Masallıdan üzü qərbə tərəf…

0

“Femmekan”ın bu dəfəki qonağı Kifayət Talıbzadədir. Dediyinə görə xaricdə – Polşada təhsil alıb, 3 il orada yaşayıb, oradakı iş imkanlarını dəyərləndirmədən üz tutub doğulub böyüdüyü rayona. Sosial biznes ideyasını da doğma Masallıda gerçəkləşdirib.  

Kifayət deyir ki, doğma məmləkətdə heç nə asanlıqla başa gəlmir. Amma elə onun da ən çox sevdiyi nəsnə çətinliklərə sinə gərməkdir: xaricdə təhsilindən tutmuş oradan doğma rayonuna qayıtması, yaşaması və iş qurmasına kimi heç nə ona asanlıqla başa gəlməyib. 

Ölkəsində iş qurmağa necə qərar verib? 

Kifayətin əsas arzusu ölkəsi, rayonunun qadınları üçün nələrsə etmək olub. İdeyasına da elə bir yerdən başlayıb:  

“Polşada yaşadığım illərdə qaldığım kiçik şəhərdə az qala hər ay dəyişiklik görürdüm. Böyük binalar tikilirdi, parklar salınırdı, yeni, modern kafelər, alış-veriş mərkəzləri inşa edilirdi, yollar genişləndirilirdi. Ölkəmə qayıdanda bir də Masallıya baxdım. Hər şey qoyduğum kimiydi. Hətta daha da geriyə getmişdi”.

“Kənardan “səni qəbul etməyəcəklər”, – deyirdilər”

Kifayət Talıbzadə öncə Qafqaz Universitetində bakalavr təhsili alıb. Daha sonra Polşada beynəlxalq münasibətlər üzrə oxumağa gedib.

Deyir, əvvəlcə özəl universitetdə güzəştli təhsil almaq üçün dəridən-qabıqdan çıxıb. Sonra isə magistratura təhsili üçün “Erasmus” proqramı ilə Polşaya getmək üçün ailəsindən izin qoparıb:

“Kənardan “səni qəbul etməyəcəklər, xüsusi imtiyazlı insanlara üstünlük verilir”, – deyirdilər. Məsələn, köçkün tələbələrə. Amma mən ümidimi üzmür, hazırlaşır, sənədlərimi toplayırdım. Qəbul alacağıma ürəkdən inanırdım və sonunda Polşa universitetlərinin birindən müsbət cavab gəldi”. 

“Sanki hamı bir-birini təkrarlayır”

Kifayət  təhsil aldığı dönəmləri xatırlayaraq bildirir ki, əslində xaricdə təhsil almaq hər bir insanın təməl haqqıdır. Deyir, “amma bu, Masallıdan gələn gənc bir qız üçün uğur sayılacaq qədər böyük naliyyətdir və  hamı bacarmaz”. Kifayətin düşüncəsinə görə, məmləkətdə  hamının keçməsi üçün cəmi bir yol var və sanki hər kəs bir-birini təkrarlamalıdır: 

 “Universiteti bitirib evə dönəndə qohumlarım, ətrafım ailə qurmağımı gözləyirdi. Ən pis halda rayonda bir iş tapıb işləyəcəyimə ümid edirdilər. Mən onları xəyal qırıqlığına uğratdım. Xaricdə təhsil almaq istədiyimi deyəndə əvvəlcə bir az narazılıq oldu. Sonra anamı və atamı yola gətirə bildim”.

“Faydalı olmaq nədir – daha yaxşı anlamışdım”

Kifayət deyir ki, ölkədən ilk çıxıb getdiyi yer də elə Polşa olub. Təkbaşına tanımadığı bir ölkəyə öyrəşməyi zaman alıb. Eyni zamanda, Avropada insanların bir-birinə qarşı davranışı, gənclərin sərbəst qərar verməsi, təhsil, əyləncə imkanları, boş vaxtlarında səyahət etmələri onun düşüncələrini müsbətə doğru dəyişib: 

“Məktəbdə oxuyanda bir müəlliməmiz var idi. Tez-tez “Düzdür, savad, təhsil lazımdır, amma ən önəmlisi vətəndaş kimi faydalı olmaqdır”, – deyirdi. Avropada olarkən bu fraza tez-tez yadıma düşürdü. Bəli, məhz Polşada vətəndaş kimi faydalı olmaq nədir, daha yaxşı anlamışdım. Məmləkətimə qayıtmaq və faydalı olmaq haqqında düşünürdüm”.

“Cəmiyyət qadınları həmişə iqtisadi və sosial cəhətdən sıxıb”

Kifayət qayıdandan sonra Masallı qadınları üçün iş yeri açmaq fikrinə düşür. Buna onu qadınların durumu vadar edir: 

“Həmişə rayon qadınlarını müşahidə edirdim. Gördüklərim əsasən, ev işləri, evdən çölə çıxa bilməmələri olub. İqtisadi və sosial cəhətdən cəmiyyət, həyat onları həmişə sıxıb. Bəli, mən onların problemlərinin hamısını həll edə bilməzdim, amma kiçik də olsa, həyatlarına müsbət bir qatqım ola bilərdi”.

“3-4 qadının həyatını bir az yüngülləşdirə bilmişəmsə, bu, mənim üçün böyük xoşbəxtlikdir”

Corab toxuyub xarici ölkələrə satmaq ideyası Kifayətin ağlına gələndə çox az büdcəsi var imiş. Amma bir yerdən başlamaq lazım olduğunu da anlayırmış: 

“Şəkidən tanıdığım bir qız toxuculuqla məşğul idi. Onun da köməyilə Masallıda toxucular tapdım, sap aldım və birlikdə corab toxumağa başladıq. Bu işə 60 manatlıq büdcə ilə başlamışdım”. 

Kifayət Talıbzadə çalışır ki, iş verdiyi qadınların hər biri ehtiyaclı ailələrdən olsun. Alacaqları pul hansısa problemlərinin həllinə kömək etsin: 

“Kiçik bir iş də olsa, görün, neçə qadın çalışır və az da olsa, onlar evlərinə  pul aparır. Çox yox, elə 3-4 qadının həyatını bir az yüngülləşdirə bilmişəmsə, bu, mənim üçün böyük xoşbəxtlikdir”.

“Masallıda toxunmuş corablar Avropaya, Amerikaya gedirdi”

Komandada çalışan toxucuların ilk əl işi – 12 corab satılmaq üçün Yeni Zelandiyaya göndərilib. Kifayətin dediyinə görə, tez dağılmaması üçün  həmin corabların altına Şəkidə dəri də vurdurublar. Bir neçə ay sonra isə o,  Etsy-də (dünyada məşhur və yaradıcı əl işləri saytı) özünə hesab açır və toxucuların əl işlərinin  fotolarını həmin səhifəyə yükləyir:

“İlk alış İngiltərədən oldu. Necə sevinirdim, sanki uçurdum. Yavaş-yavaş Fransadan, İtaliyadan, Almaniyadan, Amerikadan, Kanadadan corablarımızı almağa başladılar. Bəli, bu, Masallıda toxunmuş həmin corablar idi. Əl işlərimiz Avropaya, Amerikaya gedirdi. Möcüzənin özüydü. Üstəlik, corabların içinə qoyduğumuz kiçik açıqcalar onun haradan gəldiyini, bizim kim olduğumuzu və corabı kimin toxumasını bildirir. Onu alan adamda fərqindəlik hissi yaradır”. 

“Qərblilər sosial sahibkarlıq məsələlərini çox yaxşı anlayır”

Kifayət toxunan corablardan Bakının mərkəzi küçəsindəki suvenir mağazalarına da qoymağa başlayıb. Dediyinə görə, orada da satış yüksək səviyyədə olub. “Əsasən Rusiyadan gələn turistlər az qala hər corabdan iki-iki alırdılar. Amma pandemiya dövrünün başlaması, ölkəyə gələn turist sayının kəskin azalması ilə satışlar azalıb”.

Pandemiya zamanı Kifayət diqqəti onlayn alış-verişə verir, əvvəlcə satış az olduğu üçün yavaş-yavaş xaricdə sosial bizneslə məşğul olan adamlara yazmağa başlayır:  

“İngiltərədən bir qadın tapdım. Dedi, “sizdən corablar alarıq, amma məhsullar təbiət dostu olmalıdır”. Təmiz, 100 faiz yun saplar aldım və başladıq toxumağa. Onlar hələ də bizdən corab alırlar. Bir nəfər qadın da Avstraliyadan tapmışam. O isə sosial sahibkardır. Londonda mağazası var və ancaq sosial sahibkarların məhsullarını satır. Qərblilər sosial sahibkarlıq məsələlərini çox yaxşı anlayır. Bizdə hələlik, oturuşmayıb, demək olar ki, yoxdur”. 

“İxrac prosesi inanılmaz dərəcədə çətindir”

Kifayətin Yeni Zelandiyaya ilk göndərdiyi 12 corab bir ildən sonra satılıb. Hətta oradan müştəri də çıxıb: 

“Dedilər, “corabları mağazamıza qoymaq istəyirik, yenə göndərin”. Elə sevindim ki… Amma COVİD-ə görə hələlik, qalıb. Ancaq həyat normala dönəndən sonra ora yenə corab göndərəcəyik”. 

Kifayət xaricə məhsul göndərməyin çətinliklərindən də danışıb. Deyir, çətin olduğu qədər də bahadır: 

“İxrac prosesi inanılmaz dərəcədə çətindir. Üç dənədən artıq məhsul göndərməyə gömrük orqanları qadağa qoyub. Sanki göndərdiyim corab deyil, brilliantdır. Üstəlik, bu aralar COVİD-ə görə poçtların göndərilmə xidməti dayandırılıb. Məcbur olub “DHL Express”-dən istifadə edirəm. O da çox bahadır. Hər dəfə göndərdiyim bağlamanı töküb, uzun-uzun axtarmaları da ayrı bir dərddir. Elə bu çətinliklərə görədir ki, bu ölkədə heç kim heç nə ixrac etmir. Nə vaxt gedirəm ixrac qapısı bomboşdur”.

“Onların üzündəki təbəssümdən güc alıram”

Kifayət Talıbzadə işlərinə dəstək olmaları üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) da müraciət edib. Bu yaxınlarda BMT-nin təlimçiləri Kifayət və onun komandasına təlimlər keçib: 

“Üstəlik, söz veriblər layihəmi böyütmək üçün kömək edəcəklər. Onda fərqli geyim və əşyalar da toxuya biləcəyik”.

Kifayət Talıbzadə bu yaxınlarda Polşada növbəti təqaüd proqramı ilə universitetə qəbul olub. Ancaq gördüyü işi yarımçıq qoymaq istəmədiyi üçün təhsildən imtina edib: 

“Çətinliklə alınır, daşdan çıxır, çox stress keçirirəm, amma qadınlar xoşbəxtdirlər. Onların üzündəki təbəssümü görürəm və bundan güc alıram. Hazırda aktiv işləyən 8 qadın var. Yeni 5-6 nəfər də cəlb etmişik. Onlara toxumağı öyrədirik. Ümid edirik ki, gələcəkdə sifarişimiz daha çox olacaq və biz daha çox qadına, onların timsalında daha çox ailəyə dəstək ola biləcəyik”. 

Yazdı Gülər Mehdizadə

Fotolar Aygün Rəşid

Please install and activate the "Master Slider" plugin to show the slides.

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

Bağlı mesajlar

1-Cavab
  1. […] “Həmişə rayon qadınlarını müşahidə edirdim. Gördüklərim əsasən, ev işləri, evdən çölə çıxa bilməmələri olub. İqtisadi və sosial cəhətdən cəmiyyət, həyat onları həmişə sıxıb. Bəli, mən onların problemlərinin hamısını həll edə bilməzdim, amma kiçik də olsa, həyatlarına müsbət bir qatqım ola bilərdi” https://femmekan.com/masallidan-uzu-qerbe-teref/?fbclid=IwAR3HMJ6ahCzFAbpwPu8zk_hvt-FMiDUFSywCt-fAlQ… […]

Bir cavab buraxın

Mənim Yeni Tarix