Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

1

Reaksiyaların səbəbləri və dilemmalar

Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir.

Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü “bütün kişilər elə deyil” olur.

Müdafiəyə ehtiyac haradan yaranır?

25 yaşlı Rəfiqə deyir ki, birinin etdiyi hansısa səhvdən danışanda istənilən digər bir şəxs çıxıb: “bütün insanlar, yaxud kişilər elə deyil” kimi əks arqument deyə bilər. Çünki istənilən mövzuda istisnalar var.

Onun fikrincə, hər dəfə bunu əks arqument kimi xüsusi qeyd etmənin mənası yoxdur.

Rəfiqə düşünür ki, kişilərdə belə mövzulara fərqindəlik yetərli deyil, hətta öz haqlarını qorumağı da bəzən feministlərdən gözləyirlər:

“Məsələn, qadınlar təcrübələrini bölüşəndə, kişilər diqqəti özlərinə maraqlı olan problemlərə çəkir və qadınları həmin problemdən danışmağa və ya həll etməyə çağırırlar”.

Təcrübələri bölüşərkən bütün kişiləri ümumiləşdirmək məsələsinə gəlincə, Rəfiqə düşünür ki, müzakirələrin “zorakı kişilər” haqda olmaqdan çıxıb “kişilər” haqda olmağa doğru getməsinə əsas səbəb əldə olan məlumat və statistikalardır, bir sözlə, reallıqdır.

Rəfiqəyə görə, bu müzakirədə əsas anlaşılmazlığın səbəbi mövcud vəziyyətin kişilərə daha az ziyan vurmasıdır:

“Ona görə vəziyyətin sistematikliyindən xəbərdar deyillər.  Elə bilirlər ki, bir neçə hal işıqlandırılıbsa, problem elə məhz bundan ibarətdir. O səbəbdən rahatlıqla etiraz edə bilirlər”.

Kişilərin əsgərlik arqumenti

22 yaşlı Sübhan (ad şərtidir) da Rəfiqə ilə həmfikirdir.

Deyir, həmcinsləri, bəlkə də, şüuraltı olaraq zorakılıq hadisələrinin hansısa struktural səbəblə assosiasiya olunmasını istəmir. Bunu kişiliyə və ya öz varlıqlarına hücum kimi görürlər: 

“Sən dəyişim istəyirsən, o isə düşünür ki, heç nə dəyişməli deyil, hər şey yaxşıdır. Fikirləşir ki, sadəcə bir neçə axmaq var”.

Sübhana görə, həmcinslərinin qadınların neqativ təcrübələrinə qarşı “axı biz də əziyyət çəkirik” deməsi əslində, yaxşı başlanğıcdır. Amma necəsə onlar həmin əziyyətin kökünü sorğulamır:

“Ən çox rastlaşdığım əks arqument də kişilərin məcburi əsgərliyə getməsini qabartmasıdır. Halbuki əsgərliyin özü də patriarxat sistemin nəticəsidir. Lakin kişilər belə düşünmür, güclü qalmağa, çökəcəkləri günə qədər yumruqlarını sıxıb, dözməyə məcbur olduqlarını fikirləşirlər. “Buna məcbur deyilsiniz”, – deyənə də bir yumruq vurub, “gəl, sən də mənimlə döz”, – deyirlər”.

Mənbə: theguardian.com

Zorakılığın kök səbəbləri

Sosioloq, sosial işçi Sənubər Heydərova deyir ki, “bütün kişilər elə deyil” deyənlər, bir neçə nəfərin hərəkətlərinə görə bütün kişiləri günahlandırmamağa çağırır. Lakin müşahidələri göstərir ki, cinsi qısnama və təcavüzlə bağlı müzakirələrdə fərdi kişilərin təqsirsizliyinə diqqət fikri əsas məsələdən yayındırmaq kimi qəbul edilir.

Sosioloq düşünür ki, bir çox hallarda bu yayındırmaya etiraz edən feministlər haqsız olmurlar. 

Onun fikrincə, müzakirələr zamanı “bütün kişilər elə deyil” ifadəsi bu cür məsələlərdən təsirlənmiş insanların təcrübələrini etibarsız edə bilər. Habelə həmin ifadə gender əsaslı problemlərin sistemli təbiətindən yayındırmaqla həll olmasının vacibliyini azaldır:

“Halbuki zorakılığına səbəb olan patriarxal sistem köklüdür, genişdir, mədəni əsasları var və dərk edilməyib. Yəni cəmiyyətin əksər hissəsi hələ də ondan, onun zərərlərindən xəbərdar deyil”.  

Əsas məqamdan yayınma

Sənubər Heydərova düşünür ki, kişilərin əsas məqamın fərqinə varmaması mədəni norma və gözləntilərdən irəli gəlir. Bu faktor kişilərin “qurban” olmaqla bağlı təsəvvürlərini müzakirə etməkdə çətinlik çəkmələrinə, özlərinə qarşı zorakılığı etiraf etmələrindən və ya dəstək axtarmaqdan imtina etmələrinə səbəb ola bilər.

“Çünki onlar zəif və ya “kişi olmayanlarla” bənzər olmaqdan qorxurlar. Zorakılıqla bağlı əyləncə yönümlü təhrif və söhbətlər də bu cür ciddi məsələlərin normalizasiyasına və ciddiyə alınmamasına səbəb ola bilər”.

Dilemmalar və həll yolları

Sadalanan bütün səbəblərə rəğmən, Sənubər Heydərova məsələnin etik dilemma faktorunu da inkar etmir.

Deyir, ümumiləşdirmələr bəzən müəyyən davranışların kişiliyə və ya qadınlığa xas olduğunu irəli sürür. Bu da ənənəvi gender normalarına etiraz etmək və gender bərabərliyini təşviq etmək səylərinə manedir.

Həll yolu isə birdir:

“Bütün kişilərin gender əsaslı zorakılıq və ya ayrı-seçkiliyin günahkarları olmadığını demək, fərdləri hərəkətlərinə görə məsuliyyətə cəlb etmək lazımdır. Həmçinin, kişilər öz icmaları və təsir dairələri daxilində cinsiyyətçilik və mizoginiya (Yunan sözü “mīsoguníā”dan götürülüb və qadınlara qarşı nifrət mənasını verir) hallarına fəal etiraz edə və həmcinslərini mübarizə aparmağa təşviq edilə bilərlər. Azərbaycan kimi bu mövzuların yeni müzakirə olunmağa başladığı ölkələrdə buna daha çox ehtiyac var”.

“Problemin varlığı inkar edilməməlidir”

Rəfiqə isə düşünür ki, etiraz edən kişi əvvəla bilməlidir: Problem ona təsir etməyə bilər, lakin varlığını inkar etmək olmaz:

“Kişilər azacıq dinləməyi bacarsalar, bəs edər. Cavab vermək üçün deyil, sadəcə fərqində olmaq üçün bu, lazımdır. Belə olarsa, həmin ifadə və etirazlarla qarşılaşmarıq”.

Sübhan isə həmcinslərinə çağırış edərək, deyir:

“Kişilər ümumiyyətlə, kimə nifrət etdiklərini və əsəbləşdiklərini sorğulamalı, sonda bunu birlikdə hansı formada dəyişə biləcəklərini düşünməlidirlər”.

Qeyd: Gender əsaslı ayrı-seçkilik və zorakılıq bütün genderlərə qarşı baş verə bilər. Bu məqalə məhz qadınlara qarşı baş verən gender əsaslı diskriminasiyaya fokuslanıb.

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix