Mehriban Zeynalova – özü İllərlə küçədə yaşayıb bu gün 60-dan çox qadına sığınacaq verən insan

1

“6 ay 2 uşaqla betonun üstündə  döşək salıb yatmışam”

Mehriban Zeynalova Azərbaycanın qadın hüquqları müdafiəçisidir. Hazırda ölkədəki yeganə qadın sığınacağına rəhbərlik edir. O deyir ki, bu vəzifəyə təyin edilməyib, sadəcə həyat belə gətirib. Bu işə özünə aldığı kiçik evdən başlayıb. Elə həmin evdə də şiddətə məruz qalmış qadınlara qucaq açıb. İnsanlara kömək edə-edə işin incəliklərini də öyrənib. Əvvəlcə 5-6, sonra 10-15, indi isə 60-dan çox insana sığınmağa yer verib. 

Mehriban Zeynalova deyir ki, əslində sığınacaq 30-35 nəfərlikdir. Lakin bəzən burada 60-dan çox qadın qala bilir. Çünki o, kimsənin küçədə çarəsiz qalmasını istəmir. Belə durumlarda öz hekayəsini xatırlayır: vaxtilə özü də bu yollardan keçib, küçədə, soyuqda, körpə uşaqları ilə çarəsiz qalıb və bunun nə demək olduğunu çox yaxşı bilir.

Bu, 6 il küçədə, övladları ilə sığınmağa yer tapmayan bir qadının hekayəsidir

İllər öncə Gəncədə musiqi məktəbində fortepiano dərsləri vermiş Mehriban Zeynalova tezliklə şəhərin Tarix Diyarşünaslıq Muzeyində işə düzəlir. İşə başladığı qısa müddət ərzində Mədəniyyət Nazirliyi ona yaxşı işçi olduğuna görə sertifikat da verir. Bundan sonra isə şəhərin 12 saylı uşaq bağçasına müdir təyin edilir. Dediyinə görə, işləri, naliyyətləri rəhbərliyin xoşuna gəlsə də, o, bu işlərin heç birində özünü tapa bilmir. Mehriban Zeynalovanın Bakıya gəlişi Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyası (AMDP) ilə bağlıdır. O zaman həmin təşkilata üzv olur və burada siyasi fəaliyyətlə başlayır. Deyir, qısa zamanda siyasi fəaliyyətlə məşğul olmaq xoşuna gəlir:

“Anam hər şeyi yarımçıq qoyub getdiyim üçün məni çox danladı. Odur ki, sonradan nə qədər çətinlik çəksəm də, kimsəyə ağız açmadım”.

Mehriban Zeynalova 1996-cı ildə indiki “Azadlıq” Metrosu tərəfdə özünə 3 min manata ev alır. Deyir, şəraitsiz olduğundan, qısa zamanda evi satmaq qərarına gəlir:  

“Evi də, əşyalarımı da satdım. Yeni ev alacaqdım. İş elə gətirdi ki, satdığım evin pulunu oğurladılar. Başqa pulum olmadığından 2 uşaqla küçədə qaldım. Partiyadakı bir oğlanın Yasamalda evi vardı: təmirsiz, dörd divar. Təklif etdi ki, vəziyyətim düzələnədək orada qala bilərəm. 6 ay 2 uşaqla o evdə betonun üstünə döşək salıb yatmışam”. 

Mehriban Zeynalova deyir ki, çox keçmir, bu ev də əlindən çıxır. Evin sahibi ürəktutmasından ölür. Bu hadisədən sonra qohumları onu evdən çıxarır:

“O vaxtdan da mənim sərgərdan həyatım başladı. Kirayə çıxmağa qəpiyim yox idi. Qohum-tanışın qapısını döyməyə başladım. Hər gün birinin evində qalırdım. Bəzən biz orada qalırıq deyə, ər-arvad dalaşır, gecə ilə bizi küçəyə atırdılar. Onlara üz tutmayım deyə, tanışların çoxu evdə olmadığını bəhanə edirdi. Bir dəfə gecə yağışın altında bir qohumun qapısını döydüm. Qızı qapını açdı və anasının evdə olmadığını söylədi. Halbuki bu, mümkün deyildi. Mən həmin gecəni blokda o qadını gözləyərək keçirdim. Gəlmədi, çünki evdəydi… Dəhşətli soyuq idi, külək iliklərimizə işləyirdi. Uşaqlarımı qucaqladım və sözün həqiqi mənasında soyuqdan zarıdım. Arada düşünürəm ki, qışın günü, küçələrdə yaxşı ki, xəstəlik tapmadıq”.

“Bura 30-35 nəfərlik hazırki sığınacaqdır. Ancaq dediyim kimi, bəzən 60-dan artıq adam qalır. Çünki mən insanların pis vəziyyətdə, küçədə, çarəsiz qalmasını izləyə bilmirəm”.

Mehriban Zeynalova və övladları 1996-cı ildən 2002-ci ilədək evsiz qalıblar. Bəzən küçədə, bəzən dost-qohum evində gecələyiblər:

“Elə də olub ki, avtovağzalda bir günlük otaq tutub qalmışıq. Beləcə 6 il ötüb. Məni ən çox yandıran balalarımın küçədə qalması olub”.

1999-cu ildə anası onun bu vəziyyətini görür və qızını yanına aparır. Beləcə, işin içinə həm də özləm girir. Bundan sonra Mehriban Zeynalova illərlə qızının üzünü görə bilmir:

“Qızım hər doğum günündə ona zəng etməyimi gözləyirdi. Mənim isə bir zəngə belə pulum olmurdu. Sonra Novella xanım (red: Novella Cəfəroğlu) vəziyyətimə üzüldü. Məni ofisinə dəvət etdi və burada qala biləcəyimi söylədi. Darısqal ofisdə qalmağa şərait yox idi. Təkcə stullar, bir də nimdaş ədyal vardı. Hamı gedəndən sonra stulları birləşdirir, oğlumla üstündə yatırdıq. Təşəkkür üçün yatmazdan öncə ofisi təmizləyirdim. Səhər də hamı gəlmədən öncə durur, yataqları yığırdım ki, heç kim görməsin. Gedişli-gəlişli ofis idi, utanırdım”.

2002-ci ildə Mehriban Zeynalova çox çətinliklə topladığı 5300 dollarla “İçəri Şəhər”dən kiçik, 17 kvadratlıq ev ala bilir. Həmin evdə oğlu ilə uzun müddət əşyasız yaşayır:

“Bir boşqab, çəngəl, qaşıq, bir də döşəyimiz var idi. Bir neçə əşyamı tanışların evində qoymuşdum. Evi alandan sonra getdim, dedilər, “nə əşya, nə danışırsan?” Nə isə artıq küçədə qalmırdım və özümə söz vermişdim, çətin durumda olan kimsəyə üz çevirməyəcəkdim. Elə evimizin ilk qonağı da uşağını itirməmək üçün evdən qaçan bir qadın oldu. Gələndə hamilə idi, birgə yaşadıq, hətta uşağını da birgə böyütdük. Sonra onun kimi saysız qonaqlarımız oldu. Şiddət görən, evindən qaçmaq məcburiyyətində qalan, insan alveri qurbanı olmuş neçə-neçə qadınlar…”.

O dövrdə evinin qapısını insanlara açdığı üçün Mehriban Zeynalovanı qınayanlar da olur. Yaxın rəfiqəsi ona “tanımadığın adamları evinə gətirmə, uşaqların xəstəlik tapacaq”, – deyirmiş. O isə həmişə möcüzələrə inanırmış. Beləcə nə özünə, nə də övladlarına nəsə olur. Deyir, evində qalan qadınları ginekoloq, psixoloq, vəkil dostlarına yönləndirə-yönləndirə bu insanların nəyə ehtiyacı olduğunu, onlara necə kömək etmək lazım olduğunu öyrənir. Və sonra möcüzə baş verir. “İçəri Şəhər”dəki evinə müştəri çıxır. Yaxşı pul ödəyir. Həmin pulla o özünə 2 ev alır. Birində yaşayır, digərini sığınacağa çevirir:

“İndiki ev daha böyük idi. Orada daha çox adam qalırdı. Layihələrim olurdu, qənaət edir, evə ərzaq, lazım olan əşyalar alırdım. Millətlərin fərqi olmazdı, evdən qovulan, döyülən, insan alveri qurbanları qadınlara qucaq açırdım. Həmin dövrdə hansı təşkilata yazırdım, sığınacağa layihə verən olmurdu. Qonşu ölkələrdə isə sığınacaqlar maliyyələşirdi, onlara beynəlxalq təşkilatlar dəstək verirdi. 2013-cü ilədək sığınacağı qənaət etdiyim pulla saxladım. “Sən düz etmirsən, nəyinə lazım idi” – deyib, danlayanlar da olurdu. Mən isə bu işi ürəklə görürdüm”.

Mehriban Zeynalova yaxında yeni sığınacaq binasına köçəcəklərini deyir. Həmin binanın 60-65 nəfərə xidmət edəcəyini bildirir.

Mehriban Zeynalova deyir ki, 2016-cı ildə bir xeyriyyəçi xanım ona böyük bir evi olduğunu və onu sığınacağa çevirə biləcəyini söyləyir. Hədiyyə etmir, sadəcə istədikləri qədər istifadə edə biləcəklərini deyir: 

“Bura 30-35 nəfərlik hazırki sığınacaqdır. Ancaq dediyim kimi, bəzən 60-dan artıq adam qalır. Çünki mən insanların pis vəziyyətdə, küçədə, çarəsiz qalmasını izləyə bilmirəm. Burada fəaliyyətlər, xidmətlər fərqlənir. Beynəlxalq təcrübəni öyrənmişəm, dəfələrlə bununla bağlı təlimlərdə, kurslarda olmuşam. Eyni zamanda, bu işi bilən sosial işçilərimiz var. Beləliklə, 1 nəfərə sığınacaq verməklə başladım, sonra 10, 20, 30 nəfərədək adama kömək edə bildim”. 

Mehriban Zeynalova yaxında yeni sığınacaq binasına köçəcəklərini deyir. Həmin binanın 60-65 nəfərə xidmət edəcəyini bildirir:

“Orada mətbəx, dərs otaqları da genişdir, yataqlar çoxdur. Biz sığınacaqda qalan qadınların uşaqlarını məktəbə göndəririk. Hələ əlavə sığınacaqda da məşğələlərimiz olur. Hər tipdə insan görsək də, çalışırıq hamısı ilə yola gedə bilək. Burada zorakılıqdan söhbət belə gedə bilməz. Ən əsası, xanımlarda özgüvən yaratmağa çalışırıq ki, həyatlarını dəyişə bilsinlər”.

Mehriban Zeynalova deyir ki, bu gün sığınacaqda çalışan sosial işçilər bu qədər fədakar işin müqabilində çox az maaş alırlar. Onun fikrincə, fədakar, can yandıran olmasan, burada işləmək mümkün deyil. 

Mehriban Zeynalova indiki halından geriyə baxanda həyatsevərliyini itirmədiyini, nə olursa olsun, insan qalmağın önəmini vurğulayır:

“Bir də belə hal yaşasaydım, yenə qadınlara kömək edərdim. Axı küçədə – diqqətdən kənarda sevgisiz, qayğısız qalmağın nə olduğunu bilirəm. Hələ bunun soyuğu, sazağını demirəm, lap adamın iliklərinə qədər işləyir…”.

Yazdı Gülər Mehdizadə

Fotoları çəkdi Aygün Rəşid

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

Bağlı mesajlar

6 Responses
    1. Salam. Sığınacaq üçün Təmiz Dünya İctimai Birliyinə 0124085696 zəng edərək əlaqə saxlaya bilərsiniz. Bundan başqa, Məişət zorakılığına məruz qalmış şəxslər üçün Sosial Xidmətlər Agentliyinin nəzdində yaradılan sığınacağa da müraciət etmək üçün (zəng/whatsapp): 077-306-75-50 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

  1. Gulnare

    5il mehriban eliyevanin oxudygu 23nomreli mektebde calismisam ozum tehsilliyem halnhazirda islemorem ailede iki evaldim pis verdisleri olannheyat yoldasim var mene ve usaqlara zulmedir cais edirem komek edin usaqlar bele bir atanin yaninda boyuesinler cox xais edirem

    1. Salam. Sığınacaq üçün Təmiz Dünya İctimai Birliyinə 0124085696 zəng edərək əlaqə saxlaya bilərsiniz. Bundan başqa, Məişət zorakılığına məruz qalmış şəxslər üçün Sosial Xidmətlər Agentliyinin nəzdində yaradılan sığınacağa da müraciət etmək üçün (zəng/whatsapp): 077-306-75-50 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bir cavab buraxın