Həyatın rəngləri keramikada

0

Onlar üç gənc qadındır və iki il öncə əl-ələ verib  “Love in ceramics” adlı kurs açıblar. Əfruz Qulamova, Bənövşə Cəfərova və Razmiyyə Cəfərova  – əvvəlcə keramik əşyaların onlayn  satışı ilə məşğul olub. İnsanların marağının çox olduğunu görəndə isə keramika kursu açmaq qərarına gəliblər. 

Boz və ağ  rənglərlə dizayn edilmiş bu kiçik otağın divarlarını, dörd bir yanını kurs iştirakçılarının hazırladığı əşyalar bəzəyir.  

Razmiyyə və Əfruz Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecində dizaynerlik ixtisası üzrə təhsil alıblar. Orada tanış olub, dostlaşıblar. Universitet isə onlara digər rəfiqələri Bənövşə Cəfərovanı qazandırıb. 

Keramikaya olan marağı Əfruzu bu sahədə ali təhsil almağa həvəsləndirib.

“Keramika ilə magistratura oxuduğum vaxtlardan  məşğul olmuşam. O zaman hər kəs “balın yüksəkdir, kaş dizaynerlik üzrə təhsil alardın. Həm də pullu sahədir”, – desələr də, fikrimdən daşınmadım”– Əfruz deyir.

Onların kursu yaratmaqda məqsədi həm keramikanı tanıtmaq, həm də insanlara istəyən hər kəsin bu işlə məşğul ola biləcəyini göstərmək olub.

“Bu işə başlayandan bir ay sonra tələbələrimizin və məkanı tanıyan insanların sayı artmağa başladı”, – Əfruz deyir. 

Keramik məhsulların hazırlanmasında bir neçə hissə olur.  Əfruz daha çox  dulusçuluq hissəsinə nəzarət edir.

“İncəsənət insanı kimi biz də istəyirdik bu sahədə yerimiz olsun”, Bənövşə belə deyir. 

Əlavə edir ki, hər işdə çətinliklər olur. Onlarda da fikir ayrılıqları yaşanıb, lakin hər birində sonda ortaq məxrəcə gəlməyi bacarıblar. 

Kursun tələbələri daha çox uşaqlar, qadınlardır.  Onlar kursda  xoş vaxt keçirir, həm də yaradıcılıqla məşğul olurlar. 

Emalatxanada dərslər aylıq və ya gündəlik keçirilir. Gündəlik keçirilən dərslərin müddəti minimum iki saatdır. Tələbələr işlərini tamamlayana qədər burada qala bilir. 

“Oxuduğumuz vaxtlarda ixtisasımız haqqında söhbət düşəndə, çox insan ilk dəfə bizdən eşitdiyini deyirdi” – Razmiyyə Cəfərova deyir.  

Əlavə edir ki, onun ailəsində, demək olar hər kəs incəsənətin müxtəlif növləri ilə məşğuldur. Özü də həyatının böyük bir hissəsində daim incəsənətlə məşğul olub. 

Emalatxanada işləyən tələbələr arasında valideynləri ilə birgə rəngarəng qablar, fiqurlar hazırlayan balacaları da görmək olar.  

Azər və anasıdır. Anası ona doğum günündə keramika dərslərinə qoşulacaqları vədini verib. Onlar birlikdə istədikləri əşyaları hazırlayır, rəngləyirlər. 

Əhməd və qardaşı anaları ilə birlikdə keramikadan hazırladıqları fincanları boyayırlar. 

Hazırlanan işlər qurudulmağa göndəriləndən bir həftə sonra sahiblərinə verilir. O zamanadək əşyalar emalatxanadakı rəfləri bəzəyir.

Kursun yaradıcıları deyir ki, gələcəklə bağlı daha geniş planları var. Onlar öz emalatxanalarını genişləndirməyi, incəsənətin fərqli sahələri üzrə kurslar təşkil etməyi düşünürlər.

Hazırladı Nərgiz Abbasova

*Foto-hekayə Baku Communications Lab-ın layihəsi çərçivəsində hazırlanıb.

Please install and activate the "Master Slider" plugin to show the slides.

Mənim Yeni Tarix