İnsanları gəzdirərək rəngli xatirələr yaşadan qadının hekayəsi

0

– Səhifənizin adı nədir?

– Adama gəzmək qalır

– Onu bildim, səhifənizi soruşuram, bəs onun adı nədir? 

– Adama gəzmək qalır…

“Femmekan”ın bu dəfəki sayının qonağı səyahətçi-bloger Rəna Kərimovadır. İnsanlara tez-tez dediyi “Adama gəzmək qalır” frazasını da həyat şüarına çevirib. Onlayn dünyada özünə açdığı səhifəsinə də bu cür ad qoyub. Deyir, özü səyahəti, gəzməyi, yeni yerlər kəşf etməyi çox gec öyrənib, insanların bunun fərqinə tez varması üçün əlindən gələni edir.

Qız xaricə getməz?

Əksər azərbaycanlılar kimi o da konservativ ailədə doğulub. Uşaqlıqdan “qız xaricə getməz”, “qız dizimizin dibində olmalıdır” düşüncəsi ilə rastlaşsa da, arzusu xaricdə təhsil almaq olub: 

“Universitetin filologiya fakültəsini bitirmişdim. Çox istəyirdim təhsilimi xaricdə davam etdirim, ancaq alınmadı. İnsan hiss edir, bilirdim ki, arzumu dilə gətirə bilmərəm. Ona görə də diləyimi ürəyimdəcə boğdum”. 

Rəna Kərimova universiteti bitirəndən sonra uzun illər jurnalist kimi çalışıb, sonra bir müddət işsiz qalıb və hazırda səyahət agentliyində çalışır. 

Səyahətlə tanışlıq

“Səyahət həmişə arzum olub. Eyni zamanda da mənə çox əlçatmaz gəlib. Hətta bir müddətdən sonra mənə elə gəlirdi ki, bu, elə arzu olaraq da qalacaq. Çünki ailəm “qız kimdir, harasa tək getsin, xarici ölkəyə getsin” düşüncədə idi. Mən də 27 yaşımadək bu qadağalarla oturub durmuşam”.

Rəna deyir ki, nəhayət, 27 yaşında ilk dəfə işdən Türkiyənin Bodrum şəhərinə gedib. İşlə bağlı olduğu üçün bir söz deyən də olmayıb və onun səyahətlə tanışlığı başlayıb: 

“Həyatımda ilk dəfə özümü azad hiss edirdim. O zamanadək ölkədən kənara çıxmamışdım, qapalı idim. Daim olarlar, olmazlar haqqında düşünmüşdüm. Bir addım atmazdan əvvəl mentalitet haqqında düşünürdüm: uyğundurmu, deyilmi? Məsələn, hər gün evə vaxtında çatmalı idim. İndi bilirəm ki, o vaxtında ifadəsi əslində sənin işlərini bitirib, yorulub evə getməyə qərar verdiyin andır. Lakin bizdə ailə bir vaxt müəyyən edir və sən həmin vaxt işlərini bitirsən də, bitirməsən də evdə olmalısan. Gecikəndə zənglər gəlir, səni sıxışdırırlar, stressə girirsən. Bir sözlə, bunları yaşamaq istəmirsən və çalışırsan evə qoyulmuş vaxtda gedəsən”.

“Qərara gəldim ki, səyahəti həyatımın bir parçası edim”

Türkiyə isə onun üçün bir başqa aləm olub. Həm ölkə xarici, həm də qadağalarsız günlər:

“Bir də ayıldım ki, birgə getdiyim qrupla gecə saat 2-də şəhəri gəzirik. Anidən adam şok yaşayır. Hiss edəndə ki, başqa ölkədəyəm, şəhərdəyəm, onda rahatlamışdım. İzah edə bilmirəm, çox möhtəşəm hiss idi. Gəzmək, yeni yerlər kəşf etmək də çox xoşuma gəldi və mən qərara gəldim ki, səyahəti həyatımın bir parçası edim”.

Daha azad səyahət

Rənanın həyatında Bodrumdan sonra işlə bağlı səyahətləri çox olub. Lakin müəyyən vaxtdan sonra daha azad, işsiz, rahat şəkildə səyahət etmək qərarına gəlib. Səyahət edib, gördüyü yerləri paylaşmağa başlayıb. Bu zaman daha çox qadınlardan dəstək və heyranlıq mesajları almağa başlayıb. 

“Bizi də özünlə apar”, “Kaş mən də səninlə gələ biləydim”, “Necə gözəl iş görürsünüz, kaş bizim də bu imkanımız olardı” kimi mesajlar zamanla Rənanın turlar təşkil etməsinə ilham verib:

“Həmişə düşünürdüm ki, xüsusən də kişi bələdçilərlə turlara, səyahətə getmək istəməyən qadınlar üçün turlar təşkil edim. Bu bir həqiqətdir ki, bəzən qadınlar kişi bələdçilərlə səyahətlərə, turlara qoşula bilmirlər. O mərhələlərdən keçənlər bunu daha yaxşı anlayar. Eyni zamanda, bəzən səyahət etmək istəyirlər, ancaq marşrut çətin gəlir. Məsələn, dağa çıxmaq, çətin meşə yolu ilə yol getmək təbiətsevərlərə ağır gəlmir. Bəzi yeni başlayanlar üçün bu, əziyyət kimi görünür. Mən məhz asan səyahət etmək istəyən insanlara üzümü tutdum”. 

Özlüyündən yaranan tur 

Pandemiyayadək Rəna tur təşkil etməyib. Bu zaman hamı kimi o da uzun müddət evdə oturub və fürsət düşən kimi heç deyilsə, Azərbaycanın bölgələrinə getməyi planlayıb. Beləliklə, karantin qaydaları yumşalan kimi rayonlara üz tutub. 

“Bu dəfə heç olmadığı qədər mesaj almağa başladım. Pandemiya, qadağalar təkcə məni yormamışdı. Eyni zamanda, insanlar sanki həyatın, yaşamağın qədrini bilməyə başlamışdılar. Hamı bir nəfəslik axtarırdı: 

“Beləliklə mən növbəti gedəcəyim səyahətin elanını verdim və kim istəyir qoşula bilər dedim. Tur 20 nəfərlik idi, yerlər dolmuşdu, yazanlar isə dayanmırdı. İştirakçılardan 3-ü kişi, qalanı qadın idi. Çox gözəl gün keçirdik. Həm asan, komfortlu tur idi, həm də bir gündə bir neçə yerə getdik, şəkillər çəkdirdik, çay içdik, söhbət etdik. Bir sözlə, gözlədiyimdən qat-qat yaxşı keçdi”. 

“Turlara daha çox qadınlar maraq göstərir”

Rəna Kərimova sonralar daha çox qadınların maraq göstərdiyini görüb, onların sevəcəyi turlar təşkil etməyə başlayıb. Məsələn, günəbaxan tarlalarına olan turun adını “Günəbaxan turu”, lavanta mövsümündə Zaqataladakı lavanta tarlalarına təşkil etdiyi turu “Lavanta turu” kimi adlandırıb. Bundan sonra “Lalə turu”, “Kəlağayı turu” da təşkil edib. Şamaxının kəndlərində kəlağayı hazırlanan emalatxanalara gediblər və özlərinə rəngarəng kəlağayılar alıblar. Bir sözlə, Rəna Kərimova deyir ki, zamanla planlamadığı şəkildə tur bələdçisinə çevrilib, ona müraciət edənlərin isə 90 faizi qadınlar olub. 

“Misirdən mənə daha çox xatirələr qaldı”

“Pandemiya ilə bağlı vəziyyət qaydasına düşəndən sonra xarici tur təşkil etmək qərarına gəldim. Hələlik, Misirə və Dubaya turlar etmişəm. Birinə 4, digərinə 6 nəfər qadın qoşulub. Möhtəşəm günlər yaşamışıq, ləzzətli keçib. Soruşanda tur necə keçdi? Ağlıma gəzib gördüyümüz yerlərdən çox qrupla keçirdiyim günlər gəlir. Dalğalarımız eyni idi. Ağlayanacan güldüyümüz yadımdadır. Həmişə deyirəm, adama gəzmək qalır. Misirdən mənə daha çox xatirələr qaldı. O qrupla tur mənə ləzzət elədi. Yayda Balkan turu düşünürəm”.

“Adama gəzmək qalır”

Rəna Kərimovanın “Instagram”da “Adama gəzmək qalır” səhifəsi var. Burada getdiyi, gördüyü yerlərdən məlumatlar paylaşır. Eyni zamanda, təşkil etdiyi turlardan da fotoşəkillər qoyur. Deyir, səhifəsinin adını çox düşünmədən belə qoyub. İstəyini ifadə edir, səmimi, sadə və dəqiqdir.

“Buradakı paylaşımlarımda bağlı insanlardan geri dönüşlər alıram. Məsləhət istəyənlər də olur, turlara qatılmaq istəyənlər də, hətta təşəkkür edənlər də. Bu, mənə zövq verir”. 

Rəna deyir ki, hazırda səhifəsindən reklam təklifləri də alır. Yəni ilk başda özü üçün açdığı, insanlara faydalı olmaq üçün etdiyi paylaşımlar bu gün ona gəlir də gətirir. Özü də heç planlamadığı, gözləmədiyi halda:

“İndi zövq birə beş artır. İlk vaxtlar qazancım yalnız insanların xoş sözləri idi, indi həm də maddi gəlir əldə edirəm”.

“Gəzmək, görmək hamıya lazımdır”

Rəna Kərimova istəyir ki, qadınların dünya görüşü artsın, onlar səyahətin dadına varsınlar. İstəyir ki, onlar daha erkən yaşdan səyahət etməyi öyrənsinlər, dünya görüşlərini artırsınlar. Mentalitet kimi lazımsız məhfumlara bağlı yaşamasınlar, həyatları gözəl, mənalı olsun: 

“İş elə gətirib ki, turlara daha çox qadınlar gəlir. Əslində bu, çox sevindirici, ümidverici haldır. Şəxsən mən bunu uğur hesab edirəm. Düzdür, turlar sırf qadınlar üçün təşkil edilmir, bəylər inciməsin, onlar da qatıla bilərlər. Məncə, gəzmək, görmək hamıya lazımdır”.

““Mənə bu qədər qadınla səyahət etmək maraqlı deyil”, – dedi”

Rəna Kərimova turlarda maraqlı hadisələrlə də rastlaşıb. Məsələn, “Lalə turu”na qatılan 3 kişidən biri yarıyoldan qayıdıb:

“Mən adətən yola çıxandan az sonra market fasiləsi verirəm ki, insanlar ehtiyacı olan hər şeyi alsın. Bir oğlan ilk market fasiləsində çıxıb getdi. Səbəbini soruşdum: “Mənə bu qədər qadınla səyahət etmək maraqlı deyil”, – dedi. Biz də onun fikrinə hörmətlə yanaşdıq. Beləliklə, market fasiləsindən düşüb qaçdı, qadınların gücünə tab gətirə bilmədi (gülür)”.

Rəna deyir ki, sonra elə turalar olub ki, hamısı qadınlardan ibarət olub. Bəzilərinə cəmi bir nəfər kişi qatılıb:

“Həmin hadisədən sonra hər dəfə bəylərdən soruşuram ki, baxın, mənim turlarıma daha çox qadınlar maraq göstərir. Fikrinizi dəyişəcəksinizsə, indidən qərarınızı verin. Deyiblər ki, yox, qaçmayacağıq. Turun sonunda isə gəzintidən məmnun qalıblar”.

Sevgisizlik, diqqətsizlik…

Rəna Kərimova düşünür ki, Azərbaycanda qadınlar sevgisizlikdən, diqqətsizlikdən əziyyət çəkir. Əksəriyyətinin işi var, həyatında biri də var. Lakin onlara kimsə özəl olduqlarını hiss etdirmir:

“İstər ailədə, istər sevdiyi insan tərəfindən olsun. Məncə, qadınların əksəriyyəti tam xoşbəxt deyil. Məsələn, mənim turlarımı dünya aləm tərifləyir. Ailəm isə “qız uşağı çox gəzməz dağda-daşda. Oturaq, rahat bir ofis işi tap, işlə. Bu iş əziyyətlidir, lazım deyil”, – deyirlər. İzah edə bilmirəm ki, bu işi qazanc üçün yox, zövq üçün edirəm. İnsan gərək işindən zövq alsın”.

Arzularının arxasınca getmək…

Rəna Kərimova deyir ki, arzularının, istəklərinin, zövqlərinin arxasınca getmək insana vicdan əzabı verməməlidir. Bizdə isə cəmiyyət və ailələr adətən insana bu hissi yaşadır: 

“Əvvəllər ətrafdan gələn mənfi rəylərə fikir verirdim, üzülürdüm. İndi isə boş vermişəm, heç kimi dinləmir, həyatımı yaşayıram. Məsələn, böyüklərdən tez-tez eşidirəm, deyirlər, biz 50 yaşında da valideynlərin sözü ilə oturub, dururduq. Bunu etmək olar, o vaxtadək ki, həmin sözlər sənə həyatını yaşamağa mane olmasın. Məncə, insan necə xoşbəxtdirsə, elə yaşamalıdır”.

“Bütün qadınlar xoşbəxt olmağa layiqdir”

Rəna tez-tez turlara qatılan qadınlardan təşəkkür mesajları alır: “Çox sağ ol, həyatımıza rəng qatdın”, “Rəngli həyata başlamağımda rolun olub”, “Sayəndə həyata başqa cür baxmağa başlamışam” deyənlər olur:

“Bu, mənim üçün böyük xoşbəxtlikdir. Gerisi yalandır, boşdur. Bütün qadınlar xoşbəxt olmağa layiqdir”.

Yazdı Gülər Mehdizadə

Fotolar Rəna Kərimova (Facebook)

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix