Həyat – fərqli görünüşdə

0

İnsanlara həmişə başqalarının xarici görünüşü maraqlı gəlir. Xüsusən də söhbət fərqli rəngli dərilərdən gedirsə… Cəmiyyətlər fərqlənən, hansısa əlamətinə görə seçilən insanlara birmənalı münasibət göstərmir. 

Hələ o diqqət mərkəzində olan qadındırsa, bu zaman yanaşmalar daha da qabara bilir. Xüsusən də Azərbaycan cəmiyyətində. 

Bu fotolayihədə albino (red: piqment əksikliyindən dərisi, saçı ağ, gözləri solğun rəngli insan), vitiliqo (red: piqment azalması səbəbindən dəridə yaranan ağ, yaxud çəhrayı ləkələr) – kimi fərqli dərilərə, xarici görünüşə sahib qadınların həyatından danışacağıq. 

Onlar stiqmalara qalib gəlmiş və bu haqda danışmaqdan çəkinməyən 3 qadındır. O qadınları birləşdirən təkcə xarici görünüşləri yox, həm də özgüvən, inam və özlərinə olan sevgiləridir. 

Səidə Osmanova

“Bir dəfə iş yoldaşım mənə model Winnie Harlow-un şəkillərini göstərdi. Gördüm ki, dünyada tək deyiləm və bu cür dəri ilə insan modelliklə məşğul olur. Bu, məni motivasiya etdi” – deyə, Səidə Osmanova danışır.

27 yaşlı Səidə Bakıda canlı musiqi məkanlarından birində musiqiçi-vokalistdir. Deməsinə görə, tamaşaçıları onu daha çox drummer (təbilçi) kimi və bundan sonra dərisindəki fərqliliyə görə tanıyırlar. 

“Bu dəri məni “mən” edir”

Səidə genetik olaraq vitiliqo dəriyə sahib olmasını özəllik kimi qəbul edib:

“Ancaq vaxtilə 8 il qapalı geyinməyə məcbur olmuşam. Dərimin rəngini problem etdiyim üçün yox, məqsədim günəş şüalarından qorunmaq idi”.

Səidə deyir ki, vaxtilə getmədiyi həkim qalmayıb, heç biri kömək edə bilməyib. Bundan sonra anlayıb ki, artıq dərman, müalicə, şüa qəbul etmək istəmir:

“Qəbul etdim ki, bu mənim varlığımın bir hissəsidir. Açığı ləkələrin yox olmasını da istəmirdim. Bu dəri məni “mən” edir”.

Vitiliqo barəsində

Hesablamalara görə, dünya əhalisinin təxminən 1 faizində vitiliqo var. Vitiliqonun dəridə yaranma səbəbi dəqiq bilinməsə də, ehtimal var ki, immun sistemindəki dəyişikliklər və dəridəki piqment hüceyrələrinin məhvi nəticəsində yaranır. Genetik olaraq nəsildən-nəsilə keçə bilir və müxtəlif yaş dövründə – daxili orqanların xroniki xəstəliyi, stress vəziyyəti və s. faktorlar səbəbindən üzə çıxır.

Psixoloji təsirlərinə gəlincə, insandan-insana, sosial statusa, dözümlülüyə görə dəyişir. Xüsusilə də dərinin görünən hissəsində ləkələrin olması bəzi insanlarda özgüvən problem yaradır. İnsanların nəzərləri, daim “fərqləndiril”mə, ayrı-seçkilik bəzən həyat tərzinə təsir edir. Bu insanlar bəzən çıxış yolunu qapalı geyinməkdə, kosmetika ilə dərinin gizlədilməsində görürlər. 

“Valideynlər uşaqlarını məndən uzaq tuturdular”

Səidə də təsdiqləyir ki, insanların vitiliqo dəriyə sahib olanlara münasibəti birmənalı olmur:

“Məktəbli olanda bəzən valideynlər uşaqlarını məndən uzaq tuturdular. Bu, mənə xoş deyildi, amma insanları qınaya bilmirdim. Sadəcə məlumatsız idilər”.

Tələbəlik illərində isə çevrəsinin ona maraqla yanaşması, bəyənməsi Səidədə özgüvən yaradıb:

“Ancaq mənfi situasiyalarla da qarşılaşmışam. Məsələn, bir dəfə yayda xanımın biri yaxınlaşdı. Mən qısa şort geyinmişdim. “Bu nədir belə?”, – soruşdu. Əvvəlcə geyimimi nəzərdə tutduğunu düşündüm. Ancaq sonra başa düşdüm ki, dərimdəki ləkələri deyir. Onları gizlətməmi istəyirdi. Bir tərəfdən hirsləndim, digər tərəfdən fikirləşdim ki, ən yaxşısı əhəmiyyət verməməkdir. Açığı, o şərh əhvalıma pis təsir etmişdi”.

“Bunu həyatda ən böyük hədiyyə kimi qəbul etməliyik”

Səidə bildirir ki, sonradan bu barədə dostlarına da danışıb, müzakirə ediblər. Son nəticə kimi qadının yanaşmasının səhv olduğu qənaətinə gəliblər: 

“Ən yaxşısı əhəmiyyət verməməkdir”. 

Səidə gələcəkdə bir klub yaratmaq istədiyini deyir. Burada məqsədi vitiliqo dərisi olan insanlara dəstək olmaqdır:

“Bizdə dərisində vitiliqo olanlar bu haqda danışmırlar, çalışırlar bunu hamıdan gizlədələr. Mən isə düşünürəm ki, bu özəlliyi göstərmək lazımdır, möhtəşəm bir şeydir. Bunu həyatda ən böyük hədiyyə kimi qəbul etməliyik”.


Nigar Hacılı

Nigar və kiçik bacısı Aysun ailələrində albinos olmaqları ilə seçilirlər. Onlar əslən Zaqataladandırlar. Nigar deyir ki, uşaqlığında ona fərqliliyini hiss etdirən olmayıb. Nə ailədə, nə də qohumlar arasında. Buna səbəb həm də Zaqatalada etnik müxtəlif, sarışın insanların çox olmasıdır. Nəticədə, uzun zaman onun ağbənizli olması elə də nəzərə çarpmayıb. Elə ki, məktəbə getməyə başlayıb, ara-sıra məktəbdəki uşaqların, sinif yoldaşlarının atmacalarına tuş gəlib. Valideynləri bunun qarşısını almaq üçün erkən yaşlarında Nigarın saçlarını boyamaq qərarı veriblər.

“Bəzən qəhvəyi, bəzən də narıncı saçlarım olurdu”

“Yadımdadır, 4-cü sinifdə anam saçlarımı rəngləyirdi. Saçlarım bəzən tünd qəhvəyi, bəzən də narıncı rəngdə olurdu. Yəqin ki, məktəbdə digər uşaqların bizi hansısa şəkildə incitmələrini istəməyiblər. “Ağbaş, fosfor” – deyə az çağırmayıblar. Əlbəttə, bunu eşitmək xoş deyildi, inciyirdim. Ancaq onu da deyim ki, bu hallar çox olmayıb”. 

Albinizm haqqında

Əgər valideynlərdən biri albinizm daşıyıcısıdırsa, gələcək uşaqlarının bu geni daşıması ehtimalı var. Yaxud bu gen bir neçə nəsil sonraya da ötürülə bilir. Albinizm bütün irqlərdən, etnik qruplardan və genderdən olan insanlarda rast gəlinir. Piqmentasiyanın səviyyəsindən asılı olaraq bədənin tam və yaxud müəyyən hissəsi albinizm əlamətlərini daşıya bilir.

Melanin piqmenti çatışmazlığı səbəbindən bu insanlarda görmə zəifliyi, dərilərində isə günəş şüalarına həssaslıq olur. Ancaq həmin insanlarda görmə və dəri problemləri ilə yanaşı, sosial çətinliklər də olur. Xarici görünüşləri səbəbindən sosial stiqma ilə üzləşən bu insanlar cəmiyyətdən təcridolma riski ilə üzləşirlər.

“Özümü nə qədər dəyişməyə çalışsam da, seçilirdim”

Nigar deyir, “ailəmin dəstəyi və özgüvənim sayəsində insanların münasibətindən böyük travmalar almamışam”. Odur ki, məktəbi bitirəndən sonra aqronomiya sahəsində təhsil almaq üçün Gəncəyə köçüb. İlk dəfə orada fərqli mühitdə olduğunu hiss edib.

“Gəncəyə gəldiyim ilk dönəmlər çox makiyaj edirdim. Saçlarımı, kiprik və qaşlarımı iki həftədən bir boyayırdım. Bunları digərlərindən minimum az fərqlənmək üçün edirdim. Ancaq özümü nə qədər dəyişməyə çalışsam da, seçilirdim. Sarışın göründüyüm üçün məni Gəncədə “Alyoşa” – deyə, çağırırdılar”.

“28 yaşdan sonra yanaşmalara əhəmiyyət verməmək qərarı aldım”

Çətinliklərinə baxmayaraq, Nigar sırf fərqli xarici görünüşünə görə dostlar da qazanıb. 28 yaşdan sonra isə xarici görünüşüylə bağlı yanaşmalara əhəmiyyət verməmək qərara gəlib:

“Daha saçımı da tez-tez boyamıram. Bəzən ayı ötür, vecimə olmur. Əvvəlki kimi çox makiyaj da etmirəm. Ancaq qaş və kipriklərimi vaxtaşırı boyayıram”. 

Aysun Hacılı

Hekayəsini danışan növbəti qəhrəmanımız Aysun Hacılı deyir ki, uşaq vaxtı öz çevrəsi olub və bacardığı qədər bu insanların əhatəsindən çıxmayıb. Qohumlarda da sarışın uşaqlar çox olub deyə, ilk başda hər şeyi adi qəbul edib: 

“Yəqin bəzilərinin saçı qara, bəzilərininki isə ağdır – deyə, düşünürdüm. Amma ilk məktəbə getdiyim günü heç vaxt unutmaram. Sinif otağında məndən başqa 19 şagird var idi və hamısının saçı qapqara idi. Anama, uşaqlara baxdım və sakitcə keçib ən arxada oturdum. Elə insanların fərqli olduğunu da o gün anladım” – deyə, 23 yaşlı Aysun öz hekayəsini danışır.

“Niyə ağsan?”

Aysunun bundan sonrakı 11 ili şagirdlərə başqalarından heç bir fərqi olmadığını izah etməklə keçib. “Niyə ağsan?” – sualına heç vaxt cavab tapa bilməyib:

“Onlar da, mən də uşaq idik sadəcə. Mən izah edə, onlar isə anlaya bilmirdi. Arada düşünürəm ki, bəlkə də məndən qorxurdular, bilmirəm. Fərqləndiyim üçün çalışırdılar ki, məni özlərindən kənar tutsunlar. Bu zaman psixoloji güclü olmaq da önəmlidir. Yoxsa kənardakıların münasibətinə dözmək olmaz”. 

“İzah bəzən yorucu olur, ancaq insanları da qınamıram”

Hər dəfə yeni ortama düşəndə Aysun bu mərhələlərdən təkrarən keçir. Deyir, “gələcək təhsilim üçün Bakıya gedəcəyimi, başqa mühitə düşəcəyimi nəzərə alıb, 11-ci sinifdən saçlarımı boyamağa başladım”.

O, Zaqataladan başqa digər bölgələrin hamısında insanların nəzərlərində fərqli olduğunu hiss edib və bu, həmişə onda narahatlıq yaradıb: 

“Bakıda mənim rus olduğumu düşünürdülər. Hətta universitetdə də müəllimlərə, tələbələrə niyə ağ olduğumu izah etməli olurdum. Bu, bir qədər yorucu olur, amma insanları da qınamıram. Onlara maraqlı olan şeyləri öyrənməyə çalışırlar”. 

Çıxış yolu: “Fərqli görünüşlü insanları qəbul etmək üçün cəmiyyət maariflənməlidir”

Nigar bu gün Bakıda yaşayır və aqronom kimi çalışır. Aysun isə ixtisasca pedaqoqdur və hazırda öz peşəsi ilə bağlı iş axtarışındadır. Nigar deyir, “paytaxtın turistik yerlərində xarici kimi qəbul edilirəm”. Bir qədər kənarda olanda isə ona qarşı münasibət dəyişir. O, insanların maraq dolu nəzərlərinə öyrəşib və özü ilə bağlı hər hansı kompleks yaşamır. Aysun isə deyir ki, fərqli xarici görünüşlü insanları qəbul etmək üçün cəmiyyət maariflənməlidir. Bəlkə bundan sonra özləri kimi olmayanları normal qəbul edə, tanımağa çalışarlar

Yazdı və çəkdi Gülər Abbasova

Please install and activate the "Master Slider" plugin to show the slides.

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

Mənim Yeni Tarix