İnsanlara yaraşdırılan gözəllik standartları və səbəb olduqları problemlər

0

“Arıqsan, biraz özünə gəl”, “yaman kökəlmisən, az ye” deyib, keçirlər, ardını isə düşünmürlər”

“Həyatımın müəyyən dönəmində arıq olmağın kompleksini yaşamışam. Ətrafdan tez-tez eşidirdim “zəifsən”, “bir az kökəl” sözlərini. Zamanla arıqlıq problemimə çevrilmişdi. Sonralar gözəllik standartları ilə bağlı fikirlərim dəyişdi. Özümü olduğum kimi qəbul etməyə başladım”. 

23 yaşlı Nərgiz Məmmədli belə deyir. Düşünür ki, əslində insanlara görünüşü ilə bağlı rəy bildirmək etik deyil:

Paola Kudacki
Foto: Paola Kudacki

“Di gəl, bunu insanlara başa sal. “Arıqsan, belə də qız olar?”, “yaman kökəlmisən, az ye” kimi müdaxilələr etmədən sanki yaşaya bilmirlər. Ən pisi də odur ki, deyib, keçirlər. Sözlərinin qarşı tərəfə necə təsir etdiyini düşünmürlər”, – Nərgiz gileylənir. 

“Zamanla özümü sevdim, sahib olduqlarıma görə təşəkkür etməyə başladım”

Nərgizin xarici görünüşü ilə bağlı fikirləri universitetə daxil olandan sonra dəyişib. Tələbəlik dönəmində şəxsi inkişafla bağlı xeyli sosial-ictimai tədbirlərə qatılıb. Təlimlərdə fərqli insanlar tanıyıb, bilmədiyi mövzular barədə məlumatlanıb. Zamanla özgüvəni artıb: 

“Özümü olduğum kimi qəbul etməmi spirituallığa borcluyum (red: ingiliscədən spirituality – mənəviyyatın insandan daha çox bir şeyin, duyğu təcrübəsindən daha böyük olduğunu və insanın bir hissəsi olduğu bütövlüyün kosmik və ya ilahi təbiət olduğunu hiss etməyi və ya inanmağı qəbul etməyi əhatə edir) borcluyam. Eyni zamanda, tez-tez mediada qarşıma pozitiv düşüncə ilə bağlı postlar çıxırdı. Bu barədə “Youtube”da videolar izləyərkən qarşıma meditasiya görüntüləri çıxdı. Mediatasiya etməyə başladım. Bunlar zamanla özümü olduğum kimi qəbul etməmə, bədənimi sevməmə, sahib olduqlarıma görə təşəkkür etməmə kömək oldu”.

“Özünlə bağlı ilk növbədə öz fikirlərini dəyişməlisən”

Bundan sonra gənc qadın tez-tez özünə gözəl olduğunu xatırladıb. Ətrafında olan insanların pozitiv olduğuna inanıb. Paralel olaraq da özünə güvəni artıb. Zamanla ətrafdan müsbət rəylər almağa da başlayıb:

“Hətta marketinq sahəsində çalışdığım üçün tez-tez reklam çəkilişləri təklifləri alıram. Bu çəkilişlərin bir neçəsində model kimi iştirak etməyə dəvət də almışam. Belə təklifləri çox yox, 6 il əvvəl alsaydım, 100 faiz tərəddüd edərdim”. 

Nərgiz düşünür ki, insan gərək özü ilə bağlı ilk növbədə öz fikirlərini dəyişsin. Bundan sonra ətraf da səni olduğun kimi qəbul edə bilir.

Twiggy
“Twiggy“ təxəllüsü ilə tanınan Dame Lesley Lawson ingilis modeli, aktrisası və müğənnisidir. O, mədəniyyət ikonası və 60-cı illərdə Londonda gənclər hərəkatının aparıcı modeli idi.

“İdeal” qadın bədəni

Tarix boyu “ideal” qəbul edilən qadın bədəni anlayışı bir neçə dəfə dəyişib. Min illər öncə heykəl və sənət əsərlərində əyri, qalın siluetlər təsvir edilirdisə, 20-ci əsrin sonlarında, moda jurnallarının səhifələrini incə modellər bəzəməyə başladı. 1980-ci illərdə isə incə qadın təsvirləri populyar olsa da güclü, atletik və tonlanmış bədən tiplərinə daha çox yer verilirdi. 

“İdeal bədən” anlayışı “dəyişməyə” başladıqca, modaya  uyğunlaşmağa çalışan qadınlara zərərli təsir göstərməyə başladı. 

“Instagram”, “Tik-Tok”, “Youtube” platformasındakı görüntüləri özünüzlə müqayisə edirsinizsə…

İnsan “Instagram”, “Tik-Tok”, “Youtube” platformasında video görüb, dərhal özü ilə müqayisə edir və bu, ona pis təsir edirsə, deməli, problem var. 

“Common Sense Research”in (missiyası insanlara texnologiyadan istifadənin uşaqlara təsirlərini çatdırmaqdır) araşdırmasında  belə deyilir. Bildirilir ki, xüsusən, 2000-ci illərdən etibarən uşaqlar gözəllik komplekslərindən dolayı ciddi özgüvən problemi yaşayır. 

Common Sense Media” sorğusunun nəticələri isə göstərir ki, aktiv onlayn həyatı olan yeniyetmələrin dörddə birindən çoxu paylaşılan şəkillərdə necə göründükləri barədə stress yaşayır.

Facebook: Cəmilə Rəhimli
Facebook: Cəmilə Rəhimli

“Cəmiyyətdə görünüşlə, bədən qavrayışıyla  bağlı önəm çox vurğulanırsa…”

Psixoloq və psixoterapevt Cəmilə Rəhimli deyir ki, kompleks yetərsizlik duyğusuna səbəb olan, şəxsi narahat edən məqamdır. Gözəllik kompleksini isə müxtəlif adlarla ifadə etmək olar. Kimi özünü çirkin sayır, yaxud bədən qavrayışını fərqli qəbul edir. Fiziki görünüş və ya bədən qavrayışıyla bağlı xoşagəlməz duyğuların yaranması isə bir neçə səbəbdən asılıdır:

“Burada həm əhatəsində olduğumuz mühitin bizə öyrətdiklərinin, həm də baş verən hadisələrə necə yanaşmağımızın rolu var”. 

Psixoloqa görə, hansı cəmiyyətdə ki, görünüşlə, bədən qavrayışıyla  bağlı önəm çox vurğulanır, həmin mühitdə gözəllik kompleksləriylə çox rastlaşılır. Çünki o çevrənin nəyə önəm verdiyini şəxs istər-istəməz özündə də müşahidə edir: 

“Əgər böyüdüyü mühitdə “kimsə arıqdır, deməli, gözəldir”, yaxud “kimsə çox arıqdır, deməli, çirkindir” kimi rəylər varsa, insanların görünüşlə, şəxslərlə bağlı düşüncələri dəyişə bilir”. 

“Bədənin önəmi qadınlar üçün bir az daha əhəmiyyətli sayılır”

Psixoloqa görə, insan sosiallaşma prosesində cəmiyyətə uyğunlaşan varlıqdır. O, dünyanı və özünü dərk etdikcə, ətraf mühitin gözləntilərini qarşılamağa yönəlik bir sosializasiya prosesi keçir. Bu zaman da ona uyğun olmağa çalışır:

“Cinsiyyət rolları baxımından götürəndə, qadınlar bədənləri ilə bağlı daha çox rəy eşidir. Buna görə də bədənin önəmi onlar üçün bir az daha əhəmiyyətli sayılır”.

“Güzelliyi kim yönetiyor?”

“Aposto” platformasındakı “Güzelliyi kim yönetiyor?” məqaləsində yaşadığımız əsr “daha çox istehlak et, daha xoşbəxt ol!” – kimi təsvir edilir. Məqalədə qeyd edilir ki, bu gün sənayenin insanlara satdığı ən zəhərli şeylər sulfatlar və ya silikonlar deyil, gözəllik standartlarıdır. 

Araşdırmalar sübut edib ki, gözəllik standartları birbaşa olaraq narahatlıq və depressiyaya səbəb olur. Bədən dismorfiyası, nizamsız qidalanma, özünə güvən əskikliyi və bunların sayəsində yaranan böyük depressiyalar nəticəsində yaranan yetərsizlik hissinin intiharadək yolu var. 

Psixoloq əlavə edir ki, gözəllik kompleksləri mükəmməliyyətçi şəxsiyyət tipinə sahib insanlarda daha çox olur. Qüsürsuz olmağı arzulayan insanda standartların kənarına çıxmaq yetərsizlik hissinə gətirir. 

Mənbə: Pinterest
Mənbə: Pinterest

İnsanların başqalarının görünüşü ilə bağlı rəy vermək adətinə gəlincə, Cəmilə Rəhimli bildirir ki, bu, uşaqlıqdan yaranan adətdir. Uşaq yetkin insanların görünüşlə bağlı sərt rəylərini görürsə, gələcəkdə bunu təkrarlayır: 

“İnsanlarda empati hissini gücləndirmək üçün doğru maarifləndirmə aparılmalı, məktəblərdə, iş yerlərində “Body positivity” (red: artıq çəkidən əziyyət çəkən insanları psixoloji gücləndirmək məqsədilə ortaya çıxan birlik. Daha sonra hər cür bədənin ictimai qəbulunu hədəfləyən hərəkata çevrilib.) ilə bağlı tədbirlər keçirilməlidir”. 

Cəmilə Rəhimli düşünür ki, əsasən də media bununla bağlı addımlar atmalıdır. Məsələn, filmlərdə, mediada qarşıya çıxan modellər, uşaqların oyuncaqları bütün növ bədənləri, üz quruluşlarını əhatə edəcək tərzdə olmalıdır. Bu, belə problemlərin yaşanma ehtimalını azalda bilər. 

Koreya İstehlak Agentliyi (“KCA”) 1000 nəfər arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 70 faizi xarici görünüşlərini yaxşılaşdırmaq üçün cərrahi əməliyyat keçirdiklərini deyiblər.

Onların 14,5 faizi bunun onların məşğulluq və yüksəliş perspektivlərini artırdığına inanıb.

Ən populyar prosedur “ikiqat göz qapağı əməliyyatı” olub. 67,8 faiz insan bu əməliyyatı etdirdiyini bildirib. 

Sorğuda iştirak edənlərin 32,2 faizi isə etdirdikləri prosedurların nəticələrinin yetərsiz olduğunu deyib.

Facebook: Aysel Allahverdiyeva

“İnsanlar bir çox hallarda ətrafındakıları özlərinə rəqib görə bilir”

Terapist, “Paarla” platformasının yaradıcısı Aysel Allahverdiyeva düşünür ki, uşaqlıqdan bəri müqayisə edilməklə böyüyən insanlar bir çox hallarda ətrafındakıları özünə rəqib görə bilir. Bu, sağlam yanaşma deyil. Belə hisslər insanı yetkinlik yaşlarında da azad buraxmır. Buna görə də insan özünü digərləri ilə müqayisə etməyib, diqqətini özünə yönəltməlidir:

“Məsələn, qadınlar digər qadınları özlərinə rəqib görmək əvəzinə, özlərini axtarışa çıxmalıdır. Qadınlıqlarını, əsl kimliklərini kəşf etməlidirlər. Özlərinə zaman ayırıb, öz kimlikləri ilə tanış olmalıdırlar. Onsuz da bu proses zamanı öz olmağa icazə verməklə, fərdi xüsusilikləri ilə dünyaya rəng qatacaqlar”.

“Özümüzü qınamadan qəbul edib, sevək”

Terapevt deyir ki, insanın iç səsi ilə hansı tərzdə danışmağı da çox əhəmiyyətlidir. İnsan iç səsini dinləməklə özünə yaxşılıq edir: 

“İç səsimizin bələdçiliyi ilə çıxdığımız yollar bizi həqiqətən məhz ehtiyacımız olan yerə aparır. Həmin səsə qulaq vermək, ona mərhəmətli davranmaq və ən önəmlisi, o səsə güvənmək lazımdır. Bu cür davranış, özümüzlə hissi bağlılığımızı da möhkəmləndirir. Özümüzlə daimi sevgi ilə bağ qurmaq üçün “yaxşı” və “pis” deyə iki yerə böldüyümüz xüsusiyyətlərimizi, tərəflərimizi görək. Həmin tərəflərimizi anlayıb, qəbullanaq. Yəni özümüzü qınamadan qəbul edib, sevək”.

“Uşaqları empatiya bacarığı ilə böyüdün”

Nərgiz Məmmədli bədəni ilə bağlı kompleks yaşayan insanlar görəndə onlara dəstək olmağa çalışır. Onlara özlərini olduğu kimi qəbul etmələrini tövsiyə edir: 

“Deyirəm ki, əgər dəyişiklik etmək istəyirsə, başqaları üçün yox, sırf öz istəyinə görə etsin. Hər kəs individual varlıqdır. Mən bu kompleksin öhdəsindən spiritual yolla gəlmişəmsə, kimsə meditasiya, yoqa, yaxud psixoloqa getməklə də bacara bilər”.

Nərgiz düşünür ki, çox şey ailədən başlayır. O, insanlara uşaqlarını empatiya bacarığı ilə böyütməyi tövsiyə edir:

“Məncə, bu, cəmiyyətə müsbət təsir edər. Çünki bir çox insan kobud rəyləri uşaq yaşlarında digər həmyaşıdlarından alır. Xüsusən də emosional, empatiya bacarığı yüksək olan uşaqlar bu keyfiyyətləri daşımayanlardan kobud rəylər aldıqda daha da sarsılırlar. Hansı ki, bu, mənim də başıma gəlmişdi”.

Yazdı Dinara Zeynalova

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix