İslam və feminizm: Azərbaycan cəmiyyətinə baxış

0

Gender bərabərliyi, feminizm, İslam feminizmi və digər  hərəkatlar ölkələrin tarixi keçmişinə və unikallığına bağlı anlayışlardır. Azərbaycanın isə bu baxımdan Şərq və Qərb dəyərlərini birləşdirən tarixçəsi var.

Ölkənin Xristian keçmişi və Xristian ölkələri ilə qonşu olması onun İslam anlayışını fərqli şəkildə formalaşdırıb. Məsələn, müsəlmanların çoxluq təşkil etdiyi digər ölkələrə baxanda Azərbaycan qadını daha çox Qərb dəyərlərini qəbul edib. Şərqdə qadınlara ilk seçki hüququnu Azərbaycanın verməsi buna misaldır. 

2008-ci ildə aparılmış bir araşdırmada deyilir ki, Azərbaycanda hicab və çadra geyinən qadınların sayında artım olub. Vətəndaşlarının əksəriyyəti müsəlman olan, demokratiyanın varisi olan dövlətin dəyərlərində belə dəyişimin getməyi cəmiyyət üçün gözlənilməzdir. 

Məqalədə İslam feminizminin nə olduğunu incələyəcəyik. Tarixinə, yaranmasına, əhəmiyyətinə və müddəalarına nəzər yetirəcəyik. Bunu incələdikdən sonra iki azərbaycanlı qadının İslam feminizmi ilə bağlı düşüncələrinə baxacağıq. Gülşən Məmmədova və Elmira Süleymanovanın (adlar şərtidir) danışdıqları əsasında İslamın Azərbaycan qadınının həyatına gətirdiyi çətinlikləri analiz edəcəyik.

İslam Feminizmi nədir?

İslam feminizmi feminist hərəkatına 2002-ci ildə Margot Badran tərəfindən gətirilmiş yeni cərəyandır. Bundan əvvəl bu ideyalar qeyri-sistematik şəkildə mövcud idi. Badranla aktivistlərin diqqətini akademik və formalaşmış cərəyan kimi çəkməyə başladı. İslam feminizminin tərəfdarlarının əksəriyyəti müsəlman ölkələrinin qadın dövlət başçıları, nazirləri, baş nazirləri və dövlət katibləridir. 

Onların arasında Azərbaycandan – Lalə Şövkət, Pakistandan – Benazir Bhutto, Seneqaldan – Mame Madior Boye, Türkiyədən – Tansu Çiller, Kosovadan – Kaqusha Jashari və İndoneziyadan – Megawati Sukarnoputri var. 

Banqladeşdən olan Khaleda Zia 1991-ci ildə ölkənin ilk qadın baş naziri seçilib. O, 2009-cu ilədək baş nazir vəzifəsini icra edib. Daha sonra yerinə Şeyx Hasina gətirilib. Hal-hazırda Banqladeş ən uzun fasiləsiz qadın lideri olan ölkədir. Bununla bərabər, İslam feminzmini təbliğ etmək üçün “İslami Feminizmə dair Beynəlxalq Konqres”, “İlk qadın müsəlman din xadimləri qurultayı”, “Musawah qadın İslam Feministlər Təşkilatı” kimi qurumlar da yaradılıb. Bundan sonra İslam feminizmi ideoloji olaraq daha geniş yayılmağa başlayıb.

İslam feminizmini müdafiə edənlər İslama və onun təlimlərinə əsaslanırlar. Eyni zamanda, qadın və kişilərin fərdi və ictimai sahədə bərabərliyini müdafiə edirlər. İslam feminizmi “düşüncə məktəbi”ndə mərakeşli sosioloq Fatema Mernissi, Amina Wadud və Leyla Əhməd kimi alimlərə istinad edilir. İslam feminizminin fokuslandığı mövzulara bunlar daxildir:

  • Müsəlman dünyasının mövcud həqiqətləri; 
  • İslam və Feminizm arasındakı əlaqələr; 
  • Müsəlman qadınının gündəlik həyatı və onların həyat seçimləri.

Feminist sosioloq Ziba Hüseyni İslamın şəriət və fiqh ünsürləri arasındakı fərqlərini izah edib. Deyir, fiqh insanların şərhi və anlayışı əsasında formalaşan İslamdır. Quran və Sünnə bunun bariz nümunələridir. Lakin tarix boyu İslamdakı Quran, Sünnə və digər fiqh ünsürləri patriarxal cəmiyyətin, yəni yüksək təbəqədən olan cins-gender heteroseksual müsəlman kişilər tərəfindən öz istəklərinə uyğun şəkildə dəyişdirilib. Başqa sözlə, qadınların İslamda daha aşağı varlıq kimi görünməsini Allah yox, patriarxal cəmiyyətin düşüncəsinin məhsulu olan güc münasibətləri formalaşdırıb. Hüseyniyə görə, tarix boyu Quran patriarxal sistem tərəfindən dəyişdirilib.

Bu səbəbdən İslam feminizminin tərəfdarları olan  aktivistlər və araşdırmaçılar (Ziba Hüseyni, Fatema Mernissi, Amina Wadud, Leyla Əhməd və başqaları) Quranın, Sünnənin, hədislərin və digər fiqh ünsürlərinin feminist şərhə ehtiyacı olduğunu qeyd edirlər. Buna görə də, İslam feminizminin tərəfdarları fiqhlərin patriarxal hökmünü məhv edib, daha ədalətli İslam cəmiyyəti qurmaq tələbini irəli sürürlər. Eyni zamanda, qadınlar və onların həyat hekayələri də İslam feminizminin başlıca ünsürlərindən biridir.

İslam feminizmi yalnız patriarxal İslama yox, hegemon “Ağ dərili” qadınlara, “Qərb” feminizminə də qarşı çıxır. İslam feministləri hicabın, burkanın, çadranın və digər geyimlərin seçim olduğunu iddia edirlər. Qərb feministlərinin bu geyimləri pisləyən düşüncələrini tənqid edirlər. 

Azərbaycanda İslam və feminizm

Azərbaycandan olan iki qadının anlayışındakı İslam və feminizmi müzakirə edək. 70 yaşlı Gülşənin 3 övladı var. O, 50 ildən çoxdur ki, Sumqayıt şəhərində yaşayır. Həyat yoldaşını gənckən itirib. Gülşən hələ Azərbaycan Sovet İttifaqının tərkibində olduğu zaman İslam dini ilə tanış olub. Hər iki qızını köçürdükdən sonra tək qalıb və dinə sığınıb. 

“İslam mənim üçün çox vacibdir. Hamının öz dünyagörüşü var və mən başqalarının İslam haqqında düşüncələrinə hörmət edirəm, eyni zamanda, Allahımı sevirəm. Sovet dövründə İslamı təbliğ etmək dövlət səviyyəsində qadağan idi. Sovet rejimi İslama qarşı ayrı-seçkilik edirdi, amma Xristian və slavyan qardaşlığına görə digər dinlərə o qədər toxunmurdu. Bildiyiniz kimi, İslam praktikasında qadınlar kifayət qədər qiymətləndirilmirlər. Ancaq Sovet İttifaqında qadınların cəmiyyətimizdə gücləndirilməsinin şahidi olduq. Bundan əlavə, Azərbaycanda İslamı kişi mollalar idarə edir və ona görə də qadınlar heç vaxt cəmiyyətimizdə tam qiymətləndirilmir. Bu gün də bununla qarşılaşa bilərsiniz “həqiqi İslam” adı ilə. Məncə, qadın hüquqları və İslam bir yerdə ola bilər” – deyə, Gülşən bildirir. 

“İslam mənə çətinlikləri aşmağımda çox yardımçı olub”

Gülşən üçün İslam təkcə din yox, eyni zamanda, həyat fəlsəfəsidir. Digər feminist araşdırmaçılar da İslamın və feminizmin bir vəhdət təşkil edən fəlsəfə olduğunu qeyd edirlər:

“Mənim üçün Allah qatında hamımız eyniyik. Allah sülhsevərdir və o, hər zaman insanların harmoniyada yaşamasını istəyir. İslamı öz çirkli əməlləri üçün istifadə edən kişi mollalar və saxta din adamları çoxdur. Mənim üçünsə İslam bir fəlsəfədir və həyatımın bir hissəsidir. İnsan Allahıyla nə qədər yaxın olursa, mənəvi cəhətdən bir o qədər zənginləşir. Məncə, bir çox uğurlu qadın da elə belə edir. Kişi sənin oğlun, həyat yoldaşın ola bilər, amma qadın olaraq sən bu cəmiyyətin bir üzvüsən. Həyat çətinliklərlə doludur və İslam mənə bu çətinlikləri aşmağımda çox yardımçı olub. Hər gün Allahıma dua edərək və namaz qılaraq ətrafdakı mənfi qüvvələrdən qoruyuram özümü. İslama inandığım üçün də yüzlərlə ehtiyacı olan insana əl tutmağa çalışmışam və ehtiyacı olanlara evimin qapılarını açdım”. 

Elmiranın İslam feminizmi

Elmira 47 yaşında, 2 övladı olan və Azərbaycanda yaşayan bir qadındır. Onun üçün İslam və qadın hüquqlarının birlikdə mövcud olması çox vacibdir. Deyir, axşam yatmadan öncə və səhər oyandıqdan sonra Allaha dua edir: 

“Özümü Allah və İslamla əlaqələndirəndə çox güclü oluram. Allahı sevdiyim zaman başa düşürəm ki, Allah məni yenidən sevir, bu hiss məni yaşadır və şükr edirəm. Məncə, İslam qadını qiymələndirir. Ona hər zaman kişinin yanında onu qoruyan və doğru yolu göstərən qüvvə kimi yanaşır. Cənnəti belə qadının ayaqları altına sərir”. 

Feminist və dindar qadın kimi özümü rahatlıqla bu birlikdə tapıram. Azərbaycan cəmiyyəti xüsusilə, qadınlara qarşı bir qədər zorakıdır. Feminist dindar bir Azərbaycan qadını kimi gücüm yetərlidir və bu bölgədə mənim kimi qadınların çox olduğunu bilirəm”. 

Elmira Azərbaycan qadınının İslamda üzləşdiyi problemlərə də toxunur. Digər İslam feministləri kimi, Elmira da dinin patriarxal sistem tərəfindən idarə olunduğu qənaətindədir:

“Azərbaycandakı qadınlara çox haqsızlıq olunur. İslam adı altında azadlıqları məhdudlaşdırılır. Hazırda Azərbaycanda nə qədər vəhabilər var. Əlbəttə, onlara nəsə demirəm, lakin bir kişinin 4 arvadı olması qəbul ediləcək kimi deyil. Vəhabilər gələndən bəri bu kimi hallar artıb. Dediyim kimi, qadınlar 4 kişiylə evlənə bilməz, amma kişilər 4 arvadla evlənə bilir. Bu, necə bir cahillikdir? Ən sadə nümunədir. Məncə, İslamı qadınlardan dinləməliyik, axmaq, savadsız kişi mollalardan yox”. 

Gələcəyə baxış

İslam feminzmi hazırkı global feminist əhatəsində  mühim rola malikdir. Bu, gələn yeni nəsil Qərb feminizminə qarşı olan feministlərlə daha da dəyişir. Əlbəttə, İslam feminizmi strukturlaşdırılmış ideologiya olaraq yenidir. Lakin patriarxal İslamın qadınlara qarşı olan tərəfli mövqeyi özlüyündə bu dini qəbul etmiş qadınlarda tarix boyu ədalətsizliyə qarşı etiraz formalaşdırıb. İslam feminizmi patriarxal İslamın yerinə daha bərabər və eqalitarian İslam gətirməyə cəhd edir. Bu addım yeni nəsillər arasında da rəğbət görə bilər. İslam feminzmi bu cəhətdən feminizmin qərbləşdirilmiş imajını məhv edir. Dünyaya qadın problemlərinin yalnız Qərb cəmiyyətlərində müzakirə edilmədiyini və İslamın Xristian dəyərləri qədər sivil və dünyəvi olduğu mesajını çatdırır.

Yazdı Ramil Zamanov

İstifadə olunmuş mənbələr:
  • Heyat Farideh (2008): “New Veiling in Azerbaijan: Gender and Globalized Islam” (Azərbaycanda yeni örtük: Cinsiyyət və Qloballaşan İslam) ; European Journal of Women’s Studies, ss:369-374. 

Oxuna bilər: https://journals.sagepub.com/doi/pdf/10.1177/1350506808095275?casa_token=XGwEAseRIFcAAAAA:GN2VCQQwcC-QS4Ci3vlHPXzG7q1l6wcmhIB-6ENspzx9wbRWt1muraPTLth5pSJELgvhpJd6IRjWPg

  • Margot Badran (2009): “Feminism in Islam : secular and religious convergences” (İslamda feminizm: dünyəvi və dini yaxınlaşmalar); Oxford, England : Oneworld Publications
  • Mir-Hüseyni Ziba (2006): “Muslim Women’s Quest for Equality: Between Islamic Law and Feminism” (Müsəlman Qadınların Bərabərlik Arayışı: İslam Qanunu ilə Feminizm) ; Critical Inquiry, Vol. 32, No. 4. 

Oxuna bilər: https://www.journals.uchicago.edu/doi/pdfplus/10.1086/508085?casa_token=rt2e0rR2NoEAAAAA:qOrzgB9yWoWbY33nnRmgnLvaQwR7y21Ofmt0lRARx-zAHWoQO7A6IszI9FTYY2E0u0VeRE-eQA2o

  • Ursula Lindsey (2018): “Can Muslim Feminism Find a Third Way?” (Müsəlman feminizmi üçüncü bir yol tapa bilərmi?); The New York Times. 

Oxuna bilər: https://www.nytimes.com/2018/04/11/opinion/islam-feminism-third-way.html?action=click&pgtype=Homepage&clickSource=story-heading&module=opinion-c-col-right-region&region=opinion-c-col-right-region&WT.nav=opinion-c-col-right-region

Mənim Yeni Tarix