Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

0

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq

Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib. 

Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində dizayner kimi də çalışıb. 

Lakin burada da çox qərar tutmayıb, yaradıcı fəaliyyətini animasiyaya yönləndirməyə başlayıb. Animasiya və film sektoruna marağı onu ikinci təhsil almağa sövq edib. 

“Sevməsən, məşğul ola bilməzsən”

Deyir, animasiya, film sahəsi elə işdir ki, sevməsən, məşğul ola bilməzsən.

Bundan sonra Nəzrin Ağamalıyevanın yolu Çexiyanın paytaxtı Praqadakı FAMU Universitetindən düşüb. Burada animasiya kinosu ixtisası üzrə təhsil alıb.

 “Animasiya sahəsinə başlayandan həyat yoldaşım məni çox dəstəkləyir. Universitetə sənədlərimi verəndə qəbul olacağımı gözləmirdim. Yaxşı bilirdim böyük rəqabət olduğunu, amma yenə də özümü sınadım”. 

Deyir, burada çox sevdiyi Milos Forman və Agnieszka Holland kimi rejissorlar təhsil alıb: 

“Yoldaşımın böyük dəstəyinin bir səbəbi də özünün də kino prodüserliyi sahəsində təhsil almasıdır. Odur ki, məni çox yaxşı anlayır”.

Təhsil haqqı probleminin həlli 

Nəzrin universitetin təhsil haqqı üçün lazım olan məbləği kraudfandinq (Crowdfunding internet vasitəsilə insanlardan pul toplayaraq hər hansı layihənin, müəssisənin maliyyələşdirilməsi təcrübəsi) ilə toplamağı qərara alıb. Beləliklə, “Facebook” sosial şəbəkəsinə kraudfandinqlə bağlı video yerləşdirib.

“Əvvəlcə təqaüd üçün Bakıdakı şirkətlərə yazmağa başladım. Demək olar ki, hamısına müraciət etmişdim. Uğursuz alınanda, yoldaşım təqaüd üçün video-çarx çəkməmi və sosial şəbəkələrdə paylaşmamı məsləhət gördü. Videonu paylaşdım, böyük maraqla qarşılandı, bunu da gözləmirdim”.

Lazım olan vəsaitin toplanması prosesi

Nəzrin təhsil haqqını avqustda toplamağa başlayıb. Deməsinə görə, pis tərəfi ödənişin dərslər başlamadan öncə tələb edilməsi olub. Düşünüb ki, həm işləyib, həm oxuyar. Sonra “Əkinçi” platformasının köməyi ilə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinə müraciət edib. Gözləmədiyi halda, ona 15 min avro təqaüd ayırıblar. Beləliklə, o, təhsil haqqının yarısını kroudfoundinqlə, digər yarısını isə həmin təqaüdün hesabına tamamlayıb.  

Animasiya uşaqlar üçündür?

Nəzrin Ağamalıyeva deyir ki, animasiya filmin bir qoludur. Film bədii, sənədli və animasiyaya ayrılır. Məsələn, beynəlxalq festivallarda yetkinlər üçün animasiyalara daha çox yer verilir.

Nəzrin deyir ki, “animasiya uşaqlar üçündür” – fikri tək Azərbaycanda yox, başqa ölkələrdə də yayğındır. Meksikalı film rejissoru Guillermo del Toro “ən yaxşı animasiya filmi” Oskar mükafatını qazananda da bunu vurğulamışdı. Demişdi ki, “animasiya tək uşaqlar üçün deyil, o, kinonun bir qoludur.  Animasiyanı ciddiyə almaq lazımdır”. 

“Uşaqsan “multfilm”ə baxırsan?”

Animasiya tədqiqatçısı Sevinc Elsevər də ölkədə animasiyaya baxışla bağlı fikirlərini bölüşüb. Deyir, hələ orta məktəbin yuxarı sinfində oxuyanda animasiya filmi izlədiyi üçün atmacalarla qarşılaşıb. Ona “uşaqsan multfilmə baxırsan?”, – deyənlər çox olub. 

“Valdeynlər diqqətli olmalıdır”

Sevinc Elsevər deyir ki, insanlara necə başa salmaq olar ki, Miyazakinin, Svenkmajerin filmləri uşaqlar üçündür?  

“Valideynlər diqqətli olmalıdır. Çoxu düşünür ki, “animasiyadırsa, uşaqlar üçündür”. Lakin yetkinlər üçün çəkilən, hətta 18+ olan animasiya filmləri var. Filmlər daim yaş kateqoriyasına görə bir-birindən ayrılır.  Məsələn, yerli “Toral və Zəri” animasiya filminə aşağı yaş qrupundan olan uşaqlar baxmamalıdır. Filmin sonunda qəhrəmanlardan biri intihar edir. Eyni zamanda, filmdə şiddət də var”.

Tədqiqatçı öz təcrübəsindən misal çəkir. Deyir, uşaqkən valideynləri “Toral və Zəri” filminə baxmasına mane olmayıb. Görünür, onlar da “animasiyadırsa, uşaq baxmalıdır” – deyə, düşünüblər: 

“Bəlkə də atam-anam bir dəfə də o filmə axıradək baxmayıb. Ona görə düşünməyiblər ki, bu film mənə pis təsir edə bilər. Məsələn, filmdəki ibtidai insanlardan çox qorxurdum, arada yuxuma da girirdilər”.

Nəzrinin filmləri şiddətdən uzaqdır

Nəzrin Ağamalıyeva deyir ki, filmlərində şiddətə çox yer vermir. Odur ki, onun filmlərinə altı yaşdan yuxarı hər kəs baxa bilər. Deməsinə görə, hazırda işlədiyi film digərlərindən tamamən fərqli üslubdadır: 

“Vaginizmlə bağlı animasiya filmi üstündə işləyirəm. Düşünürəm ki, bu film tamamilə yetkinlər üçün olacaq”.

Həmçinin Nəzrinin rejissoru olduğu “Hədis” qısametrajlı animasiya filmi Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub. Filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalında olub. Film 30-dan çox beynəlxalq festivala qəbul olunub ki, bu festivallar içində – “Annecy”, “Busan”, “Animest” və “İzmir Oskar” da var. 

““Hədis” mənim üçün qeyri-adi hadisədir. Film “Sevilfest”, “Doku Baku” və “Baku Show”da yer də tutub. 

Nəzrin Ağamalıyeva “Hədis”in Azərbaycanda yetkinlər üçün kontentdə professional animasiya filmi olduğu üçün uğurlu olduğunu düşünür:

“Əslində, “Hədis”i bədii çəkmişdim, lakin bioqrafik olduğu üçün çox sənədli film festivalları qəbul etdi. Hətta uşaq festivallarına da qəbul alıb. Çünki hekayəsi şiddət ilə yox, metaforik olaraq göstərilib”.

“Hədis” nədən bəhs edir?

Sevinc Elsevər “Hədis” filminin uğurunu onun doğru zamanda ekrana çıxmağında görür. Deyir, mövzusu həssasdır və burada İranda yaşayan azərbaycanlıların dil azadlığı, qadın haqları mövzusuna böyük cəsarətlə yanaşılıb. Həmçinin ssenari, rejissor işi, musiqi seçimi çox uğurlu olub. 

“Film aç” platformasının təsisçisi Hacı Səfərov isə filmin uğurunun müəllif yanaşmasının olmasında görür. Deyir, filmdə hekayə və mesajın çatdırılma istəyi açıq-aşkardır. Film vizual cəhətdən, ortaya qoyulan işin dövrünün problemi ilə səsləşməsi ilə dəyərini tapıb.

“Animasiyaya uşaqlıqdan baxmaq lazımdır”

Nəzrinin fikrincə, animasiyaya uşaqlıqdan baxmaq lazımdır, çünki bu filmlərin uşaqlara təsiri çox böyükdür. Beləliklə, fərqli mədəniyyətləri o yaşdan öyrənmiş olurlar. 

O, insanların bu gün yapon mətbəxinə və mədəniyyətinə marağının sırf baxdıqları animelərdən gəldiyini deyir: “Əksəriyyətimiz uşaqlıqdan yapon animelərini izləmişik. Biz bu gün istəyirik ki, uşaqlarımız yerli kontentdə, öz dillərində animasiyaya baxsınlar. Çünki dilin və mədəniyyətin gələcəkdə təsiri böyükdür”. 

“Kino düzəlsə, animasiya da düzələcək”

Nəzrin Ağamalıyeva deyir ki, bu gün Azərbaycanda tək animasiya sektoru yox, film sektoru da az inkişaf edib. Beləliklə, o düşünür ki, kino nə vaxt düzəlsə, onun bütün qolları, eləcə də animasiya tərəfi də düzələcək: 

““ANİMAFİLM”-in izləyiciləri bizə müsbət geridönüşlər edirlər. Festivallarımızda fərqli insanlarla tanışlıqlarından danışırlar. Özümüz də tamaşaçılara diqqət yetirəndə bir-birindən fərqli, rəngarəng insanlar görürük”.

Nəzrin deyir ki, “ANİMAFİLM”-in yaxşı tərəfi odur ki, jurilərlə bərabər, tamaşaçılar da filmdən çıxandan sonra animasiyanı dəyərləndirmək üçün lövhələrə yaxınlaşır. 

O, həm də “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalında dizayner və art direktor olaraq çalışır. 

Nəzrin fəaliyyəti zamanı “ANİMAFİLM School” adlı animasiya məktəbini təsis edib. Məktəb festival olan vaxtlar fəaliyyət göstərir. Maliyyə probleminə görə özəl ofisləri olmadığından vörkşopları Nizami kinoteatrında keçirilir. Məktəb yaratmaq fikri onun ağlına FAMU Universitet təhsilindən əvvəl gəlib. Beləliklə, Azərbaycanın tanınmış animasiya rejissoru Elçin Hami Axundovun yanına gedib. “Tıq-tıq xanım”, “Dəniz səyahəti” kimi animasiyalarda rəssam olub. Nəzrin onunla birlikdə animasiya üzrə məktəb açıb. Həmin dönəm koronavirus yayıldığı üçün məktəb bağlanıb. O, onlayn dərslər verməyə başlayıb: 

“Zəhmətimə dəyər, düşünürəm. Mənim gələcəkdə animasiya sahəsinə gedəcəyindən əmin olduğum bir neçə tələbəm var”.

““ANİMAFİLM”-i regionlarda görmək istəyirik”

Nəzrin Ağamalıyeva deyr ki, festivalı hələ ki, yalnız Şəki şəhərində keçirə biliblər. Bu, onlar üçün maraqlı təcrübə olub. 

“Uşaqlar “xahiş edirik, getməyin” – deyib, bizi qucaqlayırdı. Hətta orada bütün animasiyalarda iştirak edən Mehriban adlı 12 yaşlı qız var idi. Sonradan Bakıda keçirdiyimiz festivala da gəlmişdi. Səhər festival üçün gəlib, axşam Şəkiyə qayıdırdı”.

Xarici rejissorlarla birgə dərslər

Nəzrinin yaratdığı “ANİMAFİLM School” tez-tez xarici rejissorları qəbul edib. Deyir, xarici qonaqlar dəvət etməyə çalışır ki, insanların bu sahəyə marağı artsın: 

“Məncə, ötən il maraq yarada bildik. Çünki Oskar qazanmış Michael Dudok de Wit gəlmişdi. Festival zamanı iki dəfə bütöv təlim keçdi. Bu il ən uğurlu festivalımız idi. Təxminən dörd minə yaxın insan gəlmişdi”. 

Nəzrin deyir ki, o, “ANİMAFİLM School”da fransız prodüser və isveçrəli rejissorlar ilə birgə dərslər də keçib. Bu dərslərin iştirakçıları arasında qızlar üstünlük təşkil edib: 

Yeddi qız “Animasiya filmləri vasitəsilə qadın haqları” vörkşopu və maliyyə proqramı üzrə yarışdı. Festivalın bilet satışından əldə edilən təxminən on min manat gəlirin (tədbir zamanı üç mindən çox bilet satılıb) üç min manatını vörkşop iştirakçılarının dəstəklənməsinə ayırdıq. Final işlərdən isə 15 yaşlı Mehribanın “Züleyxa Seyidməmmədova” filmi seçildi”.

“Fərqli sahələrdə işləyib, festival zamanı bir yerə toplanırıq”

Nəzrin düşünür ki, “ANİMAFİLM”in ölkədə rolu böyükdür. Komandaları isə 10-15 nəfərdən ibarətdir. Onların çoxu ilk festivallardan könüllü kimi qatılanlardır: 

“Hərəmizin ayrı sahəsi var. Birimiz bankda, digəri marketinqdə işləyir. Amma festival zamanı məzuniyyət götürüb, bir araya yığışırıq”. 

Nəzrin deyir ki, ətrafı həmişə onlara dəstək olub. Festival olanda dəvət etsələr belə, dəstək üçün bilet alıblar: “Görürlər ki, animasiyanı inkişaf etdirmək istəyirik, lakin maliyyə problemimiz var, dəvətli dostlarımız belə nə qədər desək də, bilet alıb, gəliblər”. 

Nəzrin “ANİMAFİLM”in onların şəxsi biznesi olduğu üçün hələ də maliyyə çatışmazlığı olduğunu deyir:

“Maliyyə çatışmazlığına baxmayaraq, yaxın zamanda ofis açmaq istəyirik. Orada mütəmadi animasiya filmləri göstərib, təlimlər keçib, məktəbimizi yaradacağıq”. 

O, ölkədə uşaqlar üçün az tədbir keçirildiyini düşünür. Bu festivalın isə onların da yadında qalacağı maraqlı xatirə olacağını arzulayır: 

“Uşaqlar festivala gəldikləri haqda gələcəkdə danışa biləcəklər”. 

Onun üçün ANİMAFİLM şirin və önəmli bir icmadır.

Vaqinizmlə bağlı animasiya filmi yoldadır

Nəzrin deyir ki, filmlərinin büdcəsini ona oxumaq üçün təqaüd təşkil edən yerlər sayəsində toplayıb.  Hazırda vaginizmlə bağlı işlədiyi film üçün də maliyyə axtarışındadır. 

O, rejissorluqla yanaşı maliyyəsini çəkdiyi rəsmlər və illüstrasiyalar sayəsində toplayır. Əsərlərini yarmarkalarda, yaxud onlayn formada satışa qoyur. Bəzən sifarişlə rəsm də çəkir: 

“Bəzən maliyyə cəhətdən çətin olsa da, incəsənəti buraxmağı düşünmürəm. Çalışıram ki, özümü başqa işlərə yox, sırf incəsənətə verim”. 

Uşaqlıqdan animasiyaya baxan Nəzrin artıq peşəkar səviyyədə onları analiz edir. Dörd ildir ki, “PERİ FİLM” MMC nəzdində fəaliyyət göstərən “ANİMAFİLM” studiyasında rejissor kimi çalışır. 

Nəzrinə bu sahədəki ən böyük dəstəkçisi həyat yoldaşı Rəşid Ağamalıyevdir. O, Azərbaycan Animasiya Assosiasiyasının sədridir. 2018-ci ildə “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalını da o təsis edib. 

Özünün deməsinə görə, animasiyanın həyatına girməsində ən müsbət hadisə festival vasitəsi ilə Nəzrinlə tanış olmasıdır. Həyat yoldaşı ilə birlikdə festival təşkil etmək və film çəkmək onu xoşbəxt edir.

Nəzrin üçün animasiya, film sahəsinin mənfi tərəfi yoxdur. Özünü sevdiyi işi gördüyü üçün şanslı hesab edir. Əlavə edir ki, animasiya onun üçün çox əyləncəlidir. 

Yazdı Dinara Zeynalova

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix