İranda qadınlar: bir qadının gözü ilə 

0

“Çox şey insanların iradəsi xaricindədir, eynilə bizdəki kimi…”

İranda hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanılan və üç gün sonra ölən Məhsa Əmininin vəfatından sonrakı aksiyalar dünya mediasının gündəmindədir. Yayılan videolarda qadınların baş örtüyünü açdığını, yandırdığını, küçənin ortasında saçlarını kəsdiklərini gördük. Kütləvi olmasa da, bu gün də ölkənin müxtəlif səmtlərində davam edən aksiyaların əsas qəhrəmanları qadınlardır.

Etiraz aksiyaları, məcburi baş örtüyü qaydası daim bu ölkədə qadın hüquqlarının vəziyyətinə maraq yaradıb. Gündəlik həyatda İran necədir? Küçədə başı açılan qadınlar həbs edilirmi? Ölkəyə turist kimi səyahət etsək, nə görərik? Otel, hostel, restoranlar varmı? Bəs turistik ərazilər, ictimai nəqliyyat necədir?

Bir sözlə, İran barəsində eşitmək, yoxsa, bu ölkəni görmək lazımdır? Önyarğıları bir kənara qoyub, bu ölkəyə səyahət etsək, nə görərik?

“Femmekan”ın budəfəki qonağı jurnalist Türkan Bəşirdir. Onunla 15 günlük İran səyahəti barəsində danışmışıq.  Gəlin, onun gözü ilə İrana səyahət edək. 15 günə 8 şəhərini gəzək, tarixi yerlərini, abidələrini ziyarət edək.

İrana səyahət planlaması

Bir ildən artıqdır ki, ailə həyatı qurmuş Türkan və  Babəkin İrana getmək planı yeni olmayıb. Onlar 3 il əvvəl, pandemiyadan öncə İrana səyahət etməyi planlayıblar. Lakin alınmayıb, çünki COVID 19 virusunun yayılması ilə sərhədlər bağlanıb. 

“Sonra da xeyli gözlədik, açılmadı. Axırda dedik ki, eybi yox, təyyarə ilə gedək. Bakı-Tehran reysi ilə yayda İrana 15 günlük səyahət planladıq. Yəqin ki, quru yolla getsəydik, daha ucuz olardı. Təyyarə ilə bir az baha başa gəldi, amma xərclədiyimiz pula dəydi”.

Mövsüm seçimi

Türkan deyir ki, mövsüm seçimləri doğru olmayıb, çünki İranda yay çox isti olur. Hətta planlaşdırıb görməyə getdikləri çayın quruduğunu görüblər:

“Getdik ki, körpü var, çay yoxdur. Necə quruyubsa, inanmaq çətindir ki, burada nə zamansa çay olub, yaxud yenə su gələcək”. 

İrana çatmaq, baş örtü

Türkan Bəşir bir neçə rəngli şərflərini də özü ilə götürüb, yola çıxıb. Deyir, daha əvvəl bu ölkəyə gedənlərlə danışandan sonra böyük önyarğısı olmayıb. Lakin yenə də qorxuları var imiş:

“Məsələn, yoldaşım elə bilirdi ki, başım açılsa, məni aparacaqlar. Məndən çox o nəzarət edirdi. “Türkan, başın açılıb”, “Türkan, şərfin sürüşüb, onu düzəlt” sözləri hələ də qulağımdadır. Eyni zamanda, özümlə yalnız qapalı, uzun geyimlər götürmüşdüm. Orada gördüm ki, qızların çoxu heç yaylıq, şərf yox, bandana taxır, dar cins şalvarlar geyinir, hətta bəzilərində cırıq şalvarlar da gördüm. Baş örtüyünə gəlincə, öz iradəsi ilə çadra geyinənlər var, düzdür, ancaq qaydalara görə baş bağlayanların saçı yarıyacan çöldə idi. Baxanda, yaxşı geyimlərimi gətirmədiyim üçün özümü qınadım. İranlılardan daha çox iranlı kimi görünürdüm (gülür)”. 

İllər öncə gedənlərin yazdıqları 

Türkan Bəşir deyir ki, düzdür, 5-6 il öncə İrana səyahət edənlərin yazdıqları heç də ürəkaçan deyil. Xüsusən də, Türkiyəli blogerlərin yazdıqlarını oxuyanda tükləri biz-biz olub:
“Görünür, 5-6 il öncə bu ölkədə səyahətçi üçün vəziyyət çox çətin olub. Ya indi vəziyyət nisbətən yaxşılaşıb, ya da bizim qarşımıza neqativ heç nə çıxmayıb. Türklər yazırlar ki, hətta şəkil çəkəndə də polis yaxınlaşa bilirmiş. Onlardan bütün otel və hostellərdə nikah şəhadətnaməsi tələb ediblər. Şəhərdə ər-arvad belə olsan, əl-ələ tutanda polis “olmaz” deyirmiş, pis baxılırmış. Biz də bunları düşünüb, hər şeyi nəzərə almışdıq, ehtiyatlı idik”. 

Hostel, otel “şok”u

İranda “Booking”, “Airbnb” kimi otel, ev bron saytları işləmir. Bu ölkədə otel, hostel bronu üçün həmin müəssisələrin saytlarından, yaxud, sosial şəbəkə hesablarından yazıb, yer ayırtmaq lazım gəlir. 

Türkan Bəşir isə deyir ki, gedərkən onlarda belə bir fikir vardı ki, hansı otelə, hostelə getsələr, boş olacaq. Lakin bir çox məşhur otel, hostelə yazanda “yer yoxdur” cavabı alıblar. Nəhayət, Tehranda şəhərdən bir az kənar yerdə hostel tutublar:

“Düşünürdüm ki, İranda çox turist olmaz. Amma gördüklərim tamam fərqli mənzərə idi. Avropadan, Türkiyədən xeyli turistlə tanış olduq. Həmçinin yerli insanların da çox gəzdiyini gördük”.

Türkangil tutduqları hostelə doğru gedəndə düşünüblər ki, yəqin köhnə dizaynda, şəraitsiz yer olar. Lakin gedəndə hostelin modern üslubdakı quruluşu onları şok edib: 

“Hostelin hər bir şəraiti var idi. Reseptionda çalışanlar ingilis dilində əla danışırdılar. Eyni zamanda, təmiri yeni, modern üslubda idi. Qadın və kişilərin qaldığı ortaq otaqlar vardı. Məsələn, hostel daxilində gəzəndə başım açıq olurdu. Bunun qadağan olub-olmadığını maraqlandım, dedilər ki, əslində olmaz, amma gəlib nəsə deyən də olmur. Restoranlarının interyeri də çox xoşuma gəldi. 90 faizi yeni, modern üslubda idi”. 

İctimai nəqliyyatda qadınlar 

Türkangil şəhərin mərkəzində qalmağa yer tapmadıqları üçün kənarda qalmalı olublar. Həmin ərazidə isə daha çox motosikletlərdən istifadə edildiyini görüblər: 

“Ətraf hamısı motosikletlər idi. İnsanlar motosikletlərdən həm nəqliyyat vasitəsi, həm də taksi kimi istifadə edir. Həmçinin qadınlar da taksi-motosikletlərə minir və bu, çox normal qarşılanır. Məsələn, qadınlar motosikletə minir, tanımadıqları  sürücüdən tutub, gedirlər. Bizdə belə, hələm-hələm qadınlar motosikletdən taksi kimi istifadə etməz. Bu, məndə təəccüb yaratmışdı. Lakin avtobusda qadınlar arxa, kişilər ön qapıdan minirdi. Kişilər yalnız ön oturacaqlarda, qadınlar isə arxada otururdu. Mən bir dəfə çaşıb ön qapıdan minəcəkdim, sürücü xəbərdarlıq etdi və mənə arxa qapını göstərdi. Metrolarında qadın və kişi vaqonları ayrıdır. Düzdür, əri olan qadın kişi vaqonuna minə bilər, lakin tək qadınlar yalnız onlar üçün ayrılan vaqonlarda getməlidirlər. Bu da çox təəccüblü hal idi. Qadın motosiklet sürücüsündən tutub gedə bilər, amma əri olmadan kişilər üçün nəzərdə tutulmuş metro vaqonuna minə bilməz. Məncə, yad kişini qucaqlayıb getmək bunun yanında daha açıq hərəkətdir. Anlam verə bilmədiyim qaydaları çox idi”. 

Fars, Azərbaycan, yoxsa ingilis dili?

İranda ünsiyyət dili farscadır. Lakin turistlərlə dil tapmaq üçün ingilis dilindən istifadə edirlər. Təbriz, Ərdəbil, Qəzvin kimi şəhərlərdə isə “azərbaycanca ünsiyyət də mümkündür” – deyir, Türkan Bəşir. Əlavə edir ki, həmin azərbaycanca bizim danışdığımızdan fərqlidir: 

“Sanki daha əski azərbaycanca danışırlar. Məsələn, Təbriz bazarında bir nəfərdən yol soruşduq. “Bu küçədən rədd ol sağa, ordan düz get…” dedi. “Rədd ol” – burada dön get mənasında idi. Bir də, danışıqlarında bir şeirsəl üslub vardı. Adi söz danışanda elə bilirdin ki, nəsə qəzəl deyir, şer oxuyur”.

Digər şəhərlərdə, xüsusən də, Tehranda daha çox ingiliscə ünsiyyət qurublar. Çox az hallarda türk və azərbaycanca bilənlərə rast gəliblər.

Ailə mədəniyyətləri

Türkan deyir ki, Azərbaycandakı inanclı ailələrdən gördüyü qədərilə onlar ailələrini gizli saxlamağa meyilli olur, çox ortaya çıxarmır, ətrafdakıları təhlükə kimi görürlər: 

“Lakin İranda mən fərqli mənzərə ilə rastlaşdım. Məsələn, ana, ata və uşaqlar hər yerdə, otların üstündə, parklarda, ağacların altında, hətta səkilərdə oturub, piknik edirdilər. Yaxud onlar motosikletdə harasa gedirdilər. Çox mehriban, səmimi görünürdülər. Sanki bunlar mənim ailəmdir, qızlarımdır, oğlumdur – açıq şəkildə göstərirdilər. Mehribançılıqlarını, birlikdə zaman keçirdiklərini açıq şəkildə nümayiş etdirirdilər. Bu qədər ailə səmimiyyətini ilk dəfə orda gördüm. Bu, çox xoşuma gəldi”. 

Qadınlar baxımlıdır

Qadınların geyiminə, makiyajına gəlincə, Türkan Bəşir deyir ki, Azərbaycandakılardan çox baxımlıdırlar. Qəşəng, zövqlü geyinirlər, makiyajdan çox istifadə edirlər və çox da gözəl görünürlər:

“Bizdə toya necə hazırlaşırlarsa, onlar gündəlik, çölə- bayıra çıxanda elə makiyaj edirlər”.

Baş örtüyü məsələsinə gəlincə, Türkan deyir ki, çoxu bandana taxırdı: 

“Bəlkə də, biz daha çox mərkəzdə, turistik yerlərdə gəzirdik, ona görə də yalnız müasir insanlarla qarşılaşdıq. Ola bilər ki, kənar səmtlərdə daha kəskin, çadralı, mühafizəkar insanlar yaşayır. Amma mən görmədim”.

“Kimsə sənə baxmır”

Türkan Bəşirin xoşuna gələn daha bir nüans da kimsənin turistlərə diqqət kəsilməməsi olub. Deyir, getmədən öncə fərqli düşünüb. Elə bilib ki, hamı gözünü zilləyib gələn qonaqlara baxacaq, amma əksinə, kimsə başını çevirib baxmayıb:
“Sanki səni görmürlər. Turistsən, fərqlisən, başqa dildə danışırsan, fərqi yoxdur, baxmırlar. Mən daha çox baxırdım. Bir-birləri ilə danışarkən, yaxud sən nəsə soruşarkən ilk cavabları “can” olur. Sonra səninlə maraqlanırlar, “qalmağa yeriniz varmı?”, “yoxdursa, gəlin, bizdə qalın” deyirlər. Bunu təkcə İrandakı azərbaycanlılardan yox, həm də farslardan eşidirdik”.

İran rejimi

Türkan müşahidələrinə əsasən deyir ki, qatı dindarlardan başqa indiki rejimi çox adam dəstəkləmir: 

“Danışıqlardan anladım ki, şah dövründə daha xoşbəxt olublar. O zamanları geri istəyirlər. Təbrizdə bizi Kəndovana aparan dayı şah dövründə taksisi ilə çəkdirdiyi şəkli göstərdi. Dedi ki, o vaxtlar daha yaxşı yaşayıb, daha çox pul qazanıb. İndi isə ona çətindir”. 

Türkan deyir ki, ünsiyyətdə olduğu insanların çoxu hazırkı rejimin getməsini istəyib. Çox az adam hazırki yaşayışından məmnun olduğunu deyib:
“Deyirlər ki, biz xalq olaraq rejim kimi düşünmürük, lakin hər yerdə önyarğı ilə qarşılaşırıq. Çox şeylər onların iradəsini aşır, elə bizdə olduğu kimi. Məsələn, təyyarə Bakıya enən kimi çoxu çadrasını çıxardı. Hamı modern geyimdə endi. Düzdür, açmayanlar da var idi, amma onların sayı az idi. Bundan da görünür ki, çoxunda məcburiyyətdir”. 

Şah dövründən qalanlar

Türkan Bəşir Tehranda şah ailəsinin yaşadığı Niavaran və Saadabad saraylarını ziyarət edib. Deyir, bu evlərdə ailənin geyimləri, əşyaları qalıb: 

“Ora baxıb, çölə çıxanda bir ölkənin irəlidən geriyə getdiyinin şahidi olursan. Bu da açığı, adamı üzür. Məsələn, Fərəh Pəhləvinin geyimlərini qoruyub, saxlayıblar. Tənqid kimi göstərirlər ki, “baxın, dağıdıblar, geyimə, lazımsız əşyalara çox pul xərcləyib, israf ediblər”. Bunu göstərmək üçün belə, həmin əşyaların saxlanması yaxşıdır”.

“Ailələrdə qadınlar dominantdır”

Türkan müşahidələri əsasında o fikrə gəlib ki, İrandakı ailələrdə daha çox qadınların sözü keçir:

“Məsələn, sürücünün biri bizimlə söhbət edərkən ailəsi ilə bağlı bir nünsa toxundu. Dedi ki, azərbaycanlı bir iş adamı qızını oğlu ilə evləndirmək istəyib. Tək şərti oğlanın köçüb, Bakıda yaşaması olub. Soruşduq ki, nə etdilər? Cavabı bu oldu ki, “arvadım razı olmadı”. Bizdə kim arvadının belə məsələlərdə sözünü dinləyir? Başqa məsələlərdə də baxırsan ki, küçədə uşağın arxasınca daha çox atası qaçır. Sanki iş bölgüsü var idi aralarında”.

Qadınlar gecələr küçəyə çıxır?

“Düşünürdüm ki, qadınlar gecə çölə, bayıra çıxmaz. Gördüm ki, qadınlar gecələr də harasa gedir, hardansa gəlirlər. Hətta gecə məscid ətrafında oturub siqaret çəkən qadınlar da gördüm. Yəni belə rahatdırlar” – Türkan danışır. Əlavə edir ki, Tehran Universiteti ətrafında çoxlu kofe mağazaları, kitabxanalar var. Orada qızlar daha çox müasir geyinir: 

“Geyim bir yana, hətta pirsinqlər, tatular, bandanalar, makiyajlar, rok stilində, cırıq, dar şalvarlar və s. gördüm. Kafelərdə oğlanlı-qızlı oturub, söhbət edən qruplar var idi”.

“Nikah şəhadətnaməsini apardığımız kimi gətirdik”

Türkan İrana gedərkən nikah şəhadətnaməsini də götürüb. Deyir, onsuz hosteldə, oteldə qalmağın mümkün olmadığını düşünüb: 

“Ola bilsin, illər öncə belə imiş. Amma bizdən bu sənədi tələb edən olmadı. Apardığımız kimi gətirdik. Yeri gələndə, bizdə bölgələrdə nigah şəhadətnaməsiz otelə buraxmırlar. Hətta İranda metroda öpüşən cütlük də gördüm. Bizdə metroda öpüşənlərə pis baxırlarsa, otellərdə nikah şəhadətnaməsi istəyirlərsə, mən İslam ölkəsindən nə gözləyə bilərəm? Gözləntini kifayət qədər aşağı etmişdim. Lakin o qədər faciəvi nəsə görmədim”.

“Aldatmırlar”

“Bir də, insanları aldatmamaqları xoşuma gəldi. Məsələn, taksi ucuz yazdığı üçün heç vaxt qalıq gözləmirdik. Arxadan çağırır, pulun üstünü qaytarmağa çalışırdılar. Deyirdik ki, qalsın. Onda da başlayırdı ki, “halal edin”. Yaxud restoranda yemək sifariş edəndə deyirlər, “iki nəfərsinizsə, biri bəsdir, ehtiyac yoxdur artığına. Çox olacaq, artıq pul verməyin” və s. Bizdə isə heç vaxt belə bir şey dediklərini eşitməmişəm. Yaxud yeməyin yanında mütləq bir ikramları olurdu. Çayın yanında nabat, yaxud nəsə başqa bir şey hədiyyə edirdilər. Türkiyədən sonra xidmətlərindən məmnun qaldığım növbəti ölkə İran oldu”, – Türkan Bəşir danışır.  

“Oğurluq, insanlara sataşmaq da yox idi”

Türkan deyir ki, bəlkə də, dindən gələn qaydadır, əmin deyil, amma İranda çantanı küçənin ortasında qoyub mağazaya girsən belə, kimsə çönüb baxmır. Oğurluq, insanlara sataşmaq kimi şeylərdən uzaq ölkədir:

“Çünki oğurluq və qadına sataşmaqla bağlı polisə müraciət edilsə, kimsə onun altından çıxa bilməz. Düzdür, turistsən, dünyanın bütün ölkələrində olduğu kimi buradakı bazarlarda da sənə nəyisə yerli əhalidən qismən baha sata bilərlər. Lakin bu, çox az yerdədir və hiss ediləcək qədər böyük rəqəmlər deyil”.

“Mütləq gedin, görün”

Türkan Bəşir düşünür ki, İran mütləq hər kəsin həyatında görməsi gərəkən bir ölkədir. Düzdür, bizim cəmiyyətdə də bu ölkəyə qarşı önyarğı var. “Bunlara fikir vermək lazım deyil” – deyir, Türkan. 

“Bəzən insanlar deyir ki, pulum olsa da getmərəm İrana. Mən isə düşünürəm ki, molla rejiminə görə bu ölkəni gözdən çıxarmaq düz deyil. İranın gözəl şəhərləri, mədəniyyəti, tarixi abidələri var. Məncə, həyatda bir dəfə gedib görülməsi gərəkir. Bəlkə də, kimsə bu ölkədə neqativlə rastlaşıb, onu da anlayıram. Bizim ölkədə də gün ərzində kobud insanlarla rastlaşmaq olar. Bu, dünyanın hər yerində var. Bu qədər zəngin tarixi, mədəniyyəti, mətbəxi olan bir ölkəni görmək yüz faiz hamıya nələrsə qazandırar ki, almaz”.

Reaksiyalar

Türkanın İran səfərindən paylaşdığı fotoşəkillər ətrafdakı insanların marağına səbəb olub. Deməsinə görə, çox müsbət geri-dönüşlər alıb: 

““Instagram” paylaşımlarımda çox adam yazmışdı ki, “bilməzdik İran belə gözəl yerdir”. Qəşəng şəhərləri görüb, “şok”a girənlər də olmuşdu. Mən isə elə düşünmürdüm açığı. Bilirdim gözəl yerləri çoxdur. Tək tərəddüdüm rejimlə bağlı idi”.

Türkan İrandan çox müsbət xatirələrlə ayrılıb. Deyir, “bəzən məəttəl qaldım. Bilmirdim hansı İran realdır. Gördüyüm, yoxsa haqqında danışılan, təqdim edilən?”

Sonra əlavə edir, deyir, “bunları başqaları danışsaydı, əsla inanmazdı”. 

Yazdı Gülər Mehdizadə 

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix