Menstruasiya məzuniyyəti olmalıdırmı?

0

“Azərbaycanda menstruasiya barədə danışmaq birmənalı qarşılanmır”

Qadınların hər ay yaşadığı menstruasiya prosesi onlara həm emosional gərginlik, həm də fiziki çətinlik yaradır. 

Odur ki, bir çox ölkədə menstruasiya dövrlərində qadınlara bir neçə günlük ödənişli məzuniyyət verilir. 

Azərbaycanda belə bir məzuniyyət olsa, qadınlar onun hansı formada olmasını istəyər? 

“Femmekan” bu dəfə menstruasiya prosesində nələr yaşandığı, qadınların özlərini necə hiss etdiyi və həmin dönəmlərdə işə gedib-gəlməyin çətinliklərinə toxunub. 

Aysel Umudova
Aysel Umudova

“Hamı menstruasiya vaxtı emosional yüksəlmə yaşayır”

Gənc reportyor Aysel Umudova deyir ki, onun üçün menstruasiya dövrü işləmək əsl faciədir. 

Onun fikrincə, jurnalistika prinsiplərinə görə, o, necə olur-olsun, reportaj zamanı qarşısındakı insandan emosiyalarını gizlətməlidir.

Menstruasiya vaxtı bunu etmək ona çətin və əzablıdır. Deyir ki, əslində, bütün qadınlarda belədir. Hər kəs menstruasiya vaxtı emosional yüksəlmə yaşayır və bu hissləri basdırmaq çox çətindir: 

“Üstəlik, təkcə psixoloji gərginlik yox, çoxlarında üstünə fiziki ağrılar da gəlir. Bu zaman vəziyyət daha da dözülməz hal alır”.

“Reallıq “bezi tax, voleybol oyna” təqdimatından uzaqdır”

Mənbə: NicoleCastroCyto
Mənbə: NicoleCastroCyto

Aysel Umudova deyir ki, reallıq heç də ped reklamlarındakı kimi olmur. 

Onun fikrincə, reallıq “bezi tax, lap istəyirsən, voleybol oyna, velosiped sür”, – kimi təqdimatlardan uzaqdır: 

“Yaşanan ağrılı, gərgin bir prosesdir. Sən həm fiziki ağrılarla baş etməlisən, həm təmizliyinə fikir verməlisən, həm də emosional durumunu qarşındakılardan maksimum gizlətməlisən. Eyni anda bu qədər proses isə insanı daha da gərgin duruma salır”.

“Hormonların dəyişməsi məni özümdən çıxarır”

Hazırda müəllimə kimi çalışan Xumar Kərimli də düşünür ki, qadınlara menstruasiya dövründə bir neçə günlük məzuniyyət verilməlidir. 

Onun dediyinə görə, bəzən qadın həmin dönəmdə fiziki ağrı çəkmir, lakin psixoloji gərginlik yaşayır: 

“Məsələn, mən reql dönəmini ağrısız keçirirəm, ancaq hormonların dəyişməsi məni özümdən çıxarır, emosional oluram. Lap hamiləliyin ilk dönəmlərində qadınlarda olduğu kimi yuxum gəlir, həvəssiz və  yorğun hiss edirəm. Mənim kimi enerjili, pozitiv insan süst qalıram”.

Ağır menstruasiya prosesində stereotiplərin rolu

Psixoloqu ilə bu mövzunu dəfələrlə müzakirə etmiş Xumar deyir ki, əslində menstruasiyanın ağır keçirilməsinə səbəb qadınlara uşaq vaxtlarından yeridilən stereotiplərdir: 

“Cəmiyyətdə çoxu menstrual prosesi “xəstələnmək” adlandırır. Nəticədə, uşaqlıqdan beynimizdə bu proses xəstəlik kimi qalıb. Ağrısı olmayan da özünü xəstə kimi hiss edir”.

Xumar Kərimli
Xumar Kərimli

Xumar Kərimli bildirir ki, əslində menstruasiya dövrü qadınların dişi enerjisinin ən üst səviyyəyə qalxdığı zamandır. 

Deyir ki, sən öz daxilini, qadın orqanlarını yaxşı mənada qəbul etsən, psixoloji durumun da yaxşı olar: 

“Çoxumuzu oğlan gözləyiblər, qız olmuşuq. Mənim misalımda da belədir. Nəticədə, əvvəla öz cinsimizi qəbul edə bilmirik deyə, menstruasiya prosesini ağır keçirir, ondan şikayət edirik. “Yenə gəlir, bezəcəyəm” deyirik. Beş gün öncədən bədənimizdə müxtəlif dəyişikliklər baş verir, başlayırıq ağrımağa, sızlanmağa, həmin dövrdə isə ümumiyyətlə, ağır oluruq. Əhvalımız düşür aşağı, özümüzü narahat hiss edirik. Hər gələn ayın bir neçə gününü əzablı keçiririk”.

“O dövrü xəstə kimi keçirmə”

Xumarın fikrincə, adicə menstruasiya zamanı baş verən qanama insanlara murdar bir şey kimi təqdim edilir. Çox vaxt “çimmək olmaz, yuyunmaq olmaz”, “ibadət yerlərinə girmək olmaz” deyilir: 

“Bir sözlə, bizə mənfi bir şey kimi təqdim edilib. “Bütün günü yerində uzan”, “ağır qaldırma”, “gəzmə”, “qaçma”, “idman etmə” kimi məsləhətlərin nəticəsində biz özümüzü ağır xəstə kimi hiss edirik. Əslində isə bunların hamısı boş söhbətlərdir. Bütün psixoloqlar deyirlər ki, o dövrü “xəstə kimi keçirmə”. Nə qədər xəstə olduğunu düşünsən, bir o qədər elə hiss edəcəksən. Bu dönəm sənə qadınlığını, bədənini, qadın olduğunu göstərir. Ana olmaq potensialını yadına salır. Əslində tam müsbət olan bir şey bizə mənfi kimi təqdim edildiyindən özümüzü xəstə kimi hiss edirik”.

Qadın olmanın fərqinə varandan sonrakı reql dönəmi

Xumar menstruasiya dönəmində çimir, rəqs edir, yürüşə çıxır, bir sözlə, istədiyini edir. Özünü psixoloji cəhətdən maksimum yaxşı saxlamağa çalışır. 

Deyir ki, gətirdiyi fiziki çətinlikləri bir çox hallarda aradan qaldırmaq olmur: 

Mənbə: thehealingwaterz.com
Mənbə: thehealingwaterz.com

“Məsələn, qanaxma olur, bədəninin bəzi hissələri şişir, bəzən ağrıyırsan. Lakin bacardıqca özümüzü qəbul etməliyik. Valideynlərim mənim oğlan olmamı gözləyiblər, əksi olub. Odur ki, uşaq vaxtı oğlan kimi geyindiriblər. Əslində nazlı, qəmzəli biriyəm, amma hegemon, sərt olmağa çalışmışam. Nəticədə öz qadınlığımın fərqində olmamışam. Bunun fərqinə varandan sonra mən reql dönəmini daha yaxşı keçirirəm”.

“Həmin dönəmi istədikləri kimi keçirmək üçün qadınlara şans verilməlidir”

Xumarın sözlərinə görə, insan bu prosesin psixoloji tərəflərinə qalib gələ bilir. Lakin qanaxma, hormonların dəyişməsi və s. kimi proseslərin önünü almaq mümkün olmadığından düşünür ki, reql dönəmində ən azı 2-3 günlük bir məzuniyyət olmalıdır: 

“Daha rahat olmaq üçün. Məsələn, tıxaca dözmək, kolleqalarla dil tapmaq, qarda-yağışda islana-islana işə getməkdənsə, həmin dönəmi istədikləri kimi keçirmək üçün qadınlara şans verilməlidir. Yatmaq istəyən, yatmalı, kitab oxumaq istəyən, oxumalı, gəzmək istəyən, gəzməlidir. Yaxşı deyilsənsə, onsuz da işdə də yüksək performans göstərə bilməzsən. Məncə, bu dönəmdə işə getmək mənasızdır”.

Dünyada menstruasiya prosesinə münasibət…

Azı bir əsrdir ki, dünyada menstruasiya  məzuniyyəti müxtəlif formalarda var. 

Sovet İttifaqı 1922-ci ildə, Yaponiya 1947-ci ildə və İndoneziya 1948-ci ildə bu sahədə milli siyasət tətbiq edib. Lakin bu gün menstruasiya məzuniyyəti ABŞ da daxil olmaqla, bir çox böyük iqtisadiyyatlarda nadir haldır. 

Son illər isə bu məzuniyyəti dəstəkləyən hərəkat böyüyüb. Getdikcə dünyada daha çox şirkət qadınlara menstruasiya məzuniyyəti verməyə başlayıb.

Psixoloqlar, həkimlər də təsdiqləyir ki, menstruasiya ilə əlaqəli simptomlar insandan-insana dəyişir. 

Bəzi qadınlar bu prosesi daha rahat keçirərkən, digərlərində ağır, yan təsirlərlə olur. Bunlara tez-tez baş verən ağrı krampları, bel ağrıları və miqren daxildir. Tədqiqatçılar hesab edir ki, bu, reproduktiv yaşda olan qadınlarda ən çox görülən ağrı səbəbidir. Ağır olmasına baxmayaraq, əksər qadınlar menstruasiya dövründə işə getməyə çalışır. 

“Menstruasiya məzuniyyəti sxemi” olmadıqca…

Cənubi Avstraliyanın Adelaide Hüquq Məktəbinin baş müəllimi Qabrielle Qoldinq deyir ki, işə getmək məcburiyyəti qadınların menstruasiya, menopauza ilə bağlı simptomları rəhbərlərinə açıqlamaqdan çəkinmələri, zəif və ya işlərini yerinə yetirə bilməyən kimi qəbul edilmək qorxusu ilə əlaqədardır.

Avstraliyanın Melburn şəhərində yerləşən HR proqram təminatçısı olan “Victorian Womens Trust” 2021-ci ildə sorğu keçirib. Nəticələr göstərir ki, 700 iştirakçının 70 faizi menopauza əlamətləri, eləcə də menstruasiya prosesilə bağlı menecerləri ilə rahat danışa bilmir. 83 faiz qadın isə bildirib ki, bu, işlərinə mənfi təsir göstərə bilər. 

Mütəxəssislər düşünür ki, vəziyyət “menstruasiya məzuniyyəti sxemi” olmadıqca, daha da ağırlaşa bilər. 

“Menopauza keçirən işçilər işlərini tərk etmək riski altındadırlar”

Melburndakı “Victoria Qadın Tresti”nin icraçı direktoru Meri Kruks deyir ki, menstruasiya məzuniyyətinə artan maraq pandemiyadan əvvəl hərəkətdə olan reproduktiv sağlamlıq ətrafında daha geniş mədəni dəyişikliklərlə də əlaqələndirilir. Məsələn, aybaşı məhsulları 2019-cu ilin yanvarından ölkəsinin Mal və Xidmətlər Vergisindən (GST) azad edilib. Üstəlik, bəzi dövlət məktəbləri qızlara pulsuz pedlər və tamponlar təklif edir. Eyni zamanda, federal hökumət endometrioz müalicəsini genişləndirmək üçün 42.4 milyon dollar milli fəaliyyət planını açıqlayıb. 

Təkcə, menstruasiya prosesini yox, həmçinin menopauza dönəmini də ağır keçirir qadınlar. 

Böyük Britaniyanın “Standard Chartered” Bankı tərəfindən dərc edilmiş 2021-ci il araşdırmasına görə, menopauza keçirən işçilər işlərini tərk etmək riski altındadırlar. 

Hesabatda göstərilib ki, 2400 iştirakçının 25 faizi simptomlarının, işəgötürənlərin və həmkarlarının məlumatsızlığı və dəstəyinin olmaması ilə birlikdə işdən çıxma ehtimalını artırdığını bildirib. 

Digər 22 faiz isə eyni amillərin onların ümumilikdə təqaüdə çıxma ehtimalını artırdığını bildirib.

“Dismenoreya qadınların 20 faizinin gündəlik fəaliyyətinə mane olacaq qədər şiddətlidir”

Menstruasiya zamanı qadınlarda dismenoreya adlanan ağır qanaxma, şiddətli kramp və yorğunluq ola bilər. Bəzi hallarda bu əlamətləri ürəkbulanma, qusma və ishal müşayiət edir.

Tədqiqatların nəticəsinə görə, reproduktiv yaşda olan qadınların 91 faizə qədəri dismenoreyadan, o cümlədən 29 faizədək olanları şiddətli ağrılardan əziyyət çəkir.

Amerika Ailə Həkimləri Akademiyasının açıqlamasına görə, dismenoreya qadınların 20 faizinin gündəlik fəaliyyətinə mane olacaq qədər şiddətlidir.

Bütün bunların müqabilində dünyanın çox az ölkəsində qadınlar menstruasiya zamanı qanunla ayrılmış məzuniyyətdən istifadə edə bilir. 

İspaniya Avropada ilk olaraq menstruasiya məzuniyyəti verməyə hazır olduğunu açıqlamış ölkədir. Hazırda isə yalnız bir neçə ölkədə – Yaponiya, Cənubi Koreya, Tayvan, İndoneziya və Zambiyada ödənişli aybaşı məzuniyyəti verilir.

Azərbaycanda belə məzuniyyət ola bilərmi?

Təranə Həsənova
Təranə Həsənova

Ginekoloq Təranə Həsənova deyir ki, menstruasiya prosesinin dilə gətirilməsinin ayıb sayıldığı ölkədə belə məzuniyyətin verilməsi ən azı yaxın gələcəkdə mümkün görünmür: 

“İnanmıram ki, bizdə menstruasiya vaxtı kiçik məzuniyyətlər verilə bilər. Düzdür, bu proses hamıda çətin keçmir və düşünürəm ki, belə bir məzuniyyət bizim cəmiyyətdə birmənalı qarşılanmaz. Çünki biz hələ Avropa cəmiyyətinə çatmamışıq. İndi bizə lazım olan qızlara menstruasiya barəsində doğru informasiyanın vaxtında verilməsinin təmin edilməsidir. Sonra digər məsələlər barəsində də düşünmək olar”. 

Nədir menstrual proses?

Təranə Həsənova deyir ki, isti ölkələrdə yaşayan qızlarda menstruasiya prosesi daha tez başlayır, nəinki soyuq yerlərdə. 

Azərbaycanda bu yaş 10-14 yaş aralığındadır. Buna cinsi yetişkənlik dövrü deyilir. Bu zaman yumurtalıqlar tam şəkildə yetişməyə doğru gedir, folekullar yetişir və partlayır: 

“Bir sözlə, hormonal sistem tam şəkildə repruduktiv sistemə uyğun qurulmağa başlayır”.

Ginekoloq qeyd edir ki, menstruasiya 28 günlük sikldir. Bu günlərdə qadınlarda iki əsas hormon – estrogen və progesteron üstünlük təşkil edir: 

“İlk 14 günlükdə estrogen, ikinci 14 günlükdə isə progesteron üstün olur. Bu hormonların təsiri altında yumurtalıqlarda folekullar yetişir, müəyyən həddə çatır və partlayır. Həmin partlamış folekullar qarın boşluğuna düşür. Bu zaman cinsi münasibət olarsa, həmin folekul sperma ilə mayalanır və hamiləlik baş verir. Mensturasiya ümumi götürsək, hamiləliyə xidmət edir və bu formada baş verir”. 

“İki günlük məzuniyyət və ya evdən işləmək imkanı yaradılsa, şirkət çox şey itirməz”

Menstruasiya zamanı ağrıların insandan-insana dəyişdiyini söyləyən, Aysel Umudova əlavə edir ki, bəzilərində dəhşətli ağrılar ola bilir. Bu, bəzən aylara, fəsillərə görə dəyişir: 

“Fəsil dəyişkənliyi zamanı menstruasiya prosesi daha çətin hal alır. Normaldan daha ağrılı və psixoloji gərgin keçə bilir. Düşünürəm ki, belə durumlarda qadınlara azı 2 gün məzuniyyət verilməlidir, yaxud evdən işləməyə şərait yaradılmalıdır. İstəsək də həmin gün məhsuldar ola bilmirik, mümkün olmur. Belə durumda iki günlük məzuniyyət və ya evdən işləmək imkanı yaradılsa, işverən çox şey itirməz”.

Yazdı Gülər Mehdizadə

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix