Hamiləliyin pərdəarxası: postpartum depressiya

0

Deyirlər, hamiləlik və doğuş anaya ən gözəl və ülvi hisslər bəxş edir. Kiçik insanı qucağına alıb, hər şeyi unudursan.

Bəs bütün analar üçün bu, belədirmi? Sualın cavabı “xeyr”dir, səbəbi isə postpartum (postnatal)  depressiyasıdır.

Aparılan tədqiqatlara görə, hər 10 qadından 1-i doğuşdan sonra postpartum depressiya yaşayır. Bəzi tədqiqatlar isə bunun hər 7 qadından 1-də olduğunu deyir. Təxmin edilir ki, doğuşdan sonrakı depressiyaya məruz qalan anaların təxminən 50 faizinə həkimlər diaqnoz qoya bilmir.

Bu mövzu Azərbaycanda çox danışılmır. Bir çox hallarda gizlədilir. 

“Femmekan” bu dəfə postpartum depressiyası yaşayan qadınların təcrübəsindən yazır. İzləyiciləri bu halın psixoloji aspektləri ilə tanış edir.

“Nəvəm olsaydı, oynadardım”

2 yaşlı övladı olan İnara Camalın dediyinə görə, hamiləliyi gözlənilmədən və plansız olub. Perfeksionist olan İnara əslində 3-4 il gözləmək, həmin illər ərzində də həyat yoldaşı ilə hədəflərinə çatmağı, özlərinə və uşaqlarına yaxşı şərait qurmağı planlayırmış. O, bütün istədiyi işlər düzələndən sonra dünyaya uşaq gətirməyi hədəfləyirmiş. Lakin işlər istədiyi kimi getməyib:

“Uşaq hər şeyi qabaqladı. Mən isə depressiyaya düşdüm. Çünki özümü hamiləliyə, dünyaya uşaq gətirməyə hazır hiss etmirdim. Ətrafdakı qadınlar uşaqla bağlı çox sevinirdilər. Mən isə “niyə belə oldu, kaş belə olmazdı, necə baxacam, başqa ehtiyaclarımız da vardı” – deyərək, özümə basqı edirdim. Məsələn, kirayə xərclərimizi düşünürdüm”.

İnara Camal Mənbə: Əkinçi
İnara Camal Mənbə: Əkinçi

İnara Camalın sözlərinə görə, ona ətrafdan dünyaya uşaq gətirməklə bağlı psixoloji təsir az olmayıb. O, bunu basqı kimi görməsə də, düşünür ki, qaynanasının “nəvəm olsaydı, oynadardım” cümləsi və ya yoldaşının uşaq istəyi belə bunu insanın psixoloji olaraq ağlına salır.

İnara deyir ki, indi həyatlarında hər şeyi çatdırırlar. Buna baxmayaraq, həmin dövrdə hazırlıq və psixoloji basqıların öhdəsindən gəlmək üçün psixoloji yardım almadığına görə peşmandır.

“Uşağın anasısan, niyə istəmirsən?”, yaxud hazırlıqsız vaxtda doğum

“İlk dəfə uşağı qucağınıza aldıqda nə kimi hisslər keçirdiniz?” sualına cavabda İnara deyir: “Çox qəribə olmuşdum. Mənlə eyni palatada olan qadınlar tez-tez uşaqlarını gətizdirirdilər, mən isə istəmirdim. Mənə məcburi verirdilər. Qəribə baxırdılar: “uşağın anasısan, niyə istəmirsən?”, – deyirdilər. Pandemiya dövrü idi deyə, yanıma kimsəni buraxmırdılar. Uşaqla tək idim. Üstəlik, uşağı da gətirib qoyurlar üstünə, nə edəcəyini bilmirsən”.  

İnaranın dediyinə görə, ona depressiv halı ilə uşağa baxmaq heç də asan olmayıb. Məsələn, uşağın gec yatması, həmişə tez yatan İnara üçün əzaba çevrilib. Odur ki, ilk vaxtlarda ona qaynanası kömək edib:

 “Özümü sorğulayırdım ki, sən necə anasan, uşağı saxlaya bilmirsən? Nənəsi olmasa, nə edəcəkdin? Yuxunu sevən adam olaraq yarı gözü yumulu durub uşağa süd verirdim. Sağıma baxıb görürdüm ki, atası yatıb, əsəb keçirirdim ki, mən burda əzab çəkirəm,  o, orada xor-xor yatıb (gülür). Bu necə ola bilər?! Oyadırdım ki, mən durmuşamsa, sən niyə yatırsan?”

Mənbə: freepik.com
Mənbə: freepik.com

İnara söyləyir ki, düzdür, pandemiya dövrü idi, hər kəs evdə idi, atası bacardıqca uşağı yatırmaq, bezini dəyişmək və s. kimi işlərlə məşğul olub. Lakin o, yenə də əsas işlərlə niyə atanın deyil, məhz ana və nənənin məşğul olmasını anlamır.

Anlaşılmazlıq, emosionallaşma, özünəqapanıqlıq

İnara Camal deyir ki, hamiləlik dövründə və doğum sonrasında çox emosionallaşıb. Deyilən söz çox tezliklə xətrinə dəyib: 

““Qarışqadan fil düzəldirdim”. Oturub, fikirləşirdim, nədənsə dava çıxarmaq istəyirdim. Məhz dalaşaraq, qışqıraraq sakitləşirdim. Məncə, bu, həm hamiləlikdən, həm də plansız ana olmaqdan qaynaqlanırdı”.

Həmin dövrdə İnara özünəqapanıq olub. Düşündüklərini, hisslərini kimlərləsə bölüşməyib: 

“Əslində bir-iki dəfə bölüşmüşəm, dəstək əvəzinə daha da betər olub. Saatlarla ağlayırdım ki, niyə məni başa düşmürlər?  İzah edə bilmirdim ki, mən bunu keyfimdən etmirəm. Reaksiyam psixoloji vəziyyətimə adekvatdır.  Ona görə qərar vermişdim ki, hər şeyi öz içimdə saxlayım, özüm özümün psixoloqu olum. İndi isə düşünürəm ki, kaş psixoloji dəstək alardım”.

İnaranın deməsinə görə, postpartum depressiyası haqda sonralar bilib, keçirtdiklərinin normal olduğunu anlayıb. Həmçinin deyir ki, durumuna elə həmin məlumatsızlıq da təsir edib: 

“İşə çıxmaq mənə çox kömək oldu. Sosiallaşırsan, başın işə qarışır… Uşağın 1 yaşından sonra südün dayanması da məni xeyli rahatlatmışdı”.

“Olan şeydir, get, düzələcək”, yaxud güvənli psixoloq tapmaq

İnara məsləhət görür ki, bu durumda olan şəxslər 1-ci növbədə psixoloqa müraciət etsin. Üstəlik, keçirdikləri hissləri onları anlayacaq şəxslərlə paylaşsınlar. Əks halda, psixoloji vəziyyətləri uşağa da pis təsir edə bilər: 

“Əgər sən hamiləliyini stress və gərginlik içində keçirirsənsə, mütləq ki uşaq doğulandan sonra bu, onun davranışında özünü göstərəcək. Hiperaktiv, əsəbi, problemli, çətin tərbiyə olunan və s. uşaq olacaq”.

Bununla belə İnara psixoloqlara güvənmədiyini deyir. Bildirir ki, məsələn, elə məşhur psixoloqlar var ki, “LGBTQI+”ları xəstə kimi görür. Onun fikrincə, bu düşüncədə olan biri ona kömək edə bilməz: “Yəqin deyəcək ki, olan şeydir, get, düzələcək”.

“Bu uşaq kimdir?”

4 yaş yarımlıq oğlu olan Şəmsin (ad şərtidir) də hamiləliyi plansız olub. O, depressiyasının əsas səbəbini də bunda görür, abort edə bilməməsindən, ailə basqısından gileylənir. 

Onun sözlərinə görə, ilk dəfə uşağı qucağına alanda sadəcə ağrılı doğuşun bitməsinə sevinib, uşağa qarşı isə maraqdan başqa emosional heç nə hiss etməyib:

Mənbə: creativemarket.com
Mənbə: creativemarket.com

“Öz-özümə dedim ki, bu uşaq kimdir? Həm maraqla çox xırda uşağa baxırdım, həm də heç nə başa düşə bilmirdim”.

Evə gəldikdə isə Şəms anlayır ki, artıq həyatında heç nə həmişəki kimi olmayacaq, çünki uşağın qayğısına o qalmalıdır. Bütün günü evə qapalı olmaq, gecələr yuxusuz qalmaq ona çətin gəlib. 20 günə yaxın özündən asılı olmadan gözündən yaş gəlib, ağlayıb. 

Dəstəyə gəlincə, həyat yoldaşı işlədiyindən Şəms uşaq baxımını təkbaşına üstlənib. Lakin sonradan bunun səhv olduğunu anlayıb:

“Gördüm ki, əslində elə uşağın sağlamlığı üçün qayğı paralel getməlidir. Sadəcə bizdə kömək yox idi, hamı uzaqda yaşayırdı, etibar edəciyimiz dayə də tapa bilmirdik deyə, hər şeyi özüm etməli oldum. Bəlkə də tək qalmaq məni daha da depressiyaya saldı”.

İşıq yandıra biləcək “kaş”lar

Şəms də postpartum depressiyası haqda sonradan məlumat alıb. Yalnız doğuş prosesi haqda araşdırıb, ağlına belə gəlməyib ki, belə bir şey ola bilər:

“Ətrafımızda uşağı olan ilk cütlük biz olmuşuq. Bəlkə, kimdəsə olsaydı, xırda bir tövsiyəsi mənim üçün “işıq yandırardı””.

Şəms postpartum depressiyası dövründə özünəqapanıq olub, həyat yoldaşından başqa heç kimi görmək, heç yerə getmək istəməyib:

Mənbə: creativemarket.com
Mənbə: creativemarket.com

“Çox şirniyyat yeməyə başlamışdım, halbuki normalda şirniyyat sevmirdim. Həmin zamanlarda isə günə 1 tort bitirdiyim olub. Gələcəklə bağlı pozitiv heç nə düşünə bilmirdim. Bütün xoş planlarım yoxa çıxmışdı. 2 ay sonra çölə çıxsam belə, heç nədən zövq ala bilmirdim”.

Şəms çıxış yolunu sosial media platformasında çətinliyi barəsində status yazmaqla tapıb. Nəticədə, bir neçə nəfər ona postpartum depressiyası haqda məqalə gödərib. Beləliklə, Şəms yaşadıqlarının anlamını başa düşüb. Buna rəğmən o, depressiyadan qurtulmaq üçün müalicə almayıb. Düşünüb ki, səbəbini bilməyi yetərlidir və axışına buraxdığı təqdirdə öz-özünə keçəcək. İndi isə bu addımının səhv olduğunu düşünür. Deyir, bu hərəkətinə bir neçə səbəb təsir edə bilərdi: yaşının azlığı,  eqoistlik, sosiallaşmaq istəyi, azadlıq sevgisinin ağır basması və s.  

“Kaş indiki ağlımla Orxanı (oğlunu) yenidən doğa bilərdim, başqa uşağı yox, məhz Orxanı… Ona mənəvi olaraq borclu hiss edirəm. Fiziki olaraq hər şey qaydasında olsa da, araşdırma etmədiyim üçün səhvlər etmişəm. Məsələn, evimiz balaca olduğundan və evdə səs olmasını sevdiyimdən daima televizoru açıq saxlamışam. Nəticədə, Orxan ekrana məruz qalıb. Həm də anlamışam ki, uşağa ancaq yeməyini vermək, qayğısına qalmaq bəs deyilmiş, onunla oynamaq, ünsiyyət qurmaq lazım imiş. Mən bunları etmədiyimdən Orxanda bir müddət nitq ləngiməsi də olub”.

Postpartum depressiyasının yaranma səbəbləri və simptomlar

Psixoloq Cəmilə Rəhimli deyir ki, digər depressiya növlərində olduğu kimi postpartum depressiyasının da yaranma səbəbləri eynidir: fizioloji, genetik amillər, psixoloji amil olaraq ətraf mühit hadisələrinin insan tərəfindən qavramı və s. Əlavə olaraq, doğumun özü də hər nə qədər xoş və arzulanan olsa da, ciddi bir yaşam dəyişikliyidir deyə, itkiləri olur:

“Çünki övlad sahibi olmaqla birgə, məsələn, uşaqsız olan biri artıq uşaqsız yaşamını, azadlığını, rahat yatmağını, daha produktiv olma şansını itirir”.

Psixoloq həmçinin, qeyd edir ki, çox böyük faiz qadının doğum sonrası ilk 2 həftəlik müddətdə kədər yaşamağı gözləniləndir. Hamısında isə depressiya olmur. O, 2 həftəlik melanxoliya dövrü bitib normal yaşama qayıda da bilər, amma əgər depressiyaya saydığımız amillərə yatqınlığı varsa, məsələn, bundan əvvəl depressiyada olubsa, olarda bunun yaranma ehtimalı çoxdur.

Cəmilə Rəhimli melanxoliyanın yaranma səbəbini hamiləlik dövründə artmış olan hormonlar – estrogen və progesteronun doğumla birgə bir neçə gün içində azalması ilə əlaqələndirir. Əgər ana yaşadığı eniş-yoxuşların normal olub-olmadığını bilmirsə, ətrafından mənəvi və fiziki dəstək almırsa, bu, depressiyanı tətikləyə bilər. Həmçinin, uşaqla bağlı ananın sahib olduğu narahatlıqlar da depressiyaya səbəb ola bilər: 

“Məsələn, “yaxşı baxa biləcəyəmmi, yaxşı ana ola biləcəyəmmi, uşağa zərər verə bilərəmmi?” – kimi obsessiv düşüncələr və bununla necə mübarizə aparacağını bilməməsi də anada depressiyaya təkan verə bilər”.

Psixoloq söyləyir ki, postpartum depressiyanın simptomları da digər depressiya növlərindən fərqlənmir. Buna yorğunluq, həvəssizlik, gələcəklə bağlı ümidsizlik, artmış gərginlik halı, passivləşmə, özünəqapanma, duyğusallıq kimi simptomlar daxildir.

Həll yolları nələrdir?

Psixoloqun deməsinə görə, əgər depressiya şiddətli deyilsə, digər anaların təcrübəsi ilə tanış olmaq kömək edə bilər. Yox, əgər orta və ya ağırlaşmış haldırsa, onda mütləq terapevtik dəstəyin alınmasına ehtiyac var. Bəzi hallarda dərman dəstəyi də zəruri ola bilər:

“Terapiya dəstəyində edilən şey daha çox “baxa bilmərəm, yetərsizəm” kimi xətalı inancları, ümidsizliyi daha funksional olan inanclarla əvəzləməkdir.

Ümidsizliyi yaradan inanclar, düşüncələri öyrənib, o inancların bərpasına yönəlik davranışlar etmək lazımdır”.

Cəmilə Rəhimli deyir ki, əgər ümumi davam edən istəksizlik, çölə çıxmama kimi davranışlar varsa, bunlar depressiyanı davam etdirən şeylərdir. Odur ki, bunların tərsini etmək, yəni mümkün qədər aktiv bir yaşam tərzinə keçmək, mümkün qədər yürüşlər, meditasiya etmək, öz qayğısına qalmaq depressiyadan çıxmağa kömək edə bilər:

“Postpartum depressiyası yaşamamaq üçün qadınlar nəyə diqqət yetirməlidirlər?” – sualına isə psixoloq belə cavab verir:

“Fiziki olaraq birinci özünün qeydinə qalmaq, sağlam qidalanmaq, aktiv yaşam tərzi sürmək, mümkün olduqca ətrafdakılardan dəstək istəmək, narahatlıqlarını bölüşə bilmək, yorulduğu anları gözardı etməmək yeni ananın yükünü azalda bilər. Bu, həm preventiv olaraq, həm də sonrakı sağalma dövrü üçün kömək edəcək şeylərdir”.

Mənbə: portfolios.mica.edu
Mənbə: portfolios.mica.edu

Psixoloq həmçinin, süd verməyin bağ yaratmağı ilə bağlı əlaqə yaradıb-yaratmamağına da aydınlıq gətirib. O qeyd edir ki, əmizdirmək ananın uşaqla bağ qurmasında vacib faktordur deyə, ananın depressiyasını sağalda bilər. Amma “mütləq sağaldacaq”, – deyə bir şey yoxdur:

“Əgər “baby blues” dedikləri ərəfəsidirsə, bu, sadəcə yaşanan bir üzünütüdürsə, süd vermək o zaman bağ qurmağa, həmin dövrü atlatmağa kömək edə bilər. Amma əgər söhbət depressiyadan gedirsə, daha ciddi durumdur deyə, məcburi əmizdirmək depressiyanı şiddətləndirə bilər. Lakin anaya bu məcburiyyət kimi gəlmirsə, bağ qurmaq cəhdi olaraq edirsə, ona kömək də edə bilər”, – deyə düşünür Cəmilə Rəhimli.

“Spontan” doğuş və digər qorxular

37 yaşlı Sahilə İbrahimovanın 4 və 2 yaşında uşaqları var. Deməsinə görə, onda postpartum depressiyası yalnız 1-ci uşaqda büruzə verib. Digər müsahiblərdən fərqli olaraq, onda hamiləlik tamamilə planlı şəkildə olub, hətta aktiv hamiləlik keçirib, onu stresə salacaq durum isə ümumiyyətlə, olmayıb.

Amma 6 aydan sonra bir gün müayinəyə gedəndə uşağın düşmə ehtimalı olduğunu öyrənib. Ona hətta “bu həftə doğuş başlaya bilər”, – deyilib. Bunun üçün də onun bütün fəaliyyəti məhdudlaşdırılıb. Hamiləliyinin qalan müddəti yataq şəraitində keçib. Əks halda, uşağını itirə bilər, yaxud uşaqda əqli və fiziki məhdudiyyətlər ola bilərdi. Növbəti hamiləlik aylarını bu risklə sonlandırmaq isə onun üçün gözlənilməz və stresli olub.

Azmış kimi, doğuşu da spontan keçib. Bu da onun psixoloji hazırlığına mane olub. Deyir, adicə həkimin “spontan doğuş” deyə, qışqırması onu stresə salıb.

Sahilə deyir ki, “uşağı götürəndə çox xoşbəxt olduq”, – deyən qadınlara 2-ci doğuşuna qədər qibtə edib:

“Rahatlama vardı ki, hə, mən axır ki uşağı dünyaya gətirdim. Lakin bəzi qadınlarda olduğu kimi qalibiyyət, eyforik duyğu yox idi. Müəyyən qədər qorxu da vardı, amma bu uşağı necə saxlaya biləcəyimlə yox, daha çox fiziki durumumla bağlıydı.  Çünki çox böyük ağrıdan çıxıb gəlmişdim. Uşağı da sevmişdim. Amma bu sevgi belə mənə kədərli gəlirdi”.

Sahilə doğuşdan sonra evə gələndə ağlamağa başlayıb. Anasına çox pis hiss etdiyini deyəndə o düşünüb ki, Sahilə ağrıyır, yaxud uşağa baxa bilməməkdən narahatdır. Lakin bu, düşünülən qədər sadə olmayıb:

“Anama dedim ki, bu, həyatımda yaşadığım, bəlkə də, ən kədərli durumdur və məni çox sıxır. İndiyə qədər öyrəşmişəm ki, hamı deyir, “uşağın olması böyük xoşbəxtlikdir”. Başqa qadınlar başqa hisslərdən danışırlar. Amma mən sevinə bilməməyimin xəcalətini çəkirəm. Bilmirəm bu kədər hardandır, amma etiraf etməliyəm ki, xoşbəxt deyiləm”.

“Özünü özünə qaytarmağı bacarmaq”

Sahilə postpartum depressiyası haqda əvvəllər məlumatlı olmayıb. Bu haqda təsadüfən öyrənib. Süd vermə problemi ilə bağlı konsultanta getdiyində süd kəsmək istədiyinə görə xəcalət çəkdiyini deyib və ağlayıb:

“Dedim, yəqin mən pis qadınam, anayam. Həkim dedi ki, siz böyük stressdən keçmisiniz, doğuş həm psixoloji, həm fiziki bir stresdir. Dedi, siz “baby blues” (doğuşdan sonra 2-3 həftə ərzində olan depressiya) yaşayırsınız”.

“Hər şeyi boz görürdüm”

Sahilə sonradan araşdırıb və məlum olub ki, onda postnatal təşviş və postnatal depressiya var:

“Bağlı qapılar arasında proses gedirmiş. Boşluq duyurdum, sevdiyim heç nəyi sevmirdim, özümü itirmişdim, ağlayaraq “məni özümə qaytarın” deyirdim. Hər şeyi boz görürdüm. Sanki böyük bir quyunun içində idim və çıxış yolu görmürdüm. Hər şey qurma görünürdü. İştahsızlıq, əhval dəyişikliyi olurdu”.

O, bir müddət düşünüb ki, bu çətinliyin öhdəsindən özü gələcək. Lakin bununla mübarizə aparmağa çalışsa da, bacarmayıb. Həmin dövrdə ona hamı “keçəcək”, – deyib. Lakin bu durum uzun zaman dəyişməz qalıb. Rəfiqəsinin sözlərindən sonra isə Sahilə psixoloqa müraciət edib:

“Rəfiqəm dedi ki, kiminsə ürəyi ağrıyanda adam gedir ürək dərmanı içir, ən pis halda əməliyyat olunur, ona demirlər ki, döz, keçəcək. Məsələn, diabet xəstəsinə insulin vururlar, deyilmi? Demirlər ki, dözsən, yaxşı olacaq. “Bu da hormonal fonda baş vermiş bir narahatlıqdır, dözmə, həkimə get”. Yaxşı ki, dediklərinə əməl etdim”.

Gizli qalmış travmalar

Sahilənin postpartum depressiyası 4-5 aya düzəlib. Vəziyyəti orta ağır dəyərləndirildiyindən Sahiləyə yalnız uzunmüddətli terapiya seansları məsləhət görülüb. Lakin o, daha tez üsulu, dərmanı seçib: 

“İstəyirdim bundan canımı tez qurtarım. Çünki uşağımın böyümə prosesindən zövq almaq istəyirdim. Ailəmlə birgə onun çatdığı uğurlarla fəxr etmək idi arzum, lakin kədər imkan vermirdi”. 

Sahilə antidepressantın kiçik dozaları sayəsində bir ay yarıma “özünü özünə qaytarmağı” bacarıb.

Sahilə depressiyası haqda ətrafla bölüşəndə aydın olur ki, bir çox qadın və ya onun tanışı da bu çətinlikdən çıxıb. Lakin heç kim bu haqda bölüşməyi məqsədəuyğun bilməyib. Sahilə isə bu haqda danışmağın, paylaşmağın tərəfdarıdır:

“Mənə deyirdilər ki, hamilə qadının yanında bu söhbəti etmək olmaz, beyninə salarsan. Beyninə salmaq məsələsi deyil, bu varsa, var, olacaqsa, olacaq. Biz çox şeydən məlumatlıyıq, hamısı başımıza gəlmir ki…”.

Yazdı Ayan Şamçı

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Mənim Yeni Tarix