İnsanın təbiətlə harmoniyası – rəftarı

0

Lənkəranın İstisu qəsəbəsində – dağların əhatəsində 15 hektarlıq ərazidə sitrus meyvələri əkilmiş bir bağ var: bir hissəsində kivi, bir tərəfində feyxoa, yarısında naringi, portağal, kinkan… 

Bağın buradakı meyvələrə uyğun adı da var: “Citrus Valley”. 

Bu bağ Talış dağlarının ətəyindəki əsrarəngiz gözəlliyə yeni çalar qatır. Buranı rənglərin harmoniyası da saymaq olar… 

32 illik müəllimlik həyatından bağa-baxçaya…

Bugünkü mövzumuz həm də təbiətlə bağlıdır, yəni aqroturizmdir: kənd turizmi və ya turistlərin kənd həyatına cəlb edilməsi. 

Kənd həyatı təbiətin bir parçasıdır, təbiət isə sanki qəhrəmanlarını özü seçir – təbii, heç bir əlavə çalar qatmadan. Bu həm də təbiətin insanla rəftarıdır, elə 30-dək ehtiyacı olan xanıma iş imkanı yaradan, 32 ilin müəlliməsi Rəftarə Şükürova kimi… 

Kivi, feyxoa, limon, naringi, portağal, kinkan – bu bağda nə desən var

Rəftarə xanım ömrünün 13 ilini “Citrus Valley”-ə həsr edib. Deyir ki, bağ salmaq ideyası kürəkəninə məxsusdur, ancaq o, bağı salsa da, sonradan bitkilərə qulluq etməyə, bu işlə məşğul olmağa hövsələsi çatmayıb. 

Rəftarə xanım isə balaca feyxoa fidanlarının kolların altında qaldığını gördükdən sonra ürəyi dözməyib və bağa qulluq etmək qərarına gəlib. 

Ona qədər isə Lənkəran məktəblərinin birində ibtidai sinif müəllimi kimi çalışırmış. 

Dediyinə görə, ilk zamanlarda məktəblə bağ işlərini birgə görürmüş,  amma bu, 4 il davam edib. Sonradan iki işi bir yerdə aparmağın çətinliyini görüb və məktəbdən uzaqlaşmaq qərarı alıb. 

“Təhsilə göstərdiyim 32 illik xidmət də az deyil, kifayət edər”, – deyib üzünü bağa-baxçaya çevirib. 

“Böyük bağdır. İçində kivi, feyxoa, limon, naringi, portağal, kinkan sahələri, alça, gilas ağacları, çiyələk kolları var. Eyni zamanda, gələn qonaqları balla təmin etmək üçün 7 arı ailəmiz, cənub bölgəsinin dadlı yeməkləri ilə tanış olmaları üçün toyuq-cücəmiz də var”, – ürəklə, işindən zövq ala-ala danışır, Rəftarə Şükürova. 

“Bir ildir aqroturizm yönündə işlərə başlamışıq”

O deyir ki, 13 il bağla məşğul olmasına baxmayaraq, aqroturizm yönündə işlərə ötən ildən başlayıblar, hətta ilk başlarda işləri çox yaxşı gedirmiş, COVID-19 məsələsi başlayandan gəlib-gedənlər də azalıb: 

“Bölgəyə istirahətə gələnlər bağımıza baş çəkir, gəzirlər, bəzən işlərə əl atırlar. Mən də onları bağın məhsullarından hazırladığım mürəbbələrlə çaya qonaq edirəm. Düzdür, çox istəyərdim ki, gələn qonaqların gecələməsi üçün yerim də olsun. Ancaq hələlik qalmaq üçün cəmi bir otağımız var. İşlər yaxşı getsə, çoxlu otaqlar hazırlamağı düşünürük”.

“Şəhərin səs-küyündən bezənlər gəlsinlər”

“Ürəyi istəyən, şəhərin səs-küyündən bezən, kompüterdə işləməkdən yorulan, hətta yaradıcı işlə məşğul olub, beyni yorulanlar gəlsinlər, səhərdən axşamacan, bir sözlə, ürəkləri istədikləri qədər bağla, kənd işləri ilə məşğul olsunlar”, – o belə deyir. 

Onun sözlərinə görə, bağda əsas işlər ən çox sentyabr ayında görülür: “Çox istəyərəm ki, şəhərdən insanlar gəlib feyxoa yığımında bizə kömək etsinlər. Eyni zamanda, yeni tanışlıqlar, maraqlı söhbətlər işin içinə rəng də qatar. Hələ indiyə qədər gələnlərdən narazı ayrılan olmayıb. Bağdan günlərlə çıxmaq istəməyən insanlarla da qarşılaşmışıq”.

“İşçilərin 80 faizi qadınlardır”

Həmin o işlərin qızğın olduğu sentyabrda “Citrus Valley”-də 40-a qədər insan çalışır, ancaq işlərin az olduğu zamanlarda daimi işçi sayı 10-u keçmir. Ən əsası, işçilərin 80 faizi qadınlardır: 

“Onlar ehtiyaclı ailələrdən olan insanlardır. Hansı ki, mövsümdə qonşu rayonlara – Masallıya, Cəlilabada çiyələk toplamağa gedirlər. Sentyabr-dekabrda isə sevə-sevə bizim bağda çalışırlar”. 

“Torpaqla işləmək stress atmağa kömək edir”

Rəftarə Şükürovaya görə, fiziki iş görmək həm insanın ömrünü uzadır, həm də keyfini açır, beynini təzələyir, rahatladır: 

“Ağac dibi belləməkdən tutmuş, meyvə yığmağa qədər – hamısı maraqlıdır. Torpaqla işləmək stress atmağa kömək edir. Məsələn, mən Lənkəranda yaşayıram. Hər gün kəndə gedib-gəlirəm. Hamı kimi mənim də gündəlik onlarla qayğım, problemim olur, bəzən yoruluram. Amma bağa girəndə hər şey yadımdan çıxır”.

“Gələcəkdə qonaqlar bağda çadır qurub qala biləcəklər”

“Citrus Valley”in bitəcəyində geniş yaşıllıq ərazi və göl var. Düzdür, göl qonşu fermerin ərazisinə düşür, amma mənzərəsinin önü açıqdır. 

Rəftarə Şükürova deyir ki, gələcəkdə həmin dağın döşündəki ağaclıq ərazini düşərgələr üçün ayıracaq. Bağa gəlib qalmaq istəyən orada çadır qura biləcək: “Onlar bağın imkanlarından istifadə edə biləcəklər. Su, samovar, yemək və s. kimi. Nə lazımdır kömək edəcəyik. Lap bağla məşğul olmaq istəməyən də gələ bilər. Bəlkə roman yazmaq istəyir, ona sakitçilik lazımdır. Biz ona yazmaq üçün lazım olan sakit, hüzurlu şəraiti yarada bilərik”.

“Pandemiyaya qədər işlərimiz indikindən yaxşı idi”

Rəftarə xanımın sevimli bağı ilə əlaqədar arzuları çoxdur. Burada kiçik hostel tikməkdən tutmuş, qonaqların mənzərəyə baxa-baxa yemək yeməsi üçün çardaq hazırlamağa qədər…

Amma deyir, bunların olması üçün vəsait lazımdır: “Pandemiyaya qədər işlərimiz indikindən yaxşı idi. Ötən il 10 min feyxoa, 10 min zoğal, 10 min gilas kompotu sifarişi almışdıq. Kompotlarımız marketlərdə satılır, restoranlarda süfrəyə qoyulurdu, hamı da bəyənirdi. Hələ “Kənddən Şəhərə” Layihəsi də var idi. Bağın məhsullarından hazırladığımız mürəbbələri, turşuları, kompotları orada satırdıq. İndi o layihə də dayanıb”. 

Bir az da işin çətinlikləri barədə

Rəftarə xanım hazırda işçilərin maaşını bağa gələn qonaqların aldıqları məhsulların pulları ilə ödəyir. Eyni zamanda, işin çətinliklərindən də danışır. 

Deyir ki, meyvələrdən ən çətini feyxoa yığımıdır: “Çünki meyvə yarpaqları ilə eyni ölçü və rəngdə olduğundan onu seçmək çətin olur. Hə, bir də çeşidlənmə məsələsi var. Lənkəran iqtisadi zonasında çeşidləmə, qablaşdırma yoxdur. Hər şey öz öhdəmizdədir. Məsələn, mövsümdə 40 işçi çalışdırırıq. 20 nəfər yığımla məşğul olanda, 20 nəfər də çeşidləməni edir. Alıcılar çeşidlənmiş məhsul istəyir. İşçilərə nə qədər tapşırıram ki, yalnız böyük meyvələri yığın, alınmır, əllərinə keçəni toplayırlar”.

“Hər gün belə gözəlliyi görən biri qocalmaz”

Rəftarə xanım deyir ki, çeşidləmə yeri olsaydı, işləri asanlaşardı. Məhsulu toplayıb onlara verər, çeşidləməyə zaman ayırmazdılar: 

“Çox istədiyim şeylərdən biri də kiçik bir istehsal müəssisəmin olmasıdır. İndiki halda istehsal həm çətin başa gəlir, həm də məhdud sayda olur. Ancaq kiçik bir müəssisəmiz olsaydı, işimiz xeyli yüngülləşərdi”. 

Nə qədər çətin olsa da, Rəftarə xanım gördüyü işi çox sevir. Hamıya da sevdiyi işlə məşğul olmağı tövsiyə edir: 

“Düzdür, insanı dərd, fikir qocaldır, ancaq hər gün belə gözəlliyi görən biri qocalmaz. Həm də insan yaşlandıqca torpağa daha bağlı olur. Məndə də biraz elədir. Eyni zamanda, yaşıdlarıma baxanda daha həyat dolu və gümrah olduğumu da deyirlər. Bu da məni sevindirir. Odur ki, insanlara demək istəyirəm, kim cavan qalmaq istəyir bu bağa gəlsin. Mənim üçün işləsin, özü üçün öyrənsin, həyatdan, bu gözəllikdən zövq alsın”. 

Yazdı Gülər Mehdizadə

Çəkdi Aygün Rəşid

Bir cavab buraxın

Mənim Yeni Tarix