Könüldən gələn fəaliyyət 

0

“Qarşılıq gözləyib, iş görmək könüllü fəaliyyət deyil, ola bilməz”

Könüllü fəaliyyət nədir? Bu haqda nə bilirik? 

Avropa Oyunları, Formula 1 yarışları, Asan Xidmət kimi qurumlardakı könüllü fəaliyyətlərdən hamımız xəbərdarıq. Sertifikat almaq, gələcəkdə yaxşı iş tapmaq, CV-yə əlavə etmək üçün görülən iş könüllü fəaliyyət ola bilərmi?

“Femmekan”ın budəfəki qonağı Azərbaycanda, eləcə də Avropada, Afrikada dəfələrlə könüllü proqramlarına qatılmış Xumar Kərimlidir. Onunla fəaliyyəti, gördüyü işlər barəsində danışmışıq. 

Deyir, adı üstündə, “könüllü iş” – bu, könüldən gələrək edilməlidir. Yəni heç bir qarşılıq gözləmədən. Qarşılıq gözləyib, iş görmək könüllü fəaliyyət deyil, ola da bilməz. 

Bəs Azərbaycanda könüllü fəaliyyət necə təsəvvür edilir?

“Bir insana yoldan keçməyə kömək etmək də könüllü edilən işdir. Bunu edəndə heç bir qarşılıq gözləmirsən. Bundan təmiz nə ola bilər ki?” – deyir, Xumar Kərimli. 

Əlavə edir ki, könüllü fəaliyyət göstərmək insanın ruhunu dincəldir. Biri var, maddi həyat, biri də var, həyatın digər, mənəvi üzü. Xumar deyir ki, könüllü iş görəndə insan bu həyatın müvəqqəti olduğunu anlayır. Başa düşür ki, bədənini belə qoyub getdiyi bu dünyada insana sadəcə etdiyi yaxşılıqlar qalır: 

“Bir sözlə, könüllü iş ruhdan gələn bir şeydir, içdəndir, səmimidir. Bizim gördüyümüz Avropa Oyunlarında, Formula 1 yarışlarında, nə bilim, dövlət qurumlarında görülən könüllü işlə bunu səhv salmaq olmaz. Yəni əslində olan könüllü fəaliyyət sertifikat almağa, gələcəkdə yaxşı iş tapmağa fokuslanmır. Təmənnasız, ruhundan gələn istəklə yaxşılıq edirsən. Ən saf hisslərinlə yaxşılığı dünyaya ötürür, qarşılığını isə gözləmirsən”.

“Daim yaxşı, insanların könlünü xoş edəcək nələrsə edirdik”

Xumar Kərimli deyir ki, bu işə hər zaman mənəvi tərəfdən yanaşıb. O, hər hansı təşkilatın, tədbirin könüllü fəaliyyət göstərəni olmayıb. Sadəcə içindən gələn istəklə ehtiyacı olan insanların yanında olub, onlara dəstək verib. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini qırmızı diplomla bitirən, Xumar Kərimli Azərbaycanda teatrların vəziyyətinə, ümumi duruma baxanda televiziyaya köklənmək qərarına gəlib. Deyir, ümumiyyətlə, incəsənəti bitirənlərin çoxu televiziyaya yönəlir, çox az adam teatr sahəsinə gedir. 

İndiyədək televiziyalarda müxtəlif işlər görüb. Aparıcılıq edib, müxbir kimi fəaliyyət göstərib. Eyni zamanda, bu gün əcnəbilərə, rusdilli azərbaycanlılara Azərbaycan dilini tədris edir. Bu zamanadək gördüyü işlərin içində maddi qazanc əldə etmədiyi könüllü fəaliyyəti isə ön sırada gəlir. Deyir, könüllü gördüyü işlərə xərclədiyi enerjini maddi qazanc üçün sərf etsəydi, indi hər bir şəraiti olardı. Lakin o, buna görə üzülmür, deyir, yenə olsa, bu işləri görər və ruhunu dincəldərdi. 

Xumar Kərimli ilk dəfə 20 yaşında, “Birliyə Doğru Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi”ndə könüllü fəaliyyətə başlayıb. Əlilliyi olan uşaqlarla çalışmaq, onlara teatr səhnələri göstərməkdən tutmuş, təşkilatın ofis menecerliyinədək edib. Eyni zamanda, müxtəlif tədbirlərin təşkilatçılığını üstlənib: 

“Hətta toplanıb qocalar evinə də gedirdik. Mənə kömək edəcək könüllüləri də özüm seçirdim. Bir sözlə, boş durmurduq, daim yaxşı, insanların könlünü xoş edəcək nələrsə edirdik”. 

“Düşünürdüm ki, dünyanı xilas edə bilərəm”

Yaxşılıq etmək hissi Xumarda uşaq yaşlarından formalaşıb. O, həmçinin, valideynlərə tövsiyə edir ki, uşaqlarında bu hissin normal ölçülərdə inkişaf etməsinə nəzarət etsinlər. Məsələn, bu, onda normaldan çox olub və düşünür ki, istənilən şeyin çoxu zərərdir: 

“Anam məktəbdə yeməm üçün çantama peçenye, meyvə, çörəyin arasında nələrsə qoyurdu. Mən onları yemir, aparıb məktəbin yanında uşağı ilə dilənən qadına verirdim. Beləliklə, gün boyu ac qalır, bəzən bacımdan yemək istəyirdim. Bu, uzun müddət belə davam edəndən sonra bacım evdə demişdi. Üstü açılandan sonra qərara gəldilər ki, mənə bufetdən yemək almaq üçün pul versinlər. Yenə də həmin pulu aparıb o dilənçiyə verir, özüm ac qalırdım. Düşünürdüm ki, dünyanı xilas edə bilərəm”.

“Uşaq psixologiyasını oxuduqca, böyükləri də anlamağa başlamışdım”

Uşaqlıqdan xeyriyyəçiliyi çox sevən Xumar həmişə düşünüb ki, böyüyəndə ac, xəstə insanlara yardım edəcək:

“Filmlərdə xəstə uşaqlar görür, Afrikada ac insanlarla bağlı xəbərləri izləyirdim. Deyirdim, böyüyəndə bütün bu problemləri həll edəcəyəm. Bu işə də görünür, məktəbin yaxınlığında anası ilə dilənən uşaqdan başlamışdım”. 

Xumar “Birliyə Doğru Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi”ndə işlədiyi zaman daun sindromlu uşaqlarla tanış olub. Eyni zamanda, autizm spektr pozuntusunun (ASP) nə olduğunu öyrənib. Başlayıb həmin uşaqlarla işləməyə. Hətta onları daha yaxşı anlamaq üçün bir illik fərdi psixoloji təlimə də qatılıb:

“Həmin uşaqlara teatr məşğələləri təşkil edirdim. Autizm spektr pozuntusu olan uşaqlarla matorikaları işlədirdik. Uşaqlarla işləməyi, onlara kömək etməyi sevirdim. Üstəlik, uşaq psixologiyasını oxuduqca, böyükləri də anlamağa başlamışdım. Əslində bir yerdə insanların hamısını – böyük, kiçik fərq etmir, anlamaq lazımdır. Düzdür, psixoloq deyiləm, amma mənə elə gəlir ki, uşaqlarla, həssas insanlarla işləyən hər kəsin insan psixologiyasından az da olsa, başı çıxmalıdır”.

“Öyrəndiklərimi öz ölkəmdə tətbiq etmək istədim”

Xumar daha sonra Avropa Komissiyasının könüllülük proqramına qatılıb. Həmin proqram vasitəsilə o, Polşaya gedib. Deyir, könüllülər bir təşkilatla işlədiyi halda, o, nə az, nə çox, düz 3 təşkilatla işləyib:

“Səhərdən axşamacan özümü həlak edirdim. Əslində Avropa Komissiyasının könüllülər üçün müəyyən etdiyi iş saatı 5 idi. Amma mən tezdəndən axşamacan 3 fərqli təşkilatla işləyirdim. Drama, performanslar, teatr tamaşaları qururdum Eyni zamanda, daun dindromlu uşaqlarla işləyirdim”.

Bu fəaliyyətindən sonra Xumara Polşada qalıb, işləmək təklif edilib. Lakin o, öyrəndiklərini öz ölkəsində tətbiq etməyi üstün bilib və razılaşmayıb: 

“Bundan sonra Almaniyada da iki aylıq könüllü fəaliyyətlə məşğul oldum. Orada valideyn himayəsindən məhrum uşaqlar üçün bağça tikmişdilər. Biz həmin bağçanın təmiri ilə məşğul idik. Uşaqlara onların psixologiyasına uyğun, sevəcəkləri bir məkan yaratmışdıq”.

“Hara müraciət etdim, boş çıxdı”

Xumar Almaniyadakı işdən sonra Azərbaycana qayıdıb. Qayıdanda tezliklə iş tapıb, öyrəndiklərini tətbiq edəcəyini düşünsə də, belə olmayıb. Düz bir il işsiz qalıb: 

“Bu zamanlar çox düşündüm, bəlkə də Polşadakı işi qəbul etsəydim, həyatım tam fərqli ola bilərdi. Lakin mən ölkəmdəki uşaqların həyatına toxunmalıyam, burada nələrsə etməliyəm deyə, düşünmüşdüm. Azərbaycanda isə hara müraciət etdim, boş çıxdı. Axırda uşaqlarla tamaşa səhnələşdirmək yönündə bir iş tapdım. Bu işi düz bir il gördüm. Burada həm autizm spektr pozuntusu olan, həm də daun sindromlu uşaqlarla işləyirdim”.

Çətinliklər və çıxış yolu

Xumar deyir ki, tezliklə Azərbaycanda yaşamaq onun üçün çətinləşib. Ailəsindən ayrılıb tək yaşamaq üçün – kirayə haqqı, kommunal ödənişlər və s. ödəməkdən ötrü maliyyəyə ehtiyacı yaranıb: 

“Daha öncə çox cuzi gəlirlə yaşaya bilirdim. Beləliklə, qalan enerjimi könüllü fəaliyyətə həsr edirdim. İndi isə ölkədə 2 dəfə devalvasiya baş vermişdi, ərzaq, kirayə haqları qalxmışdı. Bir sözlə, 26 yaşımda anladım ki, yaşamaq üçün maliyyəyə ehtiyac var. Könüllü fəaliyyət gözəl olsa da, ruhu dinləndirsə də, yaşamaq üçün rahat ruhdan savayı nələrəsə də ehtiyac var idi”.

Müəllimlik fəaliyyəti

Bundan sonra Xumar başlayıb iş axtarmağa. Bir neçə layihədən iş təklifi gəlib. Deyir, işləməyə başlayandan sonra əvvəlki kimi olmasa da, könüllü fəaliyyətini az-az davam etdirib. 

Xumar Kərimli deyir ki, insan bəzən hara gedəcəyini, nə iş görəcəyini özü seçmir. Sanki bir axın var, səni özü ilə olmalı olduğun yerə aparır: 

“Pandemiya dövrü işlərim dayandı, yaşamaq çətinləşdi və işləməmək kimi bir lüksüm də yox idi. Bu zaman ağlıma gəldi ki, Azərbaycan dilini yaxşı bilirəm, ingiliscəm də var. Bəlkə bir çarx çəkim, orada əcnəbilərə Azərbaycan dili öyrədə biləcəyimi söyləyim. Görən maraq olarmı? Daha öncə kimlərinsə belə bir şey etdiyini eşitməmişdim. Elə ki, bu elanı qruplarda paylaşdım, axın başladı. Sən demə, nə qədər azərabycanca öyrənmək istəyən əcnəbi varmış”.

Xumarın pandemiya dövründə işi Azərbaycan dilini tədris etmək olub. Deyir, düzdür, oturaq işi sevməsə də, yaşamaq üçün bu iş əlindən tutub. Hazırda bütün saatları doludur: 

“Mən bu işdən sonra müəllimliyin nə qədər çətin peşə olduğunu bildim. Asiya ölkələri, pakistanlı, hindistanlılar üçün azərbaycanca öyrənmə və danışmaq çətindir. Ən yaxşı qavrayanlar isə amerikalılardır. Bəlkə də onlara uşaqlıqdan bəri rəqabət anlayışı aşılandığı üçündür. Amma yenə də şəxsə görə dəyişə bilir. Məsələn, alman tələbələr içində yaxşı qavrayan da var, zəif öyrənən də”.

Fürsət düşən kimi Afrika macərası 

Xumara müraciət edənlərin əksəriyyəti azərbaycanlı sevgilisi, həyat yoldaşı olanlardır. Bəziləri isə Azərbaycanda 5-10 illik müqavilə ilə işləyən əcnəbilərdir: 

“Məsələn, xaricdə yaşayan və həyat yoldaşı əcnəbi olan azərbaycanlılar uşaqları üçün də müraciət edir. İstəyirlər ki, uşaq atasının və ya anasının dilini bilsin. Beləliklə, Azərbaycana gələndə qohumları ilə ünsiyyət qurmaqda çətinlik yaşamasınlar. Eyni zamanda, son dönəmlərdə ukraynalılar, ruslar da müraciət edir. Hətta Azərbaycanda yaşayan, lakin azərbaycanca bilməyən azərbaycanlılar içində də müraciət edənlər olur. Onlar dili anlayır, lakin danışa bilmirlər. Həmin tələbələrə fərqli proqram tərtib etmişəm”.

Xumar pandemiyanın ortasında yollar açılan kimi bir ara Afrikaya da gedib. Burada da könüllü fəaliyyət göstərib: 

“Keniyaya getmişdim. Nairobidən 500 km uzaqlıqda, Viktoriya gölü ətrafında bir ada var. Orada valideyninin birini, yaxud hər ikisini itirmiş uşaqların təhsil aldığı bir məktəbdə şagirdlərlə 2 həftə ərzində dramaterapiya ilə məşğul oldum. Ruhumu dincəldib, Bakıya döndüm”.

“Dünyanı dəyişə, heç nəyi kontrol edə bilməzsən”

Xumar hazırda gördüyü işi daha çox 45-50 yaşdan sonra etmək istəyərdi. İndi isə daha çox sevdiyi işlərlə məşğul olmaqdır arzusu. Lakin həyatın hər istədiyimizi qızıl məcməyidə önümüzə gətirmədiyini də yaxşı bilir. Deyir, gələcək planları arasında kurs açmaq da var. Bunun üçün də çox maliyyə lazımdır: 

“Maliyyəm olsa, əcnəbilərə, yaxud soydaşlarımıza azərbaycanca öyrədən kurs açardım. Öz proqramımla əvvəlcə müəllimlər hazırlayardım, sonra da birgə Azərbaycan dilinin tədrisini həyata keçirərdik”.

Xumar deyir ki, müəyyən yaşa çatandan sonra anlayırsan ki, sən heç də dünyanı dəyişə, hər şeyi kontrol edə bilməzsən: 

“Lakin 3-5 insanın həyatına yaxşı mənada toxunuşlar etmək mümkündür. Mən bunu etmişəm, ona görə özümü yaxşı, xoşbəxt, enerjili hiss edirəm”.

Yazdı Gülər Mehdizadə

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix