“İncəlik İnsanların Ürəyini Bulandırırmış, İnsanlar Da Mənim”

0

Bədəninin hansısa hissəsini gizlətməyə çalışırsan? Düşünürəm, bu gün bu suala səmimi olaraq “yox” deyəcək çox az adam tapılar. Ənənəvi medianın yaratdığı qəliblərdən biri də “ideal” stereotipini normaya çevirməsidir. Bu normadan ən çox əziyyət çəkən və kölgədə qalanlar məhz qadınlar olur. 

Kimsə tam olaraq öz görünüşündən razı və ya sərbəst olanda isə bu halı təəccüblə qarşılayıb, ona hətta “özündən razı” damğası vurduğumuz da heç birimizə yad deyil.

Görünüşündən narazılıq nadir hallarda keçici bir dövr, bəzilərimizə isə illər boyu arzuolunmaz yoldaş olub, həyatımıza birbaşa təsir edir. Çox kök ya arıq, çox hündür və ya bəstəboy, saçları düz ya buruqsaçlı kimi məqamlar bu siyahıda olan ən sadə misallardır. 

“İdeal görünüş” fikri patriarxal cəmiyyətdə görünüşcə mükəmməl olmaq məsuliyyətini daha çox qadınlara yükləyir. 

“Qız uşağı incə olar, sənin kimi yox”

– bu, özümü dərk etməyə başlayandan barəmdə eşitdiyim ilk ifadə olub. Daha dəqiq desəm, kiçik yaşlarımdan süd dişlərimin yeniləndiyi dövrdən başlayıb. Çünki əvəzinə çıxan yeni dişlərim heç də standartlara uyğun deyildi. 

Diş həkiminin dediyinə görə, hələ ana bətnində olduğum zaman, anamın keçirdiyi hansısa stress və ya xəstəlik səbəbindən ön dişlərim norma hesab olunandan daha iri və formaca mişar dişləri kimi dalğalı olub. 

Dişlərimlə bağlı deyilən şərhləri həmişə qulaqardına vurmağı bacarmışam. Daha doğrusu, bacardığımı düşünürdüm. Ta ki, uşaqlıq fotolarıma diqqətlə baxıb, orada gülərkən dişlərimi gizlətdiyimin fərqinə varanadək. Uşaq ikən beynimdəki bu kompleksi özüm də bilmədən hərəkətlərimlə biruzə verib və illərlə ürəkdən gülməyə cəsarət etməmişəm.

İllər keçdikcə hər ilk tanışlığımda insanların bəzən etiket xatirinə heç nə demədiklərini, bəzən də “aaa nə maraqlı dişlərin var” deyib, əslində isə bunun arxasında gizlətdikləri fikirlərini müşahidə edirdim. Bu səbəbdən çox yaxın olduğum insanlarla söhbət zamanı ciddi narahatlıq hissi məni bürüyür “birdən biyabırçı dişlərimi görər və mənimlə ünsiyyətdən qaçarlar” kimi fikirlər həmişə ağlımda olub. 

Ailədən gələn şərhləri məktəbdə sinif yoldaşlarım davam etdirirdi. Dişlərim azmış kimi əllərimin də digər qızların əllərindən iri və kobud olması illər boyu müzakirə mövzusu olub. 

Cəmiyyətdə qəbul olunmuş “qız incə olmalıdır” fikri orada da özünü göstərirdi. 

İllər boyu, əlimin oğlan əlləri ilə muqayisə olunması, bəzən oğlanların əllərindən də böyük olduğuna görə, dişlərimdən sonra, kobud əllərimi incəltməyə və ya ümumiyyətlə gizlətməyə başladım.

Çarəni isə 6 il əvvəl dırnaqlarımı uzatmaqda tapdım. O zamandan bu günədək, öz əllərimi uzun dırnaqlarım olmadan təsvvür belə etmək istəmirəm. Dırnaqlarım mənim xilaskarıma çevrildiyinə görə, hazırda bədənimin ən dəyərli və həssas hissəsi olduğunu deyə bilərəm.

Bu məqamları son bir neçə ildir ki, bulling,  body shayming kimi məhfumlarla tanış olandan sonra daha diqqətlə araşdırmağa başladım. Hekayəmi paylaşanda başa düşdüm ki, sırf normalara uyğun olmamağıma görə, həyatda sevdiyim müəyyən şeylərə məhdudiyyət qoyan tək mən deyilmişəm.

Body shaming nədir?

Body shayming (ing. body – «bədən», to shame – «utandırmaq») – insanların bədən görünüşlərinə görə diskriminasiya (ayrıseçkilik) edilməsidir.
Bu ümumi qəbul edilmiş “gözəllik standartlarına” uyğun olmamağa köklənən bir fenomendir.  Qurbanlar isə dinindən, irqindən, cinsindən, yaşından, və s. asılı olmayaraq hər kəs ola bilər.  Body shayming-in xüsusiyyəti subyektiv fikrlərlə əsaslandırılır və bunun ideyaları da əsasən media tərəfindən yeridilmiş “gözəllik standartları”ndan yaranır. 

Sevinc (ad şərtidir) günəşi və dənizi çox sevsə də 13  yaşında getməyi tərgitdiyi çimərliyə yenidən yalnız 23 yaşında qayıdıb: “Yeniyetməlik dövründə dərimdə yaranan izləri illərlə gizlətməyə çalışmışam. Təhsil müddətində qaldığım yataqxanada yaşayan digər qızların xarici görünüşlərinə verdiyi dəyərdən çox təsirlənmişdim. Bir müddət sonra görünüşümdə dəyişə bilməyəcəyim şeyləri və bir növ ömrüm boyu özümü gizlədib yaşaya bilməyəcəyimi anladım”.

“Hal-hazırda dənizə getməkdə problem yaşamasam da digər insanların baxışları məni rahat buraxmır. Üzüstə günəşlənmək məni çox narahat edir. Özümü öyrəşdirmək üçün bu prosesə şort geyinməklə başladım. Fikrimcə, insanın həyatı onun özünü özündən gizlətmədiyi bir mərhələdən, özünü “çılpaq” görə bilməkdən başlayır”.

“Qaranlıq mənim xilaskarımdır”.

Nərgiz (ad şərtidir) etiraf edir ki, işıqlı məkanları və günəşi heç sevmir: Getdiyim bütün məkanlarda minimal işıq olan yerləri axtarıram, bu, mənə kifayət edir. Çünki qaranlıq mənim komfort zonamdır, xilaskarımdır

Heç vaxt sevib qəbul edə bilmədiyim, cəmiyyətin normaları ilə uzlaşmayan artıqçəkili bədənimi ətrafdakılardan qaranlıqda daha rahat gizlədə bilirəm.

Əslində dənizə getməyi, suda çimib əylənməyi, günəşlənməyi çox sevirem. Dənizə həyatımda ilk dəfə 27 yaşımda dostlarımla Batumidə istirahət zamanı girdim. 

Bu, həyatımda böyük bir addım oldu. Artıq dənizə qısa şort və daha açıq köynəklə getmək  cəsarətini özümdə tapa bilirəm”.

“İncəlik insanların ürəyini bulandırırmış, insanlar da mənim”

“Sənətçi ailəsində doğulduğuma görə, ümumiyyətlə qohumlar, tanışlar, sinif yoldaşlarım, bir sözlə hər kəs tərəfindən qısnanmışam – geyim tərzim, görünüşüm, hərəkətlərim “yaxşı” qıza uyğun deyilmiş. Uşaqlığımdan gəncliyimə qədər həmişə ayaqlarımı ələ salıblar. Ürəkbulandırıcı dərəcədə incə və eybəcər imiş ayaqlarım. Mənə deyilən heç bir sözü ciddiyə almadan istədiyim geyimi geyinirdim. Mənə nə deyirdilərsə, tam əksini edirdim. Ayaqlarım eybəcərdir? Bilərəkdən daha qısa ətəklər geyinirdim, dəli kimi geyinirəm? Elə indi də, şəhərdə gəzəndə, oğlanlar arxamca “ayaqlarına bax, nar çubuğuna oxşayır” deyirlər. Desinlər, nə vecimə?!

Mələk Məmmədova, düşünür ki, istehza obyektinə çevrilən şəxs əlindən gələni etsə də, onun qınanılacağı bir cəmiyyətdə özünü olduğu kimi qəbul etmək çətin bir proses olur. 

Bu məqalə üzərində işləməyə başladığımdan bugünədək onlarla qadınla body shayming və komplekslər mövzusu ətrafında müzakirələrimiz olub. Nəticədə, söhbətləşdiyim qadınların əksəriyyəti problemlərini danışmaqdan, çəkilişlərdən çəkindi. Səbəb isə həmişəki kimi cəmiyyətin qınağından qaça bilməyəcəkləridir.

Bu layihənin müsbət tərəfi isə söhbət və çəkilişlərlərimizdən sonra qəhrəmanların utandıqları bədən hissələrinin əslində heç də utanılası olmadığını başa düşmələri oldu. 

Mövzu ətrafında söhbətlərimzin birində “ömrüm boyu çillərimdən utanmışam və onları məhv etmək üçün kosmetoloji proseslərdən keçirəm” deyən bir qadın vardı. Keçmişdən bir partnyorunun bəlkə də bilməyərəkdən verdiyi bir şərh həmin qadını bu kompleksə salıb.  O da özünə qapanaraq bu “qüsuru” aradan qaldırmaq üçün çıxış yolları axtarmağa başlayıb. Həmin qadın da söhbətlərimizdən sonra özünə fərqli baxmağa başladı.

Yazdı və çəkdi Aygün Rəşid

Bir cavab buraxın

Mənim Yeni Tarix