“Kitabgəzər”dən “Qızlar oxusun”a – Könüllülükdən həyat tərzinə

0

“Mənim üçün seçim deyil, həyat tərzidir”

“Könüllülük təcrübəsindən sonra anladım ki, bu, mənim üçün seçim deyil, həyat tərzidir.”-   26 yaşlı Fatma Qurbanova deyir.

Fatma Azərbaycanda sosial layihələr təşkil edən gənclərdən biridir. Bu gün o “Kitabgəzər”, “Qızlar oxusun!”, “Bacardım” kimi layihələri ilə bölgələri gəzir və gənclərin təhsilinə, maariflənməsinə dəstək olur.

Fatma Qurbanova_01

Ali təhsilini robototexnika mühəndisliyi üzrə alsa da Fatma özünü könüllük fəaliyyətində kəşf etdiyini deyir. Amma ali təhsildən qazandığı biliklərin indiki fəaliyyətinə də böyük təsiri olduğunu danmır:

“İllərdir eyni vaxtda bir neçə layihəni idarə edirəm və bunun sayəsində sürətli işləməyə öyrəşmişəm. Könüllü işlədiyim qədər başqa sahədə tam ödənişli şərtlərlə işləsəydim, əlbəttə, çox pul qazanardım. Amma mənəvi rahatlıq tapmazdım və bu, mənim üçün darıxdırıcı olardı”.

Tələbəlik illərində könüllülük fəaliyyəti olsa da Fatmanın dediyinə görə, Polşadakı beynəlxalq könüllülük təcrübəsi onun üçün daha böyük üfüqlər açıb. Azərbaycana döndükdə bir müddət təhsil sahəsində, müxtəlif QHT-lərdə sosial işlərdə özünü sınadıqdan sonra o, ölkədəki gənclər üçün çoxlu faydalı işlər görə bilcəyəni anlayıb.

“Kitabgəzərdən “Qızlar oxusun”a

Bu niyyətlə Fatma  2019-cu ildə “Kitabgəzər” layihəsinin əsasını qoyur və səyahətə başlayır. “Kitabgəzər”in əsas məqsədi regionlardakı ucqar kənd məktəblərində kitab guşələri yaratmaq və yeni nəşr olunmuş kitablarla  məktəbləri təmin etmək olub. Amma görüləcək işlər təkcə bununla bitmirdi. Fatma könüllü komandası ilə birgə səfər etdiyi məktəblərdə gənclərlə söhbətlər aparır, onların gələcək təhsili ilə maraqlanırdı. Fatma deyir ki, bir gün Şəkinin bir kəndinə səfər edərkən yeni yaranacaq layihəsinin səbəbkarı ilə orada qarşılaşıb.

Fatma Qurbanova_03


“Məktəblərdən birində qonaq idik. Adəti üzrə kitablarımızı təhvil verdik, sonra gənclərlə  təhsil, ixtisas seçimi, psixoloji dəstəklə bağlı söhbət etdik. İşimizi bitirib məktəbdən çıxanda gənc bir qız arxamızca səsləndi. Adı Səma idi. O, ağlaya-ağlaya dərdini danışdı. Ailəsinin onun rəssam olmasına qarşı olduğunu dedi. Qızlarının Şəkidə qalıb tibb bacısı, müəllimə olmasına israr edirdilər. Səma telefon nömrəmi aldı, sağollaşdıq. Komandamızla Bakıya qayıtdıq, bir müddət heç bir xəbər ala bilmədik. Narahat qalıb həmin kənddən tanışlarımızdan o qızı soraqladıq. Nəhayət, zəng gəldi”, – Fatma deyir, bundan sonra komandanın sosial işçiləri Səmanın ailəsi ilə söhbət edib, ona dəstək olmağa razı sala bilmişdilər. İndi gənc qız artıq sevdiyi sahədə tələbədir – rəssamlıq üzrə təhsil alır.

“Kitabgəzər”in sayəsində  təhsil almaq istəyən qızların hekayələri çoxaldıqca Fatma resurslarını bir qədər genişləndirir. O ianələr toplayaraq maddi imkanı az olan digər qızlara da dəstək ola bilib.

“Tovuzdan məktəbli bir qızın anası  əlaqə saxlamışdı. Maddi imkanları yox idi, biz onu himayəyə götürdük. Sosial şəbəkədə yardımla bağlı elan paylaşınca az vaxtda pul vəsaiti toplaya bildik və bununla həmin qızın əlavə dərs hazırlıqlarını qarşıladıq. Həmin qızımız Gəncədə tibb kollecinə daxil oldu, indi tibb bacısı ixtisasını öyrənir”. Fatma deyir ki, müraciət edən gənc qızların sayı çoxaldıqca proqramın ayrıca formalaşmasına ehtiyac yaranıb. “Qızlar oxusun!” layihəsi də yolçuluğuna bu cür qədəm qoyub.

Fatmanın sözlərinə görə regionlarda ailə saxlayacaq deyə oğlanların təhsil almasına daha çox üstünlük verirlər. Qızları isə başqası ilə evlənəcək deyə bu imkanlardan uzaq tutulurlar. Yaxud ən yaxşı halda  sırf ali təhsilli oğlanla evlənsin deyə qızları oxudurlar. O düşünür ki,  qızların təhsil alması üçün imkanlar yaradılmalıdır və bu cür sosial layihələrin sayı da artmalıdır.

Bu il “Qızlar oxusun!” proqramının hədəfi əlli məktəbli və əlli tələbə qızı himayəyə götürməkdir. Proqramdan faydlana bilmək üçün gənclər ilk öncə müraciət etməli, qeydiyyatdan keçməlidirlər. Üç mərhələdən ibarət prosesin növbəti mərhələsində müsahibələr keçirilir. Sonra isə evlərdə söhbətlər aparılır və seçim edilir.

“Proqramdan faydalanmağa kim daha çox uyğundursa ona üstünlük verəcəyik. Onuncu sinif şagirdlərinə daha çox önəm verməyi düşünürük. Onların ali məktəbə hazırlıqları  maddi cəhətdən qarşılanacaq. Əlbəttə, ehtiyac olduğu halda gənclər psixoloji dəstək, peşə seçimində məsləhətlər də ala biləcəklər”.

Fatma Qurbanova_05

Fatmanın sözlərinə görə, hazırda komandada iyirmiyə yaxın könüllü sosial işçi, psixoloq, hüquqşünas və s. peşələrdən olan insanlar və kənar resurslar da layihəyə cəlb olunub. Maddi dəstəyə gəlincə bu ildən “Qızlar oxusun”a  həm yerli, həm beynəlxalq təşkilatlardan, fərdlərdən dəstəklər gəlir.

“Beynəlxalq təşkilatlardan biri regionlara səfər xərclərimiz, sosial kampaniyalar aparmaq üçün liderlik təlimlərinin xərclərini qarşılayır. Yerli təşkilatlardan bəzisi ali məktəbə hazırlıq xərclərində kömək olacaqsa, bəziləri də himayəyə götürdükləri gənclərin internet xərclərini ödəyəcək, onlara planşet hədiyyəsi edəcək”, – deyən Fatma xüsusilə son bir-iki ildə yerli şirkətlərin bu cür sosial layihələrə cəlb olunmasının müsbət tərəfini, yeni bir tendensiyanın formalaşmasını da qeyd edir.

“Qızlar oxusun!” layihəsinin yeniliklərdən söhbət açınca Fatma deyir ki, bu il tələbə qızlar həm də gender mövzuları, şəxsi inkişaf proqramı, karyera planlaşdırılması ilə bağlı təlimlərdə iştirak edə biləcəklər. Eyni zamanda bu il şirkətlərdə onların iş təcrübəsi üçün imkanların yaradılması da nəzərdə tutulub:

“Çalışırıq ki, birinci kursda təhsil alan tələbə qızları  tələbə təhsil kredit fonduna yönəldək və ya müəyyən qədər təhsil haqqının ödənməsinə dəstək olaq. Yuxarı kurslarda isə artıq onlar əmək bazarına çıxmağa hazırlanmalıdırlar”.

Könüllülük fəaliyyəti və sosial layihələrdən söhbət düşdükdə Fatma son zamanlar bu sahəyə marağın artdığını bildirir. Bir müddət öncə onun könüllü kimi layihələrə cəlb etdiyi gənclərin hazırda sərbəst olaraq öz təşəbbüs qrupları yaratması, bu fəaliyyətin genişlənməsini o, müsbət qarşılayır. Hətta düşünür ki, ən azı beş il sonra onlara yaxşı mənada rəqib olan layihələrin yaranması da gözləniləndir.

Motivasiya mənbəyi

Fatma Qurbanova_04

“Layihələrimiz 3 ildən artıqdır ki, davam edir. Amma bu işin əsas hissəsi könüllülük işinə bağlıdır. İnsanlar müəyyən müddət könüllü işləyir, öz tövhələrini verir, gəlir-gedir və bunu normal qəbul etmək lazımdır. Bu, bəzən komandadakıları da motivasiyadan sala bilir”, –  Fatma işin çətinliklərini də xatırlatmağı unutmur. Özünə gəlincə işlərin çoxluğundan yorulduqda o, təbiət yürüşləri etməyə, ona yaxın və təcrübəli insanlardan motivasiya almağa üstünlük verir.

“Fokus qruplarda yer alan həssas təbəqəda olan insanların psixoloji və mənəvi ağırlığı da işin bir hissəsidir. Dinlədiyin hekayələr nə qədər ağır olsa da, bir yerdən sonra onları soyuqqanlı qarşılamağı bacarmalısan. Üzərində işlədiyimiz layihələrin müsbət nəticələrini görəndə, dəstək olduğumuz insanların həyatlarında baş verən pozitiv dəyişiklikləri eşitdikdə isə, bunlar mənə çox yaxşı təsir edir. Yaxud layihələrimizdə könüllü olaraq işləyən gənclərdən kimsə xaricdə təqaüd təhsili imkanını qazananda və məhz bizim layihələrin onlara kömək olduğunu bildirmələri işimizi davam etmək üçün çox gözəl motivasiya mənbəyidir”.

Yazdı və çəkdi Gülər Abbas

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix