“Hüquq qadını” qadın hüquqları uğrunda

0

Bir ölkə düşünün: qanunlar var, qadın hüquqları yoxdur

Bir ölkə haqqında düşünün: qanunlar var, hüquq yoxdur, qaydalarla idarə olunur. Bir ölkə düşünün: insan var, insan haqları yoxdur. Bir ölkə düşünün: insanları ümidlə yaşayır, arzularla baş qatır. Orada təkcə hüququ pozulmuş qadın olmaq yox, həm də onları müdafiə etmək çətindir, travmadır. 

Fikirləşin ki, həmin ölkədə işini sevən vəkilsiniz. Daim insanların pozulmuş hüquqlarını müdafiə edir, bütün məhkəmələrə canla-başla hazırlaşırsınız. Lakin əksər hallarda nəticə dəyişmir.

“Sonda sifarişli qərar qəbul olunur. Hazırlıqlar, saatlarla edilən çıxışlar, çəkilən əziyyətlər boşa gedir. Ancaq bu, işimi canla-başla görməmə mane deyil”. 

Azərbaycanlı vəkil Zibeydə Sadıqovanın sözləridir. 

O, “Femmekan”ın budəfəki qonağıdır.

Bir ümid…

İllərini hüquqa, insan haqları müdafiəsinə həsr edən Zibeydə Sadıqova deyir ki, bəzən yorulur, özünə növbəti məhkəmədə qısa danışacağına dair söz də verir. Lakin olmur, bir də ayılır ki, müvəkkilini saatlardır müdafiə edir.

“Bəlkə, bu dəfə işə yarayar, qərara təsir edər, bir ümid”, – deyir. 

Vəkil Zibeydə Sadıqova bu gün Azərbaycanda siyasi işlərə çıxan barmaqla sayılacaq qədər az olan vəkillərdəndir. 

O, həm jurnalist, aktivist, siyasətçiləri müdafiə edir, həm də hər gün onlarla qadının pozulmuş hüquqları uğrunda mübarizə aparır. 

Deyir, qadın hüquqlarının durumu siyasi işlərdən fərqlənmir. 

Əksər hallarda hər iki işdə qərar, hökm hazır olur.

“Hər dəfə nəticənin hazır olduğunu unuduram”

Zibeydə Sadıqova götürdüyü bütün işlərin məhkəməsinə yaxşı hazırlaşır. 

Vəsatət yazır, müdafiə nitqi hazırlayır, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presidentlərindən misallar gətirir. 

Bir sözlə, o, işini keyfiyyətli görsə də, nəticə istədiyi kimi olmur. Amma işini sevdiyinə görə bu məsələlərdə ruhdan düşmür. Əksinə, mübariz olmağa çalışır:

“Düşünürəm ki, dinləməyəcəklər, 5-6 dəqiqəlik çıxış hazırlayıram. Bir də hakimin “yekunlaşdır” sözünə ayılıram. İşimi görəndə dünyanı unuduram”.

Qərar öncədən bəllidir. Bəziləri siyasi olduğundan, digərləri isə qadın hüququdur axı. 

Vəkil deyir ki, siyasi işlərdə səbəb bəllidir. Digərində isə səbəb qadınları anlamamaqdan başlayır: “Cəmiyyət boşanan, şiddət görən qadınları birmənalı qarşılamır. Sorğulayır: döyülməyə səbəb nədir? Nə baş verib ki, boşanıb? Niyə evinin sirrini kənara çıxarıb? Nə qədər ki, sorğulanacaq, o qədər də problem olaraq qalacaq”. 

“Qadın hüququ” termininin olması 

Azərbaycanda, eləcə də dünyada “kişi hüquqları” – termini yoxdur. 

Zibeydə bildirir ki, nə qədər inkar edilsə də bu, qadın hüquqlarının pozulmasından xəbər verir. 

Vəkilin dediyinə görə, pandemiya dönəmində pozulan qadın hüquqları ikiqat artıb: 

“Kişilərin hüquqları ümumi insan hüquqlarına daxildir. Qadın hüququ ona görə ayrılıb ki, onlar davamlı haqsızlıqla üzləşir. 

Məişətdə, gündəlik həyatlarında, iş yerində sırf qadın olduqları üçün ayrı-seçkiliyə məruz qalırlar”.

Vəkil bildirir ki, bütün bunlara görə beynəlxalq təşkilatlar qadın hüquqları haqqında qanunlar, konvensiyalar qəbul etməyə başlayıb. 

“Qadın hüquqları” termini məcburiyyətdən yaranıb: “Son zamanlar gündə 10-dan çox müraciət alıram. İnternetdən yazırlar, bəzən zəng edirlər, görüşə gəlirlər. Əksəriyyəti də şiddət gördüyünü söyləyir”.

“Bu barədə danışmaq vacibdir”

Sosial şəbəkələrdə, mediada son zamanlar şiddətlə bağlı məlumatlar daha çox yayılır. 

Zibeydə Sadıqova səbəbin zorakılıq hallarının artması olduğunu deyir. 

Bildirir ki, pandemiya da bu artıma dəstək verib: “İşimlə bağlı paylaşımlar etməyi sevmirəm. Lakin son zamanlar bu yöndə apardığım işlərlə bağlı yazıram. Düşünürəm ki, bu barədə danışmaq, belə məsələləri qabartmaq lazımdır. Bizə başqa yol buraxmayıblar. Bir ölkədə təkcə bir vəkil gündə 10-dan artıq qadından pozulmuş hüquqları ilə bağlı müraciət alırsa, deməli, hərəkət etmək lazımdır”.

İş vəkilliklə, müdafiə ilə bitmir…

Vəkil şiddət görmüş insanlarla işləməyin çətinliyindən də danışır. Deyir ki, adətən, ona müraciət edən qadının bir yox, onlarla problemi olur, psixoloji durumu yerində olmur. 

Nəticədə onunla söhbət aparmaq çətinləşir: “Baxırsan ki, xəsarət alıb, bədəni yara içindədir. Həm polisə şikayət edirəm, həm onu sığınacağa yerləşdirirəm, həm də fiziki travmalarına baxmaq üçün həkim tapıram. Psixoloq, maddi dəstək tapmaq da öz yerində. Bu sahədə çalışan vəkilsənsə, işin təkcə birini müdafiə etmək deyil. Qadının yerləşdirilməsindən tutmuş, ona həkim, psixoloq tapılmasına, bir çox hallarda maddi dəstəyə qədər yolu var”.

“Qulaqlar məişət zorakılığı barədə eşitməlidir”

Zibeydə Sadıqova deyir ki, şiddət görmüş insanla ünsiyyətdə də ehtiyatlı olmaq lazımdır. Bəzən ağlayırlar, gözləməlisən ki, sakitləşsinlər. 

Yaxud polisə şikayət etmək istəmirlər, saatlarla onunla bunun vacibliyi barədə danışmalısan: “Bilirəm, polisə şikayət edirlər və nəticəsi olmur, bu da inamı azaldır. Məncə, şikayətlər edilməli, qulaqlar məişət zorakılığı barədə eşitməlidir”. 

“Şiddət mövzusu tez-tez səsləndirilməlidir”

Vəkil düşünür ki, qadınların zorakılığa məruz qalması mövzuları həm mediada, həm də cəmiyyətdə tez-tez səsləndirilməlidir. 

Qadınlar şikayət etməli, başlarına gələnləri danışmaqdan çəkinməməlidirlər: “Polis də görməlidir ki, şikayətlər var, artıb. İlk başlarda nəticəsi olmasa da, zamanla araşdırmağa məcbur qalacaqlar. Bununla da qanunvericilikdəki boşluqlar üzə çıxacaq”. 

“Dövlət qurumları, QHT-lər boşluqları tutacaq və sonda Milli Məclisə müraciət olunacaq. Bildiriləcək ki, ya bu sahədə mövcud qanunvericilikdəki boşluğu doldurun, ya da yeni qanun qəbul edin”, – deyə o bildirir.

Vəkilin götürdüyü işdə qalib gəlməsi hissi 

Zibeydə Sadıqova deyir ki, bəzən götürülən işlərdə tam qalib gəlmək mümkün olmur. Lakin haqlı davada qalib gəlməyin çox gözəl hiss olacağını düşünür:

“Polisə müraciət edirik, iş araşdırılır, zorakı kişi barəsində ədalətli qərar qəbul edilir. Qadın rahatlayır ki, onu döyən adama cəza verildi. Budur qalibiyyət. Yaxud məhkəmədə boşanan qadınlar azadlığa çıxdıqları üçün sevindiklərindən boynuma sarılır. Bu da qalibiyyətdir”.

İşin travması, stressi

Zibeydə Sadıqova işini çox sevir. Ancaq ən böyük travmaları da elə bu sahədən alıb. Məsələn, bu yaxınlarda hüquqlarını müdafiə etdiyi Sevinc Məhərrəmova əri tərəfindən öldürüldü. 

Deyir ki, bu günədək hadisənin tərisindən çıxa bilməyib: “Sənin yanına gələn, söhbət etdiyin, problemlərinin həllinə kökləndiyin birinin ölüm xəbərini almaq ağırdır. Eşidəndə sarsıldım, şok oldum. Ofisimizə gəlib-gedən birinin artıq olmaması hissi… İndi də barəsində danışanda həyəcanlanıram. Özümü sorğulayıram: mən harada yanlış etdim ki, bu baş verdi”.

Zibeydə Sadıqova indi də Sevinc Məhərrəmovanın ölümü ilə bağlı məhkəmələrə çıxır. 

Deyir ki, onu öldürən şəxslə qarşı-qarşıya dayanmaq ona asan başa gəlmir: “Çox kaş ki, kaş ki deyirəm. Kaş Sevinci yanımızda saxlaya biləydik… Ağacla döyülürdü, şikayət etdi, polis uzun müddət kişi barəsində tədbir görmədi. Axırı da cinayətlə sonlandı. Polis işini vaxtında görsəydi, bu gün Sevinc uşaqlarının yanında olacaqdı”.

“Sistem qadınlara qarşı yönəlib”

Zibeydənin travma aldığı tək işi bu deyil. Bərdədə 15 yaşlı qızın 28 yaşlı qonşusunun cinsi istismarına məruz qalması işində qadının hüquqlarını müdafiə edib. 

Deyir ki, kifayət qədər sübut, fakt olmasına baxmayaraq, məhkəmə kişiyə bəraət verib:

“Günlərlə özümə gələ bilmədim. Evdə həyat yoldaşım da mənim kədərli olduğumu görürdü. Sorğulayıram: nə baş verir ki, adam təqsirli ola-ola, sübutlar varkən bəraət aldı. Nəticəyə gəlirəm: Sistem qadınlara qarşı yönəlib”. 

“Qadın hüquqları pozuntusunu feminizmə bağlayırlar”

Vəkil üzülərək deyir ki, bu gün həyat yoldaşını amansızlıqla öldürən bir kişinin uşaqlarının olmasını hakim yüngülləşdirici hal sayır. 

Ancaq nəzərə almır ki, o 2 uşağı anasız qoyan elə bu insandır. Onları ömürlərinin axırına qədər sağalmayacaq travmaya salıb:

“Bunu səsləndirəndə məhkəmə, polis, sosial şəbəkələrdəki insanlar bizə hücum edir: “Feministlər qadınları pozdu”, – deyə fikirlər səsləndirirlər. Daha deyən yoxdur ki, feminist gedib heç bir kişiyə “arvadını öldür” söyləmir. Hakimə “yüngülləşdirici hal ver” demir…”.

“Evdə həyat yoldaşını döyən polis zorakılığa məruz qalmış qadının şikayətini dinləyir”

Vəkil hesab edir ki, nə qədər hüquq-müdafiə sistemində qadınlar çalışmayacaq, problem həll olunmayacaq: “Polislərin, məhkəmə işçilərinin 95 faizi kişilərdir. Odur ki, bu sistemdən qadınlara ədalət gözləmək sadəlövhlükdür”.

Zibeydə zorakılığa məruz qalmış qadının keçdiyi yolun başlanğıcını təsvir edir. O yol polisə getməklə başlayır. 

Deyir ki, üz tutduğu polis bölməsində qadının qarşısına ixtisaslaşmış polis və ya qadın polis çıxmır: 

“Normal olaraq, döyülən qadın aqressiv olur, ağlayır, qışqırır. Kişi polis bunu özünə təhqir bilir. İzah edirəm: əlbəttə qışqıracaq, bu insan döyülüb, siz ona həssas yanaşmalısınız. Üstünə qışqırsanız, əlbəttə heç vaxt polisə inanmayacaq, şikayət etməyəcək. İzah işə yaramır. Hər şey başdan yanlış qurulub. Hətta evdə qadınını döyən polislər olur. Onlar bu gün şiddət görmüş qadının şikayətinə baxır. Siz deyin, onu anlayacaqmı?”

“Qanun var, səmərəli deyil”

Vəkil düşünür ki, “Məişət zorakılığı haqqında” Azərbaycan Respublikasının Qanununun özü də əslində nə səmərəli, nə də işləkdir. 

Məsələn, qanunda vacib hesab edilən mühafizə orderini almaq bu gün zülmdür: “Baxırsan ki, əri dayanmadan təhdid edir. “Öldürəcəyəm, başına oyun açacağam”  – deyir. Biz müvafiq icra hakimiyyətinə müraciət edirik ki, mühafizə orderi versin. Qanuna görə, dərhal verilməli və 12 saat ərzində qarşı tərəf xəbərdar edilməlidir. Lakin biz əvvəlcə 10 gün ərizəmizin harada olduğunu axtarırıq. Sonda icra hakimiyyəti tapır ki, bəli, belə bir tələblə məktub gəlib”.

“Qanunu qoyublar kənara…”

Zibeydə deyir ki, bundan sonra qadınla bərabər icra hakimiyyətinə gedir. 

Sənəd-sübutları təqdim edir, izahat yazırlar. Lakin aldıqları cavab “mühafizə orderi verə bilmərik”, – olur:

“Gərək kişini çağıraq o da öz sübutlarını təqdim etsin. Sonra komissiya təşkil edək. Bu proseslərdən sonra münasib bilinsə, mühafizə orderi verərik – deyirlər. Deyirəm ki, qanunda həmən verilməlidir yazılıb. “Nə qanun, bizim qaydamız belədir”, – cavabını verir. Bir sözlə, qanunu qoyublar kənara, özbaşlarına bir qayda təyin edib, onunla işləyirlər”.

“Bizim qadınlar güclüdür, azca dəstəkləri olsa…”

Zibeydə Sadıqova çox ölkələrdə olub, oralarda qadınlarla danışıb, onları azdan-çoxdan tanıyıb. Lakin ən güclü qadınları Azərbaycanda gördüyünü deyir: 

“Xaricdə qadın döyülür, psixoloji yardım, dövlətdən dəstək alır, sakitləşir. Ancaq Azərbaycanda qadın döyülür, ardından cəmiyyətə atılır. İşləməlidir, uşaqlarına baxmalıdır, ev tutmalıdır. Bizim qadınlar güclüdür, azca dəstəkləri olsa, çox yaxşı işlər görərlər”.

Qadınların ən çox pozulan hüququ

Vəkil bildirir ki, Azərbaycanda qadının pozulan hüququnun təməlini “sən qadınsan” düşüncəsi qoyur. 

“Qadınsansa, dözməlisən, səsini çıxarmamalısan, şikayət etməməlisən, evin sirrini başqasına deməməlisən”. Bir sözlə, qadın kimi dünyaya gəlmisənsə, elə başdan hüququn pozulub:

“Qadınsansa, hüququn yoxdur. Kişilərin 90 faizi düşünür ki, qadının yeri mətbəxdir. Onlar başqa ölkə qadınlarına həsədlə baxırlar, amma o düşüncəni öz ölkələrində görmək istəmirlər. Qadını mətbəxdə görmək istəyirlər, onunla çiyin-çiyinə cəmiyyət üçün faydalı iş görməkdən qaçırlar. Danışanda da deyirlər ki, bizim mentalitetimiz var. Elə mentaliteti formalaşdıran da kişilərdir”. 

3 uşaqla məhkəmələrdə 

Zibeydə Sadıqovanın 3 övladı var. 2 qız, 1 oğlan. Həyat yoldaşı da özü kimi hüquqşünasdır, vəkillik fəaliyyəti ilə məşğuldur. İkisi də məşğul olduqlarından uşaqlara çox vaxt ayıra bilmirlər: “İş başdan aşır. Bəzən uşaqlarla birgə gedirik məhkəməyə. Oturub maşında bizi gözləyirlər, yaxud məhkəmənin həyətində gəzişirlər. Bəzi günlər evə gələndə görürəm ki, çoxdan yatıblar. Səhər tezdən də durub məktəbə gedirlər. Üzlərini görmürəm, darıxıram, bu zaman da özümü qınayıram”.

O, hər dəfə özünə söz verir ki, həftə sonunu uşaqlarına həsr edəcək. Əksər hallarda isə bu, alınmır. Deyir, ölkə həyəcanlı yerdir, həbs edilən kim, vəkillə görüşmək istəyən kim: “Bu işləri görməlisən. Çünki onsuz da həmin işlərə yiyə duran çox vəkil yoxdur. Bir tərəfdən də həyat uçur, zaman keçir, uşaqlarımla vaxt keçirə bilmirəm. Onlar barəsində çox düşünürəm, ən çox da vaxt ayıra bilməmək məni incidir. İşim ikiqat ağırdır”.

Qadınların həyatında nə çatmır?

Zibeydə Sadıqovaya görə, Azərbaycanda qadınların həyatında xoşbəxtlik yoxdur, əskikdir. 

Ən pisi də bunu özlərinin bilməsi və əksi üçün can atmamalarıdır:

“Öz həyatlarına, arzularına, canlarına hörmət etmirlər. Ən pisi də qadınlar təşkilatlanmır. Qaynana gəlini döyür. Halbuki onlar ikisi də qadındır, bir-birlərini dəstəkləməlidirlər. Dəstək olmayınca, heç nə düzəlməyəcək. Qonşu qadın döyülür, digər qadın eşidir, amma qapını açmır. Onlar bir-birlərinin səsini eşitməyənədək heç nə normal olmayacaq. Cəsarət keçicidir: ən cəsarətsiz insan da cəsarətliyə baxıb, özünə gələ bilər”.

Qonşuda qadın döyülürsə…

Vəkil deyir ki, əgər qonşu qadını döyürsə, sən birinci özünə hörmət edib, onun qapısını döyməlisən. 

“Mən niyə o travmaya şahid olmalıyam?”, – deyə düşünməlisən: “Bizdə isə hamı düşünür ki, mənə nə, sabah barışacaq. Bəli, barışacaqlar, amma sənin səsini çıxarman o qadında fərqindəlik hissi yaradacaq. Pis həyatı seçdiyini anlayacaq. Sən addım at, bunu oxuyan bütün qadınlar addım atsınlar, təşkilatlansınlar. Qadınların səsi ucadan çıxsın ki, dövlət eşitsin və nələrsə etməyə məcbur olsun”.

Yazdı Gülər Mehdizadə

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Bağlı mesajlar

1-Cavab

Bir cavab buraxın

Mənim Yeni Tarix