Müharibə: Acısı bərabər, qərarı tək

0

Sülh danışıqlarında iştirak mövzusunda gender bərabərliyi pozulur

“Müharibəni kişilər edir, amma qadınlar da ölür. Kişilər ön cəbhədə cismən, qadınlar isə cəbhənin arxasında ruhən, mənən həlak olur. Ölüb getmək, zillətlə yaşamaqdan daha az əzablıdır”.

Birinci Qarabağ müharibəsində evini, işini, dostlarını, illərlə yaşadığı, öyrəşdiyi mühiti, hər gün xəstəxanada iki növbəli sistemdə işləyib, zəhmətlə əldə etdiyi nəyi varsa, hər şeyini itirən nənəm belə deyərdi.

“Əlimdə olsaydı, heç vaxt müharibə yolunu seçməzdim”

Müharibəni iki fərqli dalğada yaşasalar da, həm kişilər, həm də qadınlar böyük itki verir. Ağrı-acı ədalətli paylansa da, müharibə qərarı və sülh danışıqlarında iştirak mövzusunda bərabərlik təmin edilmir. Bu məsələlərdə qadınların rəyi önəmsənmir.

“Əlimdə olsaydı, heç vaxt müharibə yolunu seçməzdim. Ümumiyyətlə, müharibəni təbliğ edənə cəza kəsərdim. Böyük arzum yoxdur, uşaqlarımı kindən, nifrətdən, düşmənçilikdən uzaq böyütmək istəyirəm. Məktəblərdən isə ümumiyyətlə, müharibə kəliməsini yığışdırmaq istəyərdim”.

Bunu təhsil sahəsində çalışan Məleykə Məmmədova (ad şərtidir) deyir. Onun üçün təhsilə hərb mövzularının qarışdırılması faciədir. Onu da anlayır ki, bunun qarşısını almaq bir nəfərin həll edəcəyi iş deyil. 

Münaqişə niyə bitmir?

2020-ci il sentyabrın 27-də Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında başlayan və 44 gün davam edən qarşıdurmada iki tərəfdən 6 minə yaxın şəxs həlak oldu.

Ölənlərin və ümumilikdə döyüşən hərbçilərin yarıdan çoxu birinci müharibədən sonra dünyaya gəlmiş insanlardır. 

Sosioloq Sənubər Heydərova deyir ki, bunun özü 30 il ərzində nifrəti təzə saxlamanın nəticəsidir. Çünki hər iki ölkədə militarizm (hərbçilik) insanlara bağça, məktəb yaşlarından aşılanır. Müstəqillik, yaxud hərbidə qazanılmış üstünlüklə bağlı xüsusi günlərdə bağçalarda, məktəblərdə uşaqlara hərbi geyimlər geyindirib, onlara bu mövzuda şeir dedirdir, hekayə oxudurlar. 

Ötən il şagirdləri İkinci Qarabağ müharibəsindən sonra salınmış “Zəfər Muzeyi”nə aparanlar da az olmadı… 

Qarşı tərəfdə də mənzərə fərqli deyil. Beynəlxalq mediada müharibədən sonra Ermənistanda orta məktəb şagirdlərinə silahdan istifadəni öyrətməklə bağlı təlim keçirilməsi materiallarına rast gəlmək olar.

Sənubər Heydərova deyir ki, müharibə, düşmənçilik ruhu bölgədə nə qədər təzə saxlanılsa, münaqişələr bölgəni tərk etməyəcək.

Müharibə niyə daha çox qadınlara təsir edir?

“Müharibə ən çox qadınları bədbəxt edir, aciz duruma salır. Çünki Azərbaycanda daha çox qadınlar təhsildən yayındırılır, erkən evləndirilir, işləmələrinə və iqtisadi azad olmalarına imkan verilmir. Ən xırda uğursuzluqda birinci onlar zərbə alır. Şəhid analarına baxın, dözmək olmur”, – deyən Məleykə Məmmədova əlavə edir ki,  iki oğlu var və biri də dünyaya gələcək. Onların gələcəyindən narahatdır: 

“Gözümü açandan müharibədir, hələ də bitmir, bitmədi. Özüm təhsil sahəsində işləyirəm. “Zəfər Günü”nə yaxın eşitdim ki, şagirdləri muzeyə aparmaq istəyirlər, nə bilim, tədbir təşkil ediblər. Mən bir-iki dəfə uşaqları nifrətlə böyütməyin doğru olmadığını dedim. Təəssüf ki yanlış anlaşıldım. Həmin gün gücüm uşaqları məktəbə göndərməməyə çatdı və müəllimlərinə xəstə olduqlarını söylədim”. 

“Müharibə gələcək nəsillərə mirasdır”

Gənc ana münaqişənin uzun çəkməyəcəyinə ümid edir, heç olmasa, düşünür ki, müharibə övladlarının gəncliyinə kimi bitər. Çünki övlad itirmək istəmir: 

“Bibimin yoldaşı Birinci Qarabağ müharibəsində döyüşüb. İkinci Qarabağ müharibəsində isə kiçik oğlunu itirib. Danışanda deyir ki, ağlına gəlməzmiş bir gün evlənəcəyi, oğul atası olacağı və onu yenidən alovlanan müharibədə itirəcəyi… Bəzən mən qorxanda, deyirlər, “səninkilər körpədir, nə vaxt böyüyüb, əsgər gedəcəklər?” Reallıq göstərir ki, müharibə gələcək nəsillərə mirasdır, bölgədə düşmənçilik bitməyincə, belə də qalacaq”. 

Nifrət, kin və qəzəb…

Məleykə Məmmədova uşaqlarını bacardığı qədər müharibə mövzusundan uzaq tutur. Lakin məktəbdə, televiziyada hər gün təkrar-təkrar gedən mövzunun qarşısında bu, asan başa gəlmir: 

“İstəyirəm böyüyüb hansısa xarici ölkədə oxusunlar. Hətta həyatlarını oralarda qursunlar və qarşılarına çıxacaq heç bir xalqın nümayəndəsinə nifrət etməsinlər. Anlayıram, bilirəm, biz bu münaqişədə haqlı tərəfik. Amma istənilən halda ölmüş bir insana aid əşyaları, müharibə, qanla əldə olunmuş texnikanı uşaqlarımın görməsini, onlara toxunmasını istəmirəm”.

Ana düşünür ki, heç bir uşaq nifrətlə böyüməməlidir. Çünki nifrətin bir yönü olmur. İnsanın içində nifrət, kin, qəzəb yaranırsa, bu, yalnız bir tərəfə yox, hamıya yönəlir.

Tərəflər qarşılıqlı razılığa gəlmədikcə…

Psixoloq Jana Cavaxişvili vətənpərvərlik tərbiyəsi məsələsini belə şərh edir:

“Münaqişə həll edilmədikcə, tərəflər qarşılıqlı məqbul razılığa gəlmədikcə və nəticələrlə barışmadıqca, münaqişənin nəsildən-nəslə ötürülməsi riski yaranır”.

Psixoloq düşünür ki, burada xüsusilə, valideynlər psixoloji olaraq həll olunmamış münaqişənin yükünü gələcək nəslə, öz övladlarına ötürəcəklər:

“Psixologiyada bu, “depozit qoymaq” sözü ilə izah edilir. Sanki valideynlər münaqişəni, nifrəti “əmanət qoyur”, gələcək nəsli həllini tapmamış problemlərinin və münaqişə ilə bağlı güclü neqativ emosiyalarının “anbarına”  çevirirlər”. 

Psixoloqa görə, travmanın nəsildən-nəslə ötürülməsi yollarından biri də münaqişə ilə bağlı hekayələrin danışılmasıdır. Bu rəvayətlər uşaqlara dərsliklər, xatirələr, muzeylər, KİV-lər, valideynlər, müəllimlər tərəfindən çatdırılır. Beləliklə, gənc nəsil özlərindən əvvəlkilərin qorxu, təhqir, qəzəb kimi hisslərinin daşıyıcısına çevrilir.

“Uşaqların siyasətdə iştirakçılığı qəbulolunmazdır”

Sənubər Heydərovaya görə, müharibə elə bir mövzudur ki, bu gün Azərbaycanda ona qarşı olduğunu deyənlər linç edilir. Çünki bütün müharibə şəraitində olan dövlətlər kimi, Azərbaycanda da militarizmlə vətənpərvərlik qarışıq salınır. 

O ki qaldı militarizmlə uşaq mövzusuna, Sənubər Heydərova düşünür ki, bu, ümumiyyətlə bir cümlədə bərabər çəkilməyəcək iki kəlimədir: 

“Ancaq bizdə uşaqlar hərbdən, silahdan uzaqda böyümür. Düzdür, müharibə tək bizim bölgəyə xas deyil, indiki inkişaf etmiş ölkələr də zamanında bir-birləri ilə müharibə aparıblar. Lakin bu gün kimsə təsəvvür etməz ki, Fransada məktəbli uşaqları hərbi hissəyə aparıb, onlara silahdan istifadə öyrədirlər. Ümumiyyətlə, müharibə siyasi prosesdir. Uşaqların birmənalı siyasətdə iştirakçılığı qəbulolunmazdır”. 

Müharibəni dəstəkləyən şerlər və hərbi geyim

Militarizmin açıq-aşkar təbliğ edildiyi cəmiyyətlərdə uşaqlar aqressiv böyüyür, zorakılığa meyilli olur.

Bunu bütün uşaqlarla işləyən ekspertlər deyir. 

Sənubər Heydərova isə əlavə edir ki, hətta o cəmiyyətlərdə uşaqların ölçü hissləri də dəyişir. Adicə bir konflikti danışaraq həll etmək yolları məhdudlaşır. Üstəlik, bu aqressiya təkcə, militar səviyyədə qalmır, məişətə də yönəlir. Əvvəlcə yaşıdlarına, dostlarına, sonra ailə üzvlərinə, böyüyəndə isə həyat yoldaşlarına və uşaqlarına tərəf çevrilir. 

“Uşaqlara silahdan istifadənin öyrədilməsi, müharibəni dəstəkləyən şerlərin əzbərlədilməsi, hərbi paltar geyindirilməsi qəbulolunmazdır”.

Sosioloq düşünür ki, sonuncu müharibə 90-lardakından qəddar olub. Texnologiya, internet əsri cəbhəni evlərə daşıyıb:

“Qarşı tərəfin texnikasının, canlı qüvvəsinin vurulduğu videolar yayılırdı və həmin səhnələrin hamısı evlərdə idi. Təbii uşaqlar da izləyirdi. Bütün bunlar insanları qarşı tərəfi insan kimi görməkdən uzaqlaşdırırdı. Bizdə ermənilərin, qarşı tərəfdə isə azərbaycanlıların öldürülməsi adi qarşılanırdı. Sanki lazımdır və bu baş verənlərdə vicdan əzabı çəkmək gərəkmir. Heç olmasa birinci müharibənin iştirakçıları deyirdilər ki, illərlə bir yerdə yaşamışıq, bizə silah qaldırmayana atəş açmırdıq, dinc əhaliyə kəndi, rayonu tərk etməkdə kömək edirdik və s. İkinci müharibə isə amansız idi”. 

Müharibəni kimlər edir?

Sosioloq əlavə edir ki, atalar uşağın günlük baxımında, tərbiyəsində, dərsləri ilə məşğul olmaqda yaxalarını kənara çəksələr də, müharibə mövzularında aktiv iştirak edirlər. 

Uşağı daha çox atalar əsgər kimi böyüdür, lakin əziyyətini analar çəkir: “Analar tanıyıram ki, əslində vəziyyətin nə dərəcədə ağır olduğunu anlayırlar. “Atasının öhdəsindən gələ bilmirəm, belə yetişdirir”, – deyirlər. Həqiqətdir ki, müharibə təbliğatını atalar, əmilər, qardaşlar edir, altını analar, qızlar, həyat yoldaşları çəkir. Zorakılıq daha çox kişi-mərkəzli təbliğatdır, müharibə isə kişi birliyini ortaya qoyan məsələdir”. 

Uşaqlar hər şeyi görür, bilir

Müharibədən sonra sosial şəbəkələrdə azyaşlı, hətta məktəb yaşına çatmamış uşaqların da müharibə ilə bağlı videoları yayılırdı. Bu videolarda daha çox hərbiyə aid mahnılar səsləndirilir, qarşı tərəfin siyasətçilərini lağa qoyan ifadələr işlədilirdi. 

Sənubər Heydərova deyir ki, elə bunlar da uşaqların hər şeydən xəbərdar olduqlarını göstərirdi. 

Onun fikrincə, nə Azərbaycan, nə də Ermənistan bölgədən köçəcək. Qonşu ilə münasibətlər yalnız müharibə dili ilə olmamalıdır:

“Sən bu gün uşağına silah, müharibə, hərbi geyim aşılayırsansa, deməli, onu sabahkı müharibəyə hazırlayırsan. Nəhayət, ölümünü gözə almısan. Bunu hər iki tərəf dərk etməli və qarşısını almalıdır. Heç kim uşağını ölmək üçün yetişdirməməlidir”. 

Nələr baş verib?

30 ildən artıqdır kanalı Cənubi Qafqazın hansı ölkəsinə çevirirsən, münaqişə, ordu, silah, işğal və münaqişədən əziyyət çəkən, bezmiş insanlar görürsən. 

Gürcüstanda Cənubi Osetiya (1988-1992) və Abxaziya (1992-1993) bölgələrindəki hərbi münaqişə, Azərbaycan və Ermənistan arasında isə Qarabağ problemi.

2020-ci ilədək bu bölgələrdəki müharibə, hərbi münaqişələr 90-cı illərdə qalmışdı. İkinci Qarabağ müharibəsi ilə hər şey yeniləndi.

İlk müharibədə 2 milyondan artıq, ikincidə ilkin olaraq 130.000 insanın didərgin düşdüyü açıqlandı. İki tərəfdən 6 mindən çox insan həlak oldu. Minlərlə insan əlil qaldı. 

30 il ərzində azsaylı sülh tədbirləri, erməni və azərbaycanlılar arasındakı nifrəti az da olsa yumşaltmışdı, sonuncu müharibə sanki hər şeyin üstündən xətt çəkdi.

Yazdı Gülər Mehdizadə

İllüstrasiya İgne Snip

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Mənim Yeni Tarix