Jurnalistikadan “Bala Bitki”yə

0

Qadınlara istədikləri yerdə təhsil almaq, istədikləri peşəni seçmək, eyni zamanda, işləmək, yaşamaq üçün azadlıq verilməlidir.

Dünyada yaşıllığın azaldığı, meşələrin yandığı bir dövrə bitkilərin insan həyatında nə qədər önəmli olduğuna fərqindəlik yaratmaq istədik. 

“Femmekan” bu dəfə Bakının Balaxanı qəsəbəsində “Bala Bitki” mağazasının sahibi Leyla Kərimli ilə söbətləşib. Bitkilərin həyatımızdakı önəmi, eyni zamanda, onun açdığı mağaza ideyasının necə gəlməsindən danışmışıq. 

Leyla Kərimli əslində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. Özü də universiteti fərqlənmə ilə bitirib. Elə “Bala Bitki”yə gedən yolu da jurnalistikadan keçib. 

Deməsinə görə, 7-8 il əvvəl bitkilərlə bağlı jurnalın baş redaktoru olub. Jurnal üçün hazırlanan məqalələrdə bitkilər barədə çox məlumat oxuyub, öyrənib:

“Bəzən təlimlər üçün özümüz hansısa bitkini artırırdıq və prosesi ofis şəraitində çəkirdik. Məsələn, artırdığımız hibiskus aylar sonra çiçəkləməyə başlayanda elə sevinmişdim ki… Bu işə həvəsim də yaranmışdı”.

Leyla deyir ki, zamanla ofisdəki otağının pəncərəsinin altı bitkilərlə dolub, daşıb. Bir də ayılıb ki, dost-tanış, ətrafdakılar bitkilərlə bağlı ona müraciət edir, məsləhət alırlar: 

“Otağa girən hamı hansısa bitkidən istəyirdi. Mən də ən rahat artanlarından ayırıb verirdim. Təbii ki, bu işi görməmdə təbiət və güllərə olan sevgim də az rol oynamayıb”.

Niyə məhz Balaxanı?

Leyla Kərimlinin növbəti iş yerlərindən biri Bakı Abadlıq Xidməti olub. Deyir, Balaxanı qəsəbəsinin abadlaşdırılması və yenidənqurulmasının həyata keçirildiyi bir zamanda, orada bitkiçilik mağazası açmaq ağlına gəlib. Maraqlananda öyrəndim ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlığa dəstək məqsədilə, həm də qəsəbədə biznesin inkişafı üçün müəyyən imtiyazlar təklif edir. Bundan yararlanmaq qərarına gəldim:

“Həm Balaxanı turistlərin tez-tez gəldiyi məkana çevrilirdi, həm düşündüyüm konsept (bitki və suvenir dibçəklər) qəsəbənin yeni ab-havasına tam uyğun gəlirdi. Üstəlik, burada mərkəzdən fərqli olaraq kirayə və digər xərclər daha aşağı idi. Odur ki, arzum olan mağazanı elə burada açmaq qərarı verdim”.

“Həyatımda daim bacaracağıma məndən daha çox inanan insanlar olub”

Leyla deyir ki, bu qərarında ətrafı, ailəsi, dostları daim onu dəstəkləyib. Ümumiyyətlə, təkcə bu işdə deyil, əlini atdığı bütün işlərdə: 

“Universiteti bitirib iş həyatına yeni atıldığım vaxtlarıydı.  TV sahəsində ümumiyyətlə, təcrübəsizdim. İşlədiyim prodakşn məni yeni başlayacaq verilişə layihə rəhbəri təyin etdi. Onda özüm də təəccüblənmişdim ki, necə güvənə bilirlər axı?! Dediyim kimi, həmişə bir işi bacaracağıma məndən daha çox inanan insanlarla qarşılaşmışam”.

““Bala Bitki” ilə bağlı eşidənlər birinci təəccüblənir”

“Bala Bitki” ilə bağlı eşidənlər birinci təəccüblənir, sonra isə Leylanı təbrik edirlər. Çünki təhsili, indiyədək olan işlərinin heç biri sahibkarlıq istiqamətində olmayıb:

“Ya da nə bilim, deyəndə ki, bitkiçilik mağazam var, inanmırlar. Amma eşidənlərin hamısında maraq yaranır. Məsələn, təzəlikcə yeni işə düzəlmişəm və orada belə bir mağazamın olduğunu eşidən qızlar maraqlanmağa başladı. Hətta onlardan biri vaxtilə bitki dükanı açmaq istədiyini, lakin xərclərin və çətinliyin çox olduğunu anlayıb bu işdən vaz keçdiyini bildirdi”.

“İnsanların hamısı bitkiyə, ağaca, yaşıllığa hörmət etməli, onlara həssas yanaşmalıdır”

Leyla deyir ki, yeni işi ilə bağlı mağazaya hər gün getmək imkanı olmur. Lakin əməkdaşlarının danışdığına görə, mağazaya bitki alanlarla yanaşı, onlarla maraqlananlar, hətta məkanda şəkil çəkdirmək istəyənlər də çox gəlir: 

“Yəni təkcə, almaq üçün gəlmirlər “Bala Bitki”yə. Suallarını verirlər, ətrafda şəkil çəkdirirlər, işlə maraqlanırlar və s.”.

İşin zövqlü tərəflərinə gəlincə, Leyla deyir ki, əkdiyi balaca bir bitkinin zamanla gözünün önündə böyüyüb, inkişaf etdiyini, bəzi bitkilərin çiçəkləndiyini görmək ona zövq verir:

“Həm də bitkiləri çoxaltmaq, bir bitkidən bir neçə bitki əldə etmək xoşuma gəlir. Düzdür, insanlar var, bitkilərlə danışır, söhbət edir. Məndə elə şeylər yoxdur. İşin zövqlü tərəflərindən biri də müəyyən bitkilərə uyğun dibçəklər tapmaqdır. Bitkiləri, onlarla məşğul olmağı sevirəm, bu, məni xoşbəxt edir. Mənə elə gəlir ki, yer üzündəki insanların hamısı bitkiyə, ağaca, yaşıllığa hörmət etməli, onlara həssas yanaşmalıdır. Belə olan təqdirdə planetdə yaşıllığın azalması problemləri də azalar”.

İşin çətin tərəfləri

İşin zövqlü tərəfləri ilə yanaşı, təbii çətinlikləri də var. Leyla deyir ki, məsələn, başqa məhsullar, oyuncaq, qab-qacaq və ya aksessuar satdıqda onun xarab olma ehtimalı olmur. Onları saxlamaq xüsusi bacarıq və bilik də tələb etmir. Bitkilərlə isə vəziyyət fərqlidir. Hər bitki haqqında məlumatlı olmalısan. Sulanması, işığı, yoxsa kölgəni xoşlaması və s. 

“Düzgün qulluq etmədikdə bitki çiçəklərini tökə bilər, solar, çürüyər, nəticədə, ziyana işləmiş olarsan. Təkcə, qulluq yox, şərait də önəmlidir. Bəzi bitkilər üçün mağazada uyğun şərait olmaya bilir: yetərincə gün işığının düşməməsi, kondisionerin təsiri, rütubətin az olması və s. Əlbəttə ki, bitkilər haqqında məlumatı müştərilərə də çatdırmaq lazımdır. Yoxsa pul verib aldıqları bitki sola, çiçək açmaya bilər. Hər halda, canlıdır, məhv olmasına göz yummaq da olmaz”. 

“Gül kimi” aksiyası

Leyla Kərimli zaman-zaman “Bala Bitki” mağazasında uşaqlara bitkilərlə bağlı seminarlar da verir. Məqsədi gələcək nəsillərin bitkiyə, yaşıllığa duyarlı böyüməsinə dəstək olmaqdır:
“Həm də uşaqlarla işləməyi çox xoşlayıram. Onlar əylənəndə, sevinəndə gördüyüm işdən zövq alıram. Böyükşor Bulvarı təzə salınanda insanlar orada əkilən çiçəkləri oğurlayırdı, əzirdi, qırırdı. O zaman “Gül kimi” aksiyası təşkil etmişdik. Uşaqlar üçün bel, əlcək, suvarma qabı alıb bizim işçilərin əkməli olduğu çiçəkləri parka istirahətə gələn uşaqlara əkməyi təklif etmişdik. Bu, həm valideynlər, həm də uşaqlar arasında böyük maraq oyatmışdı. Hesab edirəm ki, özlərinin həvəslə əkdiyi çiçəkləri və gözlərinin qabağında olan “əvvəl-sonra” dəyişikliyi, gözəlliyi görəndən sonra çətin ki, parkdakı bitkilərə ziyan versinlər”.

“Uşaqlara kiçik yaşlardan bitkilərin qayğısına qalmağı öyrətmək lazımdır”

Bundan əlavə, Leyla Balaxanıda yarmarka təşkil olunanda da düşünüb ki, bura uşaqların marağını cəlb etmək lazımdır: 

““Bala bitki”də satışda olan kiçik heyvan fiqurlu dibçəkləri özlərinin fantaziyalarına uyğun rəngləyə biləcəkləri ağlıma gəldi. Uşaqlara “öz dibçəyini özün rənglə” adlı təlim keçdik. Rənglədikləri dibçəklərə özləri bitki əkdilər. Biz həmin bitkilərlə bağlı onlara məlumat da verdik. Bununla da onlara həm məsuliyyətli iş tapşırdıq, həm də kiçik yaşda bitkilərə qulluq etmək, qayğısına qalmağı öyrənmiş oldular”.

Yeni biliklər, bacarıqlar

Uşaqlara nələrsə öyrətməklə yanaşı, Leyla özü də boş durmur. Marağı olan sahələrdə nələrsə öyrənir. Deyir, öyrənməyin yaşı olmamalıdır, hamı həvəsi olan bacarıqlara istənilən yaşda zaman ayıra, həmin sahədəki biliklərə yiyələnə bilər: 

“Rubik kubunu yığmağı bacarmaq istəyirdim, onu öyrəndim. Piano çalmağı “Youtube”-dan baxıb öyrənirəm. Həmişə motosikl sürmək istəmişəm, bu il də onun kursuna gedib öyrəndim”.

Fərqli məkan: yeniliklər və isti mühit 

Hazırda Leyla “Bala Bitki” mağazasının idarəsi ilə yanaşı, ölkədə özəl qurumlar arasında ilk əlavə təhsil müəssisəsi lisenziyası olan “Code Academy”-də işləyir. Deyir, bura indiyə kimi fəaliyyət göstərdiyi sahələrdən tamam fərqlidir, həm də ona çox maraqlıdır:

“Burada fərqli mühit, ab-hava var. Tələbələr təkcə təhsil almır, həm də digərləri ilə birlikdə işləməyi, kommunikasiya qurmağı və s. öyrənirlər. Akademiyada tələbələr üçün hər cür şərait var. Onlar burada dərs oxuya, tapşırıq edə və ya işlərini görə bilirlər. Üstəlik, gün ərzində yemək yeyir, dincəlir, yatırlar. Düşünün ki, ixtisasıma aid olmayan bu sahəyə keçməyimə səbəb sırf bu mühitin istiliyidir. Əlbəttə, yeniliklərə qarşı həvəsim də burada olmağımda az rol oynamayıb”.

Leylanın həm də azyaşlı qızı var. Bütün işlərinin arasında ona da zaman ayırmağı unutmur. Deyir, təkcə, “uşağa vaxt ayırmaq lazımdır” fikrinə əsaslanmır, həm də onunla zaman keçirməkdən zövq alır: 

“Çünki onun sayəsində uşaqlar üçün nəzərdə tutulmuş əyləncə məkanlarına gedib, əylənə bilirəm. Ölkəmizin regionlarındakı təbii gözəllikləri və tarixi abidələri də birlikdə kəşf edirik. Azərbaycan haqqında məlumatı kitablardan, verilişlərdən deyil, canlı-canlı öyrənirik. Həm də çoxlarının görmədiyi, bilmədiyi tərəflərini görürük”.

İstanbulun fərqli üzü

Leyla bu il qızı ilə İstanbulu da gəzib. Deyir, sırf uşaq məkanlarından ibarət səyahət planı qurub. Özü İstanbulda daha öncə dəfələrlə olsa da, bu dəfə qızının sayəsində tamam fərqli yerlərini görüb, kəşf edib:

“Həftə sonlarımı sırf uşağa ayırıram. Bəzən ev təmizliyini və ya başqa yığılıb qalan işlərimi onunla vaxt keçirməyə qurban verirəm. Bəzən hər şeyi eyni vaxtda çatdırmaq çətin olur. Lakin bacardığım qədər hər şeyin öhdəsindən gəlməyə çalışıram”.

“Filankəs bacardı, mən niyə bacarmayım?”

Leyla deyir ki, hər şeyi çatdırmağında anasının da rolu az deyil. Bu tərəfdən həmişə bəxtinin gətirdiyini düşünür:

“Anam olmasa, mənə çətin olardı. Həqiqətən də hər şeyi çatdırmaq olmur. Amma güclü qadınlarımız da çoxdur, 2-3 uşaqla belə işləyirlər, uşaqlarına da baxırlar. Məncə, uşaq işləmək istəyən üçün əngəl deyil, olmamalıdır. Mütləq bir çıxış yolu var, yetər ki, həvəsin və hədəfin olsun. Məni ən çox motivasiya edən: “Filankəs bacardısa, mən niyə bacarmayım ki?!”, – fikridir”.

Azərbaycanda qadınların həyatında nə çatmır?

Leyla düşünür ki, Azərbaycan qadınının həyatında azadlıq çatmır. Əgər qadınlara şərait yaradılsa, istər böyüdüldüyü mühit olsun, istər təhsil və əlavə məşğələlər, onlar böyük hədəflərə çata bilərlər. Bunların içində ən əsası isə azadlıqdır: 

“Qadınlara istədikləri yerdə təhsil almaq, istədikləri peşəni seçmək, eyni zamanda, işləmək, bir sözlə, yaşamaq üçün azadlıq verilməlidir. Beləliklə, Azərbaycan qadını daha cəsarətli və özünə güvənən olar, daha böyük işlər bacarar”.

Yazdı Gülər Mehdizadə 

Bağlı mesajlar

1-Cavab
  1. Elmira

    Leyla işini çox bəyəndim. Zövqverici və faydalı işdir. Belə mükəmməl yetişməyində Sevinc xanımın rolu danılmazdı. Belə anan olduğu üçün şanslısan. Uğurlar, yolun hər zaman açıq olsun🙏

Bir cavab buraxın

Mənim Yeni Tarix