Gələcəyə ümidlə “Sapla”nan İynə…

0

Burada hər bir iynə gələcəyə ümidlə saplanır. 

Qadınların hüquqlarının qorunduğu, zorakılığın, şiddətin olmadığı bir ölkədə yaşamaq ümidi ilə…

Yeni açılmış və qadınlara dərzilik sənətini öyrədən “Sapla” atolyesi məhz Rəbiyyə Məmmədovanın qadınların ayaqları üstdə dura bilməsi arzusunun məhsuludur. 

Rəbiyyə düşünür ki, şiddət görən qadına, “ayrıl” demək ən asanıdır. 

Ona öz ayağı üstdə durmağı öyrətmək, iş tapmasına kömək isə uzun bir yoldur və o, hər zaman qadınlara bu dəstəyi verməyi istəyib. Əlinə keçən ilk fürsətdə onlara peşə öyrətmək, iş imkanı vermək qərarına gəlib. 

“Femmekan”ın budəfəki qonağı aktivist Rəbiyyə Məmmədovadır. 

O, bizə “Sapla”nı yaratmasından, indiyə qədər keçdiyi yoldan, çətinliklərdən və gələcəyə ümidlə baxan 10 nəfər qadından danışıb. 

Rəbiyyə Məmmədova - Femmekan

“Sapla”ya aparan yol

Rəbiyyə Məmmədova Binəqədi rayonundan 2019-cu ildə bələdiyyə, 2020-ci ildə isə parlament seçkilərinə namizədliyini verib. 

Seçilməsə də, kampaniyalar dövründə Binəqədidə yaşayan insanları tanımaq şansı əldə edib. 

Küçəbəküçə, məhəlləbəməhəllə gəzib, insanlarla söhbət edib: 

“İnsanların problemləri, ehtiyacları ilə maraqlanırdım. Xüsusən də qadınların dərdləri ilə tanış olurdum. Binəqədi qəsəbəsi mərkəzdən 10 km məsafədə yerləşsə də, ciddi infrastruktur problemi var. Sakinlərinin əksəriyyətinin evinə qeydiyyatı yoxdur. Yaşadıqları evlər isə şəraitsiz, pis vəziyyətdədir”.

“Sənətim yox, işim yox, ayrılsam, nə edəcəyəm?”

Qadınların probleminə gəlincə, Rəbiyyə Məmmədova deyir ki, əksəriyyəti zorakılığa məruz qalır: fiziki, psixoloji, iqtisadi, hüquqi və ya hər hansı birinə… 

Bu azmış kimi çoxu bunun fərqində belə deyil:

“Hamilə qadın var idi, əri onu armaturla döymüşdü. Sizi sığınacağa aparım, hüquqi yardım edək dedim. “Erkən yaşda məktəbdən çıxardılar, ərə verildim. Sənətim yox, işim yox, ayrılsam, nə edəcəyəm? Doğulacaq uşağıma necə baxacağam”, – cavabını verdi. Təəssüf ki, biz o qadını elə şəraitdə qoyduq. Həmin vaxtdan qadınlara peşə öyrətmək haqqında düşünməyə başladım”.

“2 ilə yaxın bürokratik mübarizədən sonra…” 

Qadınlara hansısa bilik və bacarıq vermək, öz ayaqları üzrində dura bilmələrinə, əmək bazarına çıxışlarına dəstək olmaq haqqında düşündüyü bir zamanda Rəbiyyənin qarşısına Dövlət Məşğulluq Agentliyinin proqramı çıxıb: 

“Agentlik Dünya Bankı ilə birgə işsiz insanlara özünüməşğulluq proqramı həyata keçirirdi. Onlara kiçik dərzi atolyesi, avtomobil təmiri sexi, yaxud bərbərxana açmaq üçün avadanlıqlar verirdilər. İşsiz kimi qeydiyyatdan keçmişdim, şərtlərə uyğun gəlirdim. Həmin proqrama müraciət etdim”. 

Rəbiyyə Məmmədova deyir ki, bundan sonra düz 2 ilə yaxın bürokratik mübarizə aparıb və nəhayət, bir neçə ay öncə ona dərsi atolyesi üçün lazım olan bütün ləvazimatları veriblər. Beləliklə, iş qalıb yer tapmaq və sənət öyrənməyə ehtiyacı olan insanları axtarmağa:

“Apreldə kiçik bir yer tapa bildik. Avadanlıqları içinə yerləşdirdik. Sonra həm elan verdik, həm də ehtiyaclı qadınlara müraciət etdik. 28 nəfərə yaxın insan müraciət etdi. Onlardan 10 nəfərini ilkin dərslər üçün seçdik. Qalanı gözləmədədir”.

“Özümüzün, dostlarımızın gücü ilə çətinliklə ayaqda dururuq”

Rəbiyyə deyir ki, modelyer-dizayner sarıdan da bəxtləri gətirib. Savadlı, işini bilən müəllim tapa biliblər. 

Sadəcə, bəzi sıxıntıları var; avadanlıq az, yer kiçik olduğundan 10 nəfərdən artıq qadın götürə bilməyiblər: 

“Könül istərdi müraciət edənlərin hamısına şərait yaradaq, şans verək. Bir sözlə, hələlik əlavə qrup aça bilmirik. Özümüzün, dostlarımızın gücü ilə çətinliklə ayaqda dururuq”.

"Sapla"

Arzular və gələcək planlar…

Qadınlar yeni başlamalarına baxmayaraq, sadə nələrsə tikməyi öyrəniblər. Yataq dəstləri, eko-çantalar, dəsmallar… 

Rəbiyyə Məmmədovanın gələcək planı kiçik dərzi atolyesini dayanıqlı sosial biznes mərkəzinə çevirməkdir. 

O, burada məişət zorakılığına məruz qalmış qadınlara qucaq açmaq istəyir: 

“Zorakılıq qurbanı qadınların əl işlərindən ibarət marka yaratmaq istəyərəm. Bununla həm o qadınlara dəstək ola bilərik, həm də onların gələcəkdə məişət zoraklığı qurbanlarına kömək etmələrinə şərait yaradarıq. Beləliklə, bir sənəti, peşəsi olmadığı üçün zorakılığa məruz qalan qadınların sayı azalar”. 

Problemlərdən baş götürüb qaçmaq

Rəbiyyənin dediyinə görə, “Sapla” məişət zorakılığına məruz qalan qadınlar üçün sənət məkanı ilə yanaşı, problemlərdən baş götürüb qaçdıqları sığınacaqdır. 

Kurslar həftədə 3 dəfə 2 saat olmasına baxmayaraq, onlar bura hər gün gəlirlər: 

“Dərs günləri 2 saat əvvəldən gəlirlər. Azı 4 saat evdən çıxır, beyinlərini toplayırlar. Eyni dərslərdə qadınlar bir-birlərini tanıyır, söhbət edir, sosiallaşırlar. Ümumiyyətlə, dərdli, problemli, məişət zorakılığına məruz qalan insanlar hər zaman düşünürlər ki, təkdirlər, bu, yalnız onların başına gəlir. Sosiallaşmaq, həm də onlara tək olmadıqlarının fərqinə vardırır. Anlayırlar ki, zorakılığa məruz qalmaq, əslində, onların səhvi deyil. Eyni taleyi yaşayan xeyli insan var”. 

“Onların üzündəki ümidi görəndə düşünürəm ki, hər bir çətinliyə dəyər”

Rəbiyyə Məmmədova ona müraciət edən qadınlara təkcə sənət öyrətmir, həm də ehtiyacı olanlara psixoloji və hüquqi yardım göstərir: 

"Sapla"

“Qadınları paralel olaraq psixoloji, hüquqi yardım göstərən dost-tanışla əlaqələndirirəm. Düzdür, bu, “iynə ilə gor deşməyə” bənzəyir, lakin əlimdən gələni etməyə çalışıram. Çətindir, ancaq onların üzündəki ümidi görəndə düşünürəm ki, hər bir çətinliyə dəyər”. 

“Ətəyimizin ölçüsündən başımızın örtüsünə qədər – hər şeyə qarışırlar”

Rəbiyyə Azərbaycanda qadınların həyatının çətin olduğunu çox yaxşı bilir. 

Deyir ki, o da bu ölkədə doğulub, rayonda böyüyüb və həyatının müəyyən hissəsində zorakılığa məruz qalıb. Ümumiyyətlə, o düşünür ki, Azərbaycanda həyatının hansısa dönəmində zorakılığın hər hansı bir növü ilə qarşılaşmayan bir qadın çətin tapılar:

“Qadınlar qul kimi istismar olunur. Səhər 6-nın yarısından evdə, çöldə işlədilir. Sığındığı yerdə, polis bölməsinin önündə öldürülür. Aldığı aliment kəsilir, şikayətlərinə baxılmır. Onların həyatının hər anı çətindir. Hicablı qadın şəxsiyyət vəsiqəsi alanda, məcburi başı açılır. Deyirlər ki, “feministlər pozğundur”. Yaxşı, hicablı qadınlardan nə istəyirlər? Ətəyimizin ölçüsündən başımızın örtüsünə qədər, hər şeyə qarışırlar”. 

“Arzu edirəm ki, bir gün daha çox qadına çata biləcəyik”

Rəbiyyə düşünür ki, Azərbaycanda qadınların şüuraltına uşaq vaxtından, onlara danışılan nağıllardan zorakılıq yazılır. Bunu duyaraq, eşidərək böyüyürlər. Uşaqlıqdan qadına gəlin olmaq öyrədilir. Bəzən onlara başqa çarə, yol buraxılmır: 

“Biz bu məsələləri kənarda yox, öz dərimizdə, qanımızda, sümüyümüzdə hiss edən insanlarıq. Düşünürəm ki, bir-birimizə dəstək olmalıyıq. Xəyalını qururam ki, “Sapla” modelini bir gün regionlarda da icra edə biləcək, daha çox qadına ümid verəcəyik”. 

Yazdı Gülər Mehdizadə

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix