Mühafizə orderi qurbanı zorakıdan qoruya bilirmi? 

0

Azərbaycanda mühafizə orderinin verilməsindəki çətinliklərdən danışmışıq

Cənubi Qafqazda tez-tez qadınların hüquqlarının pozulması, ailəiçi şiddət məzmunlu xəbərlər oxuyuruq. Belə hadisələrin ölümlə nəticələnməsinin səbəblərindən biri də mühafizə orderinin vaxtında verilməməsidir. 

Nədir mühafizə orderi?

Mühafizə orderi şəxsi potensial zorakılıq hadisələrindən qorumaq üçün verilir. Azərbaycanda illərdir mövcud olmasına baxmayaraq, icrası ilə bağlı problemlər yaranır. 

Həm böyük şəhərlərdə, paytaxtda, həm də kəndlərdə, qəsəbələrdə qadınların zorakılıqdan qorunması problemi var. 

Sosial Hüquqlar Mərkəzinin 2023-cü ildə çap olunan “Mühafizə orderlərinin verilməsinin nəzəri və praktiki tərəfləri” adlı kitabçasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən deyilir ki, 2020-ci il ərzində ölkədə 38 qısamüddətli, 2 uzunmüddətli mühafizə orderi verilib. Ədliyyə Nazirliyi isə bu barədə açıqlamasında bildirib ki, 2022-ci il ərzində 158 şəxsə mühafizə orderi verilib.

Müqayisə üçün: Gürcüstanda 2018-ci ildə məişət zorakılığı ilə bağlı 7.636 qısamüddətli, 128 uzunmüddətli, 2019-cu ildə isə 10.266 qısamüddətli, 98 uzunmüddətli mühafizə orderi verilib. 

Göründüyü kimi, mühafizə orderləri uzunmüddətli və qısamüddətli ola bilir. Məqsəd isə birdir: hədələrin qarşısını almaq, potensial cinayəti önləmək. 

“Mühafizə orderinin icrasına nəzarət etmək problemdir”

Daha çox qadın hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan vəkil Zibeydə Sadıqova təcrübəsi zamanı mühafizə orderinin gecikməsinə çox rast gəldiyini deyir. Bildirir ki, bəzən dərhal baxılmalı olan ərizəyə aylarla reaksiya verilmir: 

“Gərək dəfələrlə arayasan, şikayət edəsən, yüz orqana yazasan, sonra baxsınlar. Bundan əlavə, mühafizə orderinin icrasına nəzarət etmək də problemdir. İcra orqanı iş günləri səhər saat 9-dan axşam 6-dək işləyir. Əslində isə bu işlərin icrası 7/24 çalışan orqana həvalə edilməlidir”.

“Media bu problemi yetəri qədər işıqlandırmır”

Hüquqşunas düşünür ki, mühafizə orderi mövzusunda sosial maariflənmə aşağıdır. Üstəlik, media da bu sahədə maarifləndirmə aparmağa çalışmır. Odur ki, cəmiyyətdə bu baxımdan bilgi, savadlılıq yetərsizdir: 

“Hətta bu savadlılıq icra hakimiyyəti orqanlarında belə yetərli deyil. Məncə, media bu barədə daim yazmalı, göstərməlidir. Məsələn, bizdə insanlara televiziya vasitəsilə çatım daha asandır. Sosial reklamlarla da maarifləndirmə aparıla bilər”. 

“Azərbaycanda bu qərarı çıxartmaq həm çətin, həm də ailə dəyərləri baxımından “ayıb” sayılır”

Feminist aktivist Nərmin Şahmarzadə ailəiçi şiddətlə bağlı üzləşdiyi keyslərdə ictimai qınağın əhəmiyyətli rol oynadığını düşünür. Mühafizə orderinə gəlincə, deyir, bəzi ölkələrin praktikalarında zərərçəkən bu qərarı bir evdə yaşamadığı eks sevgilisinə, psixoloji, iqtisadi şiddət gördüyü ailə üzvləri üçün çıxartdıra bilir. Lakin Azərbaycanda bu qərarı çıxartmaq həm çətin, həm də ailə dəyərləri baxımından “ayıb” sayılır: 

“Əvvəla bilmək lazımdır ki, məişət zorakılığı özü problemdir. Onun qaynaqları sosial rollara, bu rolların gətirdiyi qeyri-bərabər nüfuz və imtiyaza, bu imtiyazın  sui-istifadəsindən doğan psixoloji, iqtisadi və fiziki şiddətə əsaslanır. Məncə, həlli yolu siyasi iradədən asılıdır”.

Nə edilməlidir?

Aktivist deyir ki, əvvəla məişət zorakılığına dair beynəlxalq praktikanı araşdırmaq lazımdır. Bu, problemin həllinə dair suallara cavab tapmağa kömək edəcək. 

Nərmin Şahmarzadə mühafizə orderi ilə bağlı müxtəlif ölkələrin qadın təşkilatlarının praktikalarını öyrənib. Özlüyündə bunun üçün hansı addımların atılması lazım olduğunu müəyyənləşdirib: 

1. Problem dövlət tərəfindən qəbul edilir və həlli üçün zərərçəkənlərə hüquqi, sosial dəstək verilir;

2. Dəstəyin praktikliyi və əlçatanlığı vacib hesab olunduğu üçün statistikalar, araşdırmalar həyata keçirilir;

3. Dövlət sadəcə bir böyük şəhər səviyyəsində hesabat verməklə yetinmir, hər şəhərə, əyalətə uyğun plan və strategiya hazırlayır.

“Problemin həlli zorakılığın necə ciddi bir şey olduğunu dərk etmək və baş verənləri normallaşdırmağın əlehinə olmaqdan keçir. Bu da ilkin mərhələdə mühafizə orderinin qanuni gücü ilə mümkün ola bilər”, – Nərmin Şahmarzadə deyir. 

Aktivist düşünür ki, Azərbaycanda dövlət orqanlarının səriştəsizliyi mühafizə orderini əlçatmaz edib. Burada qanunvericilik və icra hakimiyyətlərinin laqeydliyi də rol oynayır: 

“Məsələn, qısamüddətli mühafizə orderi (30 günlük) icra hakimiyyəti tərəfindən beş gün ərzində verilməlidir, lakin bizdə altı aya verilir. Uzunmüddətli mühafizə orderi (6 aylıq) isə rayon məhkəmələri tərəfindən verilir. Amma qısamüddətli mühafizə orderi almadan, uzunmüddətliyə müraciət etmək olmur. Nəticədə, həyatına təhlükə olan insan mühafizə orderini dərhal ala bilmir. Ölkələr var ki, orada qısamüddətli mühafizə orderi zərərçəkənin zənglə çağırdığı polis tərəfindən, anında verilir”. 

Məlumatsızlıq problemi 

Qadın hüquqlarının müdafiəsi sahəsində çalışan sosial işçi Sənubər Heydərova deyir ki, mühafizə orderi məsələsində ən böyük problem bilgisizlikdir. İş icra hakimiyyəti orqanları və polisə həvalə olunduğu halda, bu qurumlardan bəzilərində məsələ barədə informasiya olmur. Bir çox hallarda yerli icra hakimiyyəti qurumu deyir, “polislikdir”, polis isə onlara yönləndirir: 

“Bakıdakı qurumlar biraz məlumatlıdır, lakin Abşeron rayonu da daxil olmaqla, regionlarda məlumatsızlıq problemi var. Nəticədə, icra hakimiyyəti müraciət edənlərlə söhbət edərək, problemi həll etməyə çalışır. Belə səlahiyyətləri olmasa da, düşünürlər ki, danışıb, onları “ağıllandıracaq”, “doğru yola çəkəcək”lər. Polis isə çalışır ki, qadın ərizə yazmasın. Az qala, hər dəfə bu problemlərlə qarşılaşırıq”.

Gedəcək yeri olmayanlar

Sosial işçi bildirir ki, Azərbaycanda kəskin zorakılıq görən qadınların əsas problemlərindən biri onların getməyə yerinin olmamasıdır. 

Türkiyədə, inkişaf etmiş ölkələrdə zorakı şəxs evdən çıxarılır. Təcrübə göstərir ki, Azərbaycanda qadın həm şiddətə məruz qalır, həm də evindən çıxdığı üçün yeni yer tapmağın stresini çəkir. 

Sənubər Heydərova deyir ki, üz tutmaq üçün sığınacaq azdır. Bu, istər qadınlarla, istərsə də kurilərlə işləyəndə böyük çətinlik yaradır: 

“Mühafizə orderi veriləndən sonra, iş polisin üzərinə düşür,  ancaq onlar deyir, “7 gün 24 saat nəzarət edə bilmərik”. Biz isə hər dəfəsində deyirik ki, şikayət gələndə, özünüzü tez çatdırsanız da yetərlidir. 

Sosial işçilərin üzləşdiyi çətinliklər

Sənubər Heydərova deyir ki, işini görmək, qurbana kömək etmək istəyən sosial işçiyə də bir çox hallarda problem yaradılır. Bu da zərərçəkənin hüquqlarını məhdudlaşdırır, həmçinin sosial işçiyə işini görməyə mane olur, bəzi hallarda ona təhdid yaradır: 

“Bəzən zərərçəkən adresini vermək istəmir, qorxur. Öz ünvanımızı qeyd etməyə məcbur oluruq. Bəzən polis bu ünvanı zərərçəkənin yaxınlarına verir, nəticədə, adresimizi bilmələri bizim təhlükəsizliyimizi təhlükə altına qoyur”. 

Vaxtında edilməyən mühafizənin doğurduğu nəticələr

Azərbaycanda bir çox hallarda mühafizə orderinin verilməsi gecikdirilir. Bəzən isə mühafizə orderi verilir, sonrası izlənmir. Məsələn, zorakı qurbana yaxınlaşır, yenidən zorakılıq göstərir, hədələyir və hər hansı məsuliyyətə cəlb edilmir. 

Salyan rayonunda yetkinlik yaşına çatmayan F.İ. LGBTQI+ olduğuna görə valideynlərinin mütəmadi zorakılığına məruz qalıb. Vəkili Fariz Namazlı buna görə Salyan rayon Polis Şöbəsinə, mühafizə orderinin alınması üçün Salyan rayon İcra Hakimiyyətinə müraciət edib. 

Deyir, icra hakimiyyəti F.İ.-yə qısamüddətli mühafizə orderi verib, lakin atasının ona qarşı qeyri-qanuni hərəkətləri davam edib. O, oğlunun şəxsiyyət vəsiqəsini əlindən alıb, onu LGBTQI+ fərdi olduğuna görə öldürməklə və ya  psixiatrik xəstəxanaya yerləşdirməklə hədələyib.

Vəkil Zibeydə Sadıqova bildirir ki, illərlə əri tərəfindən döyülən və mühafizə orderi alan qadına Abşeron icra şöbəsində boşanmaqda olan əri şiddət göstərib. Qadın 102 Xidmətinə zəng edib: 

“İşin yönləndirildiyi polis qadını əri ilə birgə qəbul edib və deyib ki, mühafizə orderi evə gəlməməsi üçündür. Beləcə, kişi barədə tədbir görülməyib”.

Azərbaycan İstanbul Konvensiyasını imzalamayan tək Avropa Şurasına üzv dövlətdir

Avropa məkanında məişət zorakılığı ilə mübarizədə səmərəli qoruma mexanizmləri müəyyən edən əsas hüquqi sənəd İstanbul Konvensiyasıdır. 

Sənəd üzv dövlətlərə təhlükə qaçılmaz olduğu zaman, zorakılıq törədən şəxsi müəyyən müddət qurbanın yaşadığı evdən uzaqlaşdırmaq, onun geriyə dönməsini, qurbanla əlaqə saxlamasını qadağan etmək üçün müvafiq dövlət qurumlarına səlahiyyət verilməsini nəzərdə tutur. 

Üzv dövlətlərdən tələb edilir ki, riskin qaçılmaz olduğu situasiyalarda müəyyən müddət qurbana hər hansı maliyyə və ya inzibati yük yaratmadan, dərhal qoruma təmin edilməlidir. Hətta lazım gələrsə, zorakını məlumatlandırmadan mühafizə orderi çıxarılmalıdır.

Konvensiya 45 dövlət tərəfindən imzalanıb, onlardan 37-si sənədi ratifikasiya edib (Türkiyə sonradan Konvensiyadan çəkilib). Azərbaycan İstanbul Konvensiyasını imzalamayan yeganə Avropa Şurasına üzv dövlətdir.

“Xoşbəxtlik üçün mübarizə aparın”

Zibeydə Sadıqova deyir ki, bir dəfə ona müraciət edən qadın üçün mühafizə orderi almaqdan ötrü icra hakimiyyətinə ərizə yazıb. Lakin qurum qadını çağırıb, əri ilə barışdırmağa cəhd edib. Başqa bir qadını isə çağırıb, deyiblər ki, əri yaxşı adama oxşayır və onlar qadına inanmırlar:

“Qadınlara məsləhət görürəm ki, heç vaxt ruhdan düşməsinlər. Doğrudur, belə problem yaşayan minlərlə qadından biri olmaq asan deyil, amma mübarizə aparmaq hər şeydən vacibdir. Cəsarətli olun, tək deyilsiniz. Sizi başa düşən, kömək etməyə hazır olan insanlar həmişə var. Uğursuz cəhdlər sizi ruhdan salmasın. Yaşamağımnız hər şeydən vacibdir. Sağ qalın və xoşbəxtlik üçün mübarizə aparın”. 

Yazdı Selcan Hacı

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

Mənim Yeni Tarix