Mübahisə, yoxsa zorakılıq: Necə seçək?

0

Baş verən hadisənin nə olduğunun fərqində olmaq üçün

Məişət zorakılığından danışanda insanlar adətən “dava-dalaş normaldır”, “heç bir münasibət mükəmməl ola bilməz” arqumentini ortaya atır. Onlarla mübahisə etmək çətindir. Əsas olan cütlük arasındakı mübahisəni və ya digər hər hansı bir konflikti məişət zorakılığı aktından ayıra bilməkdir.

Ayırmaq lazımdır:

Mübahisə – konfliktin həllini əhatə edir: baş verir və sonlanır. 

Məişət zorakılığı – bir tərəfin öz gücünü digərinə göstərməsi deməkdir və davamlı olur. 

Əsas sual: zorakı davranış varmı?

Mübahisələr isə bəzən asan, bəzənsə çətin olur. Psixoloq Karina Zinçenko deyir ki, bu vəziyyətdə bir şeyi dəqiq müəyyənləşdirmək lazımdır: 

Zorakı davranış varmı?

“Əgər tərəflərdən biri zorakı davranışa meyillidirsə, bu, cütlük arasındakı konfliktin zorakı formasının daha da sürətlənə biləcəyindən xəbər verir. Belə olanda da hansısa həll yolundan danışmaq qeyri-mümkün olur”. 

Mübahisə zorakılıqdan nə ilə fərqlənir?

Mübahisə istənilən münasibətdə olur və normal sayılır. Tərəflər istənilən məsələ ilə bağlı mübahisə edə bilir. Səbəb yuyulmamış qab, ev işlərinin bölgüsü və ya hansısa razılaşmanın pozulması ola bilər.  

Karina Zinçenkoya görə də mübahisələr normal haldır. Bu, həm də insanları bir-birinə yaxınlaşdırır və tanıdır:

“Nəhayət, mübahisəli məsələləri birdəfəlik aydınlaşdırmağa, həll etməyə imkan yaradır”.

Psixoloq düşünür ki, kiçik də olsa, mübahisələrin mütləq səbəbi olur. Məişət zorakılığı isə təhqir edən, zorakı münasibət sərgiləyənin özünəməxsus davranışıdır:

“Bunun hər hansı səbəbi yoxdur və ola da bilməz. Bəzən insanlar zorakı münasibəti konflikt hesab edir. Ancaq zamanla bunun fərqli hal olduğunu anlayır”.

“Qadağalar münasibətdə zorakılığın olduğunu göstərir”

Karina Zinçenko deyir ki, münasibətlərdə hakimiyyət disbalansı da bəzən zorakılığa yol açır. Bu, vacib problemləri  çılpaq şəkildə üzə çıxarır:

“Məsələn, konflikt bir tərəfin digərinin həyatını idarə etmək istəyi səbəbindən yaranarsa. Yaxud telefonda mesajları oxumaq, real olmayan “qaydalar” və “standartlar”-ın tərəflərdən yalnız birinə tətbiq edilməsi də qarşı tərəfin etirazına və müqavimətinə gətirib çıxarır. Bunu sıradan konflikt hesab etmək çətindir. Belə halları vaxtın axarına buraxıb “vaxtla öz həllini tapacaq” – deyib, ümidlənmək səhv addımdır. Çünki qadağalar münasibətdə zorakılıq olduğunu göstərir” – deyir, psixoloq.  

Məişət zorakılığının vacib məqamı – ardıcıllıq

Karina Zinçenko deyir ki, ardıcıllıq məişət zorakılığını xarakterizə edən vacib məqamdır. Məsələn, cütlük bir qayda olaraq daim dava edir. İlk dəfədən alınmasa da, növbəti dəfələrdə razılığa gəlirlər. Bu da onlara razılığa gəlməyi öyrədir:

“Bir dəfə baş verən münaqişənin mübahisə və ya zorakı davranış olduğunu demək çətindir. Ancaq tərəfin emosional, maliyyə və ya fiziki zorakılığa xas, açıq üsullardan istifadə etməsi bunu asanlıqla üzə çıxarır”.

Psixoloq əlavə edir ki, cütlüklər arasında zaman-zaman davalar yarana bilir.  Bu, ciddi problem deyil, lakin məişət zorakılığı vəziyyətində bir mərhələnin digərini necə əvəz etdiyini açıq müşahidə etmək olar:

“Partnyor tərəfindən müəyyən davranışların təkrarlandığını gördüyümüz zaman şiddət sikli haqqında danışmaq olar. Artıq bunun mübahisə ilə heç bir əlaqəsi olmur. Problem həll edilmirsə, bu, güc disbalansının əlaməti sayıla bilər. Nəticədə zorakılığa yol açar”.

Daha bir vacib məqam – güzəşt

Mübahisələrdə tərəflərin bir-birinə qarşı emosional davranması, ittihamlar irəli sürməsi halı olur. Bu prosesdə tərəflər fərqli davranış strategiyası nümayiş etdirə bilər. 

“Kimsə çətin bir söhbətdən qaça, yaxud əksinə, problemi ən qısa zamanda həll etməyə çalışa bilər. Hər halda, ortaq bir həll, bəlkə də bir kompromis axtarışı cütlük üçün rahat ünsiyyət təmin edəcək mübahisənin son məqsədini daşıyır”, – psixoloq qeyd edir. 

Karina Zinçenko onu da deyir ki, zorakılıq münasibətlərindən çıxmaq üçün proses istirakçılarının terapevtlə işləməkdən başqa yolu yoxdur:

“Bu tipli münasibətlərdə bir tərəf sadəcə digərinin iradəsini boğur və gücünü nümayiş etdirmək üçün yeni fürsət güdür. Burada heç bir kompromisdən söhbət gedə bilməz”.

Münasibətlərdə – qorxu hissi

Şiddət baş verən situasiyalarda tərəflərin birində həmişə üstünlük olur. Fiziki güc üstünlüyü də buna şamildir. Zorakılıq – adətən münasibətləri asanlıqla bitirə bilən şəxs tərəfindən törədilir. Bu halda psixoloq konfliktin zorakılıqdan fərqini belə görür:

“Tərəflər emosiyalarını bərabər göstərə bilir, bunu edən zaman öz təhlükəsizliklərinə görə qorxu hissi keçirmirlərsə, bunun adı – konfliktdir. Münasibətlərə görə narahat olmaq və hətta qorxmaq normaldır. Ancaq sizi vurmaq ehtimalına görə qorxu hissi keçirmək normal hal deyil”.  

Mübahisə edən valideyn

Karina Zinçenko bildirir ki, əgər tərəflərdən birinin daimi mübahisə edən valideyni olubsa, cütlük arasındakı münasibətlərdə qorxulu bir şey baş verməsə belə, istənilən konflikt həmin tərəfi qorxuda bilir. Normal münasibətlərdə razılığa gələ bilən cütlüklər arasında bir-birinə qarşı etibarın artması ilə bu hal minimuma enir: 

“Lakin bu triqqer də müəyyən vaxtdan sonra işləməyə bilir. Əks vəziyyəti məişət zorakılığı hallarında müşahidə etmək olar. Mübahisəli situasiyalar daxili narahatlığı, qorxu hissini qıcıqlandırmaqla, şəxsi təkrar travmalar ilə üz-üzə buraxır”. 

Günah hissinin olması 

Karina Zinçenko qeyd edir ki, eyni şeyi günah hissi haqqında da demək olar. Bu, səhv etdiyinizi başa düşdüyünüz halda, normaldır. Amma mütəmadi olaraq münasibətlərin məhz sizə görə pozulduğu vurğulanırsa, məhz siz dəyişdiyiniz halda münasibətlərin də uğurlu olacağı deyilirsə, o zaman anormaldır:

“Belə bir vəziyyətdə ikinci tərəf gücünü hiss edə və bu da zorakılıq mexanizminin işə düşməsinə təkan ola bilər” –  deyən, ekspert qeyd edir ki, qarşı tərəfi razı salmağınız üçün ancaq siz “öz üzərinizdə işləməlisiniz” – kimi fikirlər ağlınıza gəlirsə, bu, sıradan olan mübahisənin yox, məişət zorakılığı halının təbili hesab edilə bilər.

Tərcümə Gülnar Səlim

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix