İlahiyyatdan teatra açılan pərdə

0

“Bizim teatrdan tamaşaçı yox, dəyişən insan çıxır”

O, insanın bacarmayacağı işin olmadığını düşünür. Yetər ki, normal yönləndirilsin. Deyir, insan travma alanda sonradan özünə gəlməsi, müsbətə doğru dəyişməsi biraz çətin olur. Hansısa dili mənimsəməkdən tutmuş, ağır işin öhdəsindən gəlməyə qədər – hər şeyin başında inanmaq durur. 

Femmekanın bu dəfəki qonağı Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi və sosial teatr təlimçisi Aynur Zərrintac belə düşünür. 

“Ərəb dilini öyrənib, Misir ehramlarında arxeoloq işləyəcəkdim”

O, ərəb dilini öyrənmək üçün ikinci sinifdən mədrəsəyə gedib. Deyir, o vaxtlar kəndlərində mədrəsədən başqa heç yerdə ərəb dili öyrənmək mümkün deyilmiş. Məqsədi isə ərəb dilini öyrənib, Misir ehramlarında arxeoloq işləmək olub. Deyir, məktəbdə ingilis dili keçilməyə başlayanda bu dilə də marağı yaranıb. Başlayıb həvəsinin yarısını ingilis dilinə yönəltməyə: 

“Elə bilirdim terminatorun dilində danışacam. Sadə uşaq təxəyyülü… Uşaqlar nəsə öyrənəndə onu oxşar və rahat bir şeylə uyğunlaşdırırlar axı. 9-cu sinifdə müəllim məni yaman pərt etdi: “Onsuz da ərəb dilindən imtahan verəcəksən, ingilis dili nəyinə gərəkdir, otur!” –dedi. Elə həmin gündən beynim bu dilə bloklandı”.

“Aldığım travmaya görə ingilis dilinin əlində əsir qaldım”

Aynur Zərrintac deyir ki, bu günədək bir çox dillə tanış olub. İçlərində mənimsədikləri, hətta 1 həftəyə qismən danışa bildikləri də var. Ancaq ingilis dilini öyrənmək ona çətin başa gəlib: 

“Miqrantlarla çalışdığım müddətdə almanca danışıb, fransızcanı sıfırdan 1 aya öyrənən adamam. Ərəb dilində isə lap şişirdib deyim ki, cəh-cəh vururam. Amma illərlə eyni kökdən olan ingilis dilinə adaptasiya olmağa çalışanda, daxili bir qorxu baş qaldırır: Bacarmazsan!”

“Travmalar insanı yox, insan travmalarını yox edə bilir”

“Travmalar belədir” – deyir, Aynur. Adamda özgüvənsizlik yaradır: 

“Bu cür travmaların nəticəsiydi ki, bir neçə il öncə özümü bacarıqsız hiss edirdim. Sonra özlüyümdə xəyali bir güzgü yaratdım. Başladım özümlə danışmağa, müşahidə etməyə və qorxuların üzərinə getməyə”.

Aynur zamanla özünü tanıdıqca, çox şeyi bacara biləcəyini görür: 

“Kiçik uğurlarını gördükcə, insanın daxilində sanki bir güc cücərdiyini hiss edirsən”, – deyir. 

Təsis etdiyi Ritual Mobil Teatr Laboratoriyasının məqsədi də başqalarına xəyali güzgülərin varlığından danışmaqdır:

“Bizim teatrda səhnə yoxdur. Güzgülər var. Sən qarşısında dayanırsan və özünə baxırsan. Bu güzgülərdə sən özünü görməkdən çox, oxuya bilirsən. Məqsədimiz travmaların insanı yox, insanın travmalarını, qorxularını yox edə bilmə bacarığına sahib olduğunu göstərməkdir”.

“Təbiətlə bağlılığı hökumət evlərinin 4 divarı arasında itirmişik”

Aynur Zərrintac illərlə mədrəsəyə gedib, dini təhsil alıb, ərəb dili öyrənib. Düzdür, sonunda arzuladığı kimi Misir ehramlarında arxeoloq işləməyib, amma öyrəndiyi dil ona Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin qapılarını açıb:

“İlahiyyat təhsili 5 il bu sahədə tələbə, 9 il isə pedoqoji kadr kimi çalışmağıma gətirib çıxardı. Məncə, yetərincə uzun müddətdir. Bütün dinlərə marağım var idi. Xüsusilə dinlərdə formalaşan rituallar diqqətimi çəkirdi. Hər dinin özünün fərqli ibadət, dua etmə, sosiallaşma forması, inandığı güc var. Məni daha çox insanın təbiətlə olan təması və bunu rituallaşdırması prosesi cəlb edir. Göydələnlərdə yaşadıqca təbiətlə bağlılığı itirmişik sanki…”.

“İstəyirdim tələbələrim dili sevə-sevə öyrənsinlər”

Aynur deyir ki, 2009-cu ildə Azərbaycana baloniya sistemi gələndə akademik məsləhətçilərə ehtiyac yaranıb. İlahiyyat fakültəsinin nümayəndəsi kimi BDU-nun akademik məsləhətçilər qrupuna qoşulub:

“İlahiyyat fakültəsi ilə akademik məsləhətçi kimi əməkdaşlığa başladım. Bundan sonra düz 9 il universitetdə ərəb dilini tədris etdim”.

O, eyni zamanda, aktiv sosial həyata da atılıb və ən əsası, teatrla tanış olub: 

“Bu tanışlıqdan sonra tələbələrə dili yaxşı mənimsətmək üçün tədris metodologiyamda teatr texnikalarından istifadə edirdim”.

Bunun üçün Aynur ərəb dilində ssenari yazır, tələbələrə rollar verirmiş: 

“Geriyə qalırdı hərənin öz rolunun mətnini əzbərləməsi. Ancaq bundan əvvəl tələbələr sözlərin mənasını, düzgün tələffüzünü öyrənirdilər. Danışarkən isə üzdə yaranan emosiya və mimikaları müşahidə edirdilər. Beləliklə, bir-birləri ilə dialoqa girir, dili sevə-sevə mənimsəyirdilər”.

Uşaq evlərində ərəb dili tədrisi

Aynur tələbə vaxtından monoton həyat sürməyə qarşı olub. Deyir, ictimai-sosial həyata atıldıqca, təşkilatlarla, gənclər birlikləri ilə, aktivistlərlə tanış olduqca, alternativ həyat haqqında fikirləri formalaşıb. Gənclərə qoşulub uşaq evlərinə getməyə başlayıb. Sonradan onlara hansısa formada faydalı olmaq haqqında düşünüb: 

“Ən yaxşı bildiyim şey də ərəb dili idi və uşaqlara bu dili öyrətmək qərarına gəlmişdim. Birinci standart dərs kimi hərflərdən başladım. Sonra yavaş-yavaş sözləri öyrədirdim. Görürdüm ki, onlara dili mənimsəmək çətindir. Burada da dərsi tamaşalar, səhnəciklər, dialoqlar vasitəsilə keçməyə başladım. İşə yaramışdı, öyrənirdilər. Mən isə teatr texnikası ilə tanış olmağa başlamışdım”.

“Özümü səhnədə aktrisa kimi görmürdüm”

Aynur deyir ki, tələbələrinin içində ərəb-fars dillərini mənimsəyə bilməyib, yüksək yaradıcılıq, artistlik bacarığı olanları da beləcə kəşf edib: 

“Bu da bir bacarıqdır və əsas olan insanın nəyinsə öhdəsindən gələ bilməsidir”.

Yolu ODA Teatrına (indi teatr fəaliyyətini ADO adı altında davam etdirir) düşən Aynur teatr texnikaları tədris edən təlimlərə qoşulur. Teatr sahəsində çalışan adamlarla tanış olur. Bir müddət tamaşalarda aktrisalıq da edir. Ancaq sonradan özünü səhnədə aktrisa kimi görmür:

“Yaxşı müəllim olduğumu düşünürəm. Həmçinin bədənim, ruhum teatr texnikasına uyumludur. Düşündüm ki, bu iki bacarığı birləşdirə bilərəm. Sosial mövzuları gənclərə, yeniyetmələrə teatr texnikası ilə çatdırmaq olar”.

Problemi tamaşaya çevirmək 

Bundan sonrakı 4 il ərzində Aynur sosial mövzuları cəmiyyətə teatr vasitəsilə çatdırmağa başlayıb. Gender, konfiliktologiya, məişət mövzuları ilə bağlı ssenarilər yazıb. Sonra Avqusto Boalın “Forum” Teatrı ilə tanış olub. Onun hazırladığı “Aktyor və qeyri-aktyorlar üçün teatr oyunları” kitabı pedoqoji metodikasının inkişafına müsbət təsir edib:

“Bu, bizim səhnədə izlədiyimiz teatr deyil. İnsanlara deyir ki, gəl, problemin haqqında danış, sən bunun öhdəsindən gəlməyi bacararsan”.

Aynur deyir ki, teatr həm də problemin içində ola-ola kənardan özünə baxmağı və həmin problemi həll etməyin yolunu göstərməlidir. Özü də zamanla bunu etməyə başlayıb:

“4 illik fəaliyyətdən sonra düşündüm ki, buna bir ad qoymaq lazımdır. Bu, həm də bütünləşməmə, eyni işi görən başqa insanlarla tanış olmama yol açacaqdı”.

“Həm özümü tapdım, həm də gördüyüm işə bir ad qoydum”

Aynur bunun ətrafında aylarla düşünüb. Dostlarının məsləhətini alıb. “Axırda adsız fəaliyyətimə bir isim tapa bildim. Burda rejissor dostum İlkin Yusifin rolu danılmazdı”, – deyir:

“Dedim, din tarixini, ilahiyyatı, teatrı yaxşı bilirəm, müəlliməm. Xəyalımdakı teatr da səhnəyə çıxanların ətrafla, travmaları ilə rabitə qurmağı bacardıqlarını təsəvvür edirdi. Bu, beynimdə ritualları canlandırırdı. İlahiyyatdan yola çıxıb Ritual Mobil Teatr Laboratoriyasına gəldim. Bununla həm özümü tapdım, həm də gördüyüm işə bir ad qoydum. İlmələrim toxundu, bütünləşdim”. 

 

“Sosial status ayrıseçkiliyi olmayanda həyat daha gözəl olur”

Aynur düşünür ki, insanlar arasında cinsi, irqi, dini, sosial status ayrıseçkiliyi olmayanda həyat daha gözəl olur. Ritual Teatr Laboratoriyası da insanlar arasında fərq qoymur: 

“Fikir verin, loqosunda adamlar var. Qobustan qayalığının üstündəki adamlara bənzəyir. Cinsi, irqi, dini, sosial statusları yoxdur. Hamısı bərabərdir və insandır”.

Loqonun gördüyü işi tam əks etdirdiyini deyir, Aynur:

“Sənə kiçik bir səhnə verirlər. Ora çıxıb içindəkini çıxara, möhtəşəm tamaşalar yarada bilirsən. Sadədir: Adı ritual, özü teatr, məkanı mobil, bacarıqlarını isə laboratoriyada təcrübə edirsən”.

Yaradıcılıqdan başqa bir şey düşünməmək

Aynur deyir ki, Azərbaycanda teatr üçün yer tapmaq da çətindir. Kommunal, yer, icarə qiymətləri deyincə, enerji parçalanıb gedir. Odur ki, elə məkansız fəaliyyət yaxşıdır deyir.

Sonra gördükləri işlərdən danışır. Pandemiyadan əvvəl Gürcüstanda incəsənət festivalına qatılıblar. Onlara Aşağı Saralı (Kvemo-Sarali) kəndində 8-12 yaşlı uşaqlar üçün təbiəti qorumaq mövzusunda tamaşa qurublar: 

“Kəndə gedəndə gördük ki, məktəbin stadionu tərəfdə böyük zibillik yaranıb. Əvvəlcə uşaqlarla birgə zibilliyi təmizlədik. Sonra həmin ərazidə təlim keçib, tamaşa göstərdik. Ümid var ki, hər zibillənən yer təmizlənə bilər. Özün təmizləyirsənsə, lap yaxşı, deməli, nəticəni hiss edirsən. Beləliklə, uşaqlar da təmizlədi, yaratdı, əmələ gətirdi, hiss etdi, empatiya qurdu, axırda da tamaşa göstərdilər. Ən əsası, bunu hamı gördü”.

Ritual Ağdamda 

Ritualın daha bir tamaşası Ağdamın Bənövşələr kəndində olub. 8-12 yaşlı uşaqlar üçün plastiklərin təbiətə vurduğu zərərlə bağlı: 

“Bir tısbağanın çanağına ilişmiş plastikdən başladıq. Çanağın əyri formalaşmasına səbəb olmuşdu. İstər tısbağanın erroziyaya uğramış çanağı olsun, istər dimdiyinə plastik ilişən qağayının acından ölməsi, istərsə də heyvan xəzindən hazırlanan şubalar, hamısı faciədir”.

Onlar teatr tamaşası vasitəsilə uşaqlara insanların heyvanlara vurduğu zərəri izah ediblər: 

“Böyük bir problemi uşaqlara teatr vasitəsilə, səhnələşdirib başa saldıq”.

“Bu teatrdan tamaşaçı yox, dəyişən insan çıxır”

Aynur deyir ki, onların işi hesabsız-kitabsızdır. Teatr qapalı qruplar arasında keçirilir. Heç vaxt bilmirsən ssenari necə alınacaq: 

“Hansısa sığınacağa gedirik və ordan 10 uşaqla işə başlayırıq. Mövzu qoyuruq və onu tamaşaya çeviririk. Həmin iştirakçı özü mövzu ilə empatiya qurur. Ona görə də bu teatrdan tamaşaçı yox, dəyişən insan çıxır”.

Yazdı Gülər Mehdizadə

Fotolar Aygün Rəşid

Mehriban Zeynalova – özü İllərlə küçədə yaşayıb bu gün 60-dan çox qadına sığınacaq verən insan

“6 ay 2 uşaqla betonun üstündə  döşək salıb yatmışam” Mehriban Zeynalova Azərbaycanın qadın hüquqları müdafiəçisidir. Hazırda ölkədəki yeganə qadın sığınacağına rəhbərlik edir. O deyir ki, bu vəzifəyə təyin edilməyib, sadəcə həyat belə gətirib. Bu işə özünə aldığı kiçik evdən başlayıb. Elə həmin evdə də şiddətə məruz qalmış qadınlara qucaq açıb. İnsanlara kömək edə-edə işin incəliklərini...

Cəbhədə bir həftə

– Bombaları çəkməyə gəlmisiz? – Yox, kəndinizi, gözəl kəndiniz var. – Hə, babam deyir, “Şəkərbura” daha gözəldir” (Füzuli şəhərinin 2 kilometrliyində yerləşən Şəkərcik kəndini nəzərdə tutur). Ora gedəcəyik, oranı da gəlib çəkərsiz. Amma bilirsiz nə qədər bomba atırlar. İstəsəniz, mən sizin üçün sayaram, qorxmuram. 3 yaşım olanda (2016-cı ilin “Aprel döyüşləri”ni nəzərdə tutur) qorxmuşdum, həkimə...

Koronavirusla mübarizədən cəbhəyə

“Yaralı əsgər gətirmişdilər. Qıvırcıq, sarı saçlı, mavi gözlü… Müayinə etdik, otağa yerləşdirdik. Nəsə istəyir, utancaq üzümə baxırdı. Yaxınlaşdım ki, nədir balam, nədir quzum, nə kömək edim sənə? Gözümün içinə baxıb, gülümsədi, su istədi. O baxışlar sonra yadıma çox düşdü. Balam, quzum dediyim o adam odun-alovun içindən gəlmişdi. Uşaq kimi baxdığım o əsgər kim bilir nələr...

28 yaşında özünü başdan yaradan qadın

Həyatına sağlam qida, idman, velosipedlə rəng qatan fəlsəfə doktoru Bir neçə işi bir həyata sığdıran insan düşünün. Həmin işlər bir-biri ilə əlaqəli deyil. Müxtəlif sahələrə aiddir və o, bunların öhdəsindən gələ bilir. Həm idmanla məşğuldur, həm sağlam qida blogeridir, həm də fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur Cəlalə Osmanlı.  Bundan əlavə, 5 yaşında qızı var və onun...

İlahiyyatdan teatra açılan pərdə

“Bizim teatrdan tamaşaçı yox, dəyişən insan çıxır” O, insanın bacarmayacağı işin olmadığını düşünür. Yetər ki, normal yönləndirilsin. Deyir, insan travma alanda sonradan özünə gəlməsi, müsbətə doğru dəyişməsi biraz çətin olur. Hansısa dili mənimsəməkdən tutmuş, ağır işin öhdəsindən gəlməyə qədər – hər şeyin başında inanmaq durur.  Femmekanın bu dəfəki qonağı Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi və...

Ucqar kənddə seçki mədəniyyəti

Vəfa Nağı Türkiyədə siyasət elmi və beynəlxalq münasibətlər təhsili alanda kəndlərinə dönüb, bələdiyyə seçkilərinə qatılacağı ağlına gəlməzdi. Universiteti bitirəndən sonra İstanbulda iş tapıb, çalışmağa başlayır. Əvvəlcə qalıb işləmək, rahat həyat qurmağı planlayır. Sonrakı proseslər planladığı kimi getmir.  Kəndlərinə bir neçə günlük ziyarətdən sonra bütün həyatını dəyişəcək qərar verir – kəndə qayıdır. “Nənəm vəfat etdi. Bir...

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix