Müasir filmlərdə qadın obrazları: aciz, zavallı, yaxud fitnəkar, yalançı?

0

Kinoşünas: “Müasir Azərbaycan filmində sevdiyim qadın obrazı yoxdur”

– Bax, bu ac, susuz qalar amma, kinosuz öldür, qalmaz. O  “Bradyaqa” kinosuna neçə dəfə baxmısan, ay bala?

– 43 dəfə 

– Nə üçün?

– Xoşum gəlir

– Bizimkilər belədir də. Öz kinomuza bir dəfə baxmırıq, amma, onun-bunun kinosuna 43 dəfə baxırıq…

– Ay sağ ol, siz də elə çəkin ki, adamın ürəyinə toxunsun, inandırıcı olsun.

“Bəyin oğurlanması” (1985) filmindən bir parçadır. Bu fikir ötən əsrin sonlarına aiddir. Bəs müasir Azərbaycan filmləri necə, onların mövzusu qane edirmi?

“Femmekan” bu dəfə müasir filmlərdə qadın obrazlarına toxunub. Sadə insanları qoyaq kənara, filmlərdəki qadın obrazları aktrisa, kinoşünas, gender aktivistlərini qane edirmi?

Müasir Azərbaycan filmlərindəki qadın obrazları aktrisa Zülfiyyə Qurbanovanı qane etmir. Onun fikrincə, rollar rəngarəng deyil. Səbəbini isə kifayət qədər film çəkilməməsində görür. Deyir, film az çəkiləndə rollar da standart olur: 

“Müşahidə edirəm ki, 5 fərqli filmdə sadəcə obrazların adı dəyişir. Xarakterik xüsusiyyətləri, həyat tərzləri eynidir. Belə rollarda rejissor əziyyət çəkmir. Hazır materiallardan istifadə edir. Bu isə ümumilikdə məni qane etmir”.

“Sanki tamaşaçı aciz, döyülən qadınları sevir və mənimsəyir”

Zülfiyyə Qurbanova düşünür ki, kifayət qədər aciz qadın rolları var. Onun fikrincə, bu, tamaşaçıdan qaynaqlanan bir şeydir:

“Cəmiyyətdə yazıqlıq hissi güclüdür. Hər hansı bir filmdə  aciz, təzyiqə məruz qalan obrazlar tamaşaçı tərəfindən daha tez yadda qalır və mənimsənilir. Sanki, belə obrazları sevirlər”.

Zülfiyyə Qurbanova

Aktrisanın fikrincə, aciz qadınların daha çox görünməsinin digər səbəbi film, serialların müxtəlifliyinin və sayının az olmasıdır: 

“Düzdür, o rollar da normaldır və həmişə olacaq. Lakin seçim çox olsa, həmin rollar bu qədər gözə batmayacaq. Hazırda isə çox az film çəkildiyi üçün standart qadın rolları daha çox gözə batır. Bəzən fikir verirəm ki, aktrisalar bütün karyeraları boyu eyni cür rolları ifa edirlər”.

“Hamı aciz, təhqir olunan deyil”

Zülfiyyə Qurbanova düşünür ki, cəmiyyətdə döyüşkən ruhlu, mübariz, təkbaşına ayaqları üstündə duran, özünü təsdiq etmiş qadınlar da çoxdur. Həmin qadınların obrazlarını yaratmaq, cəmiyyətə təqdim etmək lazımdır:

“Bu, mütləqdir. Məsələn, mən dəfələrlə serial, film təklifindən imtina etmişəm. Səbəbləri hər zaman eyni olmayıb. Bəzən rolda təkrarçılığa rast gəlmişəm, bəzən maddi tərəfi qane etməyib, bəzən də fiziki təmas səhnələri ilə razı olmamışam. Düzdür, müxtəlif həyat tərzi olan qadınları oynamışam. Amma bunların heç birində fiziki təmas olmayıb”. 

Aktrisa canlandırdığı bütün obrazları sevir. Deyir, əgər rollarını sevməsə, onlara hörmət etməsə, mənfi tərəflərini belə haqlı çıxarmağı bacarmasa, oynaya bilməz. Onun fikrincə, bu, peşəkar aktyorlara xas xüsusiyyətdir: 

“Məncə, canlandırılan bütün rollar aktyorun yaradıcılığına nəsə qatmalıdır. Hazırda isə beynimdə xəyalını qurduğum və canlandırmadığım qadın obrazı var – polis qadın. Mənə çox maraqlı gəlir. Ümumiyyətlə, mübarizə aparan, döyüşkən ruhlu qadınların xarakterik xüsusiyyətlərini daşıyan obrazları sevirəm”.

“Rollar məcbur yox, sevgi ilə seçilsin”

Aktrisa ümid edir ki, gələcəkdə Azərbaycanda keyfiyyətli film və seriallar çox çəkilsin. O düşünür ki, peşəkar aktyorlar həmin filmlərdə zövq alaraq oynayar: 

“Əsas məsələ: seçimlər çox olsun. Yəni ürəyimiz istəyən rolu seçib, onu canlandıra bilək. Gələcəkdə aktyorlar rolları məcburiyyətdən yox, sevgi, rahatçılıqla seçib, canlandırsın. Arzu edirəm ki, film, serial sahəmiz inkişaf edib çox gözəl yerlərə gələr və tamaşaçılarımız başqa ölkələrin yox, bizim işlərə zövqlə baxar”.

“Filmlərdə qadınlar daha çox tabe, müti təsvir edilir”

Vəfa Rüstəm

Gender aktivisti Vəfa Rüstəm son zamanlar televiziyaya baxmadığını söyləyir. Ara-sıra qarşısına çıxan reklam və filmlərə əsasən deyir ki, bu rollarda qadınlar mövcud gender stereotiplərinə uyğun olaraq tabe, müti təsvir edilir:
“Onlar əsasən, gender rollarına uyğun obrazları icra edərkən təsvir edilirlər. Sözsüz ki, bu cür təsvirlər cəmiyyətdə mövcud olan gender stereotiplərini daha da gücləndirir. Bu isə yalnız sosial deyil, həmçinin, mənfi hüquqi nəticəyə gətirib çıxarır. Hamı kimi hüquqşünaslar, vəkillər, hakimlər, hüquq mühafizə orqanlarının əməkdaşları bu cəmiyyətin üzvləridir. Gender stereotiplərinin mütəmadi təbliği onları gender-həssas olmayan, gender-qərəzli hərəkətlər etməyi, ədalətsiz qərarlar verməyə təşviq edir”.

“Bəzi filmlər məişət zorakılığının normallaşmasına rəvac verir”

Vəfa Rüstəm deyir ki, müasir Azərbaycan filmlərində baş rolda olan kişi obrazı adətən qadına şiddət göstərir, sillə vurur və s. Onun fikrincə, burada ən pisi həmin şəxsin filmin qəhrəmanı olmaqda davam etməsidir: 

“Üstəlik, qadın sonda onunla birlikdə olur. Bu cür filmlər məişət zorakılığının normallaşmasına rəvac verir. Yaxud başqa nümunələrdə kişilər hər hansı peşə ilə məşğuldur, qadınlar isə evdardır, yemək bişirir, ev yığışdırır, təmizliklə məşğul olur. Nəticədə cəmiyyətdə belə bir stereotip formalaşır ki, qadınlar peşəkar ola bilməz, işləri bozbaş bişirməkdən ibarətdir. Beləliklə, onlar təhsildən və karyeradan yayındırılırlar, iqtisadi asılı vəziyyətə salınırlar”.

“Fitnəkar, yalançı obrazlardakı qadınlar”

İxtisasca hüquqşünas olan Vəfa Rüstəm onu da əlavə edir ki, filmlərdəki digər ciddi hüquqi problem yaradan obraz isə qadınların fitnəkar, yalançı obrazlarda verilməsidir: 

“Təcrübədə görürük ki, zorakılığa, zorlanmaya məruz qalan qadına polis inanmır ki, yəqin yalan danışır, qarşı tərəfi şərləmək istəyir. Nəticədə zərərçəkmiş qadınlar müdafiəsiz qalır. Bu formada hazırlanan kino və seriallar daha çox diqqət cəlb edir, məşhurlaşır deyə çox çəkilir”.

“Rejissorlar daha çox kişi pesonajlarına, onların problemlərinə fokuslanır”

Kinoşünas Sevda Sultanova da düşünür ki, Azərbaycan filmlərində rəngarəng, fərqli qadın obrazları yoxdur. Azmış kimi baş rollardakı qadın obrazlarının olduğu filmlər də azdır. Onun fikrincə, filmlərdə qadınlar adətən ikinci planda qalır:
“Səbəb ümumilikdə kinomuzun kişimərkəzçi olmasıdır. Azərbaycan rejissorları daha çox kişi pesonajlarına, onların problemlərinə fokuslanırlar. Qadınlar isə adətən səthi, bəsit təqdim olunur”.

“Filmlərə feminist kimi baxmıram”

Sevda Sultanova düşünür ki, məsələ hansı qadın obrazının  müasir, yaxud əksinə olmasından getmir. Əsas olan qadın obrazının necə, hansı kontekstdə canlandırılmasıdır:
“Məsələn, onun hekayəsi nədir, əhvalat nə qədər kinomatoqrafikdir, qadını nə qədər həyati, maraqlı təsvir edirlər? Əsas olan bunlardır. Bundan əlavə, vacibdir ki, rejissor qadın təbiətini nə qədər duya və dərindən araşdıra bilir? Bütün bunlar çox önəmlidir”. 

Kinoşünasın müasir Azərbaycan filmində sevdiyi bir qadın obraz yoxdur. 

“Qadınlarımızın ikinci planda, eyni rakursdan əzik, çarəsiz, monoton göstərilməsinin əleyhinəyəm”

Sevda Sultanova son dönəmlər çəkilən reklamlara diqqət kəsilmir. Lakin filmləri izləyir. Deyir, bəzən dünyada qadının kinoda seksual obraz kimi təqdim edilməsinə yerli-yersiz etirazlar olur. Onun fikrincə, burada hər şey dramaturgiyadan, əhvalatdan və rejissorun niyyətindən asılıdır: 

“Kommersiya kinosunda bu, gəlir gətirməyə hesablanıb. Müəllif filmlərində isə sənət meyarlarına”.

Kinoşünas gələcəkdə çəkiləcək Azərbaycan film və seriallarda qadınları maraqlı, düşündürücü, rəngarəng, fərqli bir formada görmək istəyir. 

Keçmişdə və indi

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Azərbaycan kinomotoqrafiyasını 2 yerə bölür. Keçmiş filmlərdə fərqli nümunələr olduğunu söyləyir, müasir kinoların isə kiminsə kölgəsində təsvir edildiyini düşünür:

Şəhla Kərim

“Sovet dövrünün filmlərində daha çox kommunist yanaşma var. Həmin filmlərdə Azərbaycan qadınını daha çox sovet  dünyasının bir parçası kimi görürük. Məsələn, partiya andı ailə andından belə yüksəkdir. Əksər məqamlarda hətta bir qədər süni, şişirdilmiş formadadır. Lakin qadın obrazı müəyyən qədər aktiv formada  təsvir edilir”. 

Şəhla İsmayıl düşünür ki, həmin dönəmlərdəki qadın obrazları daha çox kişinin yanında və ona layiq olan qadın obrazı yaratmaq üçün istifadə olunur: 

“Lakin Babək, Dədə Qorqud filmində biz çox iradəli, qabiliyyətli qadınlar da görürük. Məsələn, burada qadınlar həddindən artıq bacarıqlıdır: at çapırlar, qılınc oynadırlar. Bu, daha çox kişinin yanında ona layiq olan qadın obrazı kimi təsvir edilir. Bütövlükdə həmin dövrdə seksist obrazlar demək olar ki, yox idi. Ayrı-ayrı epizodlarda, filmlərdə ola bilər, ancaq bütövlükdə Azərbaycan qadını daha çox ailəsinin keşiyində duran, uşaqlara, yaşlılara, evə qayğı göstərən biri idi”.

“Filmlərimiz kiminsə kölgəsində təsvir olunur”

Şəhla İsmayıl təəssüflənir ki, həmin dövrdə möhkəm, ayaqları üzrəində duran, karyerası olan qadın obrazlarına rast gəlmək çətindir. Onun fikrincə, bu günün kinosu və reklamları isə təəssüfedici haldadır: 

“Reklamlarda çoxlu seksist obrazlar var. Qadını kifayət qədər açıq geyimdə, xüsusi görünüşünə özəl bir diqqət yetirməklə, üzünü, makyajını və s. qabardaraq  təqdim edirlər. Düzdür, müasir Azərbaycan filmlərini izləmirəm. Heç Azərbaycan televiziyasına da baxmıram. Evdə, ailədə baxan insanların müşahidələrindən, təsadüfən qarşılaşdığım kino, reklamlardan belə nəticəyə gələ bilərəm ki, filmlərimiz kiminsə kölgəsində təsvir olunur”. 

“Gender rollarının qeyri-bərabər paylandığı cəmiyyətdə yaşayırıq”

Şəhla İsmayıl düşünür ki, bu gün müasir dünya güclü qadın obrazlarını dəstəkləyir. Lakin, bu, Azərbaycan kinosunda əks edilmir: 

“Real həyatda ailənin bütün məişət yükü, əziyyəti qadının üzərindədir. Gender rollarının qeyri-bərabər paylandığı bir cəmiyətdə yaşayırıq. Qadının işləyib-işləməməsindən asılı olmayaraq, məişət yükü qətiyyən azalmır. Eyni zamanda, qadınlardan zahiri gözəl olma gözləntisi var. Yəni, bədəninin forması, çəkisi, üzünün forması, makyajı, saç düzümü, manikürü, pedikürü hər şeyi yerində olmalıdır. Bu gözlənti sanki cəmiyətdən kinoya, kinodan da cəmiyətə ötürülür”.

Patriarxal cəmiyyətin mesajları?

Şəhla İsmayıla görə, narahatedici məqamlardan biri də qadına qoyulan ciddi makiyaj tələbidir. Biri var, səhnə makiyajı, biri də var, evdar qadından da belə bir gözlənti olması: 

“Evdar qadın da bu süni yaranmış obrazı öz üzərinə götürərərək, özünü ona bənzətmək istəyir. Bu, əslində böyük bir marketinq növüdür. Reklamlarda görünən zərif, gözəl, incə, makiyajlı, baxımlı obrazlara hər ailədə baxılır. Salonların təbliğatı gedir. Bir yandan biz seksist yanaşmanı tənqid edirik və etməliyik də, digər tərəfdən isə həmin o seksist yanaşmanın tərkibində dayanan  komponentlər bugün Azərbaycan televiziyasının demək olar ki, hər dəqiqəsində təbliğ olunur”.

O, düşünür ki, bunların hamısı patriarxal cəmiyyətin mesajlarıdır: 

“Qadının bacarıqlarını, istedadını, intellektini üzə çıxaran, təbliğ edən kino, reklam, veriliş olmadıqca, hazırki patriarxal cəmiyyətin tələblərinə uyğun olan bu durum bataqlıq modelində davam edəcək”. 

Yazdı Nərgiz Abbasova

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

Mənim Yeni Tarix