Kişilər qadınlarla həmrəy olmaq üçün nə edə bilər?

0

“Qadınlar özlərini həyat yoldaşı və ana kimi görməyi dayandırmalıdır”

Stokholm Universitetinin təşkilat işləri üzrə dosenti Carl Cederstrom 2018-ci ildə “Guardian”da yayımlanan məqaləsində qadınların cinsi istismarından, kişilərin qadınlarla həmrəylik göstərmək üçün nələr edə biləcəyindən yazıb. 

Carl Cederstrom məqalədə “MeToo” (MənDə) Hərəkatı və Harvey Weinsteindən də bəhs edib. 

“MeToo” həştəqindən ilk dəfə 2006-cı ilin əvvəllərində amerikalı ictimai fəal Tarana Burke istifadə edib. Ancaq həştəq 2017-ci ildə amerikalı aktrisa Alyssa Milano tərəfindən “Twitter”-də populyarlaşdırılıb. 

Bundan sonra cinsi təcavüz qurbanları “MeToo” həştəqi altında başlarına gələn cinsi qısnama hadisələri, istismar təcrübələri barədə “tvit” yazmağa başlayıblar. 

2006-cı ildə yaranan bu həştəq 2017-ci ildə hollivudlu prodüser Harvey Weinsteinin cinsi istismara görə həbs edilməsindən sonra təcavüzə qarşı hərəkata çevrilib. 

Bu hadisə həm də 2017-ci ilin oktyabrında iş yerində cinsi istismara məruz qalmış qadınların sosial şəbəkələrdə “MeToo” həştəqi ilə paylaşımlar etməyə başlamasına da səbəb olub və beləliklə, dünyada məşhurlaşıb. 

Femmekan Carl Cederstromun məqaləsinin əsas hissələrinin tərcüməsini təqdim edir. 

Beləliklə, Carl Cederstrom yazır

Hollivud prodüseri Harvey Weinstein barəsindəki açıqlamalardan bir il sonra qadınların yaşadığı təcrübələr haqqında oxumağa başladım. 

Mənim üçün #MeToo Hərəkatı nəticəsində ortaya çıxan və təhsildən qaynaqlanan sistematik cinsi istismar hekayələrini oxumaq, dinləmək çox üzücü oldu. Bir növ keçmişdə görmədiyim şeylər nəzərimə çarpmağa başladı. 

Düzdür, əvvəllər də qadınlara qarşı cinsi təcavüzlər olmuşdu, bunları bilirdim. Ancaq bu dərəcədə çox yayıldığını təsəvvürümə gətirmirdim. Hekayələri oxuduqca öyrənmiş oldum ki, belə durumlarda cəmiyyət günahı qurbanın üstünə atır. Bunu öyrənmək də dəhşətli idi. 

Gec ayıldığımı düşünürəm. Ancaq təcavüzlər, qısnama və cinsi istismar barədə oxuduqca yadıma keçmişdə qalan bir neçə gecikmiş sual düşdü:

Kişilər qadınlarla həmrəy olmaq üçün nə edə bilər? Yaxud zəhərli maskulin cəmiyyətə müraciət etmək və özümüzü təhlil etməyə başlamaq üçün əlimizdən nə gələr?

İşə özümdən başladım. Qadınlara qulaq asmağı və onlara daha sakit yanaşmağı seçdim. Beləliklə, Weinsteinin məsələsinin üzə çıxmasının ilk ilindən biraz öncə heç vaxt üzünü açmadığım bəzi klassik feminizm kitablarını oxumağa qərar verdim. İndiyəqədərki laqeydliyim utandırıcı idi. Ən çox da (ağdərili) kişi müəlliflərin əsərlərinin (oxu siyahıları, kitab icmalları və tövsiyələri vasitəsilə) hər zaman (qaradərili) feminist yazıçıların əsərlərinə baxanda əlçatan olmasını bilmək də kədərləndiriciydi. 

Feminizmlə bağlı klassik ədəbiyyat siyahısı

Sizə də feminizmlə bağlı kitablar oxumağı tövsiyə edirəm. “Guardian”ın redaktorlarının dəstəyilə hərtərəfli olmasa da, son bir neçə əsrin ən təsirli feminist əsərlərindən bəzilərinin siyahısını tərtib etmişəm. Elə bunlardan başlaya bilərsiniz:

1. Qadın Hüquqlarının Əsaslandırılması – (A Vindication of the Rights of Woman), Mary Wollstonecraft, 1792 

2. İkinci Cins – (The Second Sex), Simone de Beauvoir, 1949

3. Qadınlığın Sirri – (The Feminine Mystique), Betty Friedan, 1963 

4. Xədim – (The Female Eunuch), Germaine Greer, 1970

5. Qadın nifrəti – (Woman Hating), Andrea Dvorkin, 1974.

6. Qadınlar, İrq və Sinif – (Women, Race and Class), Angela Davis, 1981 

7. Yad bacı – (Sister Outsider), Audre Lord, 1984 

8. Gender Problemi – (Gender Trouble), Judith Butler, 1990 

9. Hamı üçün Feminizm – (Feminism Is for Everybody), Bell Hooks 2000

10. Sərhədlərini aş – (Lean in), Sherrill Sandberg, 2013

11. Kişilər mənə nə isə izah edir – (Men Explain Things to Me), Rebecca Solnit, 2014.

12. Pis Feminist – (Bad Feminist), Roxanne Gay, 2014

13. Hamımız Feminist olmalıyıq – (We Should All Be Feminists), Chimamanda Ngozi Adichi, 2014.       

Babasının təcavüzünə məruz qalan 10 yaşlı qızcığaz

Bu kitabları sentyabrın əvvəllərində oxumağa başladım. De Beauvoirun yazdığı “The Second Sex” (İkinci Cins) kitabının yarısında #MeToo Hərəkatının şok yaradan ideyasını özündə cəmləyən bir hissəyə rast gəldim. De Beauvoira görə, gənc qadınların böyük əksəriyyəti “ənənəyə sadiq cəmiyyətlərdə ümumi razılaşma ilə gizlədilən” “kədərli hadisələrə” məruz qalır. Bu, mənə ötən payızı və #MeToo ittihamları həngaməsi başlayanda həyat yoldaşım və 8 yaşlı qızımla axşam xəbərlərini izləməyimizi xatırlatdı. Xəbər aparıcısı sosial mediada paylaşılan bəzi ifadələri oxudu. Qızım çox qorxmuşdu. Həmişə dəhşətli hadisələrlə bağlı xəbər yayılanda onu sakitləşdiririk ki, bölgəmizdə belə şeylər olmur. Ancaq bu dəfə bunu etməyi bacarmadıq. Artıq belə hadisələri uşaqlardan, yeniyetmələrdən ümumi razılıqla gizlətmək mümkün deyil. 

De Beauvoir kitabında babası tərəfindən istismara məruz qalan 10 yaşlı qızdan danışır. Həmin qız başına gələnləri ailəsinə danışmağa cəsarət etmir. De Beauvoir yazır ki, belə hadisələr kiçik qızlar üçün utandırıcı olduğu üçün sakitcə yaşanır. Üstəlik, qız bunu ailəsinə açıqlasa, böyük ehtimal “belə axmaq şeylər danışma” və ya “pis düşüncələrin var”, – kimi cavablar alacaq.

Güclərini qadınları qorxutmaq və şantaj etmək üçün istifadə edənlər

İsveç Akademiyasının Nobel mükafatçısı ilə evli olan mədəniyyət xadimi Jean Claude Arnaulta qarşı edilmiş ittihamları oxuduğum yadımdadır. O, özünü tez-tez akademiyanın 19-cu üzvü adlandırırdı. 

“Dagens Nyheter” qəzetində dərc olunan bir məqalədə 18 qadın başına gələn istismar və təcavüz hadisələrindən danışıb. Bundan sonra Arnault, Weinstein kimi insanlar öz gücünü qadınları qorxutmaq və şantaj etmək üçün istifadə etməkdə ittiham olunub. 

Weinstein xüsusilə, zəif, həssas və “zərərgörmüş” insanları hədəf almaqda günahlandırılıb. Buna görə o, iki il həbs cəzasına məhkum edilib. Ona qarşı irəli sürülən digər məhkəmə işləri isə kifayət qədər sübut olmadığı və ya iddia müddəti keçdiyi üçün ləğv edilib. Məhkəmədə onun əleyhinə ifadə verən qadınlardan yalnız dördü üzünü göstərib. Onlar barlarda və başqa hər hansı yerdə Weinsteinin cinsi istismarına məruz qaldıqlarını deyiblər.  

Niyə qurban kimi məni seçdi? 

Təcavüzə uğramış və üzünü göstərməyən qadınlardan birinin “mən onun qurban olaraq seçdiyi, məhv olmuş qadınlardan biri olduğum üçün utandım”, – cümləsi mənə qurban olmağın xəcalətini dərk etdirdi. 

Qurban olmaqdan betəri özünü “məhv olmuş” və “yox” adlandırması idi. Sanki qadın özünü zəif olduğu və buna görə qurban seçildiyi üçün qınayırdı. 

Cəmiyyətin qurbanı günahkar sayması

Uzun müddətdir bilirdim ki, günah hücuma məruz qalan qadınların üstünə atılır. Bunun nəzəriyyədə mücərrəd olduğunu bilirdim. Maraqlıdır, #MeToo niyə sanki mənim mücərrədliyə son qoymağım üçün həyata keçirilib? Axı bu hekayə daha öncə min dəfə danışılıb. Mənim sentyabrda oxuduğum kitablarda böyük hərflərlə yazılmışdı. 

Gayın “Bad Feminist” (Pis Feminist) kitabından Teksasda bir qrup gənc oğlan və kişi tərəfindən təcavüzə uğramış 11 yaşlı qız haqqında oxudum. “Nyu York Tayms” qəzeti hekayəyə “Amansız Təcavüz Teksas Şəhərini Silkələyib” başlığı qoyub. Gay yazır ki, o, bədəni parçalanan 11 yaşlı qız idi, şəhər deyildi: 

“11 yaşlı bir qızın həyatı dağıldı, ona təcavüz edən kişilərin yox”. Müəllif deyir ki, yazılanlar sanki şəhər və oğlanlar üçün təəssüf hissi keçirməyimizi istəyirmiş kimi səslənir. 

Bəs sizin 19 yaşlı qızınız bununla necə bacarar?

Weinsteina qarşı ittihamlar ortaya çıxandan sonra İsveçdə bir liberal köşə yazarı real və saxta qurban arasında fərq qoymağın vacibliyi barədə yazdı. Deməyindən belə çıxdı ki, bütün qadınlar 19 yaşlı qız kimi laqeyd olsaydı, #MeToo da olmazdı. Deməsinə görə, bir çox qadın qurban rolu oynamağı sevir. Əslində isə onların problemləri “yox” deməyi bacarmamalarıdır. 

Liberal köşə yazarı qadınların daha çox 19 yaşlı qıza oxşadığını söylədikdən bir neçə gün sonra yüzlərlə isveçli qadın və aktyorlar #SilenceAction həştəqi altında toplandı. Onlar qəddar cinsi təcavüz haqqında ətraflı məlumat paylaşdılar.

Həmin liberal köşə yazarından soruşmaq istəyirəm: sizin qalın gönlü, 19 yaşlı qızınız bununla necə bacarar?

Qorxmasaydanız, nə edərdiniz?

#MeToo Hərəkatından öncə güc ilə cinsi istismar arasındakı əlaqəni tam olaraq anlamırdım. Bunu sadəcə nəzəriyyədə mücərrəd olan hadisə kimi görmüşdüm.

Siyahımda o qədər kəskin olmayan kitablar da var idi.  Məsələn, qadınlara edilən mədəni təzyiqlər nisbətən təcavüz və cinsi zülmdən az narahatlıq doğurur. 

Wollstonecraftın “A Vindication of the Rights of Woman” (Qadın Hüquqlarının Müdafiəsi) kitabının sonunda qadınların gələcəkdə “təhsilin və idarəetmənin üstünlüklərini” kişilərlə bölüşə biləcəyi bir “təcrübəni” təklif edir. 

“Female Eunuch” kitabında Greer qadınların özlərini həyat yoldaşı və ana kimi görməyi dayandırmağı müdafiə edir. Deyir, “qadınlar bu rollarla məhdudlaşdıqda, üfüqləri ev, ticarət mərkəzi və TV-yə qədər daralır”.

“Facebook”-un əməliyyatlar üzrə meneceri Sandberg 2013-cü ilədək rəhbər vəzifələrdə olan qadınların sayını iş nöqteyi-nəzərindən artırmağın gərəkli olduğunu yazıb. Onun qadınlara verdiyi məsləhət kitabının adında “Qorxmasaydanız, nə edərdiniz?” – deyə, qeyd olunub. 

Bir qaradərili qadının xəyalı 

Bu kitabları oxuyanda bir müddət əvvəl çalışdığım universitetdə başladılan mübahisələri xatırladım və başımı əydim. İnqilabi bir an kimi göründüyü üçün həvəslənərək, qadınlara tədqiqat aparmaları üçün əhəmiyyətli vaxt verməkdən tutmuş, qadınları yüksək elmi vəzifələrə qəbul etmək, onların karyera imkanlarını asanlaşdıracaq bir sıra radikal fikirləri müzakirə etdik. Bir il sonra bu təşəbbüslər çox radikal olmayan mentorluq proqramına qədər endi. 

Bu kitablar tanış olsalar da, əsasən, ağdərili, imtiyazlı perspektivindən yazılsa da, aşağıda qeyd olunan başlıqlar belə deyildi. 

Devis “Women, Race and Class” (Qadın, İrq və Sinif) kitabına qadın bir kölənin həyatından bəhs edərək başlayır. Deyir, “köləlik əleyhinə hərəkatdan olan ağdərili qadınlar qaradərili qadınların adından danışsalar da, kölə qadının vəziyyətini anlaya bilmirlər. Çünki qaradərili qadın ağır işlər görür, təcavüzə məruz qalır, qamçılanır və buna müqavimət göstərirdi. Bu təcrübələr onu ağdərili qadından  fərqləndirirdi. Qaradərili qadınlar işçi sinfindən olan qadınlar kimi son nəfəslərinədək işləyirdilər. Onların ən böyük xəyalı ağdərili evdar qadınların həyatını yaşamaq idi”. 

“#MeToo çox şey deməkdir”

Lorde “Sister Outsider” (Yad Bacı) kitabında yazır ki, qadın hərəkatı ilə bağlı problemlərdən biri də “ağdərili qadınların qadın kimi zülm çəkməyə fokuslanmaları və irq, cins oriyentasiya, sinif və yaş fərqlərini görməzdən gəlmələridir”.  Nəticədə, “rəngli qadınlar “digər” yad qadınlar olur”. 

“Hər kəsə feminizmi öyrətmək üçün yüksək səviyyəli təhsil hərəkatı yaratmalıyıq” – deyə, Hooks “Feminism Is for Everybody” (Hamı üçün Feminizm) kitabında yazır. Bunun məhz #MeToo kimi olduğunu düşünürəm. 

Əlbəttə, #MeToo çox şey deməkdir və Greer də daxil olmaqla bəzi feministlər açıq şəkildə hərəkatı tənqid ediblər. Kitabda bir çox hadisənin hər hansı bir ciddi diqqətə ehtiyac olmayacaq qədər kiçik olduğunu və hücum edilən qadınların “yox” deməyinin və dərhal reaksiya göstərmələrinin daha yaxşı olacağı iddia edilir. 

Bu məqaləni bitirməmişdən bir neçə gün əvvəl bir qadın dostumla danışanda xatırlatdım. O,  “mənim #MeToo hərəkatının tərəfində olduğumu” öyrəndikdə təəccübləndiyini söylədi. Özümü müdafiə edib, onu bəzi xoşagəlməz yan təsirləri gördüyümə əmin edərək cavab verdim.

“Cinsi istismar hekayələri əsrlər boyu olub”

Weinsteinin ilk dəfə ittiham olunmasından bir il sonra geriyə qayıtmaq və sadəcə #MeToo hərəkatında edilən səhvlərə diqqət yetirmək cəzbedici ola bilər. Ancaq 2006-cı ildə vətəndaş hüquqları müdafiəçisi Tarana Burkenin rəhbərlik etdiyi bir hərəkatın niyə bu formada olduğunu xatırlamalıyıq. Bu, hekayələrin yeni olmasına görə deyil. Sadəcə onlar lazımi şəkildə dinlənilməyib. Həmin kitabları oxumağın ən utandırıcı yönlərindən biri bu idi ki, ötən il ortaya çıxan cinsi istismar hekayələri əsrlər boyu mövcud olub. Sadəcə keçmişdə bu şeylər indi olduğu kimi açıq şəkildə müzakirə edilmirdi. 

“Heç feminist olmamaqdansa, pis feminist olmağı üstün tuturam”

Gay əsassız feminizm standartlarına sadiq qaldığını yazır. Deyir, “həm feministlər, həm də feminizm mükəmməl olmalıdır”. 

O, feminizm tarixi haqqında çox şey bilmədiyini də söyləyir. Onun ayaqqabı və çantalarla dolu bir şkafı var. Seksist rap dinləyir və Vogue jurnalını oxuyur. Bəs necə? Hamı kimi o da ziddiyyətlərlə doludur.

“Heç feminist olmamaqdansa, pis feminist olmağı üstün tuturam” – deyə, yazır. Bu sətri oxuduqca düşünürəm ki, əgər o feminist ola bilirsə, deməli, biz də ola bilərik. 

Üstəlik, ondan daha pis feminist olacağıma əminəm… 

Mənbə

The Guardian – How to be a good man: what I learned from a month reading the feminist classics

Tərcümə etdi Nuranə Məmməd

Bir cavab buraxın

Mənim Yeni Tarix