Koronavirusla mübarizədən cəbhəyə

0

“Yaralı əsgər gətirmişdilər. Qıvırcıq, sarı saçlı, mavi gözlü… Müayinə etdik, otağa yerləşdirdik. Nəsə istəyir, utancaq üzümə baxırdı. Yaxınlaşdım ki, nədir balam, nədir quzum, nə kömək edim sənə? Gözümün içinə baxıb, gülümsədi, su istədi. O baxışlar sonra yadıma çox düşdü. Balam, quzum dediyim o adam odun-alovun içindən gəlmişdi. Uşaq kimi baxdığım o əsgər kim bilir nələr görüb, bəlkə də elə bircə günün içində böyümüşdü. Bunun heç bir faizini də təsəvvür edə bilmərəm”.

Cəbhə bölgəsinə könüllü yollanan həkim-reanimatoloq 33 yaşlı Lalə Musazadənin sözləridir.

“Şimdi ölmək istəməm”, “şimdi ölmək istəməm”…

Lalənin hazırda gördüyü iş illərdir məşğul olduğu peşəsidir. Ancaq son 1 ayda gördüklərini ömrünün sonunacan unutmayacağını deyir: “Bir yaralı uşaq (əsgər) gətirdilər. Arıq, cılız… Çanağında balaca deşik vardı. Güllə yarası. Qalan hər yeri salamat idi. Görünür, damarı zədələnib, daxili qanaxması olmuşdu. Əməliyyata qaldırdıq. Çox qan itirmişdi. Cərrahlar qan, maye köçürdülər. Dözmədi, ürəyi dayandı. Bir də ayıldım ki, uzun müddətdir ona ürək masajı edirəm. Bəbəyinin genişləndiyini görüb, sakitcə kənara çəkildim. Qollarımı hiss etmirdim. Ürək masajı etdiyim zaman qulağımda öncəki gün dinlədiyim mahnının sözləri təkrarlanırdı. “Şimdi ölmək istəməm”, “şimdi ölmək istəməm”… (Teomanın “Çoban Yıldızı” mahnısı) Elə bilirdim o mahnını ürək masajı etdiyim əsgər oxuyur”.

“Hər itirilən insanın ailəsini düşünürdüm”

Lalə 8 ildən artıqdır həkim kimi çalışır. Üstəlik, bu, onun ilk könüllü fəaliyyəti deyil. Koronavirusun yayğın olduğu dövrdə Bakıda bu xəstələr üçün açılmış yeni xəstəxanada da işləyib. O zaman da belə hisslər yaşayıb:

“Kimsə ölürdü, aparatı söndürürdüm. Sonra fikirləşirdim ki, bəlkə də indi qohumları sağalması üçün dua edir. Mən isə o aparatı çox asanlıqla söndürdüm. Özümü qınayırdım. Hər itirilən insanın ailəsini düşünürdüm. Görən kimdir? Bədbəxt olub, amma xəbəri yoxdur”.

Müharibə dövrünün uşaqları

Müharibə Laləyə yad deyil. Uşaqlığı cəbhə bölgəsinə yaxın keçib. Beyləqanın Birinci Şahsevən kəndindəndir. Amma o, nə zamansa müharibə şəraitdə çalışacağını ağlına gətirməyib: “4 yaşım olardı, saymağı yeni öyrənmişdim. Bizim küçədən tez-tez tanklar keçirdi. Onları sayırdım 1, 2, 3, 4 …, 10… Müharibə dövrü uşaqları idik. Cəbhədə yaralanıb gələnlərdən tutmuş, atılan bombaların səsinə qədər – çox şeyi xatırlayıram.

Müharibənin içində böyümüşəm desəm yalan sayılmaz UNİCEF bizə də bit dərmanı paylayıb. O vaxt bütün uşaqların başına bit düşürdü. Uşaq idim, Beyləqana bomba düşmüşdü, xəstəxana dağılmışdı, ölən həkimlər var idi. Hamını təxliyə ediblər, yeni doğulmuş bir oğlan uşağı yaddan çıxıb. Sonra onu bir əfqan əsgər gətirib ailəsinə vermişdi. O əsgərin şərəfinə uşağa Əfqan adı verilmişdi. Həmin oğlan sinif yoldaşımın qardaşı idi. Bəlkə də indi əsgərdir, bilmirəm. Belə hekayələr tanıdıqlarımın başına gələcək qədər yaxınımda idi”.

“Bu bayraq yaralı əsgərin cibindən çıxmışdı. Şalvarını qayçı ilə kəsib çıxaranda qışqırmışdı ki, orada bayrağım var, cibimi kəsməyin. Sonra qızlar sarğı otağının qapısından asmışdılar”.

Yaranan qorxular

Lalə 2016-cı ilin “Aprel döyüşləri”ndə də Füzuli xəstəxanasında çalışıb. Həm “Aprel döyüşləri”ndə, həm də indiki qarşıdurma zamanı Lalədə bəzi qorxular yaranıb. Deyir, qızğın işləyəndə yadına heç nə düşmür. Ancaq özü ilə baş-başa qalanda düşünməyə başlayır:
“Yatanda xəstəxanaya raket atsalar nə olar? – deyə, fikirləşirəm. Düzdür, beynəlxalq konvensiyalara görə xəstəxana, məktəb vurula bilməz. Yaxşı, vurmurlar? Yatanda sol tərəfim üstünə çevrilirdim. Nəsə düşsə, sol tərəfimə heç nə olmasın deyə. İş zamanı daha çox sol qolumdan istifadə edirəm axı. Sonradan bu fikrimə gülməyim gəlirdi. Deyirdim, “Lalə, nəsə düşdü, sağ qaldın, bircə qolun problem oldu?”. Mən arada danışıram öz-özümlə (gülür)”.

“Evinə getmək istəyən birinə nəsə demək haqqım yoxdur”

Lalə bu gün atəşkəs olsa, sevinəcəyini deyir. Çünki müharibənin itkisiz olmadığını yaxşı bilir. Deyir, hər günün əhəmiyyəti var və nə qədər itkinin önü alınar:

“Ancaq müharibə istəyən insanları da qınaya bilmirəm, haqqım çatmır. Evlərinə istəyirlər – bundan təbii arzu, istək ola bilərmi? Kənddəki evimizdən 17 yaşımda çıxmışam. Həyətimizdə böyük armud ağaclarımız vardı. Evimiz 2 mərtəbəliydi, ikinci mərtəbəsindəki enli eyvan, geniş həyətimiz hələ də gözümün önündədir. Mən oxuduğum müddətdə ağaclar qurudu, eyvan söküldü, həyətin forması dəyişdi. Amma hələ də yuxularımda əvvəlki evimizi görür, xəyallarımda o halını canlandırıram”. Lalə deyir ki, o hələ kəndlərinə, evlərinə istədiyi vaxt gedə bilir. Gedə bilməyənlərlə isə empati qura, onları anlaya, nə hisslər yaşadıqlarını, nə istədiklərini duya bilir: “Mənim əvvəlki forması üçün darıxdığım evim durur gözümün önündə. Bu insanların həsrəti başadüşülən olmalıdır”.

Peşə təcrübəsindən insan travmasına

Lalə həm koronalı xəstələrlə çalışdığı zaman, həm də indi həkim kimi böyük təcrübələr qazandığını, ancaq insan kimi sarsıntı, travmalarla yükləndiyini deyir.

O, bir insanın sakitçə ölüb getməsini həzm edə bilmir. Buna görə həmkarları onu bu peşə üçün həddən artıq həssas sayır. Lalə isə düşünür ki, ürəyiyumşaqlıq heç də işi yaxşı bacarmamaq deyil. Düşünür ki, hər bir xəstəyə can yandırmaq, sonacan ondan əl çəkməmək lazımdır:
“Hər gün COVİD 19-a yoluxma ilə bağlı statistika verirlər. Bu, çoxları üçün rəqəmdir, amma mən ona say gözü ilə baxa bilmirəm. O saat hesablayıram ki, 900-dən çox yoluxmanın 5 faizi reanimasiyaya düşəcək. Onlardan neçəsinə intubasiya (nəfəs borusuna boru ya lülənin daxil edilməsi)) lazım olacaq və biz neçə xəstə itirə bilərik. Düzdür, yaşlı, ürək xəstəliyi olan, diabetli xəstələri itiririk daha çox. Amma həkim üçün bunun önəmi yoxdur. Dünyada bu gün xəstənin ömrünü 2-3 həftə uzatmağa xidmət edən əməliyyatlar var”.

“Bəzən insanların çox acımasız olduğunu düşünürəm”

Lalə deyir ki, sosial şəbəkələrdə sərt karantin dövrünü tənqid edənlər çox olub. Hətta “karantin insanların hüquq və azadlıqlarına ziddir”, – düşünənləri də, “milyon xəstəliyi vardı, öləcəkdi”, – deyənləri də görüb. O, bunlarla razılaşmır.

Deyir, korona olmasaydı, həmin adam o milyon xəstəliklə 1 həftə, 10 gün, 1 ay, 2 ay artıq yaşayacaqdı, ancaq yaşamadı: “İndi baxıram ki, o vaxt karantinə etiraz edənlər indi də müharibə istəmir. “İnsanlar ölür”, – deyirlər. Halbuki onda da insanlar ölürdü, indi də ölür. Sanki əsas olan insanın kiminçünsə ölməsi, nəyinsə uğrunda can verməsidir. Sanki insanlar dəyər vermək üçün birinin onun üçün ölməsini istəyir. Üzücüdür”.

“Birinin ayaqqabısını açanda, digərinə su verəndə də
rahatlıq tapırdım”

Cəbhə bölgəsinə gəldikdə, Lalə deyir ki, orada çox həkim çalışır. Hər peşədən azı 10-15 nəfər olur:

“Hər xəstənin başında bir həkim var idi. Mənsə adicə birinin ayaqqabısını açanda, su verəndə, nə bilim yanığın üstünə dərman çəkəndə də rahatlıq tapırdım. Tək həkimlər yox, elə kənd camaatı da kömək etməyə çalışırdı. Yorğan-döşəklərini xəstəxananın həyətinə tökən insanlar var idi. Deyirdik, xəstələrin döşəyi var, lazım deyil. “O zaman işçilər yatsın üstündə”, – deyirdilər. Orda olduğum müddətdə kimsədən müharibəni prezident aparır, dövlət aparır və s. kimi sözlər eşitmədim. Hamı vətənini azad etməyə gedirdi. Bunu verilən əmrə görə yox, içindən gəldiyi üçün edirdi”.

Könüllülükdən özünüqınamaya…

İndi Lalədə özünüqınama dövrü başlayıb. Bakıdadır. Deyir, nəsə xoşuna gələn bir iş görür. Düzdür, bundan əvvəlki kimi zövq ala bilmir:

“Elə bu zaman ağlıma gəlir ki, Lalə, orda insanlar ölür, sən nə edirsən? Özümü danlayıram. Orda insanlar ölür ki, sən burda televizor izləyib, radio dinləyə, nə bilim kofe içəsən? Onlar bunun üçün ölmür axı. Odur ki, maksimum faydalı olmağa çalışıram. Hətta cəbhəyə qayıdıb səhra hospitallarında çalışmaq istəyərəm”.

Yazdı Gülər Mehdizadə
Fotoları çəkdi Aygün Rəşid

Mehriban Zeynalova – özü İllərlə küçədə yaşayıb bu gün 60-dan çox qadına sığınacaq verən insan

“6 ay 2 uşaqla betonun üstündə  döşək salıb yatmışam” Mehriban Zeynalova Azərbaycanın qadın hüquqları müdafiəçisidir. Hazırda ölkədəki yeganə qadın sığınacağına rəhbərlik edir. O deyir ki, bu vəzifəyə təyin edilməyib, sadəcə həyat belə gətirib. Bu işə özünə aldığı kiçik evdən başlayıb. Elə həmin evdə də şiddətə məruz qalmış qadınlara qucaq açıb. İnsanlara kömək edə-edə işin incəliklərini...

Cəbhədə bir həftə

– Bombaları çəkməyə gəlmisiz? – Yox, kəndinizi, gözəl kəndiniz var. – Hə, babam deyir, “Şəkərbura” daha gözəldir” (Füzuli şəhərinin 2 kilometrliyində yerləşən Şəkərcik kəndini nəzərdə tutur). Ora gedəcəyik, oranı da gəlib çəkərsiz. Amma bilirsiz nə qədər bomba atırlar. İstəsəniz, mən sizin üçün sayaram, qorxmuram. 3 yaşım olanda (2016-cı ilin “Aprel döyüşləri”ni nəzərdə tutur) qorxmuşdum, həkimə...

Koronavirusla mübarizədən cəbhəyə

“Yaralı əsgər gətirmişdilər. Qıvırcıq, sarı saçlı, mavi gözlü… Müayinə etdik, otağa yerləşdirdik. Nəsə istəyir, utancaq üzümə baxırdı. Yaxınlaşdım ki, nədir balam, nədir quzum, nə kömək edim sənə? Gözümün içinə baxıb, gülümsədi, su istədi. O baxışlar sonra yadıma çox düşdü. Balam, quzum dediyim o adam odun-alovun içindən gəlmişdi. Uşaq kimi baxdığım o əsgər kim bilir nələr...

28 yaşında özünü başdan yaradan qadın

Həyatına sağlam qida, idman, velosipedlə rəng qatan fəlsəfə doktoru Bir neçə işi bir həyata sığdıran insan düşünün. Həmin işlər bir-biri ilə əlaqəli deyil. Müxtəlif sahələrə aiddir və o, bunların öhdəsindən gələ bilir. Həm idmanla məşğuldur, həm sağlam qida blogeridir, həm də fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur Cəlalə Osmanlı.  Bundan əlavə, 5 yaşında qızı var və onun...

İlahiyyatdan teatra açılan pərdə

“Bizim teatrdan tamaşaçı yox, dəyişən insan çıxır” O, insanın bacarmayacağı işin olmadığını düşünür. Yetər ki, normal yönləndirilsin. Deyir, insan travma alanda sonradan özünə gəlməsi, müsbətə doğru dəyişməsi biraz çətin olur. Hansısa dili mənimsəməkdən tutmuş, ağır işin öhdəsindən gəlməyə qədər – hər şeyin başında inanmaq durur.  Femmekanın bu dəfəki qonağı Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi və...

Ucqar kənddə seçki mədəniyyəti

Vəfa Nağı Türkiyədə siyasət elmi və beynəlxalq münasibətlər təhsili alanda kəndlərinə dönüb, bələdiyyə seçkilərinə qatılacağı ağlına gəlməzdi. Universiteti bitirəndən sonra İstanbulda iş tapıb, çalışmağa başlayır. Əvvəlcə qalıb işləmək, rahat həyat qurmağı planlayır. Sonrakı proseslər planladığı kimi getmir.  Kəndlərinə bir neçə günlük ziyarətdən sonra bütün həyatını dəyişəcək qərar verir – kəndə qayıdır. “Nənəm vəfat etdi. Bir...

Azərbaycan qadınının qərarvericilikdəki söz haqqı

Gender eksperti: “Qadınların təmsil olunduğu sahələrin qərarvericilikdə rolu yoxdur” “Azərbaycanda 15–24 yaş əhali arasında oxuma-yazma qabiliyyəti olmayanların təxminən 67 faizi, 25–64 yaş əhali arasında isə 77,5 faizini qadınlar təşkil edir (YUNESKO, 2021). Təkcə 2017-ci ildə 15 və ondan yuxarı yaş azərbaycanlılar arasında oxuma-yazma qabiliyyəti olmayan qadınların sayı (10,764) kişilərinkindən (5,015) iki dəfəyədək çox olub (YUNESKO,...

Bağlı mesajlar

1-Cavab

Bir cavab buraxın

Mənim Yeni Tarix