaməddinin anası oğlu ilə birgə öldüyünü deyir. Bu məntiqlə Paşanın anası 2 dəfə ölmüş olur. 

Füzulidə köçkünlər üçün salınmış  Qayıdış qəsəbəsində yaşayan 57 yaşlı Nazilə Novruzovanın isə 27 il sonra kəndi azad edilib – Kənd Horadiz. Bu, müharibənin ilk günü azad edilən 5 kənddən biridir. Nazilə deyir, kənddən çıxanda 29 yaşı olub:

“Sanki bir ömür keçib. Az qala kəndimizdə yaşadığım həyat qədər köçkünlük görmüşəm. Elə darıxmışam ki… Gedəndə torpağı qucaqlayıb, öpəcəm”. 

Sevinir, deyir, xəbəri iş yerində olanda eşidib. Nazilə Füzulidəki restoranların birində qabyuyandır. İş yoldaşları “dur oyna, bu gün sənin ən xoşbəxt günündür”, – deyiblər.

“Oynamadım, dedim, ayıbdır, kişilər var. Amma nə yalan deyim, ürəyim içimdə oynadı. Sonra güldüm, sonra ağladım, sonra, sonra isə ağlıma müharibə, kənddən çıxışımız, köçkünlükdə solan ömrüm gəldi, kədərləndim. Dedim indi kənardan baxan dəli olduğumu düşünəcək, özümü toparladım. Bir günün içində ilin 4 fəslini yaşadım”. 

Müharibə Nazilənin ürəyindəki bəzi qorxularını, travmalarını oyadıb. Deyir, həyatda ən çox qorxduğu şey əsir düşməkdir. Heç ölməkdən o qədər qorxmur. İndiyə qədər hansısa qohumu, yaxını əsirlikdə olubmu? – deyə, sual edirəm. “Yox”, – deyir. Bu haqda eşitdiyi hekayələr onda travma yaradıb:

“Eşidirsiz, yaman atırlar. Şükür, qızım başa salıb, bilirəm. Hansılar bizimkilərin atdığıdır, hansılar onların. Odur ki, əvvəlki kimi gələn hər səsə ürəyim düşmür. Çox eşitmişəm, əslində qorxmamalıyam bəlkə də. Amma əlimdə deyil, o partlayan bombaların hər biri məndən nələrsə alıb aparır. Müharibədir, bir gün sevindirir, növbəti gün başına nə oyun gətirəcəyi bəlli olmur. Görə-görə gəlmişik. Hə, yorulmuşuq da…”. 

Füzulinin Babı kəndinin sakini Təranə Qasımova isə sülh istəyir. Amma bunu dilə gətirməkdən, yanlış anlaşılmaqdan qorxur. Deyir, sevinir, torpaqları, Füzuli şəhəri azad edilir. Lakin həm də kədərlənir, itkilər, hərbidə olan qohum-qonşuların aqibəti onu narahat edir. Əlində olsa, müharibələri yer üzündən silər: 

“Amma əlimdən heç nə gəlmir. Bilirsiniz nə istəyirəm? İstəyirəm yuxudan ayılım ki, hər şey bitib. Bir də mümkün olsa, pis xəbərlərə qulağımı tıxayardım”. 

Gülsənəm Məmmədovanın isə nəvəsi hərbidədir. Deyir, onun necə olduğunu düşünmədiyi bir anı belə yoxdur: 

“Hətta özümü ona qurban demişəm. Balam sağ-salamat gəlsin, mən ölsəm də olar”. 

Sonra cəbhəyanı ərazilərdə yaşayan qadınların taleyindən danışıb üzülür. Deyir, Ağdamda qadınlar qan ağlayır, evləri dağılıb:

“Qorxuram, evimdən yox, ev düzələndir, amma insana nəsə olanda onun geri dönməsi, hər şeyin əvvəlki vəziyyətə düşməsi mümkün olmur”.

Dövlət qurumlarının birində xadimə işləyən Mətanət Mirzəyevanın oğlu da hərbidədir. Deyir, səhər tezdən işə gedir. Sakitçilikdə bomba səsləri daha aydın eşidilir və bu, onu narahat edir: 

“O bombalar mənim ürəyimdə partlayır. İnsan nəyə lazımdır? Mənim bircə övladım var, ona nəsə olsa, mən yox kimi bir şeyəm. Təkcə cəbhədə döyüşən o uşaqlar yox, onlardan əvvəl arxa cəbhədəki anaları ölür”.

Hə, bir də övladından zəng gözləyənlər var. Füzulinin Əhmədbəyli kəndinin 57 yaşlı sakini Kifayət Soltanova kimi… Əlində oğlunun şəkli, gözü qapıda, hər an pis nəsə eşidəcəkmiş kimi – ürəyi ağzında yaşayır. Deyir, bu günləri ömrünün sonunacan unutmayacaq, gözləmək itkidən də ağırdır. Çünki hər gün insanı yavaş-yavaş öldürür…

Arxa cəbhədə olsalar da, ürəklərində mərmilər partlayan bu insanlar müharibənin “qadın üzləri”dir.  

Yazdı və çəkdi Gülər Mehdizadə

Bağlı mesajlar

1-Cavab

Bir cavab buraxın

Mənim Yeni Tarix