Həm zərərçəkmiş olub, həm qınanan qadınlar

0

“Dəyərlər sistemini dəyişmək çətin olduğundan cəmiyyət zərərçəkəni günahlandırma yolunu seçir”

Bu gün sizə həm döyülüb, həm öldürülüb, həm də tənqidə tuş gəlməkdən danışacağıq. Həm zərərçəkmiş olub, həm də qınanmaq necə duyğudur? 

Bunun bir də müqayisələri var. Nədənsə cəmiyyət daim qadınlara necə yaşamaq lazım olduğunu öyrətməyə çalışır, qadın daim kimlərləsə, nələrləsə müqayisə edilir. 

Azərbaycanda bu tez-tez baş verir. Qınayanlar isə təkcə, sadə insanlar yox, həm də ictimai şəxslər, siyasətçilərdir. 

Ağ Partiyanın sədri, siyasətçi Tural Abbaslı müsahibələrindən birində azyaşlı qızların evləndirilməsinə fikir bildirib. 

Əvvəlcə belə bir problemin olmasını inkar edən siyasətçi, jurnalistin 11 yaşlı qızın nişanlanması ilə bağlı qoyduğu fakt qarşısında “onu gördüm, qız çox həvəsli görünürdü”, – cavabını verib. 

Müqayisələr: əşyalarla, siyasətçilərlə

Yaxud polkovnik-leytenant Əbülfəz Kazımovun  “Mühərrik yağları konkret maşınlarda tətbiqi” adlı kitabında avtomobil qadınla müqayisə edilir. 

Müəllif insanlara təzə avtomobil almağı məsləhət görür. Bunu necə izah edir?

“Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi? Cavan qalmaq istəyirsinizsə, bakirə qızla evlənin. Bəziləri köhnə maşın alanda xalat istəyir. Məgər dul arvada toy edərlər?”.

Kitab FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb.

Siyasi şərhçi Cümşüd Nuriyev Ermənistanın baş naziri Nikol Paşinyanın fikirlərini ciddiyə almadığını göstərmək üçün qadın obrazına müraciət edib.

“Bizim mətbəx qadınları bundan daha çox siyasətçidir”, – deyib. 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da bir çıxışında qadınlardan söz açıb. Fikirlərini bütün qadınlara aid edən siyasətçi deyib ki, son dövrlər qadınlar yataq otağında oturub, lüt 10-100 kişiyə özünün reportajını göstərir: “Qadının ana, nənə, bacı, həyat yoldaşı kimi 4 funksiyası var. İslam dini qadının boşanmasını zina hesab edir. Qadın biləndəki boşanan kimi ərə gedəcək o, gündə bir ər dəyişəcək”. 

Qadını yükləmək: “ailənin əxlaqını qorumalıdır”

Eks prezident Heydər Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) 2-ci qurultayı zamanı qadınları təsvir edərək deyir: “Qadınlar cəmiyyətdə çox həlledici bir təbəqədir. Deyirlər, çox kişilər qadınlarından qorxur. Qadınların əksəriyyəti ailənin əxlaqını qorumalıdır. Qadın ailəni saxlayan bir vasitədir. Qadınlar  cəmiyyətdə əhəmiyyətli rol oynayırlar. Bəlkə də, biznesdə, dövlət işlərində yox, evdə oturub, ailəsini saxlayır. Xidməti odur ki, onun uşaqları sağlam böyüsün, əri içkiyə qurşanmasın, pis yola düşməsin”. 

Bir sözlə, Azərbaycanda az qala hər gün mətbuatda və sosial mediada, publik şəkildə qadınlar haqqında fikir bəyan edilir, şəxsi həyatları müzakirəyə çevrilir, onlara yol göstərilir, vəzifələri sadalanır. 

2020-ci ildə yayımlanan bir araşdırmada 750.000-dən çox media hekayəsində 25.000-dən çox siyasətçini əhatə edən 90 tədqiqat təhlil edilib. Araşdırmaya əsasən, qadınların şəxsi həyatı, fiziki gözəlliyi, köməkçi rollarla əlaqələndirilməsi daha çox onun şəxsi keçmişinə, fiziki görünüşünə, ailə vəziyyətinə və uşaqlarına (və ya onların olmamasına) diqqət yetirməklə əksini tapıb. 

“Bunlar ciddi və demokratik jurnalistikaya yad meyillərdir”

Media üzrə ekspert Zeynal Məmmədli düşünür ki, belə xəbərlərin, açıqlamaların çoxluğuna səbəb həm də, kütlə instiktidir. Bu çıxışların yayımlanması demokratik jurnalistika üçün yolverilməzdir:

“İctimai önəmi varsa, cəmiyyətə önəmli bir problemin çözülməsinə yönəlik dartışma predmeti, çözüm yolu və ya sadəcə, faydalı mesaj verirsə, şəxsi həyatdan niyə də yazılmasın? Təbii ki, özəl yaşam sirlərinə müdaxilədən yayınmaqla. Daha çox danışılıb-yazılırsa, məncə, bu halda maqazin mediasından söhbət gedir və bu zaman hansı sahədəsə ün çıxaran qadınlar diqqət hədəfinə gətirilir. Seksizm işartıları – fotolar, hekayətlər, kütlə instiktindən yararlanma danılmaz olur. Hər bir halda bunlar ciddi və demokratik jurnalistikaya yad meyillərdir”. 

Gender Kodeksi

Zeynal Məmmədlinin sözlərinə görə, mediada gender kodeksinə əməl edilməsi şərtdir. Azərbaycan dilində media nümayəndələri və publik şəxslər üçün hazırlanmış Gender Kodeksində detallar qeyd edilib. 

“Problem belə kodeksin olmamasında və ya onun gözardı edilməsindədir. Sosial şəbəkələrdən bilgi qaynağı kimi yararlanan, peşəkar prinsiplərə söykənən media üçün Gender Kodeksi olmazsa-olmaz şərt sayılmalıdır”.

Kodeksdən çıxarışlar:

Özəlliklə TV və radio ( hələ ki, “İnternet bütün baxışlara daha çox açıqdır” demək mümkündür) gender qəliblərinin yayılmasında xüsusi pay sahibidir. Məsələn,  telereklamlara göz atsaq, görəcəyik ki, məişət texnikası ilə bağlı rolu yalnız qadınlar oynayır, sanki bu texnikada elə özəlliklər var ki, yalnız qadınlarla bağlıdır. 

Gender davranışlı jurnalist:

Bu və ya digər cinsin qabiliyyətsizliyinə və o birindən üstünlüyünə dayanan təsəvvürlərin kökünün kəsilməsini və bənzər adət və əməllərin aradan qaldırılmasını hədəf götürərək kişi və qadınların sosial və mədəni davranış modellərinin dəyişdirilməsinə can atır;

Mənliyi alçaldan stereotipləri, qadın obrazlarını və zorakılıq səhnələrini göstərməmək barədə rəsmi öhdəlik götürür;

Dildə gender senzurasına və seksizmlərə yol verilməməsinə, KİV və məktəb dərsliklərində kişi və qadın rollarına dair qəlibləşmiş təsəvvürlərin kökünün kəsilməsinə kömək edir.     

Vacib şərt: Azad media ortamı 

Zeynal Məmmədli əlavə edir ki, bu məsələlərin və çıxışların işıqlandırılması media qurumlarından da çox asılıdır. Platformaların maliyyə və izləyici kütləsi duruma təsirsiz ötüşmür:

“İlk növbədə, azad media ortamı vacib şərtdir. Azərbaycan şəraitində həmin məsələ, hələ ki, xeyli dumanlı görünür. Müstəqil media üçün ilkin şərt məhz müstəqil maliyyələşmə imkanının olması və maliyyə qaynağının şəffaflığıdır. Bu, varmı? Məsələnin media gündəmində ardıcıl saxlanılması, təbii ki, cəmiyyət maraqları və qadınlara münasibətin olumlu şəkildə dəyişməsi baxımından çox faydalı olardı”.

Qadınların qadın qətllərinə, etirazlarına baxışı

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Bakıda keçirilən “8 Marş” aksiyasını belə qiymətləndirir:

“Azərbaycan Türk Qadınlar Birliyini də bu amacla qurmuşdum. Millətimin ən qiymətli dəyərlərindən olan qadınımızın haqlarını qorumaq üçün. Qadınımızla hər zaman qürür duymuşam, tarixdəki türk qadını obrazı mənim onur mənbəyim olub. Biz qadınımıza, sadəcə, ailənin qurucusu və qoruyucusu kimi baxmırıq.

Qadın bizim törəmizdə cənnət ayaqları altında olan ana, uğrunda can verdiyimiz vətən, ona görə dünyanı qarşımıza aldığımız yardır. İndi peyda olmuş, bir sürü hər şeyini itirmiş, ana tərbiyəsi görməyən dəyərsizlər mənim millətimin qadını ola bilməz”.

Əri tərəfindən öldürülən Sevinc Məhərrəmovanın qətli Azərbaycanda qadın qətllərinə diqqət çəkib, etirazlara səbəb olub. 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Qadın Problemləri üzrə Dövlət Komitəsində çalışmış Məlahət İbrahimqızı Sevincin ölümü barədə belə danışıb:

“Gedin, görün Amerikada bir günə nə qədər qadın öldürülür? Azərbaycanda müəyyən məqsədli qüvvələr var ki, milçəyi fil etmək istəyirlər. Amma qadın ölümləriylə bağlı tendensiya yoxdursa, bu məsələni şişirtmək lazım deyil. Hamı bizim kimi ziyalı olmur. Heç nədən xəbəri olmayan adamlar deyəcək ki, Azərbaycanda qadınları kütləvi öldürürlər. Bu, ölkənin imicinə zərər vurur”.

O, baş verənlərdə qadınların da günahının olduğunu düşünür. Deyir, bu həddə çatdırmaq lazım deyildi: 

“Qadınlar öz haqqını qorumağa çalışmalıdırlar. Niyə kişini döymürlər? Niyə ancaq qadınlar döyülür? Çünki haqlarını qoruya bilmirlər. Kişi birdən-birə qadını öldürməyib ki. Deməli, qadın vaxtında o kişidən ayrılmalı imiş”.

Qadınların üz-üzə qoyulması 

Müstəqil ekspert Əfsanə Tahirova deyir ki, patriarxal düşüncə təkcə, kişilərdə yox, bu düşüncə ilə böyüyən bütün insanlarda olur. Onların beyinlərində yaşayır. Bu halda, patriarxat qadını qadına qarşı qoya bilir: 

“Məsələn, qadın qadına rəqib olur, onu əzir. Bu, qəsdən edilir, onların həmrəy olması əngəllənir. Belə amillər, eləcə də zorakıya qarşı daha çox güc və resursun tələb olunması həm ümumi, həm də qadının qadına münasibətində özünü göstərir. Patriarxatda kişi heç vaxt, xüsusilə emosional vəziyyətdə olanda məsuliyyət daşımır, bu yük daim qadının üstünə atılır”.

“Dəyərlər sistemində, sosial-mədəni strukturda problem var”

Əfsanə Tahirova bildirir ki, cəmiyyətin üzləşdiyi problemləri anlamaq və bununla üzləşmək yetəri qədər ağırdır. Çünki cəmiyyətlər belədir: insanın başına iş gələndə əksəriyyət birinci onu günahlandırır:

“Bunun kökündə nə dayanır? Dəyərlər sistemində, sosial-mədəni strukturda və düşüncə tərzlərində oturmuş bir problem var. Bununla üzləşmək və buna qarşı dayanmaq çox çətindir. Çünki problemi yaradanın dəyərlər sistemi olduğunu boynumuza alsaq, bizə ona qarşı dayanmaq, etiraz etmək, mübarizə aparmaq üçün daha böyük güc və resurs lazım olacaq. Bu, qorxudur və belə güc və resurs hamıda yoxdur”.

Əfsanə Tahirova bildirir ki, adətən insanlar özlərini bu cür hadisələrdə çox aciz və çarəsiz hiss edirlər. Acizliyin və çarəsizliyin verdiyi bu çətinlik isə onlarda qoruma mexanizmini aktivləşdirir: 

“Nəticədə, özlərini qorumaq üçün deyirlər ki, günah zərərçəkəndə idi. O, filan-filan şeyləri etməsəydi, başına bunlar gəlməzdi. Belə halda, biz özümüzü daha rahat hiss edirik. Bununla içimizdəki qorxu və acizliyi basdırırıq və qərara gəlirik ki, biz o addımları atmasaq, bizim başımıza pis hadisələr gəlməz”. 

İnsanlar niyə günahlandırır? 

Ekspert deyir ki, insanlar günahlandırma yolunu seçir, çünki ən asanı budur. Zərərçəkənin günahlandırılması qısa və asan yoldur. Doğrudur, heç vaxt çıxış yolu deyil, problemləri gücləndirir, böyüdür, amma qısa müddətə də olsa, insanı sakitləşdirir: 

“Dəyərlər sistemini dəyişdirmək gözümüzə çox böyük və çətin göründüyü üçün zərərçəkəni günahlandırma yolunu seçirik. Bundan əlavə, qadın zərərçəkənlərin günahlandırılması daha çox patriarxal dəyər və mizogeniya ilə bağlıdır. Artıq neçə min illərdir ki, dünya dəyərlər sistemi patriarxal dəyərlər, yəni kişinin qadından daha üstün olduğu inancı aşılayır. Bu anlayış kişinin qərarvericiliyini, hakimiyyətdə olması gərəkdiyinə inancı, qadınların isə ikinci dərəcəli olmasını təlqin edir.  Qadınların güclərinin, səlahiyyətlərinin, hakimiyyətlərinin əllərindən alınması – mizogeniya və patriarxal dəyərlərlə bağlıdır. Bu da qadınların travmalarla üzləşməsinə, bütün situasiyalarda, daim günahkar olmasına gətirib çıxarıb. Avtomatik bütün məsuliyyətlər kişidən alınıb, qadının üzərinə qoyulub”.

Əfsanə bildirir ki, nəticədə kişi hər hansı nailiyyət əldə edərsə, bu, onun uğuru, qadına qarşı hər hansı pis davranışı isə qadının məsuliyyətinə çevrilib. 

Medianın vəziyyətə müdaxiləsi önəmlidir

Ekspert deyir ki, media insanlar məlumatlı olsunlar və daha düzgün qərarlar verə bilsinlər deyə var. Medianın özü insan hüquqlarını bir dəyər kimi tutmalıdır və onunla hərəkət etməlidir. Dünyada nüfuzlu beynəlxalq media təşkilatları qadınlar haqqında xəbər yazarkən onun necə təqdim olunmasına, hansı terminologiyadan istifadə edilməsinə diqqət edirlər. Qadın cinayətləri olanda onu xüsusi diqqət və incəliklə yazırlar: 

“Cəmiyyətdə patriarxal dəyərlər ola bilər, amma medianın məsuliyyəti və vəzifəsi xəbərləri obyektiv, neytral və insan hüquqlarını qoruyacaq şəkildə çatdırmaqdır. Cəmiyyətin bu cür xəbərlərə istək duymasını dəyişdirmənin yollarından biri də mediadır. Daha bir vasitə sosial mediadır. Bu sahədə işləyən insanlar daimi olaraq sosial mediada danışmalıdır. Məlumat dünyasını boş qoymaq olmaz. Mediada patriarxal düşüncələri yayan materiallara alternativ olaraq insanın dəyərli olduğunu göstərən yazılar,  incəsənət materialları da paylaşılmalıdır”. 

“Zorakılığı aradan qaldırmalıyıq, onu qəbul edib, silahlanmalı deyilik”

Əfsanə Tahirova əlavə edir, deyir, qadın zərərçəkənlərin günahlandırılmasının ikinci bir aspekti də var. Burada qadınlara təhsil, maliyyə azadlığı, güclü olmaq kimi xüsusi tələblər qoyulur. Qadına özünü qorumaq üçün bu cür silahlanmalı olduğu aşılanır: 

“Bu düşüncədən belə çıxır ki, təhsili, maliyyə azadlığı  olmayan qadın zorakılığa məruz qala bilər? Çıxış yolu daha təhlükəsiz dünya yaratmaq üçün bütün məsuliyyətin zorakının üzərində qurulmasından keçir. Biz birbaşa zorakılığı aradan qaldırmalıyıq, onu qəbul edib, silahlanmalı deyilik”. 

Yazdı Selcan Hacı

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix