Militarizasiya və analıq: Dağlıq Qarabağ kontekstində

0

Qafqaz cəmiyyətində analıq və müharibə çox zaman bir-birinə zidd olan iki ideologiya kimi təsvir olunur. Lakin feminist aktivist və araşdırmaçılara görə analıq instinkti kimi adlandırılan ideologiyanın, patriarxal cəmiyyətin qadınları itaətdə saxlamaq üçün uydurduğu bir mifdir. Əlbəttə ki, XXI əsrdə fərqli yanaşmaların mövcudluğu post-strukturalist cəmiyyətin ərsəyə gətirdiyi bir prosesdir.

2019-cu ildə Azərbaycanda hərbi xərclər ÜDM-in 4 faizini, Ermənistanda isə ÜDM-in 4.9 faizini təşkil edib. Bu investisiyalar daha yaxşı bir şəkildə təmin olunsa idi, Ermənistan və Azərbaycandakı bir çox məcburi köçkün və qaçqınların sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıla bilərdi.  

Bu məqalədə mən iki azərbaycanlı və bir ermənistanlı məcburi köçkün və qaçqın qadınların müharibə, analıq həyat hekayələrini Dağlıq Qarabağ münaqişəsi prizmasından nəzərdən keçirəcəyəm.

Bu qadınlar Zibeydə, Elnaz və Anuşdur (adlar şərtidir -red.). Müsahibələr hər üç qadınla 2019-cu ildə aparılıb.

Zibeydənin  Kəlbəcərsiz həyatı

Zibeydə məcburi köçkün statusuna malik 60-lı yaşlarda Gəncədə və Sumqayıtda evi olan dörd övlad anasıdır. O, əsasən Gəncədə yaşasa da müsahibəmiz Sumqayıtda baş tutdu. Zibeydə həyat yoldaşını gənc yaşlarında itirib. 

Ailənin Sumqayıt məhəlləsində yaşadığı küçə çirkli olmasına baxmayaraq, Zibeydənin evi çox təmiz və səliqəli idi. Bununla yanaşı, evin baxımı da çox yaxşı idi: gül, şaftalı və alma ağaclarını becərdiyi bağı isə göz qamaşdırırdı. Zibeydə Sumqayıt şəhərində məskunlaşan məcburi köçkün ailələrin əksəriyyətindən daha yaxşı şəraitə sahib idi.

“Hər şeyi əvvəldən planlaşdırmışdım. Uşaqlarıma təhsil verməyə çalışdım. Universitetdən buraxılış şəkillərinə baxın! Dörd övladım var; ikisi universitetdən məzun oldu, digərlərini isə oxutmağa pulum çatmadı. Bunların hamısını dövlət dəstəyi, bank krediti və təqaüdüm sayəsində etməyi bacarmışam. Əgər mənə bir şans verilsəydi, cavan olub Bakıya köçmək istərdim. Çoxlu mənzil ala bilərdim və övladlarımın hamısını oxutdurardım. Yenə də minnətdar və xoşbəxtəm.”

Əlbəttə ki, Zibeydə üçün müharibədən danışmaq və onun xatirələrini yenidən canlandırmaq heç də asan deyildi:

“Müharibənin başlaması ölüm və gözlənilməz köç kimi problemlərə səbəb oldu. Mən də oğlumun hərbi xidmətə getməsini istmərəm, amma erməni tərəfi güclənirsə, Azərbaycan da  hərbiləşdirilmiş bir ölkə ola bilər. Mən anayam və iki oğlan anasıyam. Müharibə olsa onları itirə bilərəm, ancaq bu vətəni qorumaq da lazımdır. Bilmirəm…” 

Övladının şəhid olmasını istəmədiyini deyən Zibeydə, münaqişənin sülh yolu ilə həll olunacağına ümid edir: “Bir gün o torpaqlara qayıtmaq ümidi ilə yaşayırıq. Kaş ki, bu münaqişə zorakılıq olmadan sülh yolu ilə həll oluna! Şəhid gənclərimiz, işgəncələrə məruz qalan qadınlarımız və uşaqlarımız çox oldu. Əminəm ki, erməni qadınları da eyni cür düşünürlər. Onlar da müharibə istəmirlər. Xatırlayıram ki, 1980-ci illərdə ermənilərlə işləyirdim və böyük bir ahəng içərisində çalışırdıq. Heç vaxt deyə bilməzdin ki, bunlar, ermənidir, bunlar, azərbaycanlı. Biz o qədər yaxın idik. Düşünmürəm ki, hər hansı bir ana yararsız ərazilər uğrunda oğlunu qurban vermək istəsin,” deyən Zibeydə torpaqlar alındığında və doğma yurduna geri qayıtdıqlarında erməni xalqına necə etibar edəcəyini də bilmir: “Bu zaman məsələsidir və tədricən inkişaf edəcək. Ancaq aramızda olan münasibət Sovetlər dönənimdəki kimi olmayacaq. Qarabağ erməniləri mənim üçün ən yaxşısı idi. Onlarla bir çox mədəni oxşarlıqlarımız vardı. İrəvan erməniləri Bakı azərbaycanlıları kimi fərqli idilər…”

Sülhə gəldikdə isə Zibeydə, məcburi köçkün qadınların sülh quruculuğu prosesində iştirakını vacib sayır: “Sülh məsələsinə təkcə bir bucaqdan baxmaq lazım deyil. Bura geniş kütlələri cəlb edərək sülhdən danışmaq lazımdır. Məsələn, bu sülh quruculuğunda niyə xalqdan gələn məcburi köçkün və ya qaçqın qadınları görmürük? Niyə? Onları unutdular? Onları həqiqətən unuda bilərlərmi? Onların sülh quruculuğundan xaric edilməsinin də bir vasitə olduğuna inanıram və bu qadınların qayğısına qalacaq heç kim də yoxdur… Niyə bu kişilər illərdir, bu danışıqları həll edə bilmirlər?”

Elnazın Sumqayıtdakı yeni həyatı

Elnaz hazırda Sumqayıtda yaşayır. O, üç uşaq anasıdır və əslən Zəngilandan olsa da, Qubadlıya gəlin köçüb. Lakin çox keçmir ki, müharibə Elnazı məcburi olaraq evlərini tərk etməyə vadar edir. 

Onun Sumqayıtda yaşadığı məhəllə, şəhər mərkəzindən çox uzaqda yerləşir. Evlərin əksəriyyəti də “kupçasız”-dır. Anladığım qədəri ilə burada yaşayan qonşuların əksəriyyəti də məcburi köçkünlərdir.

“1993-cü ilin sonunda Zəngilandan ayrılanlardan biri olduq. İran sərhədi ilə Bakıya gəldik və bu, on gündən çox çəkdi. Evli idim və iki aylıq yeni doğulmuş bir oğlum var idi. Kəndimiz iki kəndin arasında (eniş növü) olduğundan, ermənilər başqa bir kəndi atəşə tutanda anladıq ki, biz də tezliklə yola düşməliyik. 

Böyük şəhərlərdəki insanlar məcburi köçkünlərə və qaçqınlara nifrət edirlər. Bir dəfə avtobusda gedərkən, kiminsə uşağı ağlayırdı. Avtobusdakı bir xanım uşağına mənə işarə edərək “əgər dayanmasan, səni bu qaçqına verəcəm” dedi. Çox utandım və səsimi qaldırdım. Dedim ki, məcburi köçkünlər adamyeyən deyil. Hətta bizə deyirlər ki,  biz mübarizə etmədən torpaqlarımızı verib qaçmışıq. Əlbəttə ki, bu insanların nə etdiyimiz haqda heç bir məlumatları yoxdur. Vəziyyəti izah etməyə çalışdım. Ancaq dinləmək istəmirlər.”

Elnaz, müharibə olmadan həmin torpaqlara qayıdacağına  da inanmır: “Ana olaraq heç kimin balasının ölməyini istəmirəm. Kaş, bütün bunlar heç olmazdı. Nə dəxili var Qarabağ kimindir? Biz evimizdə sakit yaşayıb, normal şəkildə günümüzü gün etdikdən sonra kimin nəyinə biri ermənicə danışdı ya rusca?”

Elnazın oğlu səhhətində mövcud problemdən dolayı hərbi xidmətə çağırılmayıb: “Ancaq o, hərbi xidməti keçsəydi, indi daha yüksək maaşla daha yaxşı bir iş tapa bilərdi.”

Belə bir fikir Elnazın dolayı yolla militarizasiyanı dəstəkləndiyini ifadə edir. O, bir ana kimi oğlunun militarizasiyada iştirak etməsini istəyir və bunun başlıca səbəbi də yaxşı bir yaşayış səviyyəsinə sahib olmaqdan ibarətdir. Bu həm də bizə rifah sisteminin necə olduğunu göstərir – Ermənistan və Azərbaycanda məcburi hərbi xidmət yolu ilə rifah sistemi belə hərbiləşdirilir. Qadınlar ana olduqları təqdirdə birbaşa hərbiləşdirmə prosesinə qoşulmuş olurlar. Məhz bu səbəbdən təminat dəstəyi mürəkkəbləşdirilir və hərbi xidmətdə olan vətəndaşlara dövlət tərəfindən bir çox imtiyazlar vəd edilir. 

Anuş: Nə erməni, nə də azərbaycanlı, sadəcə bir qaçqın…” 

Zibeydə və Elnaz kimi, ermənistanlı qaçqın Anuş, Bakıdan İrəvana 1989-cu ildə köçüb. O, otuz il əvvəl Azərbaycanı tərk etsə də, hələ də Azərbaycan dilində danışmağı bacarır. İki övlad anası olan Anuş, həyat yoldaşını Qarabağ müharibəsində itirib.

O, Bakını məcburi şəkildə tərk edərkən 42 yaşında olub. 1998-ci ildə isə Gürcüstandakı kiçik bir kəndə, dostunun yanına köçür.

“Artıq İrəvana köçəndə qaranlıq vaxtlar başladı. Əvvəl restoranlarda çalışırdım və erməni dilində bir ləhcəm var idi. İnsanlar bu ləhcəni eşidəndə məni ‘murdar’ – Azərbaycandan olan qaçqın’ adlandırırdılar. Hətta ‘qaçqın pasportu’ adlanan bir pasport da verilmişdi mənə. Nə erməni, nə də azərbaycanlı, sadəcə bir qaçqın… 

Bir gün avtobusda bir söhbətə qulaq şahidi oldum. Azərbaycandan gələn qaçqınlardan danışan həmin şəxs, bizim kimi qaçqın erməniləri ‘səriştəsiz və qorxaq azərbaycanlılar’ adlandırdı. 

Mən nə Ermənistan, nə də Gürcüstan dövlətindən təqaüd ala bilmirəm. Bakıda iyirmi beş il işlədim, vergilərimi verdim. Hətta Yerevana köçəndə hökumət bizə sosial dəstək də vermədi, çünki ölkədə iqtisadi cəhətdən çox mürəkkəb bir vəziyyət idi. Hazırda burada bu kiçik dükanda siqaretdən, sudan, adi ərzaqlardan satıb özümü dolandırmağa çalışıram.”

Anuş üçün müharibədən danışmaq heç də asan deyil. O, həyat yoldaşını müharibədə itirib və bunun travmasıyla hələ də yaşamağa davam edir.

“Müharibə davam etsə, oğlumun ölümü ilə qarşılaşmayacağıma heç kim zəmanət verə bilməz. Mən ərimi müharibədə itirmişəm. Oğlumu da itirmək niyyətim yoxdur və olmayacaq da! Qarabağdan mənə nə?! Mən Bakıda doğulmuşam və Bakıdakı xatirələrim hələ də mənimlədir. Həmişə də mənimlə olacaq. Kaş, yenə Bakıya qayıda bilrədim və bu müharibə də sülhyolu  ilə həll olunardı…”

Sülhə gəldikdə isə Anuş belə düşünür: “İki uşaqla, həyat yoldaşını müharibədə itirmiş bir dul qadın idim. İş, mənzil, pul tapmaq lazım idi. Mən sülh barışıqlarında necə iştirak edə bilərdim? Uşaqlarımın qayğısına qalmalıydım. Yığıncaqlara, konfranslara gedə bilməzdim, çünki bunlara görə mənə pul verilmirdi. Kim mənim, uşaqlarımın qayğısına qalacaqdı? Bir çox məcburi köçkün və qaçqın qadının ehtiyacı var ki, ən az 3-5 il uşaqlarına baxsın. Uşaqların qayğısını çəkməmək olmur və təəssüf olsun ki,  sülh quruculuğu haqqında qadınlar heç nə bilmirlər, artıq barışa da inanmırlar. Buna görə biz hələ də müharibə şəraitində yaşayırıq.”

Zibeydədən fərqli olaraq, Anuş həyat yoldaşını itirdiyinə görə, hərbiləşməyə qarşı çıxır və müharibəyə görə ölümlə üzləşmək istəmir. 

Bu qadınların ortaq nöqtəsi iki fərqli səviyyədə konsepsiyalaşdırılmış analıq ideologiyasıdır. Anuş üçün bu, universaldır və hər hansı bir vəziyyətdən asılı olmayaraq militarizasiyaya qarşıdır. Zibeydə üçün isə bu, fərdi səviyyədədir və ancaq oğlunu qorumaq istəyir, lakin Azərbaycandakı militarizasiyanı dəstəkləyir. 

Bu cür dəstəyin səbəbləri Ermənistan və Azərbaycan hökumətlərinin apardığı təbliğat kimi təhlil edilə bilər. Bu təbliğatlar, məktəblərdən, universitetlərdən, televiziyalardan, radiolardan və məmurların çıxışlarından başlayır. Və nəticə etibarı ilə cəmiyyətin böyük hissəsi təbliğatın təsirindən yan keçmir.

Son olaraq, məcburi köçkün və qaçqın qadınlar müxtəlif mənşəli və interseksional kimliyə malikdirlər – həyat yoldaşını itirmiş, ana, işçi sinfi və sair. Bu kimi məqamlar onların militarizasiya prosesi yanaşmalarına təsir edir. 

Bu məsələdə məcburi köçkün və qaçqın qadınlarının birləşmiş obrazı mövcud deyil. Bəzi qadınlar təbliğat (düşmən) və iqtisadi durumları səbəbiylə hərbiləşdirməni qəbul edirlər və dəstəkləyirlər. Lakin bəzi qadınlar prosesi rədd edir. Bu, qadınların hər zaman militarizasiya tərəfdarı və ya əleyhinə olduqlarını dəyişdirmir. Daha vacib məqam budur ki, Erməni və Azərbaycan hökumətləri hərbiləşdirmə anlayışlarını dəyişdirir və belə bir təbliğatın təsiri məcburi köçkün qadınların həyatında uzun müddət qalmağa davam edir.

***Yazı müəllifin fikirlərini əks etdirir və FEMMEKAN-ın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Yazdı Ramil Zamanov

Mənim Yeni Tarix