Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

0

Kişilər qorunmaq üçün nələr edir?

Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir. 

Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır. 

Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq. 

40 yaşlı Sevil Məlikova (ad şərtidir) özünü ana olmağa hazır hiss etmədiyi üçün  hamiləlikdən spiral (IUD) yöntəmi ilə qorunur. 

Deyir, dərman vasitələrindən uzaq qaçır, çünki onların hormonal dəyişiklik yaratdığının fərqindədir. 

Daha öncə polikistoza görə hormonal müalicə alıb. Həmçinin kontraseptiv dərmanlar qəbul edib. Sonradan bu proses onda depressiyaya səbəb olub: 

“Həm də hər gün eyni saatda dərman içmək psixikamı korlamışdı. Həkimlə məsləhətləşib, dozanı azaltdıq və sonra tamamilə kəsdik. Polikistoz da müalicə olandan sonra qəti qərar verdim ki, bir də dərmana geri dönməyəcəyəm”.

Deyir, istifadə etdiyi spiral üsul uzunmüddətlidir və dərmanlardan istifadə zamanı gördüyü mənfi tərəfləri yoxdur.

“Vazektomiya üsulunu təklif etsəm də, yoldaşım istəmədi”

Sevil vaxtında həyat yoldaşına vazektomiya (sperma kanallarının bağlanması) üsulu ilə qorunma təklif edib. Lakin o, bunu rədd edib: 

“Gələcəkdə uşaq istəsək, problem yaşanacağını dedi”. 

Ayan isə 24 yaşındadır. O, bugünədək hamiləlikdən prezervativ vasitəsilə qorunub: “Kontraseptiv dərmanlar, yaxud spiral qoymağın az-çox zərərlərindən xəbərdaram. Prezervativdən istifadə bu yöndən daha rahatdır”.

Mənbə: self.com

“Hamiləlik qadın bədəni ilə bağlı olsa da, ondan qorunma hər iki tərəfin məsuliyyətidir”

Ayan partnyoru ilə cinsi əlaqədən öncə hamiləlikdən qorunma yöntəmlərini birlikdə araşdırıb, müzakirə ediblər. O, bu məsələnin ikilikdə müzakirəsini önəmli sayır. Deyir, onlar hətta internet araşdırmasını belə birgə ediblər: 

“Çünki hamiləlik qadın bədəni ilə bağlı olsa da, ondan qorunma hər iki tərəfin məsuliyyətindədir”.

Cütlük akne, bədən çəkisinin artması, depressiya, emosiya dəyişkənliyini nəzərə alaraq, ən təhlükəsiz yolun prezervativdən istifadə olduğuna qərar verib. 

Prezervativdən istifadə kifayətdirmi? 

Ayan prezervativdən istifadə etsə belə, onun hamiləlikdən qorunma ilə bağlı qorxuları olur. Deyir, bu yöntəmdən istifadə qərarı alanda heç bir tərəddüd etməyib, lakin bəzən görüb-eşitdiyi hadisələr normal olaraq onda narahatlıq yaradıb:

“Bəzən kişilər qadınlara qorunmasız cinsi əlaqə təklif edir, yaxud prezervativin cırılma ehtimalı var”. 

Niyə qorunmaq daha çox qadınlardan gözlənir?

Ayan tanışlarında prezervativdən istifadəni mənasız səbəblərlə rədd edən partnyorlar da müşahidə edib. Deyir, yaxın zamanlarda “Yarina” (qorunma üçün dərman) istifadə edib və əks təsirindən narahat olub: 

“Dərmandan istifadə edəndə bədənim həddindən artıq səpdi. Baxmayaraq ki, 21 gün içməli idim, yarımçıq dayandırdım. Səpkilərin bütün bədənimə yayılmasından çox qorxurdum. Döş xərçəngi ehtimalını artırması belə, qorxulu səslənir. Sual yaranır ki, niyə bu cür riskləri olan dərmanı biz ən vacib proses üçün içməliyik? Niyə daha təhlükəsiz vasitələr yoxdur bizim üçün? Niyə ancaq bizdən gözlənir bütün bunlar?”

Niyə vazektomiyadan xəbərsizik? 

Müstəqil araşdırmaçı Əfsanə Tahirova da hamiləlikdən qorunma zamanı qadın bədəninə müdaxilənin böyük olduğunu deyir. Bildirir ki, kişi bədəninə müdaxilə haqqında ümumiyyətlə, düşünülmür: 

“Onlar maksimum prezervativ istifadə edə bilərlər. Qadınların isə hormonları ilə oynanılır, onlar əməliyyat olunur, spiral qoydurur: 

“Uşağı olmaması üçün kişinin hormonlarına müdaxilə edilməsini istəyəndə, adətən, hər birimiz təəccüblənirik. Çünki beynimizdəki model odur ki, kişinin bədəninə müdaxilə olmaz. Yalnız vazektomiya üsulu var ki, ona da müxtəlif səbəblərdən razı olmurlar”.

Əfsanə Tahirova bildirir ki, patriarxal cəmiyyətdə ümumiyyətlə, vazektomiya birmənalı qarşılanmır. Buna kişiliyin əldən alınması kimi baxanlar da var. 

Mənbə: refinery29.com

“Ginekoloqlar adətən minimum zərərə yox, effektivliyə önəm verir”

Araşdırmaçı xüsusən də kontraseptivlərin qadının hormonuna və beyninə olan təsirindən narahatdır. Deyir, ginekoloqlar adətən minimum zərərli olması üçün yox, yüksək təsir səviyyəsinə görə kontraseptiv yazır: 

“Son illərdə tibbi və qeyri-tibbi aktivistlər bu haqda yazmağa başlayıb. Amma ginekoloqlar dərmanları 99 faiz effektivliyinə görə irəli sürürlər. Hətta bəzən ginekoloqlar pasiyentə kontraseptivin hansısa xərçəng növündən qoruduğunu da deyir. Təsəvvür edin, hansısa faiz xərçəngdən qoruyacaq deyə, bütün hormonal sistem pozula bilər”. 

Bununla yanaşı, Əfsanə Tahirova deyir ki, problem tək qadın bədəninə müdaxilədə də deyil. Həm də onun üzərinə düşən yükdədir: 

“Hamiləliyə görə həmişə yalnız qadın məsuliyyət daşıyır. Əgər cütlük uşaq istəmirsə, yaxud evli deyillərsə, burada yük qadının üstünə düşür “Qadın niyə icazə verdi bu prosesə?”, “Niyə yanında prezervativi, spiralı, kontraseptivi yox idi?” və s. kimi reaksiyalar olur”.  

“İstəmədən uşaq dünyaya gələrsə…”

Psixoloq Gülnarə Əliyeva heç gözləmədiyi halda hamilə qalan pasiyentləri olduğunu deyir. Əlavə edir ki, bu zaman pasiyentin ailəsi baş verən hadisəni normal qarşılamır. Hamiləliyi sonlandırmaq yerinə, məcburi yolla müəyyən şəxslə ailə qurulmasını tələb edir: 

“Bu isə qadının gələcək həyatına birbaşa təsir edir. Çünki istəmədən təsadüfi şəkildə, yaxud evliliyi düşünmədiyi münasibətindən uşaq dünyaya gətirməli olur”. 

Psixoloq bunun dünyaya gələn uşağa da neqativ təsir etdiyini söyləyir. Bildirir ki, həmin uşaq istənməyən, məcburi, yaxud təsadüfi şəkildə doğulmuş biri olur: 

“Bu zaman uşaq “mənə görə anam evlilik məcburiyyətində qalıb”, – düşünə, ömür boyu özünü istənməyən şəxs kimi görə bilər”.

Hamiləlikdən qorunma yalnız qadının öhdəliyidirmi? 

Psixoloq hamiləlikdən qorunmanın yalnız qadının öhdəliyi kimi qəbul olunmasının tamamilə yanlış olduğunu deyir. Bildirir ki, kişilər cinsi əlaqə zamanı maksimum çox həzz almaq istəyirlər. Buna görə çox vaxt qoruma mərhələsində iştirak etmək istəmirlər: 

“Nəticədə, qorunmanın qadının öhdəliyi olduğu hissini verirlər. Cinsi əlaqə isə planlanmayan, hansısa ehtirasla baş verən hadisədir. Əgər qadının həmin an hansısa qoruma yöntəmindən istifadə etmə şansı yoxdursa, sonradan onun üzərinə yük düşür”. 

Psixoloq bu kimi halların baş verməməsi üçün partnyorların üzərlərinə düşən məsuliyyəti başa düşüb, empatiya qurmalı olduqlarını bildirir. 

Hansı hamiləlikdən qorunma yöntəmləri var?

Ginekoloq Fatma İbrahimli hamiləlikdən qorunma yöntəmlərinin hər birinin mənfi və müsbət tərəfləri olduğunu bildirir. Deyir, hər pasiyent, yaxud cütlük özünə uyğun olan metodu seçir. 

“İlki prezervativdən istifadədir. Müsbət cəhəti istifadəsi rahatdır, mənfi isə cırılma ehtimalı ola bilər. Cırılarsa, ilk 24 -72 saat ərzində təcili kontrasepsiya deyilən tabletlərdən istifadə etmək lazımdır. Digər bir metod uşaqlıqdaxili spiraldır. Müsbət cəhəti istifadə rahatlığı olsa da, 1-2 faiz ehtimalla hamiləlik baş tuta bilər. Həmçinin bu üsul aybaşı qanamalarının miqdarını artıra, aybaşıarası qanamalara səbəb ola, yaxud onun müddətini uzada bilər. İlk iki ayda ciddi narahatlıqlar baş verərsə, spiral çıxarılmalıdır. Yoxsa, iltihab təhlükəsi ola bilər. Pasiyent pis qoxulu, qeyri-spesifik axıntı, qarnın aşağısında ağrı hiss edərsə, dərhal həkimə müraciət etməlidir”.

Həkim bildirir ki, başqa bir metod isə oral kontraseptivdir. Bu üsul folikulun yetişməsinin qarşısını alır. Folikul yetişmirsə, qadın hamilə qalmır: 

“Metodun müsbət cəhəti hamiləlikdən 100 faiz qorumasıdır. Mənfi cəhəti isə uzunmüddətli istifadədə libido hissini azalda bilir. Artıq çəkili, insult, infarkt keçirmiş şəxslər, yaşı az olanlara oral tiplər tövsiyə edilmir”. 

Fatma İbrahimli bildirir ki, dərialtı implantlar da yüksək qoruma xüsusiyyətinə malikdir. Hətta südvermə dövründə də istifadə edilə bilər. Uzunmüddətli qoruma metodudur.

“Mənfi cəhətləri aybaşının olmaması, bəzən çəki artımı, baş ağrıları kimi narahatlıqlardır”. 

Fatma İbrahimli hansı üsul olmasına baxmayaraq, seçim zamanı ginekoloqa müraciət, həmçinin məlumat xarakterli bloqlardan araşdırmanın vacib olduğunu deyir. 

Yazdı Dinara Zeynalova

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix